EDUTAINMENT DÖVRÜ BAŞLAYIB
“Dərs oxumaq niyə bu qədər darıxdırıcıdır?” deyib şikayətlənənlər üçün sevindirici xəbər var. Artıq bir neçə ildir ki, təhsildə yeni təlim növünün - “edutainment” (edu-təhsil, tainment -əyləncə) “əyləncəli öyrənməy”in tətbiqinə başlanılıb. Yeni təlimin məqsədi öyrənənlərə biliyi anlaşılan, sadə, maraqlı və əyləncəli formada ötürməkdir.
Bu formatda dərslər media məhsullarının, oyun və nağılların istifadəsi ilə tədris olunur. “Edutainment” fərqli tədris metodlarından istifadə etməklə əyləncəyə əsaslanan müstəqil təlim texnologiyası hesab olunur.
Bəs bu “maarifləndirici əyləncə” ideyası necə yaranıb?
“Edutainment” sözünü ilk dəfə 1954-cü ildə Uolt Disney “True-Life Adventures” adlı sənədli serialında istifadə edib. 1973-cü ildə ingilis coğrafiyaşünası Robert Hayman televiziya çıxışında bu termini təhsillə bağlı filminin təsvirində işlədib. İndi xaricdə tədris üçün nəzərdə tutulan filmlər, televiziya və radio proqramları, kompüter proqramları və s. “edutainment” adlanır.
Maraqlıdır ki, ingilis dilindəki müasir “school” sözü qədim yunan dilindəki σχολή – scholi sözündən (asudə vaxt, istirahət və əyləncəli vaxt keçirmək üçün yer) yaranıb. Deyə bilərik ki, “edutainment” müəllim və şagirdləri əsasını qədim yunanların qoyduğu təlim prosesinə qaytarır.
Bu təlimdə istifadə olunan pedaqoji prinsiplər aşağıdakılardır:
- Nəzəriyyə və təcrübə arasında əlaqə. Dərsdə nəzəriyyənin izahından sonra təcrübəyönlü tapşırıqlardan, real həyat nümunələrindən istifadə olunması;
- Ardıcıllıq. Texnologiya öyrənilən mövzuları möhkəmləndirməyə, yeni mövzulara asanlıqla keçməyə kömək edir.
- Mövcudluq. Tətbiq olunan alətlər yaş və bacarıqlara uyğun, sadədən mürəkkəbə doğru istifadə olunur. Əyləncə isə həqiqətən bu prinsipi həyata keçirməyə kömək edir.
Buradan aydın olur ki, əyləncəli öyrənmə tədris olunan materialı sistemli şəkildə mənimsəməkdə faydalıdır. “Öyrənmə Piramidası”nın müəllifi amerikalı pedaqoq Edqar Dalenin göstərdiyi kimi, təhsildə istifadə olunan bu vasitələr şagirdlərin öyrəndikləri nəzəri biliklərin təcrübədə tətbiqinə imkan verir.
“Edutainment” harada və necə tətbiq olunur?
- Bu təlimdə artıq adi hala çevrilən müasir nümunə təhsil proqramlarına uyğunlaşdırılmış kompüter oyunlarıdır. Bu oyunlar sayəsində oxumaq, saymaq, dünyanı kəşf etmək və xarici dil öyrənmək olduqca asanlaşıb.
- Stolüstü oyunlar həm maarifləndirici, həm də əyləncəli ola bilər. Məsələn, "Təkamül" oyunu uşaqları təkcə oyuna cəlb etmir, həm də heyvan və bitki aləminin təfərrüatları ilə tanış olmağa imkan verir.
Daha kiçik miqyaslı nümunələrdən danışsaq, bunlar problemlər, rol oyunları, nümunə araşdırmaları, videolara baxmaq və müzakirə etmək, debatlar və müzakirələr, beyin fırtınası, incəsənət texnikaları, tamaşaların qurulması və eksperimentlərin aparılması ola bilər. Tədris-əyləncə texnologiyasının tətbiqi üçün ən uyğun fənlər dil fənləri (xüsusilə də xarici dillərin öyrənilməsi) sayıla bilər.
Mütəxəssislər nə deyir?
Elmi tədqiqatlar sübut edib ki, audio, video və fiziki tərbiyəvi oyunlar şagirdlərin təhsilə marağını artırmağa müsbət təsir göstərir. Bu metodla müəllimlər uşaqları əyləncəli şəkildə öz əqli və fiziki inkişaflarını təkmilləşdirməyə həvəsləndirir.
Bu təhsil
- fərdi öyrənməni həvəsləndirir;
- nəzəri fənlərin daha yaxşı anlaşılmasına kömək edir;
- yaradıcılığı və vizuallığı artırır;
- adi sinif otaqlarını ağıllı siniflərə çevirir;
- interaktiv tədris və təlim metodlarını təkmilləşdirir;
- rəqəmsal mədəniyyəti təbliğ edir;
Bu texnologiyanın öyrənənlər, müəllimlər və bütövlükdə sistem üçün faydaları ilə bərabər mənfi tərəfi də var:
- kompüter arxasında çox oturmaq uşaqların fiziki və emosional inkişafına mənfi təsir göstərə bilər;
- öz-özünə öyrənmə yolu ilə uşaqlar qeyri-dəqiq məlumat ala bilərlər;
- sosial qarşılıqlı əlaqə və davranış bacarıqlarını məhdudlaşdıra bilər;
- texnologiyadan yanlış istifadə oluna bilər və öyrənmədə mənfi nəticələr verə bilər.
Mütəxəssislər tərəfindən ən çox istinad edilən və müəllimlərin qorxduğu əsas problem qeyri-oyun formalarında olan öyrənməyə marağın azalması ola bilər. Bu problem həqiqətən mövcuddur. Məsələn, şagird oyunlaşdırılmış təlimə alışır və əvvəlcə fəal şəkildə irəliləsə də, öyrənmək üçün daxili həvəsi olmadığından oyun elementlərindən gələn motivasiya tədricən yox olur.
Buna görə də pedaqoqlar şagirdlərin daxili motivasiyası ilə işləməyi tövsiyə edirlər. Onların fikrincə, şagirdin motivasiyası üzərində işləmək və effektiv öyrənmə üçün zəruri olan atmosfer yaratmaq əla texnologiyadır. Özünüzün və şagirdlərinizin potensialını araşdırın, əyləncəli və ciddi öyrənmənin nisbətini tapın və öyrənməyə müxtəliflik qatın. Axı təhsil də elə budur, elə deyilmi?!