POMİDORLA ZAMANIN İDARƏ OLUNMASI




Təhsildə öyrənmə prosesini asanlaşdırmaq üçün istifadə olunan müxtəlif texnikalar var. Zamanın idarə olunması vasitələri onların arasında mühüm yer tutur.  Xüsusilə imtahana hazırlaşan şagird və tələbələrin diqqətinin cəmlənməsində belə texnikalar faydalıdır.  Sıx imtahan cədvəli, tapşırıqlar, layihə və ya tədqiqatların həyata keçirilməsi zamanı vaxtı düzgün qiymətləndirmək həm təhsilin səmərəliliyini artırır, həm də az müddətdə daha çox öyrənməyə kömək edir. Belə texnikalardan biri “Pomodoro” adlanır.  İtalyanca pomidor  mənasını verən“Pomodoro”- nun məqsədi öyrənərkən, yazarkən və ya oxuyarkən vaxtı effektli bölüşdürmək, öyrənmə prosesindən düzgün istifadə etmək, əldə ediləcək faydanı optimallaşdırmaqdır.

 

Bu pomidor hekayəsi 1980-ci illərin sonunda, italyan tələbə Françesko Çirillonun oxumaqdan yorulduğunu anladığı anda başlayıb. O hər gün saatlarla dərs oxusa da istədiyi nəticəyə nail ola bilmirdi. Çirillo əvvəlki öyrənmə üsullarını kənara qoyub fərqli addım atmaq qərarına gəldi. Dərs hazırlığına başlayarkən diqqətini ən azı on dəqiqə dərsə cəmləməyə qərar verdi. Vaxtı qeyd etmək üçün pomidor formasında olan bir mətbəx taymerini əlinə aldı. İndi bütün dünyada öyrənmə və araşdırma zamanı məhsuldarlığı artırmaq üçün istifadə olunan zamanın idarə olunması texnikası –“Pomodoro” belə doğuldu. Bu gün F.Çirillo məhz bu texnikanın təlimi və tətbiqi ilə bağlı biznes fəaliyyətilə məşğuldur.

 

Texnikanın əsas ideyası oxumaqdan yorulmaq həddinə çatmadan qısa mərhələlərlə işləməkdir: 25 dəqiqə iş, 5 dəqiqə fasilə. Əgər iş zamanı 25 dəqiqəlik vaxtı yarımçıq dayandırmısınızsa, deməli, “pomidor yarımçıq yeyilib”. Bu halda prosesə yenidən başlamalı olacaqsınız. Fasilələr zamanı ancaq istirahət və rahatlığa fokuslanmaq lazımdır. Çay, su içə, musiqi dinləyə, ətrafdakılarla söhbət edə bilərsiniz. Bu alqoritm dörd dəfə təkrarlanmalıdır, yəni proses boyu “dörd pomidor yemək” lazımdır. Sonra istirahət üçün daha uzun, yəni15-30 dəqiqəlik fasilə verilməlidir. Bu halda beyni yoran hansısa fəaliyyətlə məşğul olmaq lazım deyil. Texnikanın həyata keçirilməsi üçün lazım olan yeganə alət taymerdir.

 

“Pomidor” texnikası ilə işləmək üçün aşağıdakı qaydalara əməl olunmalıdır:

  • Prioritetləri müəyyənləşdirin. Bu zaman ən böyük və ən çətini deyil, daha vacib olanı seçmək lazımdır.
  • Bir anda yalnız bir məsələyə diqqət yetirin. Bir müddət üçün yalnız bir tapşırıq seçin. Növbəti tapşırığa yalnız cari işi tamamladıqdan sonra keçmək lazımdır.
  • Diqqətinizi yayındırmayın. Tapşırıq üzərində işləyərkən yalnız tapşırığa fokuslanın. Diqqətinizi yayındıracaq işlərdən - telefon zənglərinə, mesajlara cavab verməkdən, ətrafdakılarla söhbətdən çəkinin.
  • Prosesə fokuslanın. Taymeri 25 dəqiqəyə qurmağınız o demək deyil ki, həmin vaxt ərzində problem həll olunmalıdır. Burada tam konsentrasiya və prosesin özü vacibdir. Nəticəni ilk dəqiqələrdən axtarmayın.
  • Fasilələri qaçırmayın. Fasiləsiz işləyərək beyni çox yormağın zərəri olduğunu unutmayın. Aradakı qısa fasilələr sizə həm rahatlıq imkanı verəcək, həm də iş prosesindən çox uzaqlaşmayacaqsınız.
  • Nəticəni qiymətləndirin.

Bu gün neçə pomidor "yeyə bildiyinizi" hesablayın. Gün ərzində dörd bütöv pomidor “yeməyi” bacarmamısınızsa, növbəti gün nəticəni yaxşılaşdırmağa çalışın.

 

Bəs “Pomodoro” sizə nə verəcək?

  • Özünüzü daha dəyərli hiss edəcəksiniz. Zamanınızı səmərəli idarə etdiyiniz üçün işlərinizi vaxtında görə və özünüzə vaxt ayıra biləcəksiniz.
  • Planlaşdırma bacarıqlarınız təkmilləşəcək. –
  • “Pomodoro” məhsuldarlıq səviyyənizi artırır və günlərinizi dəqiq planlaşdırmağınıza kömək edir. Nəticədə həyatınız nizamlı olur. Hətta, əvvəllər bacarmadığınız digər işlərinizi də həll edə bilərsiniz.
  • Təxirəsalma vərdişlərinizi tərgidirsiniz. Bu həm təhsil, karyera, həm də şəxsi həyatınızda problemləri yoluna qoyur.
  • Bir dəfəyə daha çox tapşırıq üzərində çalışmaq vərdişini aradan qaldırır.

Əslində, “Pomodoro” texnikasının ən mühüm faydası budur. Çünki “multi-tasking” adlandırılan bu vərdiş İQ-nu aşağı sala, yaddaşa mənfi təsir göstərə bilir. Eyni zamanda, bu cür ,çalışmaq zehninizin enerji ehtiyatlarını tükədir.

Nəhayət, “Pomodoro” texnikası  fiziki və zehni yorğunluğu azaldır. Beynimizin dincəlmək və özünü yeniləmək üçün zamana ehtiyacı var. Odur ki, dərs intervallarınız arasında zehninizin dincəlməsinə imkan verin. Bunun üçün meditasiya edə, musiqi dinləyə, məzəli videoya baxa və ya ofisinizdə kiçik fiziki fəaliyyətlə məşğul ola bilərsiniz.