“MATİLDA EFFEKTİ” NƏDİR?




Müasir sənayeləşmiş dünyada savadlılıq və formal təhsil əhalinin böyük hissəsi üçün əlçatandır. Dünyanın az qala bütün dövlətləri qızların oxumaq hüququnu tanısa da, reallıqda onlar bu haqlardan tam yararlana bilmirlər. Təəssüf ki, hətta inkişaf etmiş cəmiyyətlərdə belə qadına övlad dünyaya gətirməyə, onu böyütməyə, ailəsinin bütün yükünü daşımağa məhkum varlıq kimi baxılır.

Qədim tarix elmi deyir ki, müxtəlif sivilizasiyalarda qadınların təhsilinə fərqli münasibət olub. Məsələn, dinlər meydana gəlməzdən öncə, qədim Misirdə oxu, yazı, hesab və memarlığın hamisi ilahə Seşat idi. O, "Kitab evinin xanımı" kimi tanınırdı. Onun tanrıların kitabxanasına rəhbərlik etdiyi və “yer üzündəki kitabxanaların ilahəsi” adlandırıldığı deyilir . Bir tanrıçanın bu cür görkəmli rolu göstərir ki, qədim dünyada belə müəyyən sosial təbəqədən olan qadınlar üçün savadlılıq qadağan olunmayıb.

Qədim Yunanıstanda, şumerlərdə, Elam mədəniyyətində qadınların təhsili ilə bağlı xeyli faktlar var. Amma bu qadınların kütləvi təhsili demək deyildi.

Qadınlara təhsil hüququnun verildiyi və onların kütləvi təhsilə yönəldildiyi müddəti “elm tarixinin yeni dövrü” kimi qiymətləndirmək olar. Qadınların təhsili və öyrədilmə yollarını araşdıran elmi işlərdə göstərilir ki, qızlar oğlanlarla oxşar və ya eyni təhsil aldığı dövrlərdə belə əksər tarixi nümunələrdə qızlara fərqli kurikulumla təhsil verilib. Araşdırılan tarixi ədəbiyyatın çox hissəsi qadınların bir neçə əsr boyunca təhsil imkanlarından necə uzaqlaşdırıldığına diqqət yetirir.

Alman tarixçi Vulfhanq Behrincer yazır ki, 1450–1750-ci illər ərzində Avropada həyata keçirilən çoxsaylı "cadugər ovları"nda minlərlə insan edam edilmişdi. Onların 75–95 faizini qadınlar təşkil edirdi. "1590-cı ildə həyata keçirilən ilk böyük “cadugər ov”unda edam olunanların 90 faizini qadınlar təşkil edirdi. Bu qadınların 70 faizi isə yaşı 22-dən aşağı olan gənc qızlar idi."

Cadugərlərin müəyyənləşdirilməsi üçün iki inkvizitor keşişin kitabında oxuyub yaza bilən, bilik və bacarıqlara sahib, öz fikri olan qadınlar hədəf kimi göstərilirdi.

UNESCO-nun hesabatlarında göstərilir ki, dünyada 771 milyon insan savadsızdır. Onların 500 milyona qədəri qadınlardır.

Elə bu səbəbdən dünyanın tanınmış şou-biznes ulduzları, siyasətçilər və idmançılar dövlət rəhbərlərinə açıq məktub imzalayaraq qadınların oxumaq haqqına əməl olunmasını istəyiblər. 155 ölkədə cinsi ayrı-seçkilik üzündən onların təhsil hüquqlarının pozulmasına etiraz ediblər. Müraciəti imzalayanlar arasında teleaparıcı Opra Uinfri, siyasətçi Kondoliza Rays, aktrisalar Meril Strip, Şarliz Teron, musiqiçi Elton Con, idmançı Məhəmməd Əli də vardı.

Qadınlara qarşı diskriminasiya Yaxın Şərqdəki bütün ölkələrdə müşahidə edilsə də, Əfqanıstandakı vəziyyət ağırlığı ilə seçilir. Ölkədə qızların cəmi 5,9 faizinin orta təhsili var. Orta təhsilli kişilərin sayı isə 29,8 faizdir. Ən acınacaqlısı isə odur ki, bu ölkədə artıq qadınların təhsil hüququ tamamilə əlindən alınıb və yuxarıda qeyd olunan rəqəmlər ildən-ilə azalmaqdadır. Yəməndə də oxşar vəziyyətdir – BMT-nin açıqladığı rəqəmlərə görə, qadınların yalnız 8,6, kişilərin isə 26,7 faizinin məktəbə getdiyi bildirilir.

Belə olan halda, qadınların elmdə kişilərdən geri qaldığını iddia etmək sosial ədalətsizliyə və gender bərabərliyinə göz yummaqdır.

Başqa bir problem isə qadınların elmə verdiyi töhfələrin sistemli şəkildə inkar edilməsi, onların əməyinin dəyərdən salınması və kişi həmkarlarına aid edilməsidir. Elmdə buna “Matilda effekti” deyilir.

Hələ XIX əsrdə amerikalı yazıçı, feminist Matilda Qeyc iddia edirdi ki, kişilər bilərəkdən qadınların qabiliyyətlərini aşağılayır və onların əsərlərini mənimsəyirlər.

Qadınların səsvermə hüququ uğrunda mübariz M.Qeyc eyni zamanda elmdə qadınlar haqqında kitab yazan ilk amerikalı müəllif kimi tanınır. Onun "Qadın ixtiraçı kimi" adlanan kitabında qadınlara məxsus əhəmiyyətli texnoloji ixtiralar təsvir edilib.

“Matilda effekti” ifadəsini ilk dəfə 1993-cü ildə elm tarixini araşdıran Marqaret Rossister Matilda Qeycin şərəfinə işlədib.

Rossiter tarixdə “Matilda effekti”nə aid bir neçə nümunə göstərib. XII əsrdə italiyalı qadın həkim olan Salernolu Trotulanın yazdığı kitablar ölümündən sonra kişi müəlliflər tərəfindən mənimsənilib. Müəllif XIX və XX əsrlərdə Netti Stivens, Mariya Składovskaya-Kuri, Liza Meytner, Marietta Blau, Rozalind Franklin və Jozelin Bell Burnel kimi alim və ixtiraçıların əməyinin mənimsənildiyi faktlarını göstərib.

Stenford Universiteti Tibb fakültəsinin professoru Ben Barres məqalələrinin birində cinsini dəyişərək qadından kişiyə çevrildikdən sonra elmi nailiyyətlərinə və bütövlükdə fəaliyyətinə fərqli münasibətlə üzləşdiyindən söz açıb. Alim ABŞ kimi inkişaf etmiş ölkədə də elmdəki qadınların kişilərin yaratdığı əngəllərlə mübarizə apardığını vurğulayıb.

UNESCO Statistika İnstitutunun 107 ölkə üzrə məlumatlarının təhlilinə əsasən, 2018-ci ildə qadınlar bütün dünya üzrə tədqiqatçıların yalnız 33, süni intellekt kimi texnoloji sahələrdə isə daha az – 22 faizini təşkil edir. Həmin statistika göstərir ki, kişilərlə müqayisədə qadın elm adamları daha az maaş alırlar, ailə öhdəliklərinə görə daha uğurlu karyera imkanlarını itirirlər.

UNESCO 2030-cu ilə qədər olan Dayanıqlı İnkişaf hədəflərində elm və təhsildə gender bərabərsizliyi və gender qərəzinin aradan qaldırılması üçün tədbirlərin vacibliyini vurğulayıb: “İnkişaf Gündəliyinin 17 məqsədinə mümkün qədər müxtəlif elmi işçi qüvvəsi ilə nail olmaq mümkündür. Dünya əhalisinin yarısını təmsil edən qadın və qızların elmi potensialından tam istifadə olunmasa bu cəhdlər uğur qazana bilməz”.

Sənəddə göstərilir ki, elmdə gender bərabərsizliyi ilə mübarizəyə qızların çox erkən yaşlarından başlamaq lazımdır. Onlarda erkən yaşda elmə maraq aşılanmalı, istedadları üzə çıxarılmalı, elmi bacarıqlar və rəqəmsal bilikləri inkişaf etdirilməlidir. Bütün dünyada qızlar özlərini güclü hiss etməli, elmə verə biləcəkləri töhfələrdən xəbərdar olmalı, elm adamları kimi uğurlu karyera imkanlarından yararlanmalıdır.

BMT-nin 11 fevralı “Beynəlxalq Elmdə Qadınlar və Qızlar Günü” kimi təsis etməsinin məqsədi elm, təhsil və karyerada gender bərabərliyini təşviq etmək, iştirak üçün maneələri, şüurlu və ya şüursuz qərəzi aradan qaldırmaq və stereotiplərə meydan oxumaqdır.

Bundan başqa BMT-nin “Women in science” və “Girls Up” proqramları da qadınlara və gənc qızlara elmdə uğur qazanmaq, gender bərabərsizliyini aradan qaldırmaq üçün yaradılan bir fürsətdir.

Ən sonda iki cinsin elmi və fiziki potensialının müqayisəsi ilə bağlı müzakirələri elmi çevrələrdə tez-tez işlənən “müqayisə olunmayanları müqayisə etmirlər” yanaşmasını xatırlatmaq yerinə düşər.