İKİNCİ XARİCİ DİL SEÇİMİ




Müasir dünyada çox dil bilmək xaricdə təhsil və iş imkanlarınızı genişləndirir, maraqlandığınız yerləri görməyə, səyahət zamanı yerli sakinlərlə ünsiyyət qurmağa və əylənməyə geniş imkanlar yaradır.

Dünyanın bir çox ölkələrində ana dilindən sonra ingilis dilini öyrənirlər. Bəs ingilis dilindən başqa hansı dilləri öyrənmək təhsil və karyeranız üçün faydalı ola bilər?

Yeni xarici dil öyrənməyə başlamadan əvvəl maraqlarınıza, səyahət, təhsil və karyera hədəflərinizə baxmaq lazımdır. Əgər dil seçməkdə qərarsızsınızsa, ekspertlərin sizin üçün bir neçə faydalı məsləhəti var.

İspan dili

Hazırda ispan dili dünyanın ən perspektivli dillərindən sayılır. Ekspertlərin proqnozlarına görə, 2030-cu ilə qədər dünya əhalisinin 7,6, Avropanın isə 20 faizi ispan dilində danışacaq. İspan dilli ölkələrdən birində təhsil almağı və işləməyi planlaşdırırsınızsa, onu öyrənməyə başlayın. Unutmayın ki, bu dil İspaniyaya və Latın Amerikası ölkələrinə açılan qapı ola bilər.

Hazırda dünyada 580 milyona yaxın insan ispan dilində danışır. İspan dili ingilis dilindən sonra ikinci beynəlxalq ünsiyyət dilidir. Linqvistlərin dediyinə görə, ingilis dilini bilirsinizsə, ispan dili öyrənmək sizin üçün asan olacaq.

Çin dili

Çin güclü iqtisadiyyatı və yüksək istehsal həcmi ilə əksər ölkələri geridə qoymaq əzmindədir və Çin dili dünyada ən çox danışılan dillər sırasındadır. Hansı xarici dildə daha çox təhsil və iş imkanları olduğunu araşdırırsınızsa, Çin dilinin dialektlərindən biri və Çinin rəsmi dövlət dili olan Mandarin ən yaxşı seçim ola bilər.

Çinə getməkdə maraqlı deyilsinizsə, Tayvan, Sinqapur və Honq Konqda da Mandarin dilini öyrənmək imkanları var.

Bu gün planetdə hər dörd nəfərdən biri fəal şəkildə Çin dili öyrənir. Bu, dünya üzrə ali təhsil alan tələbələrin ümumi sayından çox olmaqla, ən böyük tələbə qrupudur. Təxminən 1,8 milyard insan ikinci və ya əlavə dil kimi çin dilini öyrənməyə çalışır. Xüsusilə rəqəmsal aləmdə ən sürətlə böyüyən dil öyrənmə bazarı Çin dilinə məxsusdur.

Çinin artan qlobal əhəmiyyəti təkcə iqtisadi və texnoloji nailiyyətlərilə məhdudlaşmır. Bu ölkə zəngin mədəniyyəti və tarixi, incəsənəti, ədəbiyyatı və mətbəxi ilə də gəncləri cəlb edir.

Fransız dili

Fransız dili dünyada ən çox öyrənilən xarici dillər sırasındadır və bunun səbəbini anlamaq asandır. Bu dil Fransa və Kanada da daxil olmaqla 29 ölkənin rəsmi dilidir. Beləliklə, istər Tunisdə, istər Seneqalda, istərsə də İsveçrədə olsanız, fransız dili vasitəsilə yerli sakinlərlə birbaşa ünsiyyət qura bilərsiniz. Bu dil dünyanın hər bir ölkəsində tədris olunur və fransızdilli ədəbiyyatın çoxluğuna görə praktiki materialları demək olar ki, məhdudiyyətsiz əldə etmək mümkündür.

Sevgi dili də adlandırılan fransız dili əslində əsrlər boyu beynəlxalq və diplomatik sahələrdə istifadə olunan bir dildir. Fransız dili roman dil qrupuna aid olmaqla ispan, italyan, portuqal və rumın dilləri ilə əlaqəlidir. Məqsədiniz bir neçə dil öyrənməkdirsə, fransız dilini siyahınıza sala bilərsiniz.

 

Alman dili

Əgər qrammatikanı sevirsinizsə, alman dilini öyrənməkdə heç bir probleminiz olmayacaq. Üstünlüyünü ingilis dilinə verməzdən əvvəl elm dili sayılan alman dili zəngin elmi və akademik ədəbiyyat tarixinə malikdir. Elmi araşdırmalarla, tarixi mövzularla maraqlanırsınızsa alman dili sizin üçün doğru seçim ola bilər. Alman dili Avropa Birliyində ən çox danışılan dildir və bu qitədə geniş səyahət imkanları təklif edir. Alman dilini öyrənmək biznes üçün də faydalıdır, çünki Almaniya dünyanın 4-cü ən böyük iqtisadiyyatına malikdir və üçüncü ən böyük ixracatçıdır. Əgər siz Avropada oxuyursunuzsa və ya təhsil almağı planlaşdırırsınızsa, o zaman alman dilini mütləq öyrənməli olacaqsınız.

 

İtalyan dili

İtalyan dili ingiliscə danışanların rahatlıqla öyrəndiyi dildir. Hər ikisi latın mənşəli olduğundan ingilis-italyan sözləri və səsləri arasında çoxlu oxşarlıqlar var. İtaliya incəsənət, mədəniyyət və tarixlə iç-içədir. Dünyanın mühüm mədəni irs obyektlərinə ev sahibliyi edən İtaliya həm təhsil və peşəkar imkanlar, həm də mədəni təcrübələrlə dolu bir səyahət ünvanıdır. Ona görə də siz ikinci xarici dil olaraq italyan dilini seçə bilərsiniz.

Dil öyrənmək dünyanın üfüqlərini genişləndirməklə yanaşı, yaddaşın zəifləməməsi, beynin gənc qalması üçün də faydalıdır.