MÜTALİƏ PEDAQOJİ PROBLEM KİMİ
Araşdırmanın məqsədi mütaliənin pedaqoji problem olduğunu və məktəblilərin mədəniyyətinin formalaşmasında oynadığı rolu müəyyənləşdirməkdir. Bu sahədə apardığımız tədqiqatın dayanıqlığına nail olmaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2015-2019-cu illərdə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə təşkil etdiyi “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb, rayon (şəhər) və ölkə mərhələsinin imkanlarından istifadə etdik. Məktəb mərhələsi, bədii əsər oxumağa meyil və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkara çıxarılmasına həsr edilmişdir. Şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırmışdırlar. VIII-IX siniflər üzrə 10-dan, X-XI siniflər üzrə 15-dən artıq mütaliə etmiş şagirdlərin adlı siyahısı hazırlanmışdır. Hər məktəbdən ən çoxu 3 şagird seçilmiş, onların adlı siyahısı (adı, soyadı, atasının adı, oxuduğu məktəb, sinif) rayon (şəhər) mərhələsində iştirak etmək üçün təhsil şöbəsinə (idarəsinə) təqdim edilmişdir. Müsabiqənin rayon (şəhər) mərhələsi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatı (klassik ədəbiyyat, XX əsr ədəbiyyatı, müasir dövr ədəbiyyatı, görkəmli ədəbi şəxsiyyətlər və onların əsərləri, yaradıcılıq istiqamətlərinə görə onların müqayisəsi və s.) haqqında biliklərinin aşkara çıxarılmasına, oxuduqları bədii əsərlərin ictimai mahiyyətinin, insanların mənəvi tərbiyəsində rolunun, ədəbiyyat tarixində tutduğu yerin hansı səviyyədə dərk olunmasına yönəlmiş, həmin əsərlər və onlarda əks etdirilmiş surətlər barədə müstəqil fikirlərinin öyrənilməsini əhatə edən tapşırıqlar hazırlanmışdır. Tapşırıqlar 15 sual olmaqla 2 və daha artıq variantda hazırlanmış, hər bir sual yazılı cavablandırılmışdır. Tapşırıqların müvafiq meyarlar əsasında qiymətləndirilməsi başa çatdıqdan sonra hər iki şifrə tutuşdurulmaqla şagirdlərin nəticəsi müəyyən edilmiş, həmin nəticələr əsasında reytinq cədvəli tərtib olunmuş və qaliblər ölkə mərhələsinə göndərilmişdir. Ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə ölkə mərhələsi Bakı şəhərində təşkil olunmuş, bu mərhələdə 2016-cı ildə 93, 2017-ci ildə 111, 2018-ci ildə 110, 2019-cu ildə isə 125 nəfər iştirak etmişdir. Apardığımız araşdırma göstərir ki, son vaxtlar təhsil sahəsində həyata keçirilən məqsədyönlü islahatlar uşaqların mütaliə mədəniyyətinin inkişafına da təsir göstərmişdir. Bu işdə inkişafa nail olmağın səbəbi mütaliənin-oxunun fəlsəfəsinin və metodikasının dəyişməsidir. Tədqiqatda mütaliə mədəniyyətinin formalaşdırılması mərhələləri və 2019-cu ilin ölkə mərhələsinin nəticələrinin riyazi-statistik ümumiləşdirilməsi də aparılmışdır.
GİRİŞ
Təhsilalanlarda mütaliə mədəniyyətinin formalaşdırılması ümumi təhsilin əsas vəzifələrindən biridir. İnformasiyalı cəmiyyətdə yeni mədəniyyətin təşəkkülü şəraitində məktəblilərin dayanıqlı inkişafı, əsasən, formalaşdırılacaq mütaliə bacarığından asılıdır. Bununla əlaqədar olaraq, mütaliəyə vərdişetmə alətlərinin hazırlanması və onun pedaqoji həlli üsullarının müəyyənləşdirilməsi böyük diqqət tələb edir. Müasir dövrdə gənc nəslin təlim və tərbiyəsində olan bəzi problemlər bizi narahat etməyə bilməz. Cəmiyyətin inkişafı təhsildən asılıdır, yəni hər hansı sosial əhəmiyyətli problem bu və digər şəkildə təhsil sisteminə təsir göstərir.
Müasir təhsilin fəlsəfəsi humanistləşdirməni əsas sayır ki, bu da hər bir uşağın fərdi xüsusiyyətlərini, marağını, istəyini, tələbatını, biliyini və bacarığını nəzərə almaqla daha əlverişli şəraitin yaradılmasını nəzərdə tutur. Bununla əlaqədar olaraq, şəxsiyyətyönlü təhsil konsepsiyası təlimin məqsədində hər bir uşağın fərdi idraki bacarıqlarının inkişaf etdirilməsini önə çəkir.
XXI əsrdə informasiyanın sürətli inkişafı mütaliə mədəniyyətinin əhəmiyyətini müəyyən edən mühüm amillərdən sayılır. Pedaqoqlarımız şəxsiyyətin təşəkkül tapmasında onun nitq və təfəkkürünün inkişafında, mənəvi dünyasının zənginləşməsində mütaliənin əvəzsiz rol oynadığını göstərmiş, dünyanın dərk edilməsində, insanın mədəniyyətinin yüksəldilməsində, dünyagörüşünün zənginləşməsində onun mühüm imkanlara malik olduğu vurğulanmışdır.
PROBLEMİN ARAŞDIRILMASININ XÜLASƏSİ
Pedaqoji-psixoloji tədqiqatlarda (1-34) məktəblilərin mütaliə mədəniyyətinin formalaşdırılması müxtəlif aspektdə təhlil edilmişdir. Bu araşdırmaları məqsədinə görə bir neçə qrupa bölmək olar:
- İbtidai təhsil səviyyəsində şagirdlərin oxu bacarıqları;
- Ədəbiyyat təlimi prosesində oxunun inkişaf etdirilməsi və özünütəhsil;
- Oxunun sosiallaşması;
- Oxunun hədəfləri və istiqamətləri;
- Oxucu tərbiyəsi;
- Məktəblinin mütaliəsinin genişlənməsində müəllimin rolu;
- Mütaliənin sosial aspektləri;
- Oxu – kitabxana işi kontekstində;
- Oxu mədəniyyətinin inkişafı və tədris kitabının didaktik problemləri.
Tədqiqatlarda mütaliəyə pedaqoji və ya sosial-mədəni fenomen kimi baxılmış, şagird və tələbələrin oxusunda informasiya texnologiyalarının rolu (Belyayeva, 2009), gənclərin mütaliəsi və internet (Kondrat’yeva, Samokhina, 2011), hər bir oxucunun fərdiliyi (Voronicheva, 2010), müasir tendensiya və hər bir gəncin oxu problemi (Melent’yeva, 2009), məktəblinin mütaliəsi sosial-pedaqoji fenomen kimi və mütaliənin inkişafında məktəbin rolu; yeniyetmənin yaş xüsusiyyətlərinin nəzərə alınması; oxunun psixoloji aspektləri; təhsildə informasiya mədəniyyəti problemi; müasir ədəbi prosesdə mütaliəyə verilən yer; şagirdlərin nitqinin zənginləşdirilməsi; kulturoloji, psixoloji, filoloji və pedaqoji hadisə kimi nəzərdən keçirilmişdir.
Tədqiqatçılardan Chernetskaya O., Oleynikova A. (1999) kütləvi kitabxanalarda təşkil olunan mütaliənin aktual problemlərini, Butenko I.A. (1998) yeni texnologiyalar və oxu: yeni-yetmələrin və gənclərin xarici ölkə ədəbiyyatını oxusunun təhlili; mütaliə sosial-pedaqoji fenomen kimi; Kondrat’yeva O.N., Samokhina M.M. (2011) gənc oxucu internetdə; Kulikova O. (1996) gənc fransalı nə oxuyur; Marantsman V.G. (1986) ədəbiyyat fənninin təlimində oxunun təşkili və təhlili; Chernetskaya O., Oleynikova A. (1999) bizim uşaqlar nə oxuyurlar və s. məsələləri araşdırmışlar.
Tədqiqatçılar ümumtəhsil məktəbi şagirdlərinin mütaliəsini vurğulamaqla bu sahədə inkişaf etmiş xarici ölkə təcrübəsinə də istinad etmişlər.
Aparılan tədqiqatların təhlili belə qənaətə gəlməyə əsas verir ki, mütaliə ümumtəhsil sistemində pedaqoji problem kimi aktuallığını saxlayır və dayanıqlı inkişafı təmin edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Ədəbiyyat biliciləri” müsabiqəsinin nəticələri də bunu deməyə imkan verir.
TƏDQİQATIN TƏTBİQİ METODİKASI
Ümumtəhsil məktəblərində şagirdlərin mütaliə mədəniyyətinin formalaşması prosesini özündə əks etdirən metodika bir neçə mərhələdən ibarətdir. Bədii əsəri dərketmə meyarı sayılan mütaliə şagirdin oxuduğunu anlaması, onun tərbiyəvi cəhətini, ideyasını dərk etməsi deməkdir. Lakin bu dərketmənin özü də nisbidir və bir neçə mərhələdən ibarətdir. Burada əsəri, ümumiyyətlə, dərk etmək qabiliyyətindən başqa, oxucunun həyatının müxtəlif dövründə onun vəziyyətini müəyyən edən fərdi xüsusiyyətləri də nəzərə almaq lazım gəlir.
Şagirdin mütaliə mədəniyyətinin necə inkişaf etdiyini, hansı mərhələlərdən keçdiyini öyrənmək mütaliəyə rəhbərlik etmək üçün çox vacibdir. Onların müxtəlif fərdi-müstəqil oxu “tarixi” olsa da, bizə belə gəlir ki, ayrı-ayrı oxucu qruplarının mütaliə mədəniyyətində oxşar cəhət, onları birləşdirən ümumi bir yaxınlıq vardır. Bu əlamət onların mütaliə mədəniyyətinin hansı inkişaf mərhələsində olduğunu müəyyən etməyə imkan verir.
Məktəblinin mütaliə mədəniyyətini üç mərhələyə ayırmaq olar:
Birinci mərhələ. Şagird oxucu kimi bədii əsərin, hər şeydən əvvəl, məzmunu, fabulası ilə maraqlanır. O istəyir ki, əsər daha çox maraqlı olsun, əsərdə əsas hadisənin inkişafı elə baş versin ki, nə ilə qurtaracağını əvvəldən fərz edə bilməsin. Çünki hadisənin nə ilə qurtaracağını təsəvvür edə bilməyən oxucu kitabı daha maraqlı oxuyur. Belə şagirdlər üçün əsərin fabulasının maraqlı olması əsərin üstün cəhətidir. Bir qrup şagirdi isə çox da maraqlı fabulaya malik olmayan əsərlər qane edir. Onlar üçün əsərin əsas dəyəri qüvvətli hiss, həyəcan yaratmasındadır.
Mahiyyət etibarilə hər iki qəbildən olan şagirdlər mütaliəni sadəcə əyləncə üçün edirlər. Bu, mütaliə mədəniyyətinin ən aşağı mərhələsidir. Bədii əsərin belə mütaliəsinin oxucuya təsiri olsa da, onu həyəcanlandıran hadisələrdən müsbət cəhətləri əxz etsə də, faydası çox az olur. Kitabın əsas dəyərini əyləndirməkdə görmək ideyaca və bədii cəhətdən zəif olan əsərlərə üstünlük vermək deməkdir. Bu isə yaxşı kitabların göstərdiyi təsiri aradan qaldırır. Əyləndirici mütaliə oxucunun estetik zövqünü korlayır, onu getdikcə saxta, uydurulmuş hadisələr maraqlandırır, həqiqi sənət əsərləri ona çox zaman maraqsız gəldiyinə görə mütaliə edərkən mətnin səhifələrinin xeyli hissəsini oxumur. Belə oxucu əsəri ideyaca və formaca təhlil etməyə cəhd etmir, nadir hallarda isə əsərdəki hadisələrin real həyat hadisələri ilə müqayisəsini aparır.
İkinci mərhələ. Mütaliə mədəniyyəti birinci mərhələyə nisbətən yüksək olan şagirdi ikinci mərhələyə aid edirik. Belə şagirdlər birinci mərhələyə aid olanlardan iki cəhətə görə fərqlənir: 1) bədii əsərdən böyük estetik zövq və yüksək həzz alması; 2) oxumuş olduğu əsəri dərk etməsi. Onlar oxuduğu əsərlərdən həyat materialı, öz əxlaqi sifətləri ilə rəğbət hissi oyadan qəhrəmanları axtarıb tapmaq istəyirlər. Belə şagirdləri öz insani ləyaqətini itirməyən, əxlaqi keyfiyyətləri ilə qələbə çalan qəhrəmanın düşdüyü mürəkkəb, çətin və təhlükəli vəziyyət narahat edir. Doğrudur, onların təhlili tam və hərtərəfli olmasa da, hər halda təhlildir. Məktəblinin təhlili başlıca olaraq əsərin qəhrəmanının xarakterinə həsr olunur. Belə şagird bədii əsərin əsas dəyərini onu narahat edən mövzuların, həyat hadisələrinin verilməsində görür. O, əsəri həyat həqiqətləri ilə müqayisə edib, bu və ya digər hadisənin düzgün təsvir edildiyini söyləyir, lakin yazıçının bədii sənətkarlığını müəyyən etməyə nə təcrübəsi, nə biliyi, nə də məlumatı çatır.
Üçüncü mərhələ. Bu mərhələnin oxucusu böyük estetik mədəniyyəti, bədii yaradıcılıq xüsusiyyətini anlaması, əsəri bədii və ideya cəhətdən bütünlüklə təhlil etmək qabiliyyəti ilə fərqlənir.
Şagird qəhrəmana ictimai, sinfi gözlə baxır, onun əxlaqi keyfiyyətini düzgün qiymətləndirir, onu müəlliflə eyniləşdirmir. Bununla belə o, əsərin ümumi ideyasına, obrazlarına, yazıçının bədii təhlil vasitələrinə diqqət yetirir. Belə şagirdlər bədii əsəri, tənqidi ədəbiyyatı müntəzəm surətdə mütaliə etmək vərdişi qazanması, hazırlıqlı və məlumatlı olması ilə fərqlənir. Bununla da o, adi mütaliə ilə kifayətlənməyib, mütaliənin ali növü sayılan ədəbiyyatı dərindən öyrənməklə məşğul olur.
Öyrənmənin nəticəyönlü olması üçün bir neçə vasitədən istifadə edilir. Bunlardan biri əsər haqqında şagirdin yazılı qeydlər aparmasıdır. Bu qeydlər üç cür olur: 1) faktlara aid qeydlər; 2) biblioqrafik qeydlər; 3) mətnə aid qeydlər. Hadisələrin gedişini xarakterizə edən faktlara aid qeydlər əsərin nə vaxt yazıldığını, nə zaman nəşr edildiyini göstərən biblioqrafik qeydlərdir. Mətn qeydləri şagirdlərə öz fikrini aydın izah etməyə və hadisələrin nə dərəcədə düzgün təsvir edildiyini təhlil etməyə imkan yaradır. Qeydin aydın və məqsədəuyğun olması əsas şərtdir, çünki o, öyrənmə prosesində istifadə edilmək üçündür.
Fikri əsaslandırmaqdan ötrü isə ən çox sitatlardan istifadə edilir. Oxunmuş kitabdan qeydlər götürməyin ən ibtidai və sadə üsulu olan sitat seçmə zamanı məqsədəuyğunluq olmalıdır. Şagird sitatı nə üçün götürdüyünü bilməlidir. Bəzən fikri təsirli etmək üçün sitatın mətndən olduğunu demək lazım gəlir. Belə hallarda mətndə məqsədəuyğun olmayan sözləri sitatda yazmamaq da olar. Yazılmayan sözlər mənaya xələl gətirməməli, fikri yarımçıq qoymamalıdır. Buraxılan sözlərin yerinə 3-dən artıq nöqtə qoyulur, sitatın sonunda isə mənbə göstərilir.
Bu deyilənlərdən aydın olur ki, təkcə mütaliənin əhəmiyyətini başa düşmək və sadəcə olaraq mütaliə ilə məşğul olmaq azdır. Bilik xəzinəsindən tam istifadə etmək üçün mütaliə mədəniyyətinə yiyələnmək vacib şərtdir. Ona görə də təhsilalanlar pedaqoqların mütaliə haqqında fikirlərini, görkəmli alimlərin bu haqda yazmış olduqları əsərləri öyrənməlidirlər.
Ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsinin təşkili mütaliə sahəsində çoxşaxəli işlərin həyata keçirilməsinə təkan verdi. Təhsil müəssisələrində hər bir oxucu “Mütaliə gündəliyi” və “Rəy kitabçası” hazırladı ki, bu da təhsilalanların mütaliəsinin səviyyəsini öyrənməkdə kitabxanaçıya və müəllimə kömək etdi.
V-XI siniflər üçün hazırladığımız fakültativ məşğələlər (“Müxtəlif janrlı bədii əsərlərin təhlili”, “Uşaq qiraəti”, “ Detektiv ədəbi janr”, “Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin inteqrasiyası”, “Bədii mətnin təhlili”, “Ədəbi diyarşünaslıq” və s.) tarixi-ədəbi kontekstdə Azərbaycan ədəbiyyatı üzrə məktəb kursunun məzmununda araşdırılır. Bu iş, yuxarı sinif şagirdlərində bədii əsərlərin spesifik xüsusiyyətlərinin elmi cəhətdən əsaslandırılmasında, müstəqil təhlil olunmasında və kommunikativ nitq bacarıqlarının formalaşdırılmasında baza rolunu oynayır.
Məktəblilərin mütaliə mədəniyyətinin formalaşması ilə əlaqədar mövcud vəziyyətin təhlili, uşaqların oxusuna, oxunun tətbiqi problemlərinin həllinə ənənəvi yanaşmaların təbiətinə, mövcud ictimai maraq dairəsinə dair bir sıra əsas nəticələr əldə etməyə imkan verdi. Mütaliə problemlərinə pedaqoji diqqət, bir qayda olaraq, ədəbi təhsili modernləşdirmək cəhdlərində, yeni nəsil dərsliklərinin hazırlanmasında, təhsilin başlanğıc mərhələsində, ədəbiyyatın tədrisi metodikasının təkmilləşdirilməsində nəzərə alındı.
O da müəyyən olundu ki, təhsil praktikasında mütaliənin ümumi bir pedaqoji problem kimi qəbul edilməsinin zəruriliyi, bu işdə fənlərarası inteqrasiyanın imkanları lazımi səviyyədə qiymətləndirilmir. Mütaliənin keyfiyyəti məqsədyönlü şəkildə sosial uğurun mühüm amili, təhsil və fərdi hədəflərə çatmaq üçün zəruri şərt kimi qəbul edilmir. Ümumtəhsil məktəblərinin kitabxanaları mövcud vəziyyətdə ictimaiyyətin gözləntilərini tam doğrultmur. Lakin bununla belə, son illərdə mütaliəyə dəstək verən özəl və ictimai təşkilatların fəaliyyəti artmaqdadır.
Azərbaycanın dünya təhsil məkanına daxil olması, xarici ölkələrin mütaliə təcrübəsinin öyrənilməsi, təhlili, qiymətləndirilməsi və prosesin dəyişdirilməsi üçün müəyyən mexanizmlərin nəzəri və praktik inkişafını nəzərdə tutur. İnkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsini və Azərbaycanın mütaliə ilə bağlı ənənələrini nəzərə almaq məktəblilərin bu sahədəki problemlərinin həlli üçün vacib şərtdir. Gənc nəslin mütaliəsinin yaxşılaşdırılması məqsədilə beynəlxalq
təcrübənin öyrənilməsini zəruri edən amillərə aiddir:
- İnkişaf etmiş ölkələrin təcrübəsinin tətbiqinin Azərbaycanda mütaliə səviyyəsinin yüksəlməsinə kömək etməsi;
- Təhsil və kitabxana işçiləri ilə yanaşı, ictimai təşkilatların, media nümayəndələrinin əməkdaşlığa cəlb edilməsi;
- Mütaliənin ümummədəni dəyərə yiyələnmək üçün şərt olaraq qəbul olunması;
- Məktəblinin-oxucunun şəxsiyyətyönlü fəaliyyətinə pedaqoji dəstək verilməsi;
- Təhsil müddətində təhsilalanlarda mütaliəyə motivasiya yaratmağa xidmət edə biləcək məqsədyönlü proqramların hazırlanması;
- Təhsil müəssisələrinin xüsusiyyətləri nəzərə alınmaqla qarşılıqlı fəaliyyətin təşkili;
- “Ədəbiyyat biliciləri” layihəsində sosialmədəni tərəfdaşlıq yolu ilə qarşılıqlı əlaqənin və fərdi “oxucu marşrutu”nun qurulması;
- Diaqnostik qiymətləndirmə əsasında şagirdlərin inkişaf xüsusiyyətlərinin və maraqlarının nəzərə alınması.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin nəticələrinə fenomenoloji və kulturoloji yanaşmalar aşağıdakı prioritetləri müəyyənləşdirməyə
imkan verir:
- Mütaliə mədəniyyəti dəyərin formalaşmasına yönəlmiş daxili və xarici proseslərin bütövlüyü kimi;
- Mütaliə vasitəsi ilə idraki çevikliyə, dəyişkənliyə nail olunması modeli.
Məktəblilərin mütaliəsini sosial-pedaqoji fenomen kimi aşağıdakı şərtlərlə müəyyənləşdirmək olar:
- Diqqəti tədris olunan mövzuya deyil (məktəblilərə mütaliəni mövzunun nəticəsi kimi təqdim etmək), onun dünya ilə əlaqəsinə yönəltmək;
- Diaqnostikaya, müəllimlərin intuitiv mühakimələrinə, ümumiyyətlə, qəbul edilmiş fikirlərə, habelə tədqiqatçının özünün həyat və peşə təcrübəsinə əsaslanmaq;
- Həyata keçirilən işin səmərəliliyi barədə mühakimə yürüdərkən, sosial-mədəni şəraiti nəzərə almaq və mövzunun mahiyyətini başa düşmək.
Pedaqoji problem olan mütaliənin əhəmiyyətini məktəblilərə düzgün çatdırmaq məqsədilə irəli sürdüyümüz əsas fikirlərin təcrübədə tətbiqini dörd hissəyə ayırmaq olar:
- Şagirdlərin mütaliəsinə pedaqoji dəstəyin təmin edilməsi;
- Məktəb mühitində mütaliə probleminin hərtərəfli həll yolu kimi müvafiq proqramların hazırlanması və tətbiqi;
- Mütaliədə geniş imkanlara malik olan inteqrasiyasının tətbiq edilməsi;
- Şagirdlərin mütaliəsini optimallaşdırmaq üçün əsas mənbə kimi sosial-mədəni tərəfdaşlığın təşkil olunması.
Təhsilalanların mütaliəsinin düzgün və effektli təşkili məqsədilə göstərilən pedaqoji dəstəyin qruplarla iş müddətində, oxumağa münasibətin xarakterində, oxu bacarığının səviyyəsində və maraq dairəsi ilə fərqlənənlərin motivasiyasındakı əhəmiyyəti böyükdür.
Şagirdləri mütaliə ilə tanış etmək üçün pedaqoji dəstəyə daxildir:
- Şagird-oxucunun imkanları, bacarıqları, maraqları və çətinliklərinin pedaqoji diaqnostikası;
- Mütaliə ediləcək bütün mövzular üçün məlumat və metodiki dəstək (uşaqlar, valideynlər, müəllimlər);
- Şagirdin oxu fəaliyyətinə hazırlığını təmin etmək üçün şəraitin yaradılması, problemli vəziyyətdə pedaqoji dəstək və yardım olunması;
- Şagirdin oxucu ehtiyaclarını aktuallaşdıran layihələrdə iştiraka cəlb edilməsi;
- Valideyn və şagirdlər üçün motivasiyaedici oxu mühitinin yaradılması.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin yekununa dair apardığımız təhlillərin ən əhəmiyyətli komponentləri kimi bunları qeyd edə bilərik:
- Məktəblilərin “Ədəbiyyat biliciləri” müsabiqəsi üzrə mütaliə səviyyəsini qiymətləndirmək üçün diaqnostik vasitələr hazırlanması və tətbiq edilməsi (“Bütün yollar mütaliəyə aparır”, “Mən və oxu”, “Mütaliə portfeli” və s.);
- Məktəblilərin “Mütaliə portfeli” və “Müəllimin tövsiyə etdiyi əsərlərin oxusu” ilə tanışlığına hərtərəfli dəstək üçün metodik tövsiyələr verilməsi;
- Hər bir şagirdin maraq və imkanları nəzərə alınmaqla məktəbli oxuları üçün təlimatların hazırlanması (oxunması tövsiyə edilən ədəbiyyat siyahısı, yaradıcı tapşırıqlar, problemli məsələlər) və həyata keçirilməsi;
- V-VI sinif şagirdləri üçün “Oxu – inkişaf deməkdir”, VII-IX sinif şagirdləri üçün “Oxu - özünütəhsilin əsasıdır”, X-XI sinif şagirdləri üçün “Oxu – filoloji profildir”;
- “Şair və yazıçıların həyat və yaradıcılığına səyahət” üzrə dərsdənkənar iş;
- Müəllimlər üçün təlim seminarları;
- “Mətn üzərində işləməyin pedaqoji texnologiyaları”, “Tənqidi düşüncənin inkişafı üçün oxu və yazı”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsinin orijinal yolları”, “Sürətli oxu strategiyası”, “Şüurlu oxunun komponentləri”, “Məktəblilərin oxusu pedaqoji vəzifə kimi”;
- İllik tədbirlər (Beynəlxalq savadlılıq günü, Oxucular forumu və s.) və s.
Şagirdlərin mütaliəyə cəlb olunma səviyyəsinin monitorinqi onlarda oxuya müsbət tendensiyanın olduğunu göstərir.
“Ədədiyyat biliciləri” müsabiqəsi təşkil olunarkən mətnlə işləmək üçün yeni təhsil texnologiyalarından istifadəyə; oxu prosesində motivasiyaedici təhsil mühitindən istifadəyə; bədii əsəri xarici dildə oxumaq yolu ilə məktəblilərin mütaliə imkanlarını genişləndirməyə və zənginləşdirməyə; dialoji yanaşmada mütaliə edilmiş dramatik əsərləri ssenariləşdirməyə; valideynlərin iştirakı ilə oxuları intensivləşdirməyə; qapalı təhsil müəssisəsində (internat) məktəblilərin oxu ilə tanışlıq problemlərinin həllinə inteqrasiya olunmuş yanaşmaya üstünlük verilmişdir.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirildiyi (2015-2019) tədris illəri nəticələrinə əsaslanaraq deyə bilərik ki:
- Müəllimlər həvəslə sosial və pedaqoji qarşılıqlı fəaliyyət layihələrində iştirak etməyə başladılar, bu istiqamətdə inkişafa nail olmaq üçün təhsilin məzmununda və texnologiyalarında dəyişikliklər etdilər, oxu mədəniyyəti yüksəldi;
- Müsabiqənin keçirilməsi məqsədilə seçilmiş məktəblərdə şagirdlərin oxu işinin diaqnostikası ilə tanışlıq göstərdi ki, mütaliənin sabit müsbət dinamikası əhəmiyyətli bir dəyər kimi qəbul edildi;
- Mütaliə metodikasının hazırlanmasında və həyata keçirilməsində iştirak etməyə hazır olan məktəblərin sayı artdı.
Təcrübi işin nəticələrinin təhlili təhsil müəssisəsinin şagirdləri oxu ilə tanış etmək üçün güclü bir mənbə olduğunu təsdiqlədi. Mütaliə
pedaqoji fenomen kimi təsdiqini tapdı və təhsil kontekstində məktəblilərin mütaliəsi inteqrasiya olunmuş sosial və pedaqoji problem kimi qəbul olundu:
- Mütaliənin təhsil müəssisəsinin imkanları baxımından müəyyənləşdirilməsi (məqsəd, kontingent, auditoriya, resurs və s.);
- Sosial və pedaqoji iştirakçıların qarşılıqlı gözləntiləri və imkanları arasında adekvat bir tarazlığın formalaşması;
- Təhsil müəssisəsinin müasir cəmiyyətin aktual sosial-mədəni problemlərinin həllində perspektivli bir tərəfdaş kimi qəbul olunması;
- Danışıqlar, müştərək tədbirlər, təqdimatlar və s. prosesində iştirakçıların fərqli mövqeləri nəzərə alınmaqla əsas ideyaların anlaşılmasının koordinasiyası.
Məktəblilərin mütaliə bacarıqlarının inkişafı üzrə hazırlanmış metodika “Ədəbiyyat biliciləri” müsabiqəsinin təşkilində müəllimlərin nəticələrinin ildən-ilə yüksəldilməsinə kömək etdi.
“Ədəbiyyat bilicələri” müsabiqəsində şagirdlərin mütaliə bacarıqları aşağıdakı meyarlar üzrə qiymətləndirildi:
- Azərbaycan ədəbiyyatı tarixinin dövrləri və hər bir dövr üzrə görkəmli ədəbi simalar, habelə dünya ədəbiyyatının məşhur nümayəndələri haqqında təsəvvürlərin genişliyi;
- Bütövlükdə ədəbiyyatın, eləcə də ədəbi əsərlərin və mütaliənin insan həyatında rolu barədə əsaslandırılmış şəxsi fikirlərin ifadə olunması;
- Həyat və yaradıcılıqları ilə tanış olduqları ədəbi simalara və onların əsərlərinə şəxsi mövqedən yanaşılması, fərqli mülahizələrin yürüdülməsi;
- Azərbaycan və dünya ədəbiyyatında ən çox sevdiyi, həyatda bənzəmək istədiyi ədəbi qəhrəmanlar barədə şəxsi mülahizələrin yer alması;
Cədvəl 1 Qiymətləndirmə cədvəli
- Öz rəyinə görə “Ədəbiyyat” dərsliklərinə daxil edilməsi zəruri hesab olunan yazıçılar haqqında fikirlərin bildirilməsi;
- Ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılıq xüsusiyyətlərinin oxşar və fərqli cəhətlərinin qeyd edilməsi;
- İfadə olunmuş fikirlərin qismən orijinal və lakonik xarakter daşıması.
İnşa yazıların qiymətləndirilməsində aşağıdakı meyarlar nəzərə alınmışdır:
- Mövzunun mahiyyət etibarı ilə əhatə olunması;
- İnşa yazısı üçün maraqlı formanın seçilməsi;
- Mövzu ilə bağlı müstəqil fikir və mülahizələrin əks olunması;
- Mövzuya yaradıcı yanaşma, habelə təhlil, müqayisə, ümumiləşdirmə və nəticəçıxarma bacarıqlarının nümayiş etdirilməsi;
- Fikirlərin əsaslandırılmış, aydın, ardıcıl və lakonik ifadə olunması;
- Yazıda bədiiliyin təmin edilməsi.
Ölkə mərhələsi üzrə verilmiş sual-tapşırıqlar qiymətləndirilərkən, ilk növbədə, cavabların dəqiqliyinə və əhatəliliyinə, faktlara istinad
edilməsinə xüsusi diqqət yetirilmişdir.
Qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülüb. Qiymətləndirmə zamanı suallar 4 müxtəlif səviyyədə tərtib edilib. Qiymətlər
“2”, “3”, “4” və “5” olaraq müəyyənləşdirildi. 30 baladək “2”, 30 baldan 60-dək “3”, 60 baldan 80-dək “4”, 80 baldan 100-dək “5” qiymət verilib.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi üçün (2016-cı il) müəyyənləşdirilmiş suallar
1. Ən çox bəyəndiyiniz ədəbi əsərlər. Həyat nümunəsi seçdiyiniz ədəbi qəhrəmanlar.
2. Azərbaycan ədəbiyyatında qəzəl janrının ən görkəmli nümayəndələri.
3. Azərbaycan dramaturgiyasının banisinin əsərləri.
4. Azərbaycan ədəbiyyatında hekayə ustası kimi məşhurlaşan yazıçıların oxuduğunuz əsərləri.
5. “Ədəbiyyat” dərsliklərində sizi qane edən və qane etməyən cəhətlər.
6. Azərbaycanda sovet dövrü ədəbiyyatının (1920-1991) ən görkəmli nümayəndələrinin oxuduğunuz əsərləri (nəzm, nəsr, dram).
7. Müstəqillik dövründə fəaliyyətə başlamış Azərbaycan yazıçılarının oxuduğunuz əsərləri.
8. Azərbaycan ədəbiyyatında satirik janrın tanınmış nümayəndələrinin əsərləri.
9. Azərbaycan və dünya ədəbiyyatından oxuduğunuz tarixi roman janrında yazılmış əsərlər.
10. Müharibədə igidlik göstərmiş Azərbaycan qəhrəmanlarına həsr edilən bədii əsərlər.
Cədvəl 2 “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsinin (2016) nəticəsi (faizlə)
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi üçün (2017-ci il) müəyyənləşdirilmiş suallar
1. Ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş yazıçıların əsərləri.
2. Azərbaycan ədəbiyyatında həm nəsr, həm də dramaturgiya nümunələri yaratmış yazıçıların əsərləri.
3. Hekayə, povest və romanı bir-birindən fərqləndirən cəhətlər.
4. Azərbaycan və dünya ədəbiyyatında detektiv janrında oxuduğunuz əsərlər.
5. Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrinin məşhur əsərləri.
6. Müstəqillik dövründə fəaliyyətə başlamış Azərbaycan yazıçılarının oxuduğunuz əsərləri.
7. Dünya ədəbiyyatında müharibə və azadlıq uğrunda mübarizə mövzularına həsr olunmuş əsərlər.
8. Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndələri.
9. Azərbaycan ədəbiyyatında dini fanatizm mövzusunda yazılmış əsərlər.
10. XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrinin məşhur əsərləri.
Cədvəl 3 “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsinin (2017) nəticəsi (faizlə)
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi üçün (2018-ci il) müəyyənləşdirilmiş suallar
1. Azərbaycan şifahi xalq ədəbiyyatının növləri və janrları. Şifahi xalq ədəbiyyatı nümunələrində sizi cəlb edən bədii keyfiyyətlər. Fikirlərinizi nümunələrlə əsaslandırın.
2. Ədəbiyyatın incəsənət növü kimi qəbul edilməsinin səbəbləri.
3. “Ədəbiyyat həyatın aynasıdır” fikrinin nümunələrlə əsaslandırılması.
4. İnsanın mənəvi aləminin zənginləşməsində, həyata baxışının formalaşmasında və dünyagörüşünün genişlənməsində bədii ədəbiyyatın rolu. Sizdə dərin iz buraxmış bədii əsərlər və ədəbi obrazlar.
5. XX əsrin 37-ci illərinin repressiya qurbanı olmuş görkəmli ədiblərimiz və onların əsərləri.
6. XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində ən çox narahatlıq doğuran problemləri əsərlərində əks etdirən yazıçılarımız və əsərləri.
7. Dünya ədəbiyyatından ən çox mütaliə etdiyiniz əsərlər. Həmin əsərlərdə sizi cəlb edən xüsusiyyətlər.
8. XX əsrin sonlarında Azərbaycanda başlanan milli azadlıq hərəkatında fəal iştirak edən yazıçılarımız və onların əsərləri.
9. Azərbaycan və dünya ədəbiyyatının görkəmli qadın nümayəndələrinin oxuduğunuz əsərləri.
10. Azərbaycan və dünya ədəbiyyatının nümunələri əsasında çəkilmiş kino-filmlər. Həmin əsərləri əvvəllər oxumağınız haqqında. Əsərin oxunuşu sizə güclü təsir etmişdir, yoxsa kino variantı? Fikirlərinizi əsaslandırın.
Cədvəl 4 “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsinin (2018) nəticəsi (faizlə)
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi üçün (2019-cu il) müəyyənləşdirilən suallar
1. İmadəddin Nəsimi şeirlərinin məzmun və ideyası.
2. Ən çox mütaliə etdiyiniz yazıçının əsərlərində sizə təsir edən amillər.
3. C.Məmmədquluzadə ilə M.Ə.Sabir yaradıcılığını birləşdirən xüsusiyyətlər. Oxuduğunuz əsərləri.
4. C.Cabbarlının oxuyaraq bəyəndiyiniz hekayə və dram əsərləri.
5. Azərbaycanın görkəmli şəxsiyyətlərinin (dövlət xadimi, sərkərdə, şair, müharibə qəhrəmanı və s.) həyat və fəaliyyətini əks etdirən mütaliə etdiyiniz bədii əsərlər. Həmin əsərlərin sizdə yaratdığı hiss və duyğular.
6. Hekayə, povest və romanın fərqli xüsusiyyətləri.
7. Dünya ədəbiyyatından oxuduğunuz əsərlər (nəzm, nəsr, dram), onların ideyası və baş qəhrəmanları.
8. Müasir Azərbaycan yazıçılarından mütaliə etdiyiniz əsərlər.
9. İndiki şəraitdə bədii əsər yazılmasına ehtiyac duyulan mövzular.
10. Azərbaycan yazıçılarından Nobel mükafatına təqdim olunmalı əsər.
Cədvəl 5 “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsinin (2019) nəticəsi (faizlə)
Diaqram 1 İllər üzrə keyfiyyətin müqayisəsi Diaqram 2 İllər üzrə müvəffəqiyyət müqayisəsi
Diaqram 3 İllər üzrə xarici ədəbiyyat oxuyan oğlan və qızların keyfiyyət müqayisəsi
Cədvəl 6 İnşa mövzusu: “Bədii ədəbiyyat həyatın aynasıdır” (2016-cı il). Nəticələr (faizlə)
Cədvəl 7 İnşa mövzuları: “Mənəvi dəyərlərin formalaşmasında bədii ədəbiyyatın rolu və əhəmiyyəti haqqında düşüncələrim”; “Ən çox sevdiyim ədəbi qəhrəmanlar”; “Tarixi şəxsiyyətlər bədii ədəbiyyatda”; “Bədii əsərlərin kino həyatı” (2017-ci il). Nəticələr (faizlə)
Cədvəl 8 İnşa mövzuları: “Ədəbiyyatda ANA obrazı”; “Bədii ədəbiyyat həyat məktəbidir”; “Yazıçılarımıza açıq məktub” (2018-ci il). Nəticələr (faizlə)
Cədvəl 9 İnşa mövzuları: “Bədii ədəbiyyat – tərbiyə məktəbidir”; “Mütaliə – mənəvi zənginliyə aparan yol”; “Bənzəmək istədiyim ədəbi qəhrəmanlar” (2019-cu il). Nəticələr (faizlə)
Diaqram 4 İllər üzrə keyfiyyətin müqayisəsi
Diaqram 5 İllər üzrə oğlan və qızların keyfiyyət müqayisəsi
Diaqram 6 İllər üzrə xarici ədəbiyyat oxuyanların siniflər üzrə keyfiyyət müqayisəsi
2019-cu ildə təşkil olunan “ Ədəbiyyat biliciləri”
müsabiqəsində 7-ci sual dünya ədəbiyyatına
aid idi. Verilən cavablar bir neçə istiqamət
üzrə təhlil edilərək cədvəllərdə (cədvəl 10-13)
əks olundu.
NƏTİCƏ VƏ TÖVSİYƏLƏR
Ümumtəhsil məktəblərində şagirdlərin mütaliə bacarıqlarının inkişaf etdirilməsi sahəsində aparılan işləri müsbət qiymətləndirmək olar. Məqalədəki təhlil və araşdırmalardan da göründüyü kimi nəticəsi yüksək olan ümumtəhsil məktəbi mütaliəni pedaqoji problem kimi həmişə diqqətdə saxlamış, şagirdləri müxtəlif səviyyədə oxumağa təşviq etmiş, onlara fərdi dəstək vermiş, dayanıqlı inkişafı təmin edən optimal yollar göstərmişdir. Dərsdənkənar və məktəbdənkənar mütaliəyə xidmət edən proqramın həyata keçirilməsi, müxtəlif təhsil müəssisələrinin qarşılıqlı əlaqəsi şəraitində peşəkar əməkdaşlıq, sosial-mədəni tərəfdaşlıq, şagirdlərin mütaliəyə yönləndirilməsində sosial və pedaqoji qarşılıqlı fəaliyyətin effektivliyi də bu problemin uğurlu həllində əhəmiyyətli rol oynayır.
Pedaqoji prosesdə iştirak edənlərin maraqları (məktəblilər, müəllimlər, valideynlər, sosial tərəfdaşlar) əsasında mütaliə probleminin mövcud vəziyyəti müəyyənləşdirildi:
- Məktəblilərin mütaliə bacarıqlarının inkişafı ilə əlaqədar mövcud vəziyyəti dəyişdirmək ehtiyacının formalaşması;
- Qarşılıqlı fəaliyyətdə olan bütün iştirakçıların ehtiyaclarının, mövqelərinin və gözləntilərinin əlaqələndirilməsi;
- Mövcud potensialın müəyyənləşdirilməsi və oxumaq üçün başlanğıc problemlərin həllində güclü tərəflərin yaradılması;
- Təhsil müəssisəsinin, şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmaqla dəyişkən qarşılıqlı təsir formalarında fərziyyələrin və risk faktorlarının müəyyənləşdirilməsi;
- Kollektiv planlaşdırma və bütün iştirakçılar üçün cəlbedici olan sosial, pedaqoji formaların axtarışı, şagirdləri oxumağa təşviq etmək problemlərinin həllində motivasiyaedici amillərin nəzərə alınması;
- İştirakçılardan rəy almaqla keyfiyyət və kəmiyyət göstəricilərinin vaxtında qeyd edilməsi (anketlər, statistika, ekspert rəyləri).
Apardığımız bu tədqiqatın nəticəsi göstərdi ki, müəllim, kitabxanaçı, valideyn, icma və şagirdin qarşılıqlı fəaliyyətinin effektivliyi emosional və aktivlik səviyyəsində qiymətləndirilir, real təcrübədə isə bu xüsusiyyətlər özünü aşağıdakı şərtlərlə göstərir:
- Ümumtəhsil məktəbi mütaliə probleminin həlli ilə bağlı layihələrin hazırlanmasında iştirak edir;
Cədvəl 10 Ən çox oxunan əsər (minimum 5 oxunma sayı üzrə)
Cədvəl 11 Janra görə ən çox oxunan ədəbiyyat
Cədvəl 12 Ölkə üzrə ən çox oxunan ədəbiyyat
Cədvəl 13 Ən çox oxunan yazıçı
• Müəllim sosial və pedaqoji işçilərin qarşılıqlı fəaliyyətini özündə əks etdirən layihələrdə iştirak edir;
• Şagird mütaliəni əhəmiyyətli bir dəyər kimi qəbul edir;
• Qarşılıqlı fəaliyyətin bütün iştirakçıları prosesdən mənəvi məmnunluq alırlar.
Mütaliə pedaqoji bir fenomen kimi şagirdlərin dayanıqlı inkişafını təmin edir. İnformasiyanın böyük axını və onun mənimsənilməsi üsullarının müxtəlifliyi ilə səciyyələnən müasir şəraitdə mütaliə, xüsusən də məktəblilərin mütaliəsi xüsusi əhəmiyyət kəsb edir.
Bu problemin müvəffəqiyyətli həlli müəllimlərin, valideynlərin, pedaqoji prosesi idarə edənlərin, kitabxanaçıların, geniş ictimaiyyətin birgə əməyi sayəsində mümkündür. Bunun üçün sosial tərəfdaşlarla mütaliənin təşkili üzrə qarşılıqlı fəaliyyət göstərməyə qadir olan müəllimlər qrupunun formalaşdırılması, investisiya cəlbediciliyinin artırılması və məktəbin açıq sosial mövqeyinin göstərilməsi yolu ilə yeni sosial, pedaqoji qarşılıqlı əlaqələrin qurulması çox vacibdir.
İstifadə edilmiş ədəbiyyat
1 Aktual’nyye problemy raboty s chitatelyami massovykh bibliotek: Sb. st. / Gos. publ. b-ka im. M.Y. Saltykova-Shchedrina; Sost. L.A.
Ol’shevskaya. L., 1978. 186 s.
2 Belyayeva, N.Y.(2009). Chteniye studenchestva i elektronnyye informatsionnyye tekhnologii (po itogam issledovaniya v Bryanskoy, Kurskoy i Orlovskoy oblastyakh). Obrazovaniye i obshchestvo. № 3. s. 89-93.
3 Boys to study ripping yearns. The Independent. 1999. Sat. 24, April. p. 6.
4 Brave new world: Inform, understanding through books. Perth: Libr. Custin univ. of technology, 1988. 207 p.
5 Bunbury, R.M. (1995). A decade of research in children’s literarture. Australia: Deakin University, 1995. 85 p.
6 Butenko, I.A. (1998). Chteniye i novyye tekhnologii: Analiz chitat. povedeniya detey i podrostkov za rubezhom i v nashey strane. // Bibliografiya. №2. s. 150-156.
7 Carpenter, H., Prichard, M. (1984). The Oxford companion to children. Oxford; N.Y.: Oxford univ. Press. 388 p.
8 Changing faces story and children in an electronic age. Sydney: IBBY Austr. publ., 1984. 105 p.
9 Chernetskaya, O., Oleynikova, A. (1999). Chto chitayut nashi deti // Biblioteka. № 8. s. 45-46.
10 Chudinova, V.P. (1997). Chteniye detey i sredstva massovoy informatsii // Mir bibliotek segodnya. № 2. s. 52-58.
11 Galaktionova, T.G. (2008). Chteniye shkol’nikov kak sotsial’no-pedagogicheskiy fenomen otkrytogo obrazovaniya. Av-toref. dis. d-ra ped. nauk: 13.00.01 / Galaktionova Tat’yana Geliyevna. Sankt-Peterburg. s. 14-21.
12 Xələfov, Ə. (1965). Mütaliə mədəniyyəti haqqında. Bakı: Maarif, 29 s.
13 Khvorostyanova, M.Y. (1995). Razvitiye u shkol’nikov-chitateley biblioteki tvorcheskogo vospriyatiya proizvedeniy iskusstva slova: Dis.kand. ped. nauk: 05.25.03. M. 251 s.
14 Kondrat’yeva, O.N., Samokhina, M.M. (2011). Molodyye chitateli v Internete. M.: Ros. gos. b-ka dlya molodezhi. 156 s.
15 Kulikova, O. (1996). Chto chitayet molodezh’ Frantsii. Kn. obozreniye. № 11, 12 marta. S.Z.
16 Marantsman, V.G. (1986). Trud chitatelya. Ot vospriyatiya literaturnogo proizvedeniya k analizu: knigi, dlya uch-sya st. kl. sred. shk. M.: Prosveshcheniye, 128.
17 Melent’yeva, Y.P. (2009). Nekotoryye sovremennyye tendentsii v chtenii molodykh rossiyan: po materialam novogo issledovaniya.
Chteniye s lista, s ekrana i «na slukh»: opyt Rossii i drugikh stran: sbornik materialov dlya rukovoditeley programm po prodvizheniyu
chteniya. M.: Ros. shkol’n. bibl. assots. s. 218-238.
18 Nikiforova, O.I. (1972). Psikhologiya vospriyatiya khudozhestvennoy literatury. M.: Kniga, 152 s.
19 Nikolayeva, Y.M. (1992). Kul’turnyy kontekst i problemy perevodimosti detskoy literatury. Det. lit. № 5-6. s. 30-32.
20 Pishchaleva, G.V. (1998). Chto i kak chitayut pyatiklassniki: Rezul’taty izuch. chteniya starsheklassnikov v g.Irkutske. Biblioteka. №7. s. 49-50.
21 Polbitsina, L.P. (1997). Sotsiologicheskoye izucheniye chitateley-podrostkov. Mir bibliotek segodnya. Vyp. 2. s. 58-68.
22 Ring, K. (1997). Chteniye v informatsionnom obshchestve. Chitayushchaya Rossiya. M.: Liberiya. s. 178-183.
23 Rol’ knigi i chteniya v kul’turnom razvitii. Sb. materialov mezhdunar. seminara IFLA, 22-24 maya 1984 / GBL. M., 1987. 296 s.
24 Rubakin, N.A. (1977). Psikhologiya, chitatel’ i knigi. Kratkoye vvedeniye v bibliopsikhologiyu. M.: Kniga. 264 s.
25 Rubakin, N.A. (1997). Psikhologiya chteniya i knigi. M.: Kniga, 1977. 263 s.
26 Sholpo, I.L. (1995). Urok literatury urok iskusstva: (Interpretatsiya khudozh. teksta i sodruzhestvo iskusstv na uroke lit.). M.: Izd-vo
MAI. 112 s.
27 Sotsial’naya sreda i chteniye shkol’nikov: Sots.- psikholog. probl. chteniya: Sb. nauch. tr. GBL. M., 1980. 99 s.
28 Sotsial’no-psikhologicheskiye problemy chteniya: Sb.nauch.tr. Vyp. 3/ Gos. b-ka SSSR im. V.I.Lenina. M., 1977. 84 s.
29 Stel’makh, V.D. (1985). Mezhdunarodnyy seminar «Rol’ knigi i chteniya v kul’turnom razvitii»; Moskva, 22-24 maya 1984 g. Bibliotekovedeniye i bibliogr. za rubezhom. Vyp. 103. s. 84-98.
30 Sukhorukov, K. (1997). Detskoye chteniye v Rossii i na Zapade. Vitrina chitayushchey Rossii. №10. s. 56.
31 Tikhomirova, I.I. (1976). Chitatel’skiye interesy shkol’nikov i rabotayushchey molodezhi. Trudy. Leningrad, gos. in-ta kul’tury. L., T. 31. 180 s.
32 Voronicheva, O.V. (2010). «A kazhdyy chitatel’, kak tayna...» (assotsiativnoye pole slova «chteniye»). Bibliotekovedeniye. № 4. s. 56-60.
33 Yunyy chitatel’ 90-kh godov: Kollektiv, monogr.: (Po materialam mezhregion, issled.). Vyp. 1 / Ros. gos. yunosh. b-ka; Red.-sost. T.D. Polozova. M., 1995. – 146 s.Literatura na inostrannykh yazykakh.
34 А decade of research in children’s literature: Children’s literature. History and criticism. Bibliography. IRSCL / Ed. by R. Bunbury.
Geelong: Development Centre, 1995. 82 p.