YENİ VALİDEYN İCLASI İLİ BAŞLAYIR




Müəllim, şagird və valideynlər arasında səmərəli və düzgün ünsiyyətin qurulması böyük əhəmiyyət kəsb edir. Belə ünsiyyət vasitələrindən biri də valideyn iclasları sayılır. Məktəblə ailə arasında əlaqələrinin düzgün qurulması haqqında mütəxəssislərin tövsiyələri  də əhəmiyyətlidir.

Dövlət və özəl ümumtəhsil məktəblərində məktəb-müəllim-ailə üçbucağının müxtəlif formalı görüşləri keçirilir. Bu görüşlərdə əsas diqqət şagirdlərin uğurlarına yönəldilir və bu sahədə  əməkdaşlığın təmin edilməsi zəruri sayılır.

Məktəb-müəllim əməkdaşlığnın əsas hədəflərindən  biri də təhsil prosesində valideynlərə mühüm rolların verilməsidir. Bu çərçivədə valideynlər müxtəlif  vasitələrlə təhsil prosesində iştirak edir və tədris-təlim prosesinin tərkib hissəsinə çevrilirlər. Hər iki tərəfin - məktəbin və valideynlərin ümumi məqsədi şagirdi daha yaxşı maarifləndirməkdir.

Valideynlərlə görüşlər adətən 2 fərqli şəkildə keçirilir:

-  Müəllimlə valideyn arasında fərdi söhbətlər;

-  Bütün valideynlərin iştirak etdiyi ümumi sinif  iclası;

Bu iclaslarda adətən müəllimlər valideynləri şagirdin mövcud nailiyyətləri  haqqında məlumatlandırır, şagirdin məktəbdəki davranışları, dərsləri mənimsəməsi, məktəbin sosial həyatında aktiv iştirakına dəstək verilməsi üçün fikir mübadiləsi aparılır.

Adətən tədris ilinin əvvəlində bütün siniflə keçirilən valideyn yığıncağının əsas məqsədi müəllim və valideynlərlə tanışlıq, onları qarşıdakı tədris ili, hədəf və məqsədlər, yanaşma və təcrübələr haqqında məlumatlandırmaqdır. Bu iclaslarda, eyni zamanda, il ərzində sinfin qatılacağı tədbirlər, uşaqların dərnəklərdəki fəaliyyəti, dərs ili boyunca gediləcək ekskursiyalar, muzey və qalereyalar, kino və teatr tamaşaları ilə bağlı təkliflər də müzakirə oluna bilər.

Ayrı-ayrılıqda valideyn-müəllim görüşlərinin keçirilməsinin məqsədi isə şagirdin fərdi inkişafının il boyu izlənməsini, yarana biləcək bəzi problemlərin əvvəlcədən müəyyən edilərək qarşısının alınmasını təmin etməkdir.

Psixoloq və pedaqoqlar uşaq şəxsiyyətinin formalaşmasında valideyn rolunun əvəzsizliyini həmişə vurğulayırlar. Onların fikrincə, uşaqların davranış modelləri bir çox hallarda valideynlərini təkrarlamaqla formalaşır. Buna görə də, “şagirdin tərbiyəsi və davranışı” problemi ortaya çıxanda istər-istəməz “valideyn tərbiyəsi” mövzusuna da toxunulur. Belə hallarda müəllim çox ehtiyatlı olmalı, valideynlərlə empatiya qurmağı bacarmalıdır. 

Müəllimin  şagirdin ailəsi ilə  düzgün münsibət qurması çox vacib şərtdir. Düzgün qurulmuş müəllim-ailə əməkdaşlığı ilə ailələrin məktəbə və bütövlükdə təhsilə müsbət münasibətini formalaşdırmaq mümkündür.

Müşahidələr göstərir ki, əksər ailələrdə  “məktəblə ünsiyyət” mövzusuna münasibət birmənalı deyil. Valideynlərin bir qismi məktəblə ünsiyyətdən qaçır. Buna səbəb onların övladları ilə bağlı şikayətlər, şagirdin qiymətlərinin və ya davranşının qənaətbəxş olmaması ilə bağlı xəbərdarlıqlar və s. eşitmək istəməməsidir. Nəticədə ailələrdə tərəddüd, qorxu, etinasızlıq və qəzəb duyğuları yaranır. Bu neqativ halları aradan qaldırmaq və valideynlərin övladlarının təhsilində fəal iştirakını davam etmək üçün məktəb və müəllimin üzərinə böyük məsuliyyət düşür. Mütəxəssislər şagirdin davranışının bütün siniflə deyil, yalnız fərdi şəkildə, müəllimlə valideyn arasında  müzakirə olunmasını məqsədəuyğun hesab edirlər. Əks təqdirdə bir qədər fərqli mənzərə yaranır. Ardıcıl olaraq övladının dəcəlliyi və ya dərsdə geri qalmağı ilə bağlı iradları başqalarının yanında eşitməkdən çəkinən valideynlər məktəb və müəllimlə görüşlərdə iştirak etmək istəmir, onlardan uzaqlaşır. Bu situasiyada zərərçəkən isə uşaq olur.

Səmərəli məktəb-ailə əlaqələrinin yaradılması üçün müxtəlif normativ sənədlərdə göstərilir ki, iclaslarda məktəb rəhbərliyi, müəllimlərlə yanaşı, məktəb psixoloqları da iştirak etməlidir. Onlar bu toplantılarda tərəflər arasında sağlam münasibətlərin qurulması yollarını, zəruri tədbirləri, görüləcək işləri birgə müzakirə etməlidirlər.

Mütəxəssislərin fikrincə, müəllim və valideynlərin iştirak etdiyi yığıncaqlardan əvvəl bəzi hazırlıqların aparılması görüşün faydalı keçməsinə töhfə verə bilər.

Yığıncaqlardan maksimum yararlanmaq üçün valideynlərə müəyyən tövsiyələr də verilir.

-  Görüşə övladınızla bərabər getməyin. Müəllimlər övladınızın yanında sizə real məlumat verməkdən çəkinə bilərlər. Bu halda səmimi söhbət edə bilməyəcəksiniz.

- İclasdan qabaq suallarınızı yazın. Beləliklə, görüş zamanı müzakirə etmək istədiyiniz heç bir mövzu yadınızdan çıxmayacaq.

-  Müəllim sizi narahat edən bir məsələ ilə bağlı məlumat çatdırarsa, onu aradan qaldırmaq üçün məktəbdən məsləhət və yardım istəyin.

- Övladınızın çətinlik çəkdiyi fənlərlə bağlı müəllimlərin təkliflərlərin almağa çalışın. Övladınızın repetitora ehtiyacı olub-olmadığını, dərsliklərdən əlavə hansı resurslara müraciət etməyin vacibliyini dəqiqləşdirin.

- Ailə və yaxınlar arasında  boşanma, uzun müddətli ayrılıq, köçmə və ya yeni bacı-qardaşın doğulması, ölüm kimi dəyişikliklər barədə də müəllimə məlumat vermək lazımdır. Bu halda müəllim uşağınıza həssas yanaşa, sosial ünsiyyət və davranışında problemlərin yaranmasının qarşısını ala bilər.

Valideyn-müəllim münasibətlərində ümumi qarşılıqlı hörmət və anlaşma son dərəcə vacibdir. Belə uğurlu ünsiyyət şagirdlər üçün xüsusilə faydalı olur.