YAXŞI NÜMUNƏ ƏN YAXŞI NƏSİHƏTDİR
B.Franklin belə deyirdi. Odur ki, bizim davranışlarımız və sahib olduğumuz dəyərlər övladlarımızın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır.
Sevgi dolu ailə mühiti uşaqların şəxsiyyət kimi böyüməsinə müsbət təsir etdiyi kimi, şiddət və qorxu dolu mühit də onların psixikasına mənfi təsir göstərir. Valideynlər evdə sevgi mühiti yaratmaqla övladlarının fərdi inkişafına töhfə verməlidirlər.
Tədqiqatlar təsdiqləyib ki, valideynlərin övladlarına göstərdiyi diqqət və maraq onların özünə inamını artırır. Ona görə də ailələr buna xüsusi vaxt ayırmağa, uşaqlara dəstək olmağa çalışmalıdırlar.
Məlum olduğu kimi, ailənin uşaqlara təsiri körpəlikdən başlayır. Uşaqların anlaya biləcəyi dildə ünsiyyət, rəftar və davranışlar onların inkişafının təməl prinsiplərindəndir. Xüsusilə 0-6 yaş uşaqların həyatında ən vacib dövr sayıldığından bu mərhələdə ailənin üzərinə böyük məsuliyyət düşür.
Amerika Təhsil Tədqiqatları Assosiasiyasının araşdırmaları göstərir ki, ailələrin uşaqlara münasibəti və davranışları uşaqların motivasiyasını və təhsildəki nailiyyətlərini şərtləndirən əsas amillərdəndir. Onların qənaətinə görə, valideynlər vərdişlər yaratmaqla övladlarının məktəbəqədərki dövrdə öyrənmələrinə dəstək olmalıdırlar.
İngiltərədəki Southampton Universitetində aparılan tədqiqatlara əsasən demək olar ki, ailənin uşağın təhsilində birbaşa iştirakı uşaqların təhsildəki uğurlarını artırır və davamsızlığı azaldır. Bu araşdırmada vurğulanır ki, ailələrin övladlarına yanaşması uşaqların anlaya biləcəyi tərzdə olmalı və məktəbəqədərki dövrdə onların dünya görüşünün formalaşmasında fəal rol oynamalıdır.
Valideynlərin başqa bir məsuliyyəti övladlarının təhsilinə bələdçilik etməkdir. Onlar uşaqlara doğru və yanlışı fərqləndirməyi öyrətməli, zəhmət və nizam-intizam kimi dəyərləri aşılamalı, sağlam həyat tərzini mənimsəmələrinə və sosial bacarıqlarının inkişafına kömək etməlidirlər.
Kanadalı tədqiqatçılar uşaqların oxu və riyaziyyat bacarıqlarının formalaşmasında da ailənin böyük təsirini vurğulayıblar. Onların gəldiyi nəticəyə görə, övladlarının təhsilinə diqqət yetirən valideynlər onların akademik nailiyyətlərini artırır, davamsızlığı azaldır, mütaliə vərdişləri və geniş dünya görüşü formalaşdırılar. Bununla da onlar gələcək böyük uğurların bünövrəsini qoyurlar.
Mütəxəssislərin qənaətinə görə, ailələr övladlarının təhsilini istiqamətləndirmək üçün məktəb və birbaşa müəllimlə əməkdaşlıq etməli, onlara ev tapşırıqlarında və dərslərində yardım göstərməli, məktəb həyatı ilə bağlı problemlərin həlli üçün əllərindən gələni əsirgəməməlidirlər.
Uşaqların sosial bacarıqlarının inkişafında da valideynlərin xüsusi yeri var. Kiçik yaşlı uşaqlar evdə böyüklərlə ünsiyyət qurmaqla sosial bacarıqlarını inkişaf etdirirlər. Məktəblilərin ünsiyyət dairəsi isə daha geniş olur. Odur ki, valideynlər övladlarının dost çevrəsinə nəzarət etməli və onların sosial bacarıqlarının inkişafına yardım göstərməlidir. Bu yolla uşaqlar sosial həyata hazırlaşa, cəmiyyətdə fəal və uğurlu şəxsiyyət ola bilərlər.
Uşaqların dəyər və inanclarının formalaşmasında da ailə öz sözünü deyir. Valideynlər uşaqların müxtəlif fikirliliyə açıq və dözümlü olmasını təmin etməlidirlər.
Övladların gələcək karyerasında da ailənin əvəzsiz rolu var. Valideynlər onların istedadlarını kəşf etməli, maraqlarına uyğun istiqamətləndirməli və karyeralarına dəstək olmalıdırlar.
Dünyanını hansı nöqtəsində yaşamasından asılı olmayaraq bütün valideynlərin əsas məqsədi övladlarının təhsildə və təlimdə uğur qazanması, həyatda xoşbəxt olmasıdır. Bunun üçün isə əsas vəzifə uşaqların təhsil və tərbiyəsi istiqamətində düzgün və ardıcıl hərəkət etməkdir. Unutmayın ki, övladlarına yaxşı nümunə olmağı bacaran valideynlər daim öyüd-nəsihət verənlərdən daha yaxşı nəticələr əldə edirlər.