Yapon məktəblisi suallara cavab vermək istəmir


Uzaqdakı məktəb




İkinci Dünya Müharibəsindən böyük itki və dağıntılarla çıxan Yaponiyanın çox qısa müddətdə ağlagəlməz tərəqqisinin arxasında yapon təhsilinin durduğu deyilir. Bu təhsil sistemi ölkəni dünyanın elm və texnologiya nəhənginə çevirməklə özü də tədqiqat obyekti oldu.

“Azərbaycan Məktəbi” jurnalının dünyanın qabaqcıl təhsil sistemləri təcrübəsini öyrənmək üçün başladığı “Uzaqdakı məktəb” layihəsində ilk müsahibimiz Yaponiyanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Məlumat Şöbəsinin rəhbəri Ono Taichidir.

  • Cənab Taichi, bir yapon uşağın təhsil həyatı nə vaxt başlayır?
  • Yaponiyada hər bir uşağın təhsil hüququ ölkə konstitusiyası ilə təsdiqlənib. Hər bir uşağın oxumaq hüququ, hər bir valideynin isə övladını oxutmaq öhdəliyi var.

Yaponiyada ümumi təhsil 12 illikdir. Bunun ilk  9 ili icbari və ödənişsizdir.  Təhsil yeddi  yaşdan başlayır. Məktəbin ilk altı il ibtidai, üç ili orta, son üç ili  isə yuxarı sinif təhsili sayılır. Yaşa görə ifadə etsək, 7-12 yaş ibtidai, 13-15 yaşlılar orta, 15-18 yaşlılar isə yuxarı sinif şagirdləridir. 9-cu sinifdən sonrakı üç illik yuxarı sinif təhsili icbari deyil. Bu siniflər  artıq xüsusi hazırlıq tələb edən təhsildir. Burada oxumaq üçün uşaqlar ciddi hazırlaşmalı və imtahan verməlidirlər.  Yuxarı siniflərdə və universitetlərdə təhsil  ödənişlidir.

 

Yaponiyada məktəbəqədər hazırlıq 5 yaşdan başlayır və ödənişlidir.

Bağçaların qiyməti yüksək olduğundan dövlət və bələdiyyələr valideynlərə bu ödənişlərlə bağlı yardım göstərir.

 

  • Yapon məktəblisinin gündəlik rutini necədir?

 

  • Dərslər səhər 9-dan tez başlayır və məktəbdən asılı olaraq kiçik siniflərdə axşam saat 5-ədək davam edir. Yuxarı sinif şagirdlərinin əksəriyyətinin dərsdən sonrakı vaxtı dərnəklərdə keçir. Burada uşaqların maraq dairəsinə görə - musiqi, idman və başqa məşğələlər olur. Dərnəkdən sonra bəzi uşaqlar  evə, bəziləri isə xüsusi fənlər üzrə hazırlığa gedirlər. Dərnəklər ödənişsizdir, amma musiqi alətlərini və idman üçün lazım olan vasitələri valideynlər özləri alırlar.  Bu dərnəklərin yaradılmasının əsas məqsədlərindən biri də ünsiyyətdir. Belə ki, dərnəklər bir ərazidə yaşayan uşaqların səmərəli ünsiyyət və kommunikasiya qurmasına imkan yaradır. 

 

  • Müxtəlif mənbələrdə, Yaponiyada şagirdlərin repetitorlarla hazırlaşmasının çox geniş yayıldığı yazılıb.

Bu, valideynlərin  dövlət təhsil sistemindən gözləntilərinin doğrulmaması ilə bağlıdır, yoxsa başqa səbəb var?

 

  • Yaponiyada şagirdlər üçün xüsusi hazırlıq mərkəzləri fəaliyyət göstərir. Bunun iki səbəbi var. Birincisi, məktəbdəki təhsil mürəkkəbdir, uşaqların çoxu onu anlamaqda çətinlik çəkir. Dərs zamanı uşaqlara ümumi məlumat verilir və xırdalıqlara varılmır. Mərkəzlərdə isə mövzular dərinliklərinə qədər izah edilir. Uşaqların hazırlığa getməsinin ikinci səbəbi seçdikləri universitetlərdir. Yüksək reytinqli universitetlərə qəbul olunmaq üçün belə kurslara getmək vacibdir. Bu təhsil sistemindən narazılıqla yox, hər kəsin seçdiyi sahəyə aid  fənləri daha dərindən öyrənmək istəyi ilə bağlıdır. Aşağı reytinqli universitetlərə qəbul olunmaq üçün məktəbin verdiyi bilik də kifayət edər. Ancaq hədəf yüksəkdirsə belə hazırlıq mütləq lazımdır.

 

  • Yapon təhsil sistemi dünyanın ən ağır sistemlərindən biri, yapon məktəblisi isə ən zəhmətkeş uşaq sayılır. Bu ağırlıq onların gələcəyində özünü necə göstərir?

 

  • Yaponiyada təhsil çox vacibdir. Bu, insanın bütün gələcəyinə təsir edir. Yaxşı iş tapmaq və mütəxəssis olmaq üçün mütləq prestijli universitet bitirməlisən. Belə universitetə qəbul olmaq üçün isə yuxarı sinifləri güclü məktəbdə oxumalısan. Yaponiyada daha yaxşı mütəxəssis olmaq daha ağır təcrübələrdən keçməyi tələb edir. Burada nüfuzlu məktəblərin yuxarı siniflərinə daxil olmaq da çox çətindir, amma gələcək üçün önəmlidir.

2002-ci ildən Yaponiyada 5 günlük təhsil sistemi tətbiq olunur. Yapon təhsil sistemində proqram məktəblini daha çox araşdırmağa sövq etmək prinsipləri üzərində qurulub. Məqsəd məktəbliyə sadəcə məlumat vermək yox, onu düşünməyə vadar etməkdir.

 

  • Yaponiya təhsili haqqında yazılarda tədrisdə uğur qazana bilməyən yeniyetmələr arasında intiharın artdığı göstərilir. Burada cəmiyyət suçlu olaraq kimisə qınayırmı və ya ənənəvi sistemdə hansısa dəyişiklik tələbi səslənirmi?

 

  • Əslində intiharlar başqa ölkələrlə müqayisədə çox deyil.Uşaq intiharlarında əsas səbəb də təhsil və ya onun ağırlığı deyil. Sadəcə uşaqların özləri ilə bağlı gözləntiləri çox yüksəkdir və onlar imtahanlardan lazımi nəticəni almayanda sarsıntı keçirirlər. Aldıqları psixoloji zərbə onları özünəqəsdə təhrik edə bilir. Bunun qarşısını almaq və uşaqlara dəstək olmaq üçün məktəblərdə məsləhətçilər və psixoloqlar çalışır. Onlar məktəblilərlə daim iş aparırlar.

 

  • Son illər azərbaycanlı gənclər arasında Asiya təhsil sisteminə, özəlliklə Yaponiyaya maraq göstərənlar artır. Bunu həm də yapon dili üzrə JLPT imtahanlarına qatılanların sayının artmasında müşahidə etmək olur. Amma Yaponiyada bakalavr təhsili alan gənclərimiz çox azdır. Sizcə, bu, Yaponiya Dövlət Proqramı (MEXT) - proqramında Azərbaycana ayrılan kvota azlığı ilə bağlıdırmı?

 

  • Əslində burada limit və kvota yoxdur. Sadəcə azərbaycanlı gənclər, adətən, Yaponiyada bakalavr təhsili üçün tələb olunan həddə çata bilmirlər. Onlar ingilis dili ilə bağlı sualların cavabını çox yaxşı yazsalar da, dəqiq elmlərdəki suallara lazım olan səviyyədə cavab verə bilmirlər. Yəqin ki, bu, iki ölkənin təhsil proqramlarındakı fərqlərdən irəli gəlir.
  • Bəs Yaponiyadan Azərbaycana bakalavr təhsili üçün gələn varmı?
  • Pandemiyaya qədər burada bakalavr təhsili alan yapon tələbələr var idi. Onlar, əsasən, beynəlxalq münasibətlər ixtisası üzrə oxuyurdular. İndi isə yoxdur. Hazırda ADA, BDU, ADU və Yaponiya universitetləri arasında bu sahədə əməkdaşlıqla bağlı danışıqlar gedir.
  • Bir neçə il öncəyə qədər Bakıdakı orta məktəblərin bir neçəsində ikinci xarici dil kimi yapon dili tədris edilirdi. Sonra həmin proses dayandı. Yapon dilinin tədrisinin genişləndirilməsi ilə bağlı yeni layihələriniz varmı?
  • BDU-da 2000, ADU-da isə 2011-ci ildən bəri yapon dili tədris olunur. 2009-cu ildə Bakının 3 orta məktəbində yapon dili keçilməyə başladı.  2013 və 2014-cü illərdə məktəblərdən ikisi öz təşəbbüsləri ilə  bu tədrisi dayandırdı. 225 nömrəli tam orta məktəbdə isə davam edir və hazırda orada 120 uşaq yapon dili öyrənir.

Bakı üzrə 15 müəllim yapon dilindən dərs keçir, 339 nəfər isə dili öyrənməkdədir.

Yapon dilinin tədrisi və yayılması ilə bağlı həm səfirliklərimiz, həm də Yaponiya Fondu   dünyanın müxtəlif yerlərində layihələr həyata keçirir.  Osaka şəhərində Yapon Dili Tədris Mərkəzi fəaliyyət göstərir.  Burada müəllimlər üçün 6 həftəlik və 6 aylıq proqramlar var. Müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan da müəllimlər orada iştirak edir.

-   Bir yapon mütəxəssisin Azərbaycan təhsilinə                                  baxışı necədir?

-  Azərbaycanda təhsil müəssisələrində oluram. Sizin şagird və tələbələrin daha aktiv olduğunu düşünürəm. Yaponiyada şagirdlərdə əl qaldırıb müəllimin suallarına cavab vermək istəyi yoxdur. Sizdə isə uşaqlar çox fəaldırlar və sualları cavablandırmağa can atırlar. Burada  məktəblilər tədbirlərdə həvəslə iştirak edirlər. Məsələn, 225 nömrəli tam orta məktəbin şagirdlərindən biri bizim tədbir üçün öz təşəbbüsü ilə Yaponiya və Azərbaycana baxışını əks etdirən rəsm çəkib. Həmin rəsmi səfirlikdə divardan asmışıq və bütün ziyarətçilərimizə göstəririk. Azərbaycanda yapon folkloru, ədəbiyyatı və mədəniyyəti ilə maraqlananlara demək istərdim ki, səfirliyin kitabxanası onların üzünə açıqdır. Bizə müraciət edərək istədikləri kitabı   götürüb oxuya bilərlər. Burada, eyni zamanda tədbirlər üçün yapon mədəniyyətini əks etdirən müxtəlif əşyaları və oyuncaqları da icarəyə götürə bilərlər. Məqsədimiz uşaqların Yaponiyaya marağının yaranması və artmasıdır.