Məqsəd: “Şuşa tarixi-mədəni irsinin tədqiqi və təbliği”




2022-ci il noyabrın 22-də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” layihəsi çərçivəsində Tarixi Yerlər və Abidələr IV Beynəlxalq Şuşa Simpoziumu keçirilib. Simpoziumda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Bülbülün Şuşadakı Ev-Muzeyinin rəsmiləri, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, Arxeologiya, Etnoqrafiya və Antropologiya, Fəlsəfə və Sosiologiya, N. Gəncəvi adına Ədəbiyyat, M.Füzuli adına Əlyazmalar, A.A. Bakıxanov adına Tarix institutlarının əməkdaşları, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi və N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyləri, Bülbülün Memorial Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, habelə Rəssamlar İttifaqı, Bakı Dövlət, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Turizm və Menecment, Azərbaycan Memarlıq və İnşaat, Sumqayıt və Gəncə Dövlət universitetlərinin nümayəndələri iştirak ediblər.

Yerli alimlərlə birgə simpoziuma bir sıra xarici elm adamları da qatılıb. Tədbirdə İtaliyanın Mədəni İrsin Konservasiyasında Gənclər təşkilatı (YOCOCU) və Milan Universiteti, Türkiyənin Amasya və Mehmet Akif Ersoy universitetləri, A.İ.Hertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin Dağıstan filialı və digər qurumlar təmsil olunub.

Simpoziuma qatılan alimlər Şuşanın zəngin mədəni irsinin araşdırılması və təbliğinə dair müxtəlif mövzulara aid məruzələrlə çıxış edib. Mövzular şəhərin tarixi yerləri və  abidələri, arxeoloji tədqiqi, ətraf mühitin mühafizəsi problemləri, mədəni irsin ictimailəşməsi, yerli həyat tərzi, həmçinin işğal dövründə mədəni irsə vurulan zərər, post-müharibə illərində tarixi-mədəni abidələrin bərpası və digər məsələləri əhatə edib.

Tədbirin iştirakçıları Şuşa şəhərini ziyarət edərkən çıxışlar “Miras”ın Facebook və Youtube kanalları vasitəsilə yayımlanıb. Bu təşəbbüs tədbirə xüsusi özünəməxsusluq qatmaqla yanaşı, araşdırılan məsələlərin geniş kütlələrə - həm yerli, həm də dünya elmi ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq.

Simpoziumun plenar iclası Azərbaycanda peşəkar vokal sənətinin banisi, görkəmli müğənni Bülbülün bərpadan sonra istifadəyə verilən Ev-Muzeyində keçirilib. İclas Qarabağ müharibələri şəhidlərinin xatirəsini anmaqla başlayıb.

Giriş nitqində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və Simpoziumun təşkilat komitəsinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tədbir iştirakçılarına Şuşanın Azərbaycanın siyasi, ictimai və xüsusilə də mədəni həyatında misilsiz yeri haqqında danışıb. Simpoziumun əhəmiyyətini qeyd edən natiq Şuşanın mədəni irsinin tək Azərbaycan alimləri deyil, həmçinin bir sıra xarici mütəxəssislər tərəfindən də araşdırılmasının sevindirici hal olduğunu vurğulayıb.

Daha sonra Bülbülün Ev-Muzeyinin direktoru Fəxrəddin Hacıbəyli, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, professor Eynulla Mədətli, italiyalı bərpaçı-memar, professor Luici Skrinzi, Perspektivli Tədqiqatlar Mərkəzinin mütəxəssisi, Şimali Makidoniyalı antropoloq, professor Rubin Zemon, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, professor Kübra Əliyeva, 30 ildən sonra doğma şəhərinə gələn şuşalı etnoqraf, dosent Pərvin Ahənçi, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Vəfa Mahmudova və digərləri çıxış edərək Şuşanın Azərbaycan tarixi və mədəniyyətində əhəmiyyətli rolundan, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan böyük Zəfərdən sonra müvafiq məsələlərin daha da sürətli və dərindən öyrənilməsinin zəruriliyindən bəhs ediblər.

Tədbirin ən həssas məqamı isə Ağsu rayonu Gəgəli kəndindən şəhid atalarının çıxışları olub. Əli İbişov, Pərviz Quliyev və Aqil Süleymanovun övladları haqqında bölüşdükləri xatirələr hər kəsi duyğulandırıb. Vətənin ərazi bütövlüyünün bərpasının böyük qurbanlar hesabına mümkün olduğunu vurğulayan çıxışçılar qazanılan Zəfərin qürurverici sevincindən, bu sevincin hər zaman göz yaşları ilə müşayiət olunacağından, şəhidlərimizin xatirəsinin daima ürəklərdə yaşayacağın danışıb, müharibənin bütün iştirakçılarına can sağlığı arzulayıblar.

Ümumiyyətlə, Şuşaya gedən yol və bütövlükdə şəhər gəzintisi böyük təəssüratlarla yadda qaldı. Bir tərəfdən işğaldan azad olunan ərazilərimizin acınacaqlı vəziyyəti, yol boyunca gördüyümüz dağıntılar, viran qalmış abidələr, binalar hamımızda böyük sarsıntı hissi oyadır.

Digər tərəfdən isə yolboyu müşahidə etdiyimiz geniş quruculuq-bərpa işləri, Şuşaya aparan Zəfər yolu, dağıdılmağına baxmayaraq öz möhtəşəmliyi ilə seçilən şəhərin saysız-hesabsız abidələri, karvansaraları, imarətləri, məscidləri, binaları qürur, sevinc hissi doğurur.

Cıdır düzü... Bir yandan ucsuz-bucaqsız düzənlik və səma, gözəlliyi, əsrarəngizliyi ilə göz oxşayan dağlar, qayalar insanı ruhlandırır, qanadlandırırdı. Digər tərəfdən isə burada gedən qızğın döyüşlərin, neçə-neçə hərbçimizin şəhid olduğuna işarə edən daşların üzərindəki saysız-hesabsız güllə izləri hamımızı qəhərləndirirdi.

Bərpadan sonra istifadəyə verilən Molla Pənah Vaqifin Muzey-məqbərə kompleksi, hazırda bərpa işləri davam edən Yuxarı Gövhər Ağa Məscidi, Vətəninə qayıdan güllələnmiş büstlər, əzəməti ilə seçilən Şuşa qalası (Qala divarları), burada dalğalanan bayrağımız – bütün bunlar işğaldan azad olunmuş ərazilərimizin, şəhərlərimizin, kəndlərimizin tədricən, pillə-pillə dirçələcəyinə, buraya həyatın yenidən qayıdacağına sarsılmaz inam yaradan əyani bir işarədir. Gördüyümüz Səfərov qardaşlarının karvansarasının qalıqları, İkimərtəbəli karvansara, Aşağı Gövhər Ağa Məscidi, Xurşidbani Natəvanın evinin qalıqları və onlarla digər dağıdılmış abidələrimiz, binalarımız tezliklə bərpa olunacaq, insanlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu torpağı yaşadacaqlar...

Bu işdə alimlərin, müvafiq sahələrdə çalışan mütəxəssislərin üzərinə mühüm vəzifələr düşür. Arxeoloji qazıntıların aparılması, daş kitabələrin oxunması, bu küçələrin addımbaaddım öyrənilməsi, hər daşın altında gizlənən tarixin üzə çıxarılması, tarixi-mədəni abidələrimizin gizlin qalan tərəflərinin araşdırılması, restavrasiya və konservasiya işlərinin elmi əsaslarla aparılması və digər tədbirlərin həyata keçirilməsi bilavasitə elm adamlarının borcudur.

Təhsil işçilərinin isə missiyası bütün bu biliklərin yeni nəsillərə ötürülməsi, gənclərin elmiliyə, dəqiqliyə əsaslanaraq inkişaf etməsi üçün lazımi şəraitin yaradılması, bu məqsədə çatmaq üçün bütün səylərin səfərbər edilməsindən ibarətdir.

Nəzmin CƏFƏROVA,

sənətşünaslıq üzrə fəlsəfə doktoru