İNKLÜZİV TƏHSİLDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNİN MƏQSƏDİ VƏ ƏHƏMİYYƏTİ
Məqalədə inklüziv təhsilin tətbiqi ilə əlaqədar müxtəlif tarixi dövrlərdə qəbul olunmuş qərarlar, layihələr, pedaqoji təcrübələr araşdırılır, empirik metodların köməyi ilə təhlillər aparılır, onların səciyyəvi xüsusiyyətləri qeyd olunur. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əsas istiqamətləri şərh olunur, proqramın məqsədi və gözlənilən nəticələr açıqlanır. Burada, həmçinin Azərbaycanda inklüziv təhsillə bağlı dövlət proqramının icrasına dəstək məqsədilə həyata keçirilən layihələrin məzmunu və sinfin idarə edilməsi zamanı istifadə edilən metodlar nəzəri cəhətdən ümumiləşdirilir. Qeyd edilir ki, inklüziv təhsil sosial birliyi stimullaşdırır, əlilliyi olan uşaqların yaşıdlarından təcrid olunmalarının qarşısını alır, onların intellektual inkişafına, cəmiyyətə inteqrasiyasına və hüquqlarının təmin olunmasına kömək edir. Əlilliyi olmayan uşaqlarda isə öz həmyaşıdlarına və eyni sinifdə oxuyan fiziki məhdudiyyəti olan şəxslərə qarşı düzgün yanaşmanın formalaşmasına səbəb olur. Bundan başqa, inklüziv təhsil demokratik dəyərlərə – inama, cəsarətə, mərhəmətə, bərabərliyə, zorakılıqdan imtina etməyə səsləyir. Belə ki, inklüziya bütün uşaqların məktəbə getmək, öz fikrini ifadə etmək, keyfiyyətli təhsil prosesində iştirak edərək müəyyən nəticələr əldə etmək hüquqlarının təmin edilməsini və sosial təcridə məruz qala bilən şagirdlərə mənəvi dəstəyin göstərilməsini nəzərdə tutur. İnklüziv təhsil prosesində müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla onların intellektual inkişafına səmərəli kömək göstərilməsinə imkan verən pedaqoji metodikaları, strategiyaları mənimsəyirlər. Effektiv təlim mühiti yaradan müəllim proaktiv münasibət göstərir. Məqalədə həm də sinfin effektiv idarə edilməsi qaydalarının əhəmiyyəti vurğulanır.
GİRİŞ
Dünyada fiziki məhdudiyyəti olan insanlara münasibət mürəkkəb inkişaf yolu keçmişdir. Əgər, eramızın XII əsrinə qədər əlilliyi olan şəxslərə dözümsüzlük, şiddət və etinasız münasibət göstərilirdisə, XII əsrdən sonra cəmiyyətdə onlara qarşı münasibət müsbətə doğru dəyişməyə başlamışdır. Həmin dövrdən başlayaraq XVIII əsrin 80-ci illərinə qədər xüsusi qayğıya ehtiyacı olan uşaqların öyrənmə bacarıqlarını formalaşdırmağın vacibliyi önə çəkilmiş, XIX əsrin sonlarında və XX əsrin əvvəllərində isə onlara öyrənməyi öyrətməyin zəruriliyi xüsusi əhəmiyyət kəsb etmişdir. XX əsrin 60-cı illərindən sonra müxtəlif kateqoriyalara aid xüsusi qayğıya ehtiyacı olan uşaqları təlimləndirərək mütəşəkkil, xüsusi təhsil sistemi yaratmağa nail olunmuşdur (Mikayılova, Şərəfxanova və b. 2011). Bu təhsil sistemi tibbi yanaşmaya əsaslanırdı. Həmin yanaşmaya görə, xüsusi qayğıya ehtiyacı olan uşaqların müalicəyə və xüsusi xidmətə ehtiyacları olduğu, qapalı təhsil müəssisələrində təhsil almalarının gərəkliyi qeyd olunur, onların inkişafı və sosial adaptasiya amilləri arxa planda qalırdı. Ona görə də bu sistem effektli olmadı. 1960-1980-ci illərdə təcrid olunmuş təhsildən inteqrativ təhsilə keçid məqsədilə sosial model yarandı. Bu modeldə əlilliyi olan uşaqların yaşadıqları cəmiyyətin mədəni ənənələrinə uyğun tərbiyəsi və təlimi nəzərdə tutulur, onların cəmiyyətə adaptasiyasının vacibliyi qeyd olunurdu. O dövrdən başlayaraq, sosial modelin tətbiq olunması ilə müşayiət olunan inklüziya modeli əsas götürülür. Bu model BMT-nin insan inkişafı konsepsiyasına da uyğundur.
İnklüziya ümumtəhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və onun bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir. İnklüziv sinif mühitində təlim hər bir uşağın başqaları ilə birlikdə tədris prosesində iştiraketmə hüququnu nəzərdə tutur. Müxtəlif qabiliyyətlər, irqi və cinsi fərqlər bu hüquqa təsir göstərmir. Uşaqların hamısı öz qabiliyyət və ehtiyaclarından asılı olmayaraq sinfin tamhüquqlu üzvü sayılır.
İnklüziv təhsil cinsindən, etnik və dini mənsubiyyətindən, dilindən, yaş qrupundan, asılı olmayaraq, təhsildən məhrum olan bütün uşaqların öz həmyaşıdları ilə birgə ümumtəhsil məktəblərində eyni sinifdə təhsilə cəlb edilməsidir. İnklüziv təhsilin prinsipləri aşağıdakılardır:
- İnsanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyildir;
- Hər bir insan hiss etmək və düşünmək qabiliyyətinə malikdir;
- Hər bir insan ünsiyyət hüququna malikdir;
- Bütün insanlar bir-birinə lazımdır;
- Əsl təhsil yalnız real qarşılıqlı münasibətlər zəminində həyata keçirilə bilər;
- Bütün insanlar öz həmyaşıdlarının köməyinə və dostluğuna ehtiyac duyurlar;
- Bütün təhsilalanların nailiyyətləri onların nəyi etməyi bacarmaları ilə ölçülür;
- Rəngarənglik insanın bütün cəhətlərini inkişaf etdirir (Əliyev, 2018).
Dünyanın bir çox ölkələrinin təhsil siyasətinin əsas prioritetlərindən biri olan inklüziv təhsil beynəlxalq prinsip və standartlara uyğunlaşdırılmışdır. Bu prinsiplərdən biri də təhsilin humanistləşdirilməsi və insan hüquqları ilə bağlıdır. Bütün uşaqların keyfiyyətli təhsil almaq hüququna əsaslanaraq, bir sıra beynəlxalq konvensiyalar, həmçinin milli qanunvericilik aktları və normativ-hüquqi sənədlər inklüziv təhsilin tətbiqini təmin edir. Həm beynəlxalq, həm də Azərbaycan üçün əhəmiyyət daşıyan uşaq hüquqlarına aid sənədlər aşağıdakılardır:
- İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (İHÜB) 1948-ci ildə qəbul edilmişdir, bütün insanların eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdəndir, hər bir fərdin hüquqlarını qoruyan 30 maddədən ibarətdir. Bəyannamədə təsbit olunmuş hüquqlar ümumbəşəri dəyərlərdir. Onlar hər kəsə, məhz insan olduğuna görə, şamil edilir. İrqindən, dilindən, dinindən, cinsindən, milli mənsubiyyətindən, maddi və sosial durumundan, mövqeyindən, dünyagörüşündən, yaşından asılı olmayaraq bütün insanlar bərabər hüquqlara malikdir.
Ümumbəşərilik o deməkdir ki, bu hüquqlar hər kəsə şamil olunur və fərdin heç bir hüququ ondan alına bilməz. Bu bəyannamənin 26-cı maddəsində hər bir şəxsin təhsil hüququna malik olduğu, təhsilin insan şəxsiyyətinin tam inkişafına və əsas azadlıqlara hörmətin artırılmasına yönəldilməsinin vacibliyi qeyd olunur. Göründüyü kimi, bütün uşaqların, o cümlədən sağlamlığında məhdudluq olanların heç bir fərq qoyulmadan təhsil almaq hüququ var. Bunun üçün Azərbaycanda hüquqi-normativ baza 2001-ci ildə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Həmin qanunun icrasını təmin etmək məqsədilə normativ-hüquqi sənədlər hazırlanmış, o cümlədən “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin proqrama uyğun hazırlanmış müvafiq təlim strategiyalarından istifadə edilməsi əlilliyi olan uşaqların sosial, psixi, fiziki və konqnitiv inkişafını təmin etməklə onları sinif kollektivinin inteqrativ bir üzvünə çevirir. “Əlilliyi olan uşaqlar” termininə beynəlxalq şəkildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 24-cü maddəsində bu izah verilir: əlillik dedikdə, müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı digərləri ilə bərabər əsasda cəmiyyətin həyatında tam və səmərəli iştiraka mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan insanlar nəzərdə tutulur (Crimes, Stevens, Cruz, Merkado, Ligaya, Cruz, 2019; Schvarts, 2001).
- Uşaq hüquqları Konvensiyası — 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir. 54 maddədən ibarət olan konvensiya dünyada yaşayan uşaqlara bu sənədlə müəyyən olunmuş hüquqları təmin etməklə, onların inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.
- BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası 2006-cı il tarixində qəbul edilmişdir. 2008-ci ildə tarixli Qanununa əsasən ölkəmiz bu konvensiyaya qoşulmuşdur.
- Salamanka Bəyannaməsi 1994-cü ildə inklüziv təhsillə bağlı ilk rəsmi sənəd kimi qəbul olunmuşdur. Bu bəyannamədə göstərilir ki, məktəblər bütün uşaqları, fiziki, intellektual, sosial, emosional, dil və digər xüsusiyyətlərinə baxmayaraq qəbul etməlidir. Bunlar həmçinin əqli və fiziki ləngiməsi olan, xüsusi istedada malik olan, kimsəsiz, işləyən uşaqlara, etnik və mədəni azlıqlara da aiddir.
- “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud olan şəxslərin, onların valideynlərinin və ya qəyyumlarının xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmış, xüsusi təhsilin təşkili və idarə olunması qaydaları təsbit olunmuşdur.
- “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları” sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisələrində təhsil almalarını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
- “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”. Bu proqram sağlamlıq imkanları məhdud olan şəxslərin təhsilin bütün pillələri üzrə əlilliyi olmayan şəxslərlə bərabər səviyyədə təhsil hüququnu təmin etməyə, onların məşğulluğu üçün maneəsiz mühit yaratmağa xidmət edir. Dövlət proqramının həyata keçirilməsi nəticəsində əlilliyi olan şəxslərin təhsil inkişafında qarşıya qoyulmuş 5 əsas vəzifə aşağıdakılar kimi müəyyənləşdirilmişdir:
- Sağlamlıq imkanları məhdud şəxslərin təhsilin bütün pillələri üzrə inklüziv təhsil hüququnu təmin etmək məqsədi ilə normativ hüquqi aktların təkmilləşdirilməsi;
- Təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün tədbirlərin görülməsi;
- Sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması;
- İnklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması;
- Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə aidiyyatı dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirilmə işlərinin aparılması1.
İnklüziv təhsil sahəsində layihələrin səmərəli, effektiv idarə edilməsi və optimal şəkildə həyata keçirilməsi üçün mövcud vəziyyətin, müxtəlif peşəkar kateqoriyaların, sosial qrupların nümayəndələrinin fikirləri və qiymətləndirmələri nəzərə alınmalıdır.
İnklüziv təhsil üzrə müəllim inkişafı proqramları (Crimes, Stevens, Cruz, Merkado, Ligaya, Cruz, 2019) Azərbaycanda inklüziv təhsillə bağlı dövlət proqramının icrasına dəstək göstərir. Materiallar aşağıdakı iki layihə çərçivəsində hazırlanaraq Avropa İttifaqı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, UNİCEF-in Azərbaycandakı nümayəndəliyi və Heydər Əliyev fondunun “Regional İnkişaf” İctimai Birliyinin rəhbərliyi və maliyyə dəstəyi ilə həyata keçirilir:
- Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi;
- Müəllimlərin inklüziv təhsilə hazırlığının təmin edilməsi.
İnklüziv təhsil üzrə müəllim inkişafı proqramları üç əsas hədəf qrupu üçün nəzərdə tutularaq həyata keçirilir:
- Ümumi təhsil müəssisələrində işləyən müəllimlər;
- Xüsusi pedaqoqlar;
- İlkin pedaqoji təhsil alan tələbələr.
Proqram təhsilalana yönələn, fəal və təcrübi fəaliyyətə əsaslanan yanaşmanı dəstəkləyir, konsepsiyaların praktik tətbiqi və refleksiya
vasitəsilə həm müəllimləri, həm də ilkin pedaqoji təhsilalan tələbələri istiqamətləndirir.
“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinə əsasən görülən işlər çoxşaxəli çərçivədə 4 istiqamət üzrə təsnifatlaşdırılıb:
- İnklüziv təhsil üzrə tədris proqramı və materiallarının təkmilləşdirilməsi. Bu istiqamətdə inklüziv təhsil üzrə ekspert komandalarının birbaşa iştirakı ilə yeni təlim modullarının hazırlanması, onların ibtidai sinif müəllimliyi ixtisasında ilkin pedaqoji təhsil və ixtisasartırma təhsil proqramlarına daxil edilməsi, təlimat və tədris xarakterli müxtəlif vəsaitlərin (psixoloq, loqoped və s.) hazırlanması, bu məlumat və resursların daha əlçatan olması üçün onlayn portalın yaradılması nəzərdə tutulur.
- Müəllim və yardımçı heyətin bacarıqlarının artırılması. Burada məqsəd təlim modulları əsasında ibtidai sinif müəllimləri, pedaqoji kadr hazırlığı aparan ali təhsil müəssisələrinin müəllimləri və tələbələrinin təlimlərə cəlb olunmasıdır.
- Müəllim və yardımçı mütəxəssislər üçün inklüziv təhsil üzrə resursların yaradılması. Bu komponent çərçivəsində inklüziv təhsil üzrə mövcud kadr potensialı, təlim resursları və s. haqqında tədqiqat aparmaq, inklüziv təhsil mərkəzləri yaratmaq və həmin mərkəzlərdə müəllim hazırlığına xidmət əsas hədəflərdir.
- İnklüziv təhsil üzrə təhsil siyasətinin təkmilləşdirilməsi və ictimai maarifləndirmə tədbirləri. Bu komponent çərçivəsində Bakı şəhərində və digər regionlarda məlumatverici posterlər yerləşdirmək, inklüziv təhsilin əhəmiyyətini göstərən sosial çarxlar hazırlayıb televiziya kanallarında yerləşdirmək, sosial media, müxtəlif sosial aksiyalar və çoxsaylı digər vasitələrlə ictimaiyyətin məlumatlandırılmasını təmin etmək nəzərdə tutulmuşdur (Mikayılova, Şərəfxanova və b., 2011).
Hazırda ölkəmizdə inklüziv təhsil sisteminin beynəlxalq normalara uyğun olaraq inkişaf etdirilməsi və tətbiqini dəstəkləmək üçün inklüziv təhsil üzrə müəllim inkişafı proqramlarının məqsədi:
- Müəllimlərin inklüziv sinif otaqlarında dərs keçmək üçün səriştələrinin artırılması;
- Mövcud resursları bir araya toplamaq;
- Vəsaitlərin istifadəçi üçün rahatlığını artırmaq məqsədilə məzmunun sadələşdirilməsi;
- Məktəblərdə praktik tətbiqin stimullaşdırılması;
- Müəllimlər arasında əməkdaşlıq mədəniyyətinin yaradılması (Crimes, Stevens, Cruz, Merkado, Ligaya, Cruz, 2019).
İnklüziv təhsil prosesinin şərtlərinə aşağıdakılar aid edilir:
- Hər bir şagirdin məktəbin akademik və sosial həyatında iştirak səviyyəsinin yüksəldilməsi;
- Sağlamlıq imkanları məhdud uşaqların məktəbin daxilində baş verən proseslərdən təcrid olunmaması;
- Hər bir şagirdin öz fərdi xüsusiyyətlərinin və ehtiyaclarının nəzərə alınması üçün müvafiq qaydaların və normaların təkmilləşdirilməsi;
- İnklüziv təhsilin tətbiqində uşaqyönlü pedaqogikanın əhəmiyyətinin başa düşülməsi və onun aşağıdakı əsas xüsusiyyətlərinin nəzərə alınması:
— Faydalı təlim imkanları;
— Bütün uşaqların fərqli yolla öyrəndiklərini bilmək və tədris üslubunu ona uyğunlaşdırmaq;
— Birlikdə öyrənmək;
— Təlim imkanlarının cəlbedici və hər kəs üçün əlçatan olması;
— Formativ qiymətləndirmədən istifadə. - İnklüziv təhsillə bağlı aparılan işlərin ancaq həssas təbəqədən olan qruplara, məsələn, əlilliyi olan uşaqlara deyil, bütün məktəblilərə aid olunması;
- İnklüziv təhsilin yalnız şagirdlər üçün yox, həm də pedaqoji heyət üçün səmərəliliyinin təmin olunması;
- Müvafiq icma ilə məktəb arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə bu sahə üzrə tədris alətləri və materiallarının şagirdlərin fərdi ehtiyaclarına uyğunlaşdırılması.
İnklüziv təhsilin səmərəli həyata keçirilməsi üçün vacib olan şərtlərə aiddir:
- Binanın və nəqliyyatın uyğunlaşdırılması;
- Universal təlim dizaynı:
— Hədəflərə görə məkanın hazırlanması;
— Hər kəs üçün əlçatan müvafiq resurs ərazilərin təklif edilməsi;
— Rəqəmsal resursların və materialların inteqrasiyası;
— Təlim mühitində qarşıya qoyulan təlim hədəflərinə nail olmaq. - Sinif mühitinin uyğunlaşdırılması. Burada əsas məqsəd bütün uşaqlar üçün öyrənmənin əlçatanlığını, habelə şagirdlərin təhlükəsiz şəraitdə bilik, bacarıq və vərdişlərə yiyələnməsini təmin etmək məqsədilə əlverişli təlim mühiti yaratmaqdır.
- Tədris proqramlarının rəngarəngliyinin təmin olunması, müxtəlif yanaşma üsullarından istifadə edilməsi;
- İnklüziv siniflərdə diferensiallaşdırma – şagirdlərin və ya kiçik şagird qrupunun təlim ehtiyaclarına diqqət yetirilməsini özündə ehtiva edir.
- Təlim mühitinin adaptasiyası. Buna nail olmaq üçün nəzərə alınmalı olan məqamlar:
- Əlillik haqqında danışarkən məktəb heyəti və uşaqların düzgün sözlərdən istifadə etməsi;
- Məktəbin tibbi nəzarət sisteminin yaradılması;
- Müşahidəçilər şurasının və idarəetmə komissiyasının yaradılması.
SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİ ÜÇÜN MÜƏLLİMLƏRİN DİQQƏT YETİRMƏLİ OLDUQLARI MƏQAMLAR
Sinifin effektiv idarə edilməsində müəllim müvafiq texniki vasitələrdən istifadə etməklə şagirdlərin nizam-intizamlı və hazırlıqlı olmalarını təmin etməlidir. Bu zaman şagirdlərin diqqəti dərsə cəmləşir, təlim nailiyyətləri yüksəlir, öyrənməyə mənfi təsir edən davranışlar aradan qalxır. Təhsil strategiyalarından düzgün istifadə etmək sinifdaxili münasibətlərin tənzimlənməsində, vaxt itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Müəllim şagirdə onun davranışı və fəaliyyətinin necə olması barədə “Hamıya hörmətlə yanaşmaq”, “Məsuliyyətli olmaq”, “Təhlükəsizliyə riayət etmək” kimi tapşırıqları verməklə yanaşı, onları necə icra etdiklərini müşahidə altında saxlamalıdır.
İnklüziv siniflərdə dərs keçən müəllimlər müxtəlif əlilliyi olan uşaqlar üçün aşağıda göstərilən məqamlara diqqət yetirməlidirlər.
Görmə qüsuru olan uşaqlar üçün zəruri şərtlər:
- Yazılı təlimat və ya tapşırıq verdikdə mətnin qısa şəkildə və böyük hərflərlə yazıldığına əmin olun;
- Həm şifahi, həm də yazılı təlimatlar zamanı elektron mətn danışma sistemləri təqdim edin;
- Hər bir ifadəni lövhədə yazıldığı kimi söyləyin;
- Sinif keçidlərini vurğulamaq məqsədilə səs vasitələrindən istifadə etmək və gün ərzində sinfin planına uyğun hərəkət etmək üçün sinif şablonları hazırlayın və onları çatdırmaq üçün əyani olmayan vasitələri təqdim edin;
- Bu kateqoriyadan olan uşaqların sinif şablonlarına riayət etməsi üçün yaşıdlarından onlara yardım göstərməyi xahiş edin;
- Təlim yerlərində orientasiya və səfərbərlikdə köməyə ehtiyacı olduqlarından sinfin planı, kitabxana, yeməkxana və məktəbin digər əsas ərazilərinə bələd olması üçün onlara vaxt verin;
- Məktəbin texniki planını və fövqəladə hallar üzrə prosedurları görmə əlilliyi olan uşaqlara izah edin (məsələn, ayaqyolu, idman zalı, yeməkxana, oyun meydançası və s.);
- Sinif yoldaşları ilə kiçik qruplar və ya fərdi şəkildə tanış ola biləcəkləri fəaliyyət və təcrübələr təşkil edin;
Eşitmə qüsuru olan uşaqlar üçün zəruri şərtlər:
- Bu kateqoriyadan olan uşaqların sinif otağında müəllimin danışdıqlarını daha yaxşı eşidə bilməsi üçün onların ön sıralarda oturmalarını təmin edin;
- Eşitmə çətinliyi olan uşaqların məlumatı daha yaxşı mənimsəməsi üçün əyani vasitələrdən istifadə edin;
- Danışarkən həmin uşaqların dodaqlarınızı gördüyünə əmin olun ki, onlar bu vasitə ilə müzakirəyə qoşula bilsinlər. Üzünüz lövhəyə tərəf olduqda danışmayın;
- Qrup müzakirələri zamanı eyni anda yalnız bir şagird danışmasına şərait yaradın;
- Diskussiya üçün nəzərdə tutduğumuz mövzuları yazılı şəkildə təqdim edin;
- Sinifdə videolardan istifadə edərkən altyazıların olmasına üstünlük verin;
- Şagirdlərin nitq söyləyəni dinləməsinin effektivliyini artırmaq üçün qeyri-verbal hərəkətlərlə diqqəti cəlb etməyə çalışın: əl qaldırma, işığı yandırıb-söndürmə, ritmik əlçalma və s.;
- Məlumatları aydın və sadə nitqlə ucadan təqdim edin;
- Uşaqdan şəxsi eşitmə cihazından istifadə etməsini xahiş edin.
Fiziki qüsuru (dayaq-hərəkət sistemi ilə bağlı) olan uşaqlar üçün zəruri şərtlər:
- Məktəbdə və sinif otağında hərəkət etmək üçün geniş əlverişli yer təmin edin ki, sinif materiallarına və təchizatlarına müstəqil şəkildə yaxınlaşa bilsinlər;
- Sinifdən kənarda və məktəb daxilində sərbəst hərəkət etməsi üçün şagirdlərə vaxt verin, onları tələsdirməyin;
- Yazıyla bağlı çətinliyi varsa, onu qeydlər aparmaqda köməkçi ola biləcək şagird yoldaşı ilə birlikdə əyləşdirin;
- Şagirdin yazmaq imkanı məhduddursa və ya yaza bilmirsə, ona mövzunu kompüter, kiçik səsyazan və ya kamera kimi vasitələrlə qeydə almağa icazə verin.
Müəllimlər və digər mütəxəssislər üçün zəruri olan şərtlər:
İnklüziv siniflərdə müəllimlərin davranışları modelləşdirilir. Onlar uşaqlara yönələn pedaqoji fəaliyyəti bütün təhsilalanlara uyğunlaşdırmaq üçün sinif otağında, dərsin planlaşdırılmasında, tədris üslubunda və təlimatlandırmada hansı dəyişikliklərin edilə biləcəyini əks etdirməyin yollarını aşağıdakı əməkdaşlıq modellərinə əsasən qurmalıdırlar:
- Birgə dərs tərtibatı — müəllimlər bir dərsi birlikdə planlaşdırır və ya təkmilləşdirir, onu sinifdə sınaqdan keçirir, müşahidə edir və şagirdin öyrənməsinə necə təsirini müəyyənləşdirmək üçün məlumatlar toplayır. Onlar arzuolunan müəyyən yanaşma əsasında (məsələn, didaktik metod və ya oxunanların başa düşülməsi ilə bağlı strategiyalar) silsilə dərslərin planlaşdırılmasında da digər müəllimlərlə birgə işləyirlər. Dərsin bu formada tərtibatı seminar və təlimlərdə, eləcə də sinifdə əldə edilən bilikləri, təcrübədə tətbiq etməyə imkanlar yaradır.
- Müşahidə və rəy — məktəb müəllimləri, mütəxəssis və ya çox təcrübəsi olan müəllimlər həmkar müəllimlərin dərslərində müşahidə apararaq, onların təlim fəaliyyətlərini qiymətləndirir və planlı rəylər verirlər.
- Açıq dərs — əsasən, müəllimin sinifdə davranışlarına, prosedur və qaydaların necə yerinə yetirilməsinə diqqət verilir. Müşahidələrdən sonra planlı müzakirələr aparılır.
- Tədqiqat qrupları — müəllimlər qruplar şəklində əməkdaşlıq edərək, ümumi bir problem həll etmək, ümumi məqsədə çatmaq üçün plan hazırlamaq və tətbiq etmək məqsədilə müəyyən bir məsələni tədqiq edirlər. Tədqiqat prosesində hazırladıqları resursların bir hissəsi sinif otaqlarında və öz təcrübələrində istifadə olunur.
- Birgə tədris — texniki, təchizat və təşkilatçılıq baxımından daha çox səylər tələb edir. Sinfi idarəetmə baxımından müəllimlər bir-birinə kömək edir və onların real vaxt rejimində modelləşdirmə, plan və dəstək alması təmin olunur.
- Müəllimlər fərdi xüsusiyyətləri nəzərə almaqla şagirdlərin təlim nailiyyətlərinin artırılmasına səmərəli kömək göstərilməsinə imkan verən pedaqoji metodikaları, strategiyaları mənimsəməlidirlər.
- Mütəxəssislər (tibb işçiləri, xüsusi profilli pedaqoqlar və başqaları) uşaqları daha ciddi şəkildə nəzərdən keçirməyə başlayır və
problemlərə onların gözü ilə baxmağı öyrənirlər. - Uşaq və ailəyə dəstək planını müəllimlərin, xüsusi profilli pedaqoqların, psixoloqların, məsləhətçilərin, terapevtlərin, eləcə də ailənin və mümkün olan təqdirdə uşağın özü ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində hazırlanır. Bu, əməkdaşlığa və birgə səylərin asanlaşdırılmasına vasitəçilik edir.
İnklüziv təhsil xüsusi təhsil ehtiyacları və digər səbəbdən yaranan maneələrə baxmayaraq bütün uşaqların onlara yaxın ərazidə yerləşən məktəblərdə keyfiyyətli təhsilə cəlb edilmələri və təlimdə nailiyyət əldə etmələri üçün lazımi dəstəyin göstərilməsi və şəraitin yaradılmasını nəzərdə tutur. Bu cür təhsil, eyni zamanda sosial birliyi stimullaşdırır. Əlilliyi olan uşaqları yaşıdlarından və cəmiyyətdən təcrid olunmaqdan xilas edərək, onların inkişafına, ictimai həyata inteqrasiyasına və hüquqlarının təmin olunmasına kömək edir. Əlilliyi olmayan uşaqlarda isə öz həmyaşıdlarına və yaxud siniflərində olan sağlamlıq imkanları məhdud olan şəxslərə qarşı düzgün münasibətin formalaşmasına səbəb olur.
İnklüziv təhsil iqtisadi cəhətdən də səmərəlidir, çünki cəmiyyətdə uğurlu adaptasiya prosesi keçən əlilliyi olan şəxslərin əmək məşğulluğunun artması perspektivi daha böyükdür. Belə olan halda müavinətlərdən asılılıq azalır, onların sosial vəziyyəti yaxşılaşır, bununla da iqtisadi inkişafa öz töhfələrini vermiş olurlar.
NƏTİCƏ
Məqalədə qeyd olunan fikirləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, inklüziv təhsil sosial birliyi stimullaşdırır, əlilliyi olan uşaqların yaşıdlarından təcrid olunmalarının qarşısını alır, onların intellektual inkişafına, cəmiyyətə inteqrasiyasına və hüquqlarının təmin olunmasına kömək edir. Bu uşaqların öz yaşıdları ilə məqsədəuyğun şəkildə təmasda olmaları hesabına onların koqnitivliyi, emosional zəkası artır, nitqi inkişaf edir. İnklüziv təhsil zamanı yeni bacarıq və vərdişlərin mənimsənilməsi və onlardan istifadə olunması funksional olaraq həyata keçirilir, uşaqların güclü cəhətlərinə, qabiliyyətlərinə və maraqlarına fokuslanaraq aparılır. Onlar üçün əlilliyi olmayan yaşıdları ilə dostluq münasibətləri yaratmaq və ictimai həyatda iştirak etmək imkanları yaradır.
İnklüziv təhsil tətbiq edilən təhsil müəssisələrində pedaqoji işçilər müvafiq kurslara yönləndirilərək bacarıqlara, sinif strategiyalarına yiyələnir, tədris proqramları hər bir şagirdin təlabatını nəzərə alır, ailələr təhsil müəssisəsinin tədbirlərində fəal iştirak edirlər.
Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi Beynəlxalq Konfransında təqdim edilib.
İstifadə edilmiş ədəbiyyat
1 “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14.12.2017 tarixli, 3498 nömrəli Sərəncamı.
2 Azərtac 14.12.2017.
3 Crimes, P., Stevens, M., Cruz, A., Merkado, T., Ligaya, K., Cruz, S. (2019). “İnküziv təhsil üzrə müəllim inkişafı proqramları”.
4 David, M. (2014). What really Works in Special and Inclusive Education: Using Evidence-Based Teaching Strategies.
5 Əliyev, M. (2018). “İnklüziv təhsil”. (Məlumat kitabçası). Bakı.
6 Mikayılova, Ü., Şərəfxanova, Ş., və b. (2011). “İnklüziv təhsil”. (Metodik vəsait). Bakı.
7 Schvarts, B. (2001). Oyun vasitəsilə öyrənmə.
8 www.inkluzivtehsil.az