TƏHSİL VƏ TƏRBİYƏDƏ MUSİQİ AMİLİ
Musiqi qüdrətli estetik tərbiyə vasitəsi olub, ümumi təfəkkürün, fəal qavrama və əməli fəaliyyətin inkişafında, şagirdlərin təlimə marağının artırılması və onlar üçün öyrənmənin asanlaşdırılmasında böyük rol oynayır. Məqalədə həm təhsilin məzmununun, həm də öyrətmə strategiyalarının hər bir şagirdi öyrənməyə həvəsləndirməsi üçün musiqinin təlim motivasiyasına və digər faktorlara təsir vasitələri ilə bağlı elmi-nəzəri, praktik tövsiyələr verilir. Qeyd olunur ki, müasir təhsil metodları şagirdlərin təhsilə dair istək və gözləntilərini öyrənmək əsasında qurulmalı, yəni şagirdlər mühitə deyil, mühit şagirdlərin tələbat və maraqlarına uyğunlaşdırılmalıdır. Musiqinin şagirdlərin təlim və tərbiyə motivinə psixoloji təsirinin öyrənilməsi təhsil quruculuğunun indiki mərhələsində daha aktualdır. Çünki bu dövr təhsilalanların daha çox diqqət yetirilməli, böhranlı, münasibət və davranışlarında müsbət və ya mənfi meyillərin yarana biləcəyi keçid dövrüdür.
Mədəniyyət tariximizdə qədim köklərə malik ənənələrimizin öyrənilməsi, böyüyən nəsildə hissi-emosional tərbiyənin gücləndirilməsi,
ümumi intellektual səviyyənin inkişaf etdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması kimi əsas tələblərin yerinə yetirilməsində musiqi təlimi mühüm rol oynayır. Mənəvi-estetik təsirinə, didaktik mahiyyətinə, vətənpərvərlik, humanizm, dostluq ruhunda tərbiyəedici təsir qüvvəsinə görə müstəsna əhəmiyyət kəsb edən musiqi fənni çox böyük inkişafetdirici imkanlara malikdir. Musiqi təlimi prosesində istinad edilən müxtəlif janrlara aid nümunələr şagird şəxsiyyətinin idraki, psixomotor cəhətdən inkişafına, mənəvi-emosional cəhətdən zənginləşməsinə zəmin yaradır. Ümumtəhsil məktəblərində musiqi fənninin əsas məqsədi milli və bəşəri sənət nümunələri əsasında şagirdlərdə musiqi mədəniyyətinin formalaşdırılması və inkişafını təmin etməkdən ibarətdir (Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün musiqi fənni üzrə təhsil proqramı, 2013).
Musiqinin yeniyetmələrə və uşaqlara ən ciddi təsir edən vasitə olması bir çox tədqiqatlarda, o cümlədən “Şagirdlərin təlim motivasiyasının formalaşdırılmasına musiqinin psixoloji təsiri” adlı tədqiqatımızda da təsbit edilmiş, musiqi vasitəsi ilə təhsilalanların təlimə marağının artırılması, onlar üçün öyrənmənin asanlaşdırılması məsələləri öz əksini tapmışdır. Qeyd edək ki, təhsilin məzmunu və öyrətmə strategiyaları hər bir şagirdə müsbət təsir göstərməli, onu öyrənməyə motivasiya etməlidir. Müasir təhsil metodları şagirdlərin təhsilə dair istək və gözləntilərini öyrənmək əsasında qurulmalı, yəni şagirdlər mühitə deyil, mühit şagirdlərin tələbat və maraqlarına uyğunlaşdırılmalıdır. Çünki şagirdlərin dəyəryönlü şəxsiyyət kimi formalaşdırılması, onlara gələcək fəaliyyətləri üçün zəruri olan biliklərin öyrədilməsi, həmin biliklərdən məqsədyönlü istifadə və təcrübədə tətbiqetmə bacarığının formalaşdırılması vacib məsələlərdəndir. Bu sahədə qazanılacaq uğurlarda musiqinin rolu inkaredilməzdir.
Təlimin 3 əsas tərkibini – təhsil, inkişaf və tərbiyə meyarlarını yeni pedaqoji təfəkkürün uğurları kimi qiymətləndirən Əbdül Əlizadə Azərbaycanda ilk dəfə 1996-cı ildə təlim məqsədlərini sistemli şəkildə xarakterizə etmək üçün “taksonomiya” anlayışından istifadə etmişdir. Üçtərkibli taksonomiyanın tərbiyə taksonomunda aşağıdakı məsələlər öz əksini tapmışdır (Əlizadə, 2010):
a) tarixi yaddaş;
b) mənlik şüuru;
c) özünüdərketmə;
ç) özünüqiymətləndirmə;
d) emosional qiymət;
e) milli-mənəvi keyfiyyətlər.
Tərbiyə taksonomunda qeyd edilən məsələlər öz əksini musiqidə bu şəkildə tapa bilər: şagirdlərin dinlədikləri musiqilər onların milli-
mənəvi ruhda tərbiyə almasına və estetik zövqlərinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Diaqram 1, 2 və 3-də “Yeniyetmələrin təlim motivinin formalaşmasına musiqinin psixoloji təsiri” ilə bağlı eksperimentin aparıldığı tədris ilinin əvvəlində, yarısında və sonunda Luşer rəng testinin nəticələri əks etdirilmişdir. Bu dəyərləndirmə testin ilk 4 rənginin göstəricisinə görə aparılmışdır (ilk 4 rəngin yuxarı göstəricisi müsbət nəticə kimi dəyərləndirilir).
Diaqram 1 Eksperimentin tətbiq edildiyi tədris ilinin əvvəlində musiqi zövqü və psixoloji durumun Luşer rəng testi
Eksperimentin nəticəsinə əsaslanıb deyə bilərik ki, musiqi yeniyetmə şəxsiyyətinin formalaşmasına, sosial əlaqələrin qurulmasına, şəxsiyyətlərarası münasibətlərin yaranmasına və psixoloji durumun müsbətə doğru dəyişməsinə mühüm təsir edir.
Müasir təhsilin məzmununun əsas hissəsi şagirdlərdə texniki bilik və bacarıqların formalaşdırılmasına istiqamətlənmişdir. Buna görə də, təxəyyülün və yaradıcılığın inkişafını təmin edən dərslərə “ikinci dərəcəli” dərslər kimi baxılmamalı, bütün dünyada yaradıcılıq ön planda olduğu halda təhsilimizdə bu məsələlər diqqətdən kənarda qalmamalıdır. Məsələn, yüksək texnologiyalar dövründə populyar olan STEM (science, technology, engineering, mathematics) proqramları sənəti də (art) ehtiva edərək genişlənmiş, STEM öz yerini STEAM-a vermişdir (Sekman, 2017).
Diaqram 2 Eksperimentin tətbiq edildiyi tədris ilinin yarısında musiqi zövqü və psixoloji durumun Luşer rəng testi
Aparılan tədqiqatlar müasir təhsil yanaşmalarında musiqi təhsilinin vacibliyini və musiqinin digər intellekt sahələrinin inkişafına müsbət təsirini təsdiqləyir (Gardner, 1993). Məsələn, 1998-ci ildə Çikaqonun müəyyən məktəblərində tədris proqramına “Sənət təhsili” adlı yeni fənn əlavə olunduqdan sonra şagirdlərin riyaziyyat fənni üzrə qiymətləndirilməsində 20% yüksəlmə müşahidə edilmişdir (Sekman, 2017). Miçiqan Dövlət Universitetində 2013-cü ildə aparılan tədqiqatda STEM məzunu olub, uşaqlıqda sənətlə məşğul olanların innovasiya, patentalma və işqurma faizinin digər məzunlarla nisbətdə 8 dəfə çox olduğu müəyyən edilmişdir. Ona görə də tədqiqatçılar uğur qazanmaq üçün hər hansı sənətlə də məşğul olmağı önəmli faktor kimi tövsiyə edirlər (Sekman, 2017). 2008-ci ildə Robert-Boot Bernsteinin əməkdaşları ilə birlikdə apardığı tədqiqatın nəticəsinə görə, Nobel mükafatı alan elm insanlarının çoxu bu mükafatı almayanlarla müqayisədə daha çox sənətlə məşğul olanlardır (Sekman, 2017).
Diaqram 3 Eksperimentin tətbiq edildiyi tədris ilinin sonunda musiqi zövqü və psixoloji durumun Luşer rəng testi
Musiqi zövqü yeniyetmələrin təlim motivasiyasının formalaşmasına təsir edən ciddi faktordur. Yüksək səviyyəli musiqilər, şagirdlərin
humanist ruhda tərbiyə olunmalarına və estetik zövqlərinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Yeniyetməlik illərində dinlənilən musiqilər həmin dövrdə formalaşmaqda olan frontal loba, yəni alın nahiyəsindəki beyin qabığına təsir göstərərək, dəyərlər sistemi – mədəniyyət kodunun və gələcəyə dair xəyalların formalaşmasını şərtləndirir. Yüksək estetik tələblərə cavab verən musiqilər şagirdlərin təlim motivinin strukturunun dəyişməsinə səbəb olur. Musiqi yeniyetmələrin şəxsiyyətinin formalaşmasına, sosial əlaqələrin qurulmasına, şəxsiyyətlərarası münasibətlərin formalaşmasına və bu münasibətlərin keyfiyyətinə əhəmiyyətli təsir göstərir.
İnsan yaradıcılığın, sosial və şəxsi bacarıqların formalaşdığı yaş dövrünün böyük bir hissəsini standart mühitdə təhsil alaraq keçirir. Bir çox hallarda təhsillə bağlı şagirdlərin narahatlığı, uğursuzluqları, psixoloji problemləri bu standartlaşdırılmış mühitin nəticələri kimi təzahür edir. Ona görə də müasir təhsilin məzmunu, tədris proqramları və təlim strategiyaları müəyyənləşdirilərkən insan beyninin imkanları və onun inkişaf xüsusiyyətləri barədə əldə edilən elmi biliklər nəzərə alınmalıdır.
Şagirdlərin təlim motivlərinə, estetik tərbiyəsinə, onlarda milli ruhun formalaşmasına musiqinin müsbət təsirini müəyyənləşdirmək və psixoloji-pedaqoji üsullarla onları inkişaf etdirmək apardığımız tədqiqatın əsas məqsədlərindən biridir. Burada təhsilalanların təlim motivlərinin formalaşmasına onların musiqi zövqlərinin və duyumlarının əhəmiyyətli təsiri təsbit olunmuşdur. Nəticələrin kəmiyyət və keyfiyyət baxımından təhlili göstərir ki, musiqinin yeniyetmələrin təlim motivasiyasına təsiri onların akademik nailiyyətləri və demoqrafik göstəricilərdən asılı deyil. Musiqinin şagirdlərin təlim motivasiyasının formalaşmasına təsiri gender aspektində, yəni qızlarda və oğlanlarda fərqlidir. Biri gimnaziya, biri tam orta məktəb, ikisi isə lisey olmaqla 4 təhsil müəssisəsində aparılan eksperimental tədqiqat zamanı şagirdlərin təlim motivlərinin məktəbin yerləşdiyi ərazidən və ailələrin sosial imkanlarından asılı olmadığı da müəyyən edilmişdir.
“Musiqi – təlim motivasiyası kimi” metodikasının tətbiqi nəticəsində metodikanın cins, yaş və sosial status, fərqli təlim strategiyaları, təhsil mühiti – standart təhsil, gimnaziya, lisey və s. faktorlarına təsiri yoxlanılmışdır. Metodika cins və yaşla bağlı statistik əhəmiyyətli təsir göstərmişdir. Lakin təqdirə layiq haldır ki, metodika mühitdən, sosial status, fərqli təhsil strategiyalarından asılı olmayaraq öz səmərəliliyini təsdiq etmişdir.
Tədqiqat zamanı tətbiq olunan musiqili terapevtik metodika şagirdlərin təlim motivasiyasının strukturunda keyfiyyət dəyişikliyinə səbəb olmuş, onların davranışlarına da əhəmiyyətli təsir göstərmişdir.
Təhsil və tərbiyədə musiqi amilinin rolu ilə bağlı apardığımız araşdırmaların nəticələrini aşağıdakı məzmunda ümumiləşdirmək olar:
- Təhsildə, tərbiyədə, eyni zamanda tibbdə musiqidən istifadə artıq dünya miqyasında geniş şəkildə tətbiq olunmaqdadır. Azərbaycanda da bu təcrübədən faydalanmaq üçün imkanlar var və bunlardan istifadə edilməlidir;
- Təxəyyülün, yaradıcılığın və sağlamlığın inkişafını təmin edən dərslərə – musiqi, təsviri incəsənət, texnologiya, idman və s. diqqət artırılmalı, onlara “ikinci dərəcəli” fənlər kimi baxılmamalıdır;
- Müasir təhsilin məzmunu və tədris proqramları tərtib edilərkən nevropatoloqlar, fizioloqlar, psixoloqlar və digər əlaqədar şəxslərin fikir, münasibət və dəyərləndirmələri nəzərə alınmalı, onlarla birgə əməkdaşlıq təmin edilməlidir. Məzmun, mühit, təlim strategiyaları şagirdlərin potensial imkanlarına, tələbat və maraqlarına uyğunlaşdırılmalıdır;
- Şagirdlərin gələcək inkişafı üçün tərtib olunan proqramlarda onların iştirakı təmin edilməli, istək və arzuları nəzərə alınmalıdır;
- Musiqi dərslərinin proqramları hazırlanarkən musiqiçilər ilə bərabər psixoloqlar və musiqi terapevtlərinin də iştirakı təmin olunmalıdır;
- Dərs zamanı musiqilər seçilərkən onların şagirdlərin təlim motivlərinə, zövqünə, milli ruh və estetik tərbiyəsinin formalaşmasına təsiri nəzərə alınmalıdır.
Tədqiqat prosesində tərəfimizdən “Musiqi-təlim motivasiyası” adlı metodika yaradılmış və tətbiq edilmişdir. Bu, şagirdlərin təkcə təlim
motivlərinə deyil, onların dəyərlər sisteminə də təsir edərək, daxili motiv olan inkişaf naminə təhsil tələbatını aktuallaşdırmışdır. Yeniyetmələrin təlim motivlərinin yüksəlməsi üçün tətbiq etdiyimiz metodikalar şagirdlərin təlim-tərbiyəsi ilə bağlı məqsədyönlü işlərin həyata keçirilməsinə praktik xidmət məqsədi daşıyır.
İstifadə edilmiş ədəbiyyat
1 Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün musiqi fənni üzrə təhsil proqramı (kurikulunu) (I-IX siniflər). (2013). Bakı.
2 Bəylərov, E.B. (2010). Yaradıcı təfəkkürün inkişaf xüsusiyyətlərinin tədqiqinə dair. AMEA, FSHİ. Fəlsəfə. Elmi-nəzəri jurnal. 1(14).
3 Bəylərov, E.B. (2017). Musiqi və cəmiyyət. Bakı, Azərbaycan məktəbi. s.20-30.
4 Bəylərov, E.B. (2020). İntellekt. Bakı. 175 s.
5 Əliyеv, R.İ. (2012). Təhsilə psixoloji xidmətin aktual psixoloji problemləri. Müasir təh¬silin psixoloji problemləri. Bakı, Mütərcim. s. 24-80.
6 Əlizadə, Ə.Ə., Əlizadə, H.Ə. (2010). Pedaqoji psixologiya. Bakı, ADPU. 600 s.
7 Əliyeva H.İ. (2008). Yeniyetmə şəxsiyyətin formalaşmasında müəllim-şagird münasibətlərinin rolu. Bakı. 160 s.
8 Catteral, J.S. (2009). Doing Well and Doing Good by Doing Art: The Effects of Educatuon in the Visual and Performing Arts on the Achievements and Values of Young Adults. Los Angeles/London: Imagination Group/I – Group Books.
9 Gardner, H. (1993). Frames of mind: The theory of multiple intelligences 10th anniversary ed. New York: Basic Books.
10 http://svetlana.pro/reader/54.html
11 http://www.onlinecolleges.net/10-salientstudies-on-the-arts-in-education/ http://www.psychologytoday.com/files/attachments/1035/arts-foster-scientific-success.pdf
12 https://vsetesti.ru/440/
13 Koelsch, S. (2014). Brain correlates of musicevoked emotions. Nat Rev Neurosci. 15(3):170-80.
14 Sekman, M. (2017). Dr.Bahar Eriş “Çocuklar nasıl başarır” 1-10. Basım: Kasım 186-187. s.291.