AZƏRBAYCANDA DİSTANT TƏHSİL: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR




Müasir zamanın tələblərinə uyğun olaraq distant təhsilin geniş tətbiqi daha çox insanın təhsilə cəlb olunmasına imkan verir. Distant təhsil sayəsində ucqar kəndlərdə yaşayanlar, əlilliyi olanlar, müəyyən səbəblərə görə təhsilini davam etdirə bilməyənlər də rahat təhsil alır. Dünyanın bir çox ali təhsil müəssisələrində olduğu kimi Azərbaycanda da bu təhsilalma forması tətbiq edilməkdədir. Xüsusilə son dövrlərdə bu təhsilalma formasına çox önəm verilir. Ümumi təhsil müəssisələrində və universitetlərdə tədris prosesi tələbata uyğun hazırlanmış müvafiq proqramlar üzrə həyata keçirilir. Professor-müəllim heyəti üçün distant təhsillə bağlı xarici mütəxəssislərin iştirakı ilə mütəmadi olaraq təlimlər təşkil edilir. Təlimlərdə xüsusi yaradılmış platforma haqqında məlumatlar verilir, distant təhsildə istifadə olunan metodlar və texnologiyalar nəzərdən keçirilir. Məqalədə distant təhsil sahəsində atılan addımlar, görülən işlərlə yanaşı, dünyanın aparıcı elm mərkəzlərinin təcrübələrindən, onların Azərbaycanın təhsil müəssisələrinə tətbiqi məsələlərindən söz açılır.

GİRİŞ

Distant təhsil daha müasir təhsilalma forması olub, məsafədən öyrənməni, eləcə də onlayn şəkildə keçilən dərsləri əhatə edir. Distant şəkildə keçirilən dərslərin mahiyyəti ənənəvi dərslərlə eynilik təşkil etsə də, formasına görə fərqliliklər göstərir. Fərqlərdən biri distant təhsildə öyrədən ilə öyrənənin virtual şəkildə qoşulmasıdır. Digər fərq, bu sistemdə öyrənənin üzərinə daha çox yük və məsuliyyətin düşməsidir. Çünki öyrədən (müəllim) yeni dərsi müxtəlif vasitələrlə izah edir, əlavə məlumatların əldə olunması, ev tapşırıqlarının işlənməsi isə öyrənənin öhdəsinə düşür. 

Dünyada yaranan pandemiya şəraiti distant təhsilalma formasını daha da vacib etmişdir. Ona görə də bu təhsilalma formasına artan
tələbat mövzunu aktuallaşdırır, sözügedən məsələdə araşdırma və təhlillərin aparılmasını zəruri edir.

DÜNYA TƏHSİL SİSTEMİNDƏ DİSTANT TƏHSİL FORMASININ TƏTBİQİ

Distant təhsildən ideya kimi ilk dəfə Yan Amos Komenskinin 1633-1638-ci illərdə qələmə aldığı “Böyük didaktika” əsərində bəhs olunmuşdur. “Təxminən 300 il əvvəl cənab Kaleb Filipsin distant təhsilin ilk təşkilatçısı kimi “Boston” qəzetində şəhərətrafı bölgələrdən tələbələrin sürətli yazı və mühasibatlıq kursuna dəvət elanı verməsi maraq doğurur. Onun tətbiq etdiyi metod vasitəsilə tələbələrin məşğələ mövzuları həftədə bir dəfə poçtla yaşadıqları ünvana göndərilirdi” (Surə, 2013). 1873-cü ildə bu metoddan bəhrələnən Anna Eliot Tiknor qadınların poçt ilə təhsil almaları üçün mexanizm hazırlamış, bir il sonra İllinoys ştatının universitetlərinin birində tələbələrə təklif edilmişdir. Beləliklə, müasir distant təhsil formasının rüşeymləri atılmışdır. İlk Distant Təhsil Mərkəzi 1888-ci ildə Amerikada şaxtaçı-immiqrantların karyeraları üçün yaradılmışdır (Surə, 2013).

Dünyada tələbələrə distant təhsil təklif edən universitetlər hazırda “virtual universitet”, “açıq universitet” adları ilə tanınır. Kanada Açıq
Universiteti, Hollandiya Açıq Universiteti, Fern Universiteti (Almaniya) və Britaniya Açıq Universitetini buna nümunə göstərmək olar. Sadaladığımız bu universitetlər illərdir sistemli şəkildə təhsillərini distant formada verirlər. Bu təhsildən yararlananların sayı son zamanlar daha da artır.

AZƏRBAYCANDA DİSTANT TƏHSİLİN TƏTBİQİ

Azərbaycanda təhsilalmanın bu forması rəsmi şəkildə 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda öz təsdiqini tapmışdır. Həmin Qanunun 13-cü maddəsinə, əsasən, Azərbaycanda əyani, qiyabi, sərbəst (eksternat) təhsilalma formaları ilə yanaşı, distant (məsafədən) təhsilalma da mövcuddur1. 2020-ci ilədək respublikamızda bu təhsilalma forması tətbiq olunmasa da, yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün təhsil müəssisələrində əyani təhsil məhdudlaşdırılmış, tədricən distant təhsilə keçilmişdir. Bu dövrə qədər isə Azərbaycanda distant təhsilalma formasının tətbiqi üçün zəruri olan bir çox işlər görülmüşdür. Belə ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın beş strateji istiqamətindən biri məhz distant təhsilin inkişafına yönəlmişdir. Bu məqsədlə distant təhsilalma forması üçün zəruri olan elektron resursların yaradılması və tədris prosesinə tətbiqi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” çərçivəsində Təhsil Nazirliyi tərəfindən elektron dərslərin istifadəsinə başlanılmış, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” ilə əlaqədar görülən işlər daha da genişləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Microsoft” şirkətinin rəhbəri və nümayəndələri ilə keçirilən görüşləri distant təhsildə vacib olan informasiya texnologiyalarının inkişafı üçün zəmin yaratmışdır. 2019-cu ildə Prezident İlham Əliyevin Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşündə müasir dövrdə süni intellekt məsələləri müzakirə edilmişdir.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti “Microsoft” şirkətinin təşəbbüsü ilə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və
Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və digər nümayəndələri ilə keçirilən
video-konfransda demişdir: “Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq” (Nitqlər, çıxışlar, bəyanatlar. 2020).

Bu görüşdə distant təhsil üçün zəruri olan məsələlər danışılmış, mövcud vəziyyət üçün önəmli olan addımlar atılmışdır. Cənab Prezidentin “CİSCO” şirkətinin rəhbərləri ilə olan görüşündə də distant təhsil məsələləri müzakirə edilmiş, ölkəmizdə beynəlxalq standartlar səviyyəsində distant təhsilin yaradılması üçün danışıqlar aparılmışdır. Bu addımların nəticəsində hazırda bir çox orta və ali, orta ixtisas, peşə məktəblərində “MİCROSOFT” şirkətinin “TEAMS” proqramından istifadə olunur.

Yeri gəldikdə, distant təhsilalma forması digər vasitələrlə də həyata keçirilməkdədir. Videodərslər rəsmi “YouTube” kanalları və “Facebook” səhifələrindən həm müəllim-tələbə heyətinə, həm də geniş ictimaiyyətə nümayiş etdirilir. Təhsil Nazirliyi tərəfindən yaradılan “Teledərs” layihəsi və onun davamı kimi yaradılan “Virtual Məktəb”də ümumtəhsil fənləri tədris edilir. Bəzi universitetlərdə “Google Meet”, “Zoom” və s. proqramlardan istifadə olunur. Təhsil Nazirliyinin yaratdığı “http://mesafedenmekteb.edu.az” saytı da yaradılan ən yaxşı vəsaitdir.

DİSTANT TƏHSİLİN MÜSBƏT XÜSUSİYYƏTLƏRİ

Əvvəla, bu təhsilalma forması təhsilalanlara yaşadığı yerdən asılı olmayaraq, istənilən tədris müəssisəsində, istənilən müəllimdən təhsil almaq imkanı verir. Distant təhsil klassik qiyabi forma ilə müqayisədə bir çox fərqli üstünlüklərinə görə ayrı bir sistemləşmə yaradır: tələbə və müəllim arasında intensiv əlaqə təşkil olunur; hazırlanmış dərs vəsaitləri təhsilin elmi əsasını gücləndirməyə imkan verir.

Distant təhsilin faydalı tərəflərindən biri də daha az xərc çəkməklə təhsil almağa imkan verməsidir. Yəni, maddi imkanı aşağı olanlara
və ali məktəblərin yerləşdiyi şəhərlərdə yaşayış yeri olmayanlara bu problemlər baryer olmur.

Onlayn tədris zamanı təhsil müəssisələri də öz növbəsində icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar və kompüterlər tələb olunmur. Bundan əlavə, distant təhsildə müəllimlər eyni vaxtda daha çox tələbəni öyrədə bilirlər və bununla da təhsilə sərf olunan xərclər azalır.

Nəzərə almaq lazımdır ki, bu təsilalma formasının arealının genişlənməsi ölkəmizdə təhsillə yanaşı, həm də insan kapitalının inkişafına, qeyri-neft sektorunun yeni bir seqmentinin yaranmasına şərait yaradacaqdır.

Distant təhsil ilə Azərbaycanın ən ucqar kəndlərində yaşayan gənclər də yüksək təhsil almaq imkanına sahib olurlar. Təhsildən fiziki qüsurlarına, müəyyən komplekslərinə görə uzaq düşənlər üçün bu təhsilalma forması geniş imkanlar yaradır. Distant təhsil vaxtının çoxunu işdə, uşaqlarla və ya ailəsi ilə keçirən insanlara yeni bilik və bacarıqlar qazanmaq üçün də uyğun vasitədir.

DİSTANT TƏHSİL FORMASININ TƏTBİQİ PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI

İlk baxışdan çətin görünsə də, rahat bir sistemə malik olan distant təhsildə öyrədiləcək materiallar, məlumatlar, mühazirələr müəyyən
proqram vasitəsilə ötürülür. Bundan başqa, bu təhsil formasında da təhsil pillələri nəzərə alınır. Öyrənilən informasiya müxtəlif üsullarla soruşulur. Verilən tapşırıqların yerinə yetirilməsi qədər onun qiymətləndirilməsi də önəmlidir. Müasir dünyada distant təhsildə müxtəlif variantlardan istifadə edirlər. Bunun mexanizmini ya təhsil ocaqları, ya da müəllimin özü tənzimləyir. Məsələn, əvvəlcədən vaxt müəyyən edilir, ”Skype”, “Zoom”, “Microsoft Teams” və başqa proqramlarla mühazirələr deyilir, həmin mühazirələrə bir çox şagird və ya tələbələr qulaq asırlar. Sonra isə müəllim şagird və ya tələbələrdən imtahan götürür. İmtahan şifahi, test (quiz və s.), tapşırıq şəklində təşkil oluna bilər. Sözügedən proqramlar vasitəsilə debat, müzakirə, “dəyirmi masa”, eləcə də elmi seminarlar da təşkil etmək olar. Bununla belə, təəssüf ki, distant təhsil prosesində təhsilalanların hərtərəfli praktik təminatına imkan yaranmır. Bundan başqa, distant təhsildə əyani təhsildəki kimi təhsilalanın ixtisası üzrə praktika və laboratoriya işlərinə cəlb olunması üçün imkanlar olmur. Amma bunların həll olunması da mümkündür, məsələn, ixtisasla bağlı praktikaları müəyyən müddətdə ən yaxın müəssisələrdə keçmək və mütəxəssislərdən praktik biliklər öyrənməklə boşluqları doldurmaq olar.

Cədvəl 1 Distant təhsilin elementlər sisteminin təsvir edildiyi ilk model

Distant təhsilin onu qarşılıqlı əlaqəli elementlərin sistemi kimi təsvir edən bir neçə modeli vardır. Michael Moorun «Distance Education. A Systems View» kitabında göstərilmiş ilk model cədvəl 1-dəki kimi də təsvir edilə bilər (Əlizadə, 2019).

Distant təhsildə yaranan bir sıra çətinliklərə dərs materiallarının əldə edilməsi də aiddir. Şagird və tələbələr bir çox fənlərə aid elektron kitab tapmaqda çətinlik çəkirlər. Burada müəllimlərin öz təşəbbüsləri ilə yaratdıqları elektron kitablar, materiallar çox önəmli rol oynayaraq öyrənənlərin işini asanlaşdırır.

Dərs kitablarının əldə olunması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin şagirdlər üçün yaratdığı “e-dərslik” portalı əhəmiyyətlidir. Bundan əlavə, gündən-günə təhsillə bağlı yaranan portalların, şagird və bakalavrlar üçün sınaq imtahanlarının təşkil olunduğu saytların artması da bu kimi problemləri müəyyən qədər aradan qaldırır. Dövlət İmtahan Mərkəzinin “otk.az” portalı şagirdlər üçün onlayn sınaq imtahanları təşkil edir. Bu da onların biliklərini yoxlamaqla yanaşı, onlayn imtahanlarla bağlı vərdişlərini artırır.

Distant təhsildə fərdi dərs komponentlərini özündə cəmləyir və təhsil üsullarını şaxələndirir. Bu təhsilalma forması ilə təşkil olunan tədris prosesində internet texnologiyalarından istifadə etməklə təhsilə məxsus komponentlər – məzmun, məqsəd, tədris vəsaitləri, təşkilati formalar əks olunur. Distant təhsildən daha səmərəli istifadə üçün qarşıda müəyyən tələblər və şərtlər dayanır.

Distant təhsildə vacib amillərdən biri öyrədən və öyrənənlərin bir-biri ilə canlı ünsiyyət qurmasıdır. Bu, biliklərin mənimsənilməsində xüsusi əhəmiyyət kəsb edir. Çünki dərsin izahı zamanı müəllimin öyrətmə metodu və məlumatları ilə yanaşı, jest və mimikaları da böyük rol oynayır. Bəzi öyrənənlər onlayn təhsil zamanı kameraları açmadığına görə onlara emosiya və duyğuların təsiri zəifləyir. Bu da, şübhəsiz, keyfiyyətə və qiymətləndirməyə mənfi təsir göstərir.

Distant təhsil prosesi bilavasitə ev mühiti ilə bağlı olduğu üçün öyrənənlərin özlərinin də məsuliyyətini artırır. Xüsusilə, aşağı siniflərdə oxuyan şagirdlərin valideynlərinin də bu prosesdə iştirakı, təhsilalanların dərs prosesinə, ev tapşırıqlarına və mütaliəsinə nəzarət etməsi bunu təsdiq edir.

Distant təhsildə öyrənənlərin idarə olunmasında müəllimlərdən müəyyən bacarıqlar tələb olunur. Onlar onlayn tədris proqramlarında (“Zoom”, “Microsoft Teams”, “Google Classroom”, “Google Meet”, “Skype” və s.) şagird və tələbələrin fəaliyyət və davranışlarına nəzarəti, müəyyən problemli vəziyyətlərdən operativ şəkildə çıxmağı, habelə qısa müddətdə dərs proqramının mənimsədilməsi üçün əyani vəsaitlərdən – slaydlardan, cədvəllərdən, testlərdən (quiz və s. proqramlarla) istifadə etməyi bacarmalıdırlar.

Pandemiya zamanında fərdlərin cəmiyyətdən – kollektivdən uzaqlaşması insanlarla ünsiyyəti məhdudlaşdırmışdır. İnsanlarla ünsiyyətin azalması uşaq və gənclərin psixologiyasına mənfi təsir göstərdiyi üçün müəllimlər buna diqqət yetirməlidir. Onlar dərslərə aid elə tapşırıqlar verməlidir ki, öyrənənlərin qrup halında hazırlaşması mümkün olsun. Bu cür tapşırıqlar şagird və tələbələrin qrup yoldaşları ilə münasibətlərini formalaşdırmaqla yanaşı, onları kollektiv işə də alışdırır.

Distant təhsil formasında şagirdlərin, tələbələrin və müəllimlərin birgə işi (konfranslar, seminarlar, müzakirələr, layihələr və s.) də təşkil oluna bilər. Bu cür tədbirlərə qoşulmaq vaxt baxımından da əlverişlidir. Həm müəllim, həm şagird, həm də tələbələrin internet bağlantısının olduğu istənilən yerdə bu cür tədbir və toplantılardan informasiyalar əldə etməsi, özünü inkişaf etdirməsi mümkündür.

Ali təhsil pilləsində distant təhsilin tətbiqi həm universitetlərimizin gəlir əldə etməsi, həm də xaricdən Azərbaycan ali məktəblərinə tələbə axını baxımından əhəmiyyətlidir. Çünki indiki dövrdə tələbələrin təhsil almaq üçün başqa bir ölkəyə getməsi, heç də asan deyil. Digər tərəfdən, ölkəmizdə bir çox universitetin yataqxanası olmadığından, tələbə cəlb etməkdə çətinlik çəkir. Bu baxımdan, distant təhsil olduqca vacib və əhəmiyyətlidir. Distant təhsilalma formasının Azərbaycanın təhsil praktikasında səmərəli tətbiq edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:

  1. İnkişaf etmiş dövlətlərin distant təhsil təcrübəsinə əsaslanmaq;
  2. “Ali təhsil” haqqında Qanunda distant təhsillə bağlı müddəaların da əks olunması;
  3. Distant təhsillə bağlı dövlət proqramlarının hazırlanması;
  4. Distant təhsil üçün vahid texniki bazanın yaradılması;
  5. Distant təhsildə istifadə olunan fənn proqramlarının bu təhsilalma formasının tələblərinə uyğun tərtibi;
  6. Distant təhsili öyrədənlərin sayının və onların təcrübəsinin artırılması;
  7. Distant təhsilə nəzarət mexanizminin qurulması və s.

NƏTİCƏ

Pandemiya şəraitinin uzun müddət davam etməsi göstərdi ki, distant təhsilin tətbiqinə hər zaman ehtiyac yarana bilər. Bu təhsilalma formasında öyrədən və öyrənənlərin vaxt və xərclərinə qənaət olunması, internetə çıxışı olan hər məkandan dərslərə, tədbirlərə qoşulmaq imkanı, dünyanın qabaqcıl universitetləri, eləcə də elm adamları ilə asanlıqla əməkdaşlıq etməyə, birgə tədbirlərin təşkil olunmasına şərait yaratması və məqalədə qeyd etdiyimiz digər müsbət cəhətlərlə yanaşı, distant təhsilalma formasının kütləviləşməsi bir sıra problemlər də yaratmışdır. Onları təxminən belə qruplaşdırmaq olar:

  • Bütün müəllimlərin tədrisdə tətbiq olunan proqramları bilməsi zəruridir. Bu proses müəllimin distant təhsilalma forması ilə bağlı bilik və bacarıqların öyrədilməsi üçün təşkil olunan təlimlərə qatılmasını şərtləndirir.
  • Həm öyrədənlərin, həm də öyrənənlərin informasiya texnologiyalarından istifadə qaydalarını bilməsi vacib amildir. Onların kompüterdən, internetdən istifadə bacarıqlarının olması şərtdir.
  • Müəllimlərin və təhsilalanların internetə çıxışının olması mütləqdir. Bəzi ucqar kəndlərdə hələ də internet problemi qalmaqdadır ki, bu da öyrədən və öyrənənlərin işinə mənfi təsir göstərir.
  • Təhsilalanların dərslərə qoşulmasında, eləcə də ev tapşırıqlarının həllində valideyn nəzarəti mütləqdir. Əks halda, onlar üçün bu proses bir çox problemlər yarada bilər.Distant təhsilin genişlənməsi ilə yanaşı, keyfiyyətinin artırılması da qarşıda duran məsələlərdəndir.

Bunun üçün bir sıra işlər görülməlidir:

  • Bu təhsilalma formasında tədrisin səmərəli təşkili məqsədi ilə informasiya texnologiyalarından məqsədyönlü və sistemli  surətdə istifadə etmək;
  • Distant təhsillə bağlı seminarların təşkil edilməsi və orada müəllimlərin iştirakının təmin olunması;
  • Distant təhsillə bağlı dövlət proqramlarının, layihələrin hazırlanması və tədris prosesində tətbiq edilməsi;
  • Bütün təhsilalanların distant təhsilalma formasının müsbət cəhətlərindən faydalanması üçün zəruri tədbirlərin görülməsi məqsədəuyğundur.

Düşünürük ki, distant təhsil hər kəs üçün əlçatan olsa, əhalinin çox hissəsi təhsil ala, bu da öz növbəsində cəmiyyətin təhsil və mədəni səviyyəsinin yüksəlməsinə şərait yarada bilər.

Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi Beynəlxalq Konfransında təqdim edilib.

İstifadə edilmiş ədəbiyyat

1 Azərbaycan Respublikasının qanunları. http://www.e-qanun.az/alpidata/framework/data/18/c_f_18343.htm
2 Əlizadə, T. (2019). Distant təhsilin əsas modelləri və metodları. «Azərbaycan məktəbi». N3 ( 688), s. 123–132. 16.09.2019. http://dx.doi.org/10.29228/edu.35
3 http://mesafedenmekteb.edu.az/az/
4 https://ilkaddimlar.com/dersler
5 İsmayılova, B. (2014). Distant təhsil: üstünlüklər, çatışmazlıqlar və müsbət təcrübə. “Elektron dövlət quruculuğu problemləri”. I Respublika elmi-praktiki konfransı, 4 dekabr, 2014, s.189-192.
6 Mahmudov, M. (2014). Dünyada təhsil sistemləri. Bakı: Mütərcim, 480 s.
7 Mammadova, U.M., Sattarova, U.E., Bashirova, Z.Y. (2014). Advantages, shortcomings and state of the art of distance education in Azerbaijan. Transaction of Azerbaijan National Academy of Sciences, Series of Physical-Technical and Mathematical Sciences: Informatics and ControlProblems, Vol. XXXIV, No.3. from: www.icp.az/2014/3-09.pdf [in Azerbaijan]
8 Nitqlər, çıxışlar, bəyanatlar. (2020). s.280.
9 Surə, S. (2013). Distant təhsilin tarixi. “Azərbaycan müəllimi”, 13 dekabr, s.7.