“VAR OLSUN MAARİFÇİLƏR!”




Böyük mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin fəaliyyəti və yaradıcılığı bir çox elm adamları üçün araşdırma qaynağıdır. Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı çox fərqli rakurslardan tədqiq edilir. Kimi onun fəaliyyətinin ideoloq, dövlət quruculuğu konsepsiyasının müəllifi, kimi tarixçi, filoloq, kimi də publisist tərəflərini araşdırır. Əminliklə demək olar ki, onun maarifçi, elm və təhsillə bağlı həm publisist, həm də ictimai xadim kimi fəaliyyəti pedaqoji fikir tarixi tədqiqatçıları üçün hələ uzun illər araşdırma mövzusu olacaq. Bunu böyük mütəfəkkirin 140 illiyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamındakı fikirlər də təsdiqləyir: “Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur”.

Rəsulzadə publisistikasını araşdıran tədqiqatçılar göstərir ki, onun hələ gənc yaşlarından yazdığı məqalələrdə “millətin gələcəyi üçün elm və təhsilin yeganə yol” olduğu vurğulanır. 1906-cı ildə "Nicat" Maarif Cəmiyyətinin açdığı qiraətxana ilə bağlı Rəsulzadənin yazdığı məqalə belə bitir: “Yaşasın maarif! Var olsun maarifçilər!” Onun yaradıcılığını izlədikcə bu sözlərin təkcə şüar deyil, M.Ə.Rəsulzadənin təhsilə baxışının leytmotivi olduğu anlaşılır. Sonralar o, “Açıq söz” qəzetində bu fikrin davamı kimi yazırdı: “Müəllimlər qədər cəmaətə yaxın olan, müəllimlər qədər xəlqin ehtiyacına daima və munis olan bir sinif təsəvvür olunmaz... Çalışın ki, camaət məktəblərini aldığı ada layiq edə biləsiniz! Çalışın ki, camaəti təhlükəyə salan bəzi hissiyyat, onu qəflətdə saxlayan bəzi mövhumat və bunlara meydan açan üsuli tədris və təlim bilmərrə məktəblərdən qovulsun!”

Bu gün əminliklə demək olar ki, XXI əsr Azərbaycan təhsili üçün prioritet sayılan məsələlər 110 il öncə Rəsulzadənin xüsusi diqqət yetirdiyi problemlər sırasında idi. Məktəbəqədər tərbiyə, ibtidai təhsil, peşə məktəbi, Bakıda universitet açılması onun redaktoru olduğu “Açıq söz” qəzetində ardıcıl işıqlandırılan mövzulardan idi.

Hələ də Azərbaycan cəmiyyətində milli dildə təhsilin vacibliyi ilə bağlı müzakirələr aparılarkən ötən əsrin əvvəlində gənc publisist məktəblərin milliliyini xüsusi vurğulayaraq yazırdı: “İbtidai məktəb gərək ki, milli olsun. İbtidai məktəb gərək ki, yerli camaətə doğma olsun. Burada təlim ana dilində olsun. Bu məktəblər gərək ki, cəmiyyətin məişətinə uyğun olsun. İştə bu nəzərlər həmişə maarifi politika aləti deyil, camaət ümidgahı etmək istəyənlərin xahişi idi”.

Axund ailəsində dini tərbiyə ilə böyüsə də, Rəsulzadə dilin bir etnosun inkişafında dindən daha böyük və daha təsirli olduğunu söyləyəcək qədər böyük cəsarət sahibi idi: “İnsanlar arasında cameyyət vücuda gətirən iki amil vardır: bunlardan biri din, digəri də dildir. Məlum olduğu üzrə din müxtəlif mütəkkəlim və müxtəlif cinsdən (irqdən, qövmdən – M.Ə.R.) olanları birləşdirdiyi halda, dil ancaq bir cinsdən və bir növdən olan insanları birləşdiriyor. Dinmi böyük amili-ictimaidir, yoxsa dil?... Buna özümüz bir cavab verməzdən əvvəl islam aləmində məşhur olan Şeyx Cəmaləddin Əfqaninin ...hindistanlılara xitabən yazmış olduğu bir məqaləsində diyor ki, ...bir dil üzrə danışan bir irqi görürük ki, min illik bir müddət əsnasında dil vəhdətindən ibarət olan cinsiyyətə bir xələl gəlmədiyi halda iki-üç dəfə din dəyişiyor. Deyə bilərik ki, dünya işlərində dil birliyinin təsiri din birliyindən daha qüvvətlidir. Bunun üçündür ki, xristian bir yunanlı bütpərəst Əflatun, Ərəstun və Sokratla mərbutiyyətindən naşi təfaxür edir. Halbuki, hindi bir xristianın din birliyindən naşi xristian Qaliley və Nyuton ilə iftixar etməsi heç də yaraşmaz. ...Millətləri... mədəni və mütərəqqi qılmaq üçün dinlərindən deyil, dillərindən istifadə edilir”.

“Millilik və müasirlik” yolunu seçən lider “Tufana tutulan bir gəmi üçün hədəfsizlik nə qədər mühlik (təhlükəli) isə tarixi saatlarda bulunan bir millət üçün də əməlsizlik bir o qədər mühlikdir” deyirdi: “Mədəni yaşayış üçün üç əsas lazımdır - milliyyət, bəşəriyyət, əsriyyət”.

İyirminci əsrin əvvəlində Azərbaycan kəndlərində məktəb, müəllim və dərslik çatışmazlığı ilə bağlı silsilə yazılarında müəllif təkcə prosesi diqqətlə izlədiyini deyil, həm də problemdən çıxış yolları ilə bağlı təkliflərini də açıqlayırdı: “Nədən Bakıda bir darülmüəllimin olmasın, nə üçün müsəlman məktəblərində, türk uşaqlarına türkcə dərs vermək üçün hazırlanan müəllimlər hər bir cəhətlə bu xüsusata yaxın və müvafiq olan bir mərkəzdə hazırlaşmasınlar ki, öyrəndiklərinin məhəl tətbiqindən uzaq bir nöqtədə olsunlar”.

1914-cü ildəki məqalələrində ibtidai və orta məktəblərin açılması faktlarını alqışlasa da yazır ki, “Bu qisim bizdə hala ixtisasa əhəmiyyət verilmədiyini rəsmi bir surətdə elan ediyor. “İxtisas” kəlməsi rusca “spealnost” sözünün müqabilidir. İxtisas bir fənn və elmdə bilxüsus bilik sahibi olmaq və bir sənət və ticarətdə mahir və kamil olmağa deniliyor”. O, Tiflisdə politexnikumun açılmasını alqışlasa da Bakıda belə bir məktəbin olmamasına təəssüflənir. Onun “Qafqaziya ali məktəbi” adlı məqaləsində ixtisas və peşələrin, dar ixtisaslaşmanın, texniki bilikli kadrların hazırlanmasının yeni şirkət və sahələr üçün əhəmiyyətini vurğulayır. Belə demək olar ki, bu fikirləri ilə Rəsulzadə indi dünyada vüsət alan STEM tədrisinin əhəmiyyətini 110 il öncə diqqətə çatdırıb.

Cümhuriyyətin mövcud olduğu 23 aylıq dövrdə çox məhdud imkanlarla 99 tələbənin vacib ixtisaslarda təhsil üçün xaricə göndərilməsi də onun və məsləkdaşlarının təhsilin gələcəyinə mütərəqqi baxışlarının nəticəsi idi.  Başqa sözlə desək, Rəsulzadə təkcə müstəqilliyin, dövlət quruculuğunun deyil, təhsilin də yol xəritəsini çəkmiş böyük fikir adamıdır.