METAVERS TEXNOLOGİYALARININ TƏHSİLDƏ ROLU




Texnoloji tərəqqi hər sahədə olduğu kimi, təhsildə də böyük dəyişikliklərə səbəb olub. Gələcəyin peşələri dəyişir və əvvəllər heç təsəvvür etmədiyimiz yeni ixtisaslar meydana çıxır. Bu yazıda metavers konsepsiyasının təhsilə təsiri araşdırılıb.

Metavers ingilis dilində "kainat" və yunanca "sonra" mənasını verən iki sözün birləşməsindən əmələ gəlib. Əslində “uydurma kainat” mənasını verən metavers yaşadığımız sosial həyatdan fərqli bir “post-real” dünyadır. Bu anlayış ilk dəfə 1992-ci ildə Neal Stefensonun “Snow Crash (Parazit)” romanında işlədilib. Bu yeni “kainatda” insanlar real dünyadan tamamilə fərqli bir kainatda uydurma personajlar yarada və sosiallaşa biləcəklər.

Metavers artırılmış reallıq (AR) və blokçeyn texnologiyasının sosial media ilə birləşməsi sayəsində indiki halına çatıb. Başqa sözlə, metavers texnoloji və iqtisadi dəyişikliklərlə birlikdə istifadəçilərin formalaşdırdığı mərkəzləşdirilməmiş virtual kainatdır. Bu dizaynın ən məşhur nümunəsi 2003-cü ildə real həyat simulyasiyası olan Second Life adlı oyundur. Bu oyunda profil yaratmaq, görünüş, ünvan, peşə seçmək və digər insanlarla ünsiyyət qurmaq mümkündür. Metavers oyun oynamaqdan əlavə, səyahət, təlim, konsert və tədbirlərdə iştirak, digər istifadəçilərlə kinoya getmək, hətta biznesi idarə etmək imkanı verir.

Təhsildə metavers texnologiyası virtual reallıq (VR) və artırılmış reallıq (AR) tətbiqlərini inteqrasiya etməklə şagirdlərin bilik və bacarıqlarını artırmağa yönəlib. Təhsildə metavers daha interaktiv və istifadəçi mərkəzli öyrənmə imkanları yaradır. Xüsusilə pandemiya dövründə bu texnologiyanın distant təhsildə böyük fayda verdiyi təsdiqlənib. Onun təhsilin bütün səviyyələrində istifadəsi şagirdlərin uğur və motivasiyasını artırmaq potensialına malikdir.

Metavers texnologiyasının təhsildə rolu təhsilalanlara interaktiv öyrənmə mühiti təqdim etməklə təhsil proseslərinə daha böyük fayda verməkdən ibarətdir. Bu texnologiya mövzuları daha yaxşı anlamağa, praktiki öyrənmə təcrübələrinə sahib olmağa, VR və AR-dan istifadə etməklə təhsildə motivasiyanı yüksəltməyə imkan verir. Bu texnologiya sinfin fiziki hüdudlarından kənara çıxmaqla distant təhsildə səmərəli öyrənmə mühitini təmin edir:

  • İnteraktiv və immersiv mühitlər: təhsilalanlar virtual reallıq və əlavə reallıqdan istifadə etməklə dərs materiallarını daha asan öyrənirlər.
  • Real vaxtda əməkdaşlıq: şagirdlər və müəllimlər virtual sinif otaqlarında istədikləri vaxt görüşə və birgə layihələr üzərində işləyə bilərlər.
  • Çevik öyrənmə: məkandan asılı olmayaraq öyrənmə və təhsil imkanı verir.
  • Real dünya simulyasiyaları: şagirdlər virtual mühitdə real dünyadakı tətbiqləri yerinə yetirərək praktik təcrübə qazana bilərlər.
  • Artan iştirakçı sayı: oyunlaşdırma və virtual təcrübələr sayəsində getdikcə daha çox şagirdin motivasiyası güclənir və əlaqəsi genişlənir.

Bu proqramlar təhsildə innovativ yanaşmaların və səmərəli öyrənmə metodlarının inkişafına kömək edir. Metaversin üstünlükləri arasında öyrənmə prosesini zənginləşdirməklə şagirdlərin təhsil uğurlarını dəstəkləmək də var. Distant təhsildə şagird motivasiyası artırılarkən, öyrənmə prosesləri daha səmərəli və təsirli olur. Metavers distant təhsili ənənəvi sinif mühitinə yaxınlaşdırmaqla öyrənmə təcrübəsini daha da genişləndirir.

Azyaşlı məktəblilərin təhsilində genişlənmiş reallıqdan istifadə getdikcə daha çox yayılır. Pedaqoji jurnalların araşdırmasına görə, orta məktəb şagirdlərinin riyaziyyat və fizikanı mənimsəməsində VR və AR-in səmərəliliyi təsdiqlənib.

Metaversdən tibb, mühəndislik kimi ixtisasların tədrisində də geniş istifadə olunur.

VR və AR texnologiyaları ənənəvi təhsildə problemlərin həllinə kömək etmək potensialına malikdir. Bununla belə, bu texnologiyaların təhsildə geniş istifadəsi hələ də sual altındadır. Pedaqoqlar və təhsil idarəçiləri inkişafa uyğunlaşmalı, virtual reallıq və əlavə reallıq texnologiyalarını mənimsəməlidirlər.

Metavers texnologiyası təhsil sahəsində yeni peşələr də yaradıb. Bura aşağıdakılar daxildir:

  • Virtual reallıq təlimçisi: metavers platformalarında təlim materialları və kurslar hazırlayan, virtual dərsləri idarə edən ekspertlər.
  • Təhsil məzmununun tərtibatçısı: virtual və genişlənmiş reallıq üçün interaktiv təhsil materialları və simulyasiyalar hazırlayan peşəkarlar.
  • Rəqəmsal təhsil məsləhətçisi: təhsil müəssisələrinə metavers inteqrasiyası və istifadə strategiyaları üzrə rəhbərlik edən məsləhətçilər.
  • Virtual kampus meneceri: metavers daxilində yaradılan virtual kampusları idarə edən və işlədən insanlar.

Bu peşələr təhsildə metaversin istifadəsini dəstəkləyən yeni karyera yolları kimi təqdim olunur.