OXUDUĞUNU ANLAMAQ DƏRDİ
Oxuduğunu anlamaq oxunan mətnin mənasını başa düşmək, onu şərh etmək və oxunanlara münasibət bildirmək bacarığıdır. Bu, ibtidai siniflərdən başlayaraq şagirdlərə öyrədilməsi vacib hesab olunan bacarıqlardan biridir.
İstənilən kitabı, mətni, dərsi anlamaq və mənimsəmək üçün beyin təkcə sözlərin ardıcıllığını deyil, həm də onların məzmununu emal etməlidir.
Son vaxtlar məktəblilərin bu bacarıqlarının kifayət qədər inkişaf etməməsi ilə bağlı narahatlıqlar gündəmdədir.
PISA (Beynəlxaq Şagird Qiymətləndirmə Proqramı) araşdırmaları da şagirdlər arasında oxuduğunu anlayanların sayının aşağı olması ilə bağlı deyilənləri təsdiqləyir.
Məlumdur ki, sözlərimiz və hərəkətlərimiz bizi digər insanlardan fərqləndirir və şəxsiyyətimizi müəyyən edir. Odur ki, oxumaq, anlamaq, təhlil və tənqid etmək bacarığı hər kəsin mənimsəməli olduğu intellektual fəaliyyətdir.
Pedaqoqların fikrincə, istənilən mətni oxuyarkən əvvəlcə nə üçün oxuduğunu bilmək, yəni məqsəd formalaşdırmaq lazımdır. Bunun üçün “Mən buradan nə öyrənmək niyyətindəyəm?” sualına cavab tapmaq vacibdir.
Oxuduqlarını anlamaq qabiliyyəti fitri istedad deyil. Bu məsələ təkcə məktəbliləri deyil, böyükləri də narahat etdiyindən oxuduğunu anlamaqla bağlı problemlər hər yaşda müəyyən strategiyalarla aradan qaldırıla bilər.
Düzgün suallar vermək diqqətinizi cəmləməyə və mətni daha yaxşı anlamağa kömək edəcək. Anlamağa əsas suallarla başlayın - “kim?”, “nə?”, “nə vaxt?”, “harada?” və “niyə”? Məsələn, “Mətni anlamaq strategiyaları” alt başlığını götürüb onu “Mən mətni başa düşmək strategiyaları haqqında nə bilirəm?” sualına çevirə bilərsiniz.
Mətni oxuya-oxuya suallara cavab axtarın. Suallar üzərində işləyərkən vacib məlumatları vurğulayın və qeydlər edin ki, mətni dəfələrlə oxumağa ehtiyac qalmasın.
Oxuyarkən mətni necə dərk etdiyinizi aydınlaşdırmaq üçün fasilə vermək lazımdır. Oxumağınızın tənqidi düşünməyə kömək edib-etmədiyini müəyyən etməyə çalışın. Məqsədinizi yaddan çıxarmayın: mətni dərk və təhlil etmək üçün diqqətli olmaq lazımdır.
Unutmayın ki, məlumatı daha yaxşı mənimsəmək üçün söz ehtiyatını zənginləşdirmək lazımdır. Nə qədər çox söz bilsəniz, mətni, eləcə də sözlərin hansı kontekstdə istifadə olunduğunu bir o qədər yaxşı anlayacaqsınız.
Yeni sözləri öyrənmək onları mexaniki şəkildə əzbərləməklə deyil, mətndə nə üçün istifadə olunduğunu anlamağa çalışmaqla müşayiət olunmalıdır. Kitabda qeydlər aparın. Bir şeyi daha asan təsvir etmək üçün istifadə olunan maraqlı sözlərlə qarşılaşanda onları bir dəftərə yazın. Sözləri yazmaq onları yadda saxlamağa kömək edəcək.
Oxuyarkən diqqətinizi heç nəyin yayındırmayacağı sakit bir yer seçin.
Mətnin və ya məqalənin əsas bölmələrini cəld gözdən keçirin. Oxuduğunuz əsas fikirləri vurğulayın və ya onu öz sözlərinizlə yazın. Xülasə, giriş və nəticəyə təkrar göz gəzdirin. Mövzunu tam anlamaq üçün başqa hansı kitab və məqalələri oxumalı olduğunuzu araşdırın.
Diqqət yayındıran amilləri aradan qaldırın.
Dağınıq masa, telefon bildirişləri, kompüter ekranı həm uşaqların, həm də böyüklərin konsentrasiyasını pozan amillərdir. Bu səbəbdən oxumağa başlamazdan əvvəl diqqətinizi yayındıra biləcək xarici faktorları aradan qaldırmalı və ya özünüzü daha rahat hiss edəcəyiniz bir mühitə keçməlisiniz.
Oxuyub-anlama texnikaları arasında digər mühüm amil oxuyarkən mətnin əsas ideyasının müəyyənləşdirilməsidir. Mətnin ötürmək istədiyi mesajı anlamağa çalışmaq əsas fikri tapmağa kömək edir. Bundan əlavə, əsas fikrin izahı bir paraqraf və ya mətn boyu verilə bilər. Məqalə uzundursa, onu ümumiləşdirərək anlamaq olar. Tədris prosesində bu, səmərəli üsul sayılır. Çətin mətnləri ümumiləşdirərək sadələşdirdikdə, deyilənləri tez və asanlıqla başa düşəcəksiniz.
Anlaşılmaz mətnləri ucadan oxuyun.
Uzun, mürəkkəb cümlə və ya abzasları yüksək səslə oxumaq anlamağı asanlaşdıra bilər. Oxuyub-anlama fəaliyyətlərindən olan ucadan oxumaq insanın oxuduqlarını həm səsli, həm də vizual olaraq qavramasına şərait yaradır. Yüksək səslə oxumaq da konsentrasiyanı yaxşılaşdıra bilər. “Yüksək səs” dedikdə özünüz eşidə biləcəyiniz qədər səs nəzərdə tutulur. Çox yüksək səs insanı həm yora, həm də anlamaq əvəzinə çaşqınlığa səbəb ola bilər.
Anlayana qədər təkrarlayın.
Bir cümlə və ya abzası başa düşmədiyiniz zaman əvvələ qayıdıb daha sakit və yavaş oxuyub təkrarlayaraq onu anlamağı asanlaşdıra bilərsiniz. Bəzən sürətli oxumaq və ya oxuyarkən başqa şeylər haqqında düşünmək mətnin anlaşılmamasına gətirib çıxarır. Bu halda konsentrasiya gücləndirilməli, mətnə diqqət yetirməlidir.