XXI əsrin öyrənmə bacarıqlarında qadınlar
Bu günlərdə Bakı Dəniz Vağzalı nəzdindəki İncəsənət Mərkəzində “Qadınlar STEM”-də adlı festival keçirildi. Tədbirin təşkilatçıları “Woman in Tech” və “QadinFest” idi.
Ötən illərin statistikasına görə, dünya üzrə STEM sahəsində çalışanların 30 faizə qədərini qadınlar təşkil edir. Bu da BMT-nin bir çox proqramları da daxil olmaqla dünyanın reytinqli universitet və tədqiqat institutlarını qadınlar üçün xüsusi təlim və kurslar keçirməyə sövq edir.
Bakıda keçirilən festivalın da məqsədi STEM haqqında təsəvvürü olmayanlara məlumat vermək, bu sahə üzrə təhsil alan tələbələrə və gənc mütəxəssislərə iş tapmaqda yardım göstərmək idi. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qızların və qadınların təhsilinin önəmini xüsusi vurğuladı. Onun sözlərinə görə, “bu gün qızların təhsilə cəlb olunmaması gələcək nəsillərin tərbiyəsində özünü göstərəcək. Yəni bugünkü anaların təhsil almaması onların yetişdirəcəyi övladlara təsir edəcək. 2030-2040-cı illərdə bu problem özünü daha aydın göstərəcək. Savadlı gələcək üçün qadınların təhsilə cəlb edilməsi çox vacibdir”.
Nazir ölkədə dəqiq elmlərin, xüsusi ilə riyaziyyatın tədrisinə xüsusi önəm verildiyini vurğuladı. Onun sözlərinə görə, “ölkədə fundamental riyaziyyatçılar yetişməyincə, uğurlu startapçılar da olmayacaq”.
Qeyd edək ki, festivalda əmək yarmarkası, STEM üzrə müxtəlif master-klasslar təşkil olunmuşdu.
Azərbaycanda STEM və STEAM-in yayılması, qızların bu təhsilə cəlb edilməsi, bu sahədə ölkədə və dünyadakı yeniliklərlə bağlı yazımızı yaxın günlərdə oxuya biləcəksiniz.