“...Universitet Elmlər Akademiyasının dostudur”




Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur.

Bu il Dünya Elm Gününün mövzusu olaraq dayanıqlı inkişafda fundamental elmlərin yeri seçilib. Bu əlamətdar günün məqsədi cəmiyyətin inkişafında və insanların gündəlik həyatında elmin əhəmiyyətini və aktuallığını önə çəkərək yaranan elmi məsələlərin müzakirəsində geniş kütlələrin iştirakının zəruri olduğunu nümayiş etdirməkdir.

Elm və təhsilin inteqrasiyası sahəsində qarşıya qoyulan vəzifələr, Milli Elmlər Akademiyasında tədris prosesinin təşkili ilə bağlı  Elm və Təhsil Nazirliyinin nəzdindəki Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə ilə söhbət etdik.

AMEA-nın elmi müəssisələrində  fəlsəfə və elmlər doktorları hazırlığı üzrə təhsil proqramları hər zaman həyata keçirilib. Ölkənin  ali  elmi qurumunda magistratura pilləsində tədrisin təşkili isə bilavasitə akademik Akif Əlizadənin adıyla bağlıdır.  Bu  statistikaya görə, 2017-2021-ci illərdəki 328 məzundan 110-u doktorantura və dissertanturaya qəbul olub, onlardan 98 nəfəri öz təhsilini məhz AMEA-da davam etdirməyə üstünlük verib. Həmin məzunlardan biri isə artıq fəlsəfə doktoru elmi dərəcəsini alıb. Bütün bunlar Elmlər Akademiyasında magistratura və gənc elmi kadrların hazırlığına göstərilən diqqətin nəticəsidir.

 

- Akif müəllim, Elmlər Akademiyasında magistratura pilləsini yaratmaq ideyası necə yarandı?

-  Hələ Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığımız dövrdə  ali təhsil müəssisələrinin kafedralarına Elmlər Akademiyası strukturunda müxtəlif vəzifələrdə çalışan görkəmli alimlər rəhbərlik edirdi. Məsələn, geologiya sahəsinə ASİ-nin Petroqrafiya kafedrasının müdiri, akademik Şamil Əzizbəyov eyni zamanda EA-nın Yer Elmləri Bölməsinin akademik-katibi və Geologiya İnstitutunda şöbə müdiri idi. Akademik Mirəli Qaşqay Azərbaycan Dövlət Universitetində (indiki BDU) kafedraya rəhbərlik edərkən həmçinin EA-nın akademik-katibi və Geologiya institutunda şöbə müdiri vəzifələrində də çalışırdı. Kimya, fizika, bilogiya və digər sahələrdə də oxşar vəziyyət var idi. Bu triumvirat istedadlı gənclərin təhsildən elmə gəlişini təmin edirdi. Bunu elmə marağı olan gənc mütəxəssisləri EA-ya cəlb etmək üçün körpü də adlandırmaq olar.

Mən özüm üçüncü kursda oxuyarkən artıq Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyətində iştirak edirdim, çünki həm öz ixtisasımı, həm də ətraf dünyanı öyrənmək istəyim hədsiz idi.

 SSRİ dövründə  təhsildən elmə, elmdən təhsilə fəal keçidlər mövcud idi. Bu iki mühüm sosio-mədəni istiqamət arasında sıx əlaqə vardı. Qeyd olunanlar Azərbaycanın gələcək intellektual liderlərinin səviyyəsinin yüksəlməsinə səbəb olurdu.

Elm və təhsilin inteqrasiyasının vacibliyi hələ  Rusiyada  Elmlər Akademiyası yaranarkən də aktual idi. Görkəmli rus alimi M.V.Lomonosov  yazırdı: “Akademik reqlament belə qəbul edilib və belə olmalıdır ki, Akademiya alimlərlə yalnız özünü deyil, həmçinin bütün dövləti təmin edə bilsin... Universitet Elmlər Akademiyasının dostudur, daha da artıq desək – Akademiyayla birgə Vətənin inkişafı naminə fəaliyyət göstərən bir can, qan qardaşıdır. Universitetin nəzdində gimnaziya da olmalıdır, çünki gimnaziyasız Universitet toxumsuz əkin sahəsinə bənzəyər”.

Lakin bu planı bütövlüklə həyata keçirmək mümkün olmadı.  Elm və təhsilin inteqrasiyası ilə bağlı vəziyyət pisləşdi. Artıq  bu intellektual sahələr arasındakı orqanik bağlar qırıldığı uzun zamandır ki hiss olunur.

Fikrimcə, elmi-tədqiqat institutları şəbəkəsini ali təhsil müəssisələrindən ayırmaq böyük səhv idi. Bu, ilk növbədə fundamental fənlərin  ali məktəblərdə tədrisinin səviyyəsinə mənfi təsir etdi. Həmin illərdə hətta insanların ikinci vəzifəyə təyin olunmasını qadağan edən hüquqi aktlar da qəbul edildi. Bütün bunlar alimləri yalnız Elmlər Akademiyasına bağlayaraq pedaqoji fəaliyyətdən uzaqlaşdırdı.

Və həmin dövrdə  elmi-təşkilati fəaliyyətlə məşğul olan insanlara aydın oldu ki, bu sahələr arasında əlaqənin bərpası üçün mütləq müəyyən addımlar atılmalıdır. Mən bu haqda çox danışmışam. İş ondadır ki, təxminən yarım əsr ərzində Geologiya və Geofizika İnstitutunun rəhbəri olaraq  ölkənin həm elmi, həm də təhsil sahəsində müxtəlif hadisələrin şahidi olmuşam.  Bu hadisələr ümumilikdə həm elmdə, həm də təhsildə müəyyən deqradasiyanın baş verdiyini göstərib. Bu geriləməni aradan qaldırmaq üçün qərara aldıq ki, xarici ölkələrin təcrübəsinə əsaslanmqla elm və təhsil arasında inteqrasiya proseslərini intensivləşdirmək üçün müvafiq tədbirlər görək.   Elm və təhsilin sıx bağlılığını anidən bərpa etmək mümkün deyil. Bu, tədricən baş verməlidir ki, kadrların təbii axını və gənc mütəxəssislərin hazırlanması üçün lazımi şərait yaradılsın.

- Bu yolda hansı çətinliklər və imkanlar olub?

- Hələ 2008-ci ildə Elmlər Akademiyasının vitse-prezidenti olarkən, mən Geologiya və Geofizika İnstitutunda magistratura pilləsinin yaradılması məsələsini qaldırdım. Bu işdə bizə ötən əsrin 90-cı illərindən ölkəmizdə də fəaliyyət göstərən Böyük Britaniyanın ВР neftqaz şirkəti maliyyə dəstəyi göstərdi. Məlumdur ki, “Əsrin müqaviləsi” imzalandıqdan sonra  ölkədə geologiya və geofizika sahələrinə tələbat olduqca artdı. Bu sahədə mütəxəssis çatışmazlığı kadr hazırlığı məsələlərini önə çəkdi. BP şirkəti ilə pilot layihəmizin maliyyələşdirilməsinə dair razılıq əldə edilsə də bu işi sona çatdıra bilmədik.

Artıq Elmlər Akademiyasının prezidenti olarkən AMEA-da magistraturanın yaradılması məsələsi mənim üçün prioritetlərdən biri idi.  Elmlər Akademiyasının da, respublikanın ali təhsil müəssisələrinin də ixtisaslı kadrlarım hazırlanmasına ehtiyacı var idi. Biz AMEA-da elmi-tədris prosesinin bütöv siklini yaratmaq istəyirdik, bakalavriatdan başlayaraq magistratura və doktoranturayadək (PhD və ScD).

- Ötən illər ərzində Akademiyanın magistraturasında 492 nəfər təhsil alıb və  AMEA-nın magistraturasına ayrılan yerlərin sayı ilbəil artır. O da   məlumdur ki, EA-nın magistraturasına müsabiqə zamanı ən yüksək bal toplayan tələbələr daxil olur. Fikrimcə, bu AMEA-nın magistraturasında təhsil atmağa can atan tələbələrin çoxluğu ilə bağlıdır. Sizcə bu tələbatın səbəbi nədir? EA magistraturasında təhsilin üstünlüklərini nədə görürsünüz?

- Elmlər Akademiyası magistraturasının tələbələr üçün cəzbedici düsturu ondan ibarətdir ki, AMEA-nın institutlarında magistrantlar tədqiqatlarını bilavasitə unikal və eksklüziv cihaz və avadanlıqlarla təchiz edilmiş elmi laboratoriyalarda aparırlar. Bu, müasir elmin tələblərinə cavab verən mütəxəssislər yetişdirmək üçün olduqca mühüm amildir. Bir misal gətirim: Genetik Resurslar İnstitutunda genomun sekvensiyası üçün cihaz var. Bu cihazın imkanlarından yararlanaraq dünyada ilk dəfə narın genomunu öyrənmək mümkün oldu. Həmin il bu ixtira  EA-nın mühüm elmi nəticələrdən biri idi. Bu gün EA-nın  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda  yaxşı nəticələr qazanılıb. Başqa sözlə desək,  müasir elm müvafiq elmi avadanlıq və cihazlar olmadan, ən yeni texnologiyalar tətbiq edilmədən ciddi şəkildə geriləməyə məhkumdur.

Məhz bu amil istedadlı gəncləri AMEA-nın institutlarına cəlb edir. Çətinlik başqa məsələdədir, və bu haqda ucadan danışmaq lazımdır: bəli, gənclər Elmlər Akademiyasına gələcək, təhsil alacaq, amma onlar elmdə qalacaqlarmı?  Alimlərə layiqli əmək haqqı verilsə qalacaqlar. Axı təhsilə illərini sərf edən insanın özü və ailəsi üçün normal yaşayış səviyyəsini təmin etmək imkanı olmalıdır. Və biz gənc kadrların elmdə qalmağını istəyiriksə, məhz bu problemi həll etmək lazımdır.

Yeri gəlmişkən, vaxtilə biz AMEA-da baza kafedraları yaratmışıq. Onlar indi də fəaliyyət göstərirlər. Məsələn, institutumuza  geofizika üzrə “Seysmologiya və Yer təkinin fizikası” kafedrası və filiz yataqlarının geologiyası üzrə kafedra fəaliyyət göztərir. Baza kafedraları kimya elmləri, fizika-riyaziyyat və texniki elmlər, biologiya və tibb elmləri və digər bölmələrin institutlarında da yaradılıb. Fikrimizcə, baza kafedraları müvafiq fakültələrin və ya hətta ali təhsil müəssisələrinin akademik qurumlarla tədricən birləşməsinin bir nümunəsidir.

Elmdə yeni bir şey yaratmaq üçün gənclər öz müəllimlərindən fərqlənməlidirlər. Bu gün dünya elmində baş verən dəyişikliklərin əksəriyyəti ilk növbədə gənclərə yönəlib. Qlobal informasiya şəbəkəsi, get-gedə kütləviləşən mədəniyyət, gündəlik həyatda istifadə olunan texnoloji yeniliklərin  çoxluğu  davranış qaydaları, dəb – bütün bunlar külli miqdarda gəlir gətirən sənaye sahələrinə çevrilib. Amma informasiya partlayışı və daimi yenilik axtarışı, yəni gənclərin bu gün yaşadığı şərait heç də zərərsiz deyil. Sürətli və böyük həcmli informasiyanın əhatəsində olarkən, kommunikasiya fəaliyyətinin yeni üsul və metodlarından istifadə edərkən vacib bir məqamı nəzərdən qaçırmaq riski var:  mənəvi oriyentirləri itirmək. Bəzən informasiya axınında elə şeylərə yol verilir ki, bu, mədəniyyətə, xüsusilə də gənclərə ciddi xələl yetirir. Bu gün mütəxəssislər humanitar problemləri, cəmiyyətin mədəni-ideoloji inkişafına dair məsələləri həll etməli, informasiya texnologiyalarının inkişafı və cəmiyyətlərin gələcək mədəni problemləri arasında tarazlıq yaratmağa çalışmalıdırlar.

- Təhsil prosesinə cəlb edilmiş pedaqoji heyət haqqında biraz danışaq. Magistrantlara kim dərs deyir? Müəllimlərin seçimində hansı amillər nəzərə alınıb?

- Bu gün pedaqoji qabiliyyətə malik mütəxəssislərin çatışmazlığına görə bəzən kafedralara və digər struktur bölmələrinə, yumşaq desək, səriştəsiz insanlar rəhbərlik edir. Səriştə ilk növbədə insanın peşəsinə sevgisidir. Müəllim şagirdə düşünməyi, təhlil etməyi, nəticə çıxarmağı, çıxış yolu axtarmağı öyrətməlidir. İnsan pedaqogikanı sevmirsə, o, öz dinləyicilərinin hörmətini qazana bilməz. Hazırda bu məsələ elm və təhsilin inteqrasiyası sahəsində qarşılaşdığımız problemlərdən biridir. Müəllim şərəfli peşədir! Yadda saxlamaq lazımdır ki, müəllim şagirdlərin yaddaşında ömürlük qalır.

- Hətta məktəb illərindən.

- Bəli, elədir. Mən indiyədək ilk müəllimimi xatırlayıram. Məktəbə 1941-ci ildə getmişəm. Və ağır, soyuq müharibə illərində ilk müəllimim, Matinova Lyubov Sergeyevna bizə yalnız oxumağı, yazmağı öyrətmirdi, həmçinin bizi öz sevgisilə, isti münasibətilə isidirdi, dərslərdə rahat şərait yaradırdı. Bu amil də – insan amili –təhsil sahəsində çalışan mütəxəssislərin diqqət mərkəzində olmalıdır.

EA-nın magistraturasına gəldikdə isə bizdə yaxşı, təcrübəli mütəxəssislər dərs deyir. Akademik institutların əməkdaşları həmçinin ali təhsil müəssisələrində də çalışırlar. Burada hüquqi bazanın bir vacib məqamını da vurğulamaq istəyirəm. Elm və təhsilin inteqrasiyası prosesində mütəxəssislərə azadlıq verilməlidir, alimlərə, peşəkarlara imkan vermək lazımdır ki, onlar biliklərini, təcrübəsini gələcək nəsillərə ötürərək layiqli əmək haqqı alsınlar. Mütəxəssislərə, həm EA-da, həm ali təhsil müəssisələrində çalışmağa imkan yaratmaq lazımdır. Sizi əmin edirəm ki, gələcəkdə bu öz bəhrəsini mütləq verəcək.

- Akademiyanın müasir cihaz və avadanlıqlarla təchiz edilmiş laboratoriyalarında təcrübə keçməklə yanaşı, magistrantlar həmçinin xarici elm və təhsil mərkəzlərində beynəlxalq təcrübəyə də yiyələnirlər...

-Qeyd etməliyəm ki, beynəlxalq əlaqələrin yaradılması sahəsində fəaliyyət olduqca vacibdir.  Hələ 2008-ci ildə biz  təkliflər hazırladıq kiki, doktorluq dissertasiyaları üzərində çalışan fəlsəfə doktorlarının zəruri tədqiqatlar aparması üçün xarici ölkələrdə təcrübə keçməsi məqsədilə maliyyə vəsaiti ayrılsın. Vəsait ayrıldı, biz 10-dan artıq istedadlı gənci seçərək xaricə göndərdik. Bu gənclər ölkəyə artıq yüksək ixtisaslı mütəxəssislər – elmlər doktorları kimi qayıtdı.

- Geologiya və Geofizika İnstitutunun baş direktoru olaraq  institutun magistrantları ilə əlaqələriniz necə qurulub?

-Gənclərlə tez-tez görüşürəm  və onları  sevirəm. İş ondadır ki, özüm doktorluq dissertasiyamı gənc yaşlarımda müdafiə etmişəm və anlamışam ki, zaman bir çox elmi və həyati problemlərin həllində ən vacib amildir. “Bu günün işini sabaha qoyma” – məsəlində böyük həqiqət var. Buna görə də imkan daxilində çalışıram ki, gənclərin yalnız elm və təhsillə bağlı problemlərinə deyil, həmçinin müəyyən məişət məsələlərin həllində də köməklik göstərim. Gənclərin hazırlanması zamanı vaxt itkisinə qətiyyən yol verməməliyik, çünki itirilən zamanı geri qaytarmaq mümkün deyil.

 Azərbaycan elmi üçün nələrisə yaratmağa can atan gənc istedadlara kömək etmək lazımdır. Bu dövrdə qurulan dünya dinamikasının modelləri onu göstərir ki, həm ayrı-ayrı sivilizasiyalar, həm də ümumilikdə bəşəriyyət üçün kritik dəyişənlər qismində insanların sayı və texnologiyaların səviyyəsi çıxış edir. Düşünürəm ki, Azərbaycanın bacarıqla deyil, sayla əldə etmək imkanı yoxdur. Bizim gələcəyə yolumuz insan kapitalının inkişafı ilə bağlıdır. Məhz buna görə təhsil və elm sistemi cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən sahələrdə istedadlı insanların axtarışı, tədrisi və hazırlanmasına yönəlməlidir, bu insanlara milli sərvət kimi yanaşmalıyıq.

Akademiya hər zaman Azərbaycanın qüdrət rəmzlərindən biri, ölkənin çətin və davamlı irəlləyişində ümidi, dayağı olub və olacaq. Haaqa ratuşasının yuxarı hissəsində belə bir ifadə həkk olunub: “Bu günümüzdə bizim keçmişimiz var, gələcəyi isə biz bu gün yaratmalıyıq”. Gələcəyin qurulmasında elm və elm adamlarının xüsusi rolu var. Buna görə biz çalışmalıyıq ki, elmdə nəsillərarası əlaqə qırılmasın.

- Bu sahədə daha nə kimi yeniliklər görmək istəyərdiniz?

- Azərbaycan balaca bir ölkədir, biz elmin bütün sahələrində birinci ola bilmərik. Buna görə prioritet istiqamətləri seçməliyik. Azərbaycan üçün həmişə neftlə bağlı sahələr prioritet olub. Azərbaycan neftilə məşhurdur. Bu gün, Rusiyanın neft və qaz borularını bağladığı zaman dünyanın baxışları Azərbaycana yönəlib. Buna görə də neft, neft geologiyası, neft kimyası, neft və qaz biotexnologiyaları sahələrini ciddi inkişaf etdirməliyik, çünki bütün bunlar Azərbaycan üçün əbədi prioritetlərdir. Əlbəttə ki, informasiya texnologiyalarını yaddan çıxarmaq olmaz.

Hesab edirəm ki, ölkənin elm sahəsində zəngin iş təcrübəsi olan tanınmış alimlərindən konsilium təşkil etmək lazımdır və bu konsiliumda elm və təhsilin inteqrasiyası sahəsində vəziyyət öyrənməli, təhlil olunmalı və oriyentirlər müəyyən edilməlidir. 75 ildən artıq tarixi olan Elmlər Akademiyasının alimləri Vətənə və xalqa layiqincə xidmət edib, Elmlər Akademiyası hər zaman ölkənin ali elmi qurumu olmaqla yanaşı həmçinin təbii, texniki, humanitar və ictimai elmlər sahəsində tədqiqatların aparıldığı regional mərkəz olub.

Müsahibəni aldı:

Nəzmin CƏFƏROVA,

sənətşünaslıq üzrə fəlsəfə doktoru