İSVEÇDƏ PEŞƏ TƏHSİLİ ÖNDƏDİR
"Təhsildə beynəlxalq uğur: Estoniya, Latviya və İsveç" təcrübə proqramı çərçivəsində Stokholmda İsveçin tanınmış Jensen gimnaziyasını ziyarət etdik.
Gimnaziyanın proqram direktoru xanım Rut Lindquistin və müəllimlərin bələdçiliyi ilə həm buradakı təhsil, həm də ümumiyyətlə İsveç təhsil sistemi barədə məlumat aldıq.
Öyrəndik ki, İsveçdə təhsil bağça yaşından başlayır. İşləyən analara verilən analıq məzuniyyətinin müddəti çox qısa olduğundan ölkənin hər yerində 1-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir.
Bundan sonra məktəb təhsili gəlir və 6-15 yaşlı uşaqlar icbari təhsilə cəlb olunurlar. Xanım Lindquist bildirdi ki, ölkədə elə bir şərait yaradılıb ki, bu yaşda uşaqların və yeniyetmələrin məktəbə getməkdən başqa məşğul olacaqları bir iş yoxdur.
Təhsil 18 sabit milli proqram əsasında aparılır. Onlardan 6-sı ali təhsil müəssisələrinə, 12-si isə peşə təhsilinə hazırlığa yönəlib.
Qeyd olundu ki, Jensen özəl təhsil şirkəti olsa da, dövlət tərəfindən maliyyələşir. Haqlı olaraq, sual yarandı ki, onda özəl məktəblə dövlət məktəbinin fərqi nədir? Cavab isə belə oldu: fərq yalnız təhsil metodlarındadır.
Belə ki, özəl məktəblər də dövlət məktəbləri kimi milli kurikulum və proqramlara əsaslanırlar. Lakin burada dərs cədvəli, təlim prosesi, metodologiya, təhsilalanların məktəb həyatında iştirakı dövlət məktəblərindən fərqlənir.
Jensen məktəbləri 1996-cı ildə Xokan Jensen tərəfindən yaradılıb. Hazırda şirkətin sahibi və rəhbəri də o özüdür.
“Sizin üçün yüksək ambisiyalarla” sloqanı ilə fəaliyyət göstərən təhsil şirkətinin əsas fəlsəfəsi təhsilalanları gerçək həyata hazırlamaqdır. Belə ki, şirkətin yaradıcısı haqda məlumatda qeyd olunur ki, keçən əsrin 90-cı illərində İsveç təhsilinin gerçək həyatla əlaqəsi zəif idi. Təhsilalanların potensialına inanmırdılar, onlardan gözləntilər aşağı səviyyədə idi. “Training for reality” ideyasını əsas götürən Jensen məktəbləri isə bu sahədə dönüş yaratmağa nail olub. Şagirdlərinə inamla “Biz səni gələcək təhsil və iş həyatı üçün hazırlayırıq” deyə bilir. Hazırda 13000-dən çox təhsilalanı, 900-ə yaxın əməkdaşı əhatə edən Jensen şirkətinin ölkənin 10-dan çox şəhərində təhsil müəssisələri var. Bu təhsil müəssisələri uşaq bağçaları, ibtidai məktəblər, orta məktəblər, yetkinlər üçün bələdiyyə məktəbləri, peşə məktəbləri olmaqla müxtəlif yaş qruplarını əhatə edir. Jensen məktəblərində yüksək ambisiyalı müəllimlərin çalışdığını vurğulayan bələdçimiz burada hər kəs üçün sağlam mühitin yaradılmasına xüsusi diqqət ayrıldığını dedi. Yəni, Jensen üçün təhsilalanların öz məqsədlərinə yönəlməsinə imkan yaradan etibarlı mühit, elmi araşdırmalar üçün təlim, yaxşı təchiz olunmuş sinif otaqları və kitabxana, təhsilalanlarla hər zaman maraqlanan peşəkar müəllimlər, həyat keyfiyyətini qorumağa yönəlmiş alətlər, uyğunlaşdırılmış dərs cədvəli xarakterikdir. Dərs cədvəli iki həftəlik tərtib olunur, şagirdlər bir həftə səhər saatlarında, növbəti həftə günortadan sonra dərsə gələ, istədikləri vaxt məktəb kitabxanasının imkanlarından istifadə edə bilirlər.
Burada davranış kodeksi də var. Sinif qaydalarına əməl etmək, dərs başlananda telefonu bunun üçün nəzərdə tutulmuş xüsusi qutuya qoymaq, dərsə gecikməmək, mühazirələr zamanı qeydlər aparmaq, lazımi materialları gətirmək, müəllimin təlimatlarına əməl etmək tələb olunur.
Xanım Lindquist deyir ki, “Biz məktəb mühitinin qayğısına qalırıq və hər kəs üçün xoş iş və təhsil mühitinin yaradılmasına töhfə veririk”.
Jensen məktəblərinin təhsilalanların dərsdən kənar vaxtlarının təşkil olunmasına yönəlmiş “Ənənələr və dostluq” proqramı da var. Proqramı təhsilalanların öz içindən seçilmiş nümayəndələr idarə edir. Buraya JENSEN Express məktəb jurnalı, məzuniyyət gecələri, Nobel mükafatı ziyafətləri, Jensen yay oyunları və s. daxildir. Əsas məqsəd təhsilalanların məmnunluq səviyyəsinin yüksək olmasıdır.
Arzu Soltan