ÖYRƏNMƏYİN YOLLARI ÇOXDUR




Ənənəvi təhsil metodları getdikcə öz yerini yeni texnologiyaların tətbiqini nəzərdə tutan yanaşmalara verir. XXI əsr təhsilalanlarının cansıxıcı dərslərə qulaq asmaq və eyni tipli ev tapşırıqlarını etmək həvəsi yoxdur. Bununla belə, alternativ öyrənmə üsullarına keçid - təhsilin tam rəqəmsallaşdırılması – hələ ki, çox radikal dəyişiklik kimi görünür.

Mütəxəssislərin fikrincə, hazırda daha optimal seçim qarışıq öyrənmədir – (blended learning). Qarışıq öyrənmə ənənəvi üz-üzə təhsil metodları və onlayn öyrənmə üsullarını birləşdirməklə yaradılmış təhsil modelidir. Bu model şagird və tələbələrə həm sinifdə, həm də rəqəmsal platformalarda öyrənməyə imkan verir. Qarışıq öyrənmə təhsildə çeviklik və əlçatanlıq təklif etməklə yanaşı, öyrənmə təcrübəsini daha zəngin və effektli edir.

Tədqiqatçılar “Qarışıq öyrənmə” terminini fərqli yönlərdən açıqlayırlar. Amerikalı beynəlxalq tədqiqatçılar qrupunun "Rəqəmsal Universitetə Hazırlıq" icmalında qeyd edildiyi kimi, qarışıq öyrənmə öyrənənlər, müəllimlər və təhsil resursları arasında üz-üzə və uzaqdan qarşılıqlı əlaqənin müxtəlif formatlarını birləşdirən bir yanaşmadır.

Qarışıq öyrənmə necə yaranıb?

Əslində qarışıq öyrənmə internetin yaranmasından çox əvvəl meydana çıxıb. İnsan qaynaqları və işçi qüvvəsinin inkişafı üzrə ekspert Coş Bersin “Qarışıq öyrənmə kitabı: ən yaxşı təcrübələr, təsdiqlənmiş metodologiyalar və çıxarılan dərslər” adlı əsərində öyrənmənin inkişaf yolunun dörd mərhələsi müəyyən edilir:

1960-1970-ci illər: Əsas sistem (Mainframe) əsaslı öyrənmə

İlk yüksək texnologiya nümunələri arasında İllinoys Universitetində hazırlanan PLATO kompüter sistemini göstərmək olar. Burada mövcud olan riyaziyyatdan tutmuş musiqiyə qədər müxtəlif fənləri öyrədən tədris kursları məktəb, universitet və hətta həbsxanalarda da tədris üçün istifadə olunurdu. Yeri gəlmişkən, elektron testlər, forumlar və söhbətlər, ekran paylaşma rejimi və onlayn oyunlar ilk dəfə 2006-cı ilə qədər mövcud olan PLATO-da ortaya çıxıb.

1970-1980-ci illər: Yayım əsaslı öyrənmə

Yetmişinci illərdə ABŞ-də peyk rabitəsindən istifadə etməklə video yayımlara start verildi. Böyük şirkətlərdə bir yerə toplanan işçilər ekrandakı təlimatçının müşayiəti ilə xüsusi təlim keçirdilər. Texniki vasitələrin köməyilə hətta ona suallar da vermək mümkün idi. Stenford kimi universitetlər isə qiyabi təhsil alan tələbələrə professorların mühazirələrini yayımlayırdılar.

1980-1990-cı illər: CD-də tədris kursları və proqramlar

Bu format fərdi kompüterlərin meydana çıxması ilə məşhurlaşdı. Təlim provayderləri o dövr üçün yüksək keyfiyyətli video və audiodan, həmçinin zəngin interaktiv imkanlardan istifadə edə bilərdilər. Məsələn, Boeing öz işçiləri üçün üz-üzə təlimdən əvvəl CD-də tamamlanmalı olan kurslar hazırlamışdı.

1998 –ci ildən bu günədək: Onlayn formatın təlim prosesinə inteqrasiyası.

Başlanğıcda onlayn pionerlər CD üçün nəzərdə tutulan təhsil məzmununu İnternetə yükləsələr də bu, o qədər də effektiv nəticə vermədi — zəif sürətli internet bağlantıları və digər texniki məhdudiyyətlər təhsil təcrübəsinin keyfiyyətini aşağı saldı. Bununla belə, o vaxtdan bəri müəllimlər həm sinifdə, həm də ondan kənarda yüksək texnologiyanı öyrənmək üçün bir çox yeni faydalı vasitələrə malikdirlər.

Qarışıq öyrənmə modelləri

Qarışıq öyrənmə müxtəlif modellərlə tətbiq oluna bilər. Ən çox yayılmış modellərə rotasiya-fırlanma modeli, çevik, üz-üzə onlayn və genişləndirilmiş virtual model daxildir.

Rotasiya modeli öyrənənlərə müəyyən bir proqram çərçivəsində üz-üzə və onlayn kurslar arasında keçid etməyə imkan verir. Bu modeldə tələbə və şagirdlər dərslərini həftənin müəyyən günlərində sinifdə, digər günlərdə isə onlayn platformalar vasitəsilə davam etdirirlər. Rotasiya modeli həm üz-üzə qarşılıqlı əlaqəni, həm də rəqəmsal öyrənmənin çevikliyini birləşdirir. Bu, təhsilalanlara kurs materiallarını daha yaxşı anlamağa və möhkəmləndirməyə imkan verir.

Çevik model tələbə və şagirdlərə, əsasən, onlayn öyrənmə vasitəsilə təhsil almağa imkan verir, həm də ehtiyac olduqda üz-üzə dəstək təklif edir. Bu modeldə təhsilalanlar, ümumiyyətlə, onlayn kurs materiallarına öz sürətlərinə və vaxt çərçivələrinə uyğun daxil olurlar. Onlar fərdi ehtiyaclarına uyğun olaraq müəyyən vaxtlarda müəllimlərindən üz-üzə bələdçilik və dəstək ala bilərlər. Çevik model xüsusilə vaxtın idarə edilməsini və öz-özünə öyrənmə bacarıqlarını təkmilləşdirmək istəyənlər üçün idealdır.

Üz-üzə onlayn model sinif otağında təlimin onlayn materiallarla dəstəkləndiyi bir yanaşmadır. Bu modeldə müəllimlər dərs zamanı əlavə resurslardan, videolardan, interaktiv testlərdən və digər rəqəmsal materiallardan istifadə edirlər. Bu yolla tələbə və şagirdlər kurs zamanı aldıqları məlumatları onlayn materiallarla möhkəmləndirir və daha dərindən öyrənmək imkanı əldə edirlər. Üz-üzə onlayn model təhsilalanların sinifdə aldıqları təhsili zənginləşdirir və daha əhatəli öyrənmə təcrübəsi təmin edir.

Zənginləşdirilmiş virtual model, əsasən, onlayn təhsilə əsaslanır, eyni zamanda bəzən üz-üzə qarşılıqlı əlaqəni də əhatə edir. Bu modeldə təhsilalnlar dərslərini daha çox rəqəmsal platformalar vasitəsilə davam etdirirlər, üz-üzə görüşlər və ya seminarlar nadir hallarda keçirilir. Zənginləşdirilmiş virtual model coğrafi cəhətdən səpələnmiş öyrənənlər üçün idealdır və geniş auditoriyaya təhsil verir. Bu model tələbə və şagirdlərə rəqəmsal vasitələrdən səmərəli istifadə etməyə imkan yaradır və onlara çevik öyrənmə mühiti təklif edir.

Qarışıq təlim modeli müəllimlərə öz təhsil proseslərini daha səmərəli və effektiv idarə etməyə imkan verir. Müəllimlər fənnin məzmununu təhsilalanların ehtiyaclarına uyğunlaşdıra, onlayn platformalar vasitəsilə onlarla birbaşa ünsiyyət qura və inkişafını yaxından izləyə bilərlər. Beləliklə, qarışıq təhsildə proses daha fərdi və tələbəyönlü olur.

Qarışıq öyrənmənin üstünlükləri nələrdir?

Nəzəri olaraq, qarışıq öyrənmə üzbəüz və distant təhsil formatlarının ən yaxşı tərəflərini götürməli, təhsilalanların təhsil məqsədlərinə çatması üçün ən effektiv təcrübələri birləşdirməlidir.

Qarışıq öyrənmənin təhsilalanın akademik nailiyyətlərinə necə təsir etdiyinə qəti şəkildə cavab vermək üçün daha çox araşdırma tələb olunur. Ancaq qarışıq öyrənmənin ənənəvi öyrənmə ilə müqayisədə artıq məlum olan üstünlükləri mütləq nəzərə alınmalıdır.

  • Çeviklik və fərdi yanaşma

Yeni mövzunu lövhədə izah edərkən müəllim materialın öyrənilməsinin orta sürətinə uyğunlaşır. Proqrama onlayn resurslardan istifadə edərək mövzunun müstəqil öyrənilməsi daxil edilsə, bu, prosesi optimallaşdırmağa kömək edəcək. Hər bir şagird öz sürəti ilə hərəkət etdikdə, anladıqlarını təkrarlamaqdan bezməz və müəllim əlavə dəstəyə ehtiyacı olanlara daha çox diqqət yetirə bilər.

  • Daha geniş təhsil imkanları

Genişləndirilmiş təhsil modelində onlayn fənlərin seçimini rəqəmsal texnologiyalar təhsilalanın tədris materiallarına, kurs və alətlərə çıxışını təmin edir.

  • Müəllim şagird və tələbələri cəlb etmək, onların yumşaq bacarıqlarını (soft skills), rəqəmsal savadlılığını və digər universal bacarıqlarını inkişaf etdirmək üçün texniki vasitələrdən istifadə edə bilər.
  • Rahat nəzarət və əks-əlaqə;

Rəqəmsal hissədə qarışıq öyrənmə şagird performansı haqqında məlumat toplayan, onu müəllimə, valideynlərə və öyrənənlərin özlərinə təqdim edən texnologiyalardan istifadəni əhatə edə bilər. Onlayn testlər vasitəsi ilə nəticələr avtomatik qiymətləndirilir və müəllimin vaxtına qənaət olunur.

Qarışıq öyrənmədə hansı çətinliklər var?

Qarışıq təhsili tədris prosesinə daxil etmək istəyənlərin çoxu 2020-ci ilin yazında distant təhsilə qəfil keçid zamanı yaranan problemlərlə üzləşirlər:

  • kifayət qədər texniki avadanlıq və inkişaf etməmiş internet infrastrukturu;
  • həm təhsilalanlar, həm də müəllimlər arasında rəqəmsal bacarıqların aşağı səviyyəsi;
  • zəif hazırlanmış proqram və ya fəaliyyət.

İlk iki problemi, təəssüf ki, həll etmək olduqca çətindir. Araşdırmalar göstərir ki, bütün dünyada məktəblilərin internet bağlantısı olan kompüterə çıxışı hələ də məhduddur. Onların böyük əksəriyyətinin rəqəmsal bacarıqları aşağı səviyyədədir.

Üçüncü məqama daha yaxından nəzər salaq. Qarışıq öyrənməni həyata keçirməyə başlayarkən təlim proqramını tez-tez nəzərdən keçirmək, üz-üzə əlaqədə hansı elementlərin onlayn olaraq köçürüləcəyini, nəyin əlavə və ya xaric edilə biləcəyini müəyyən etmək lazımdır. Hətta bu situasiyada mütəxəssislər xüsusi - rəqəmsal didaktika (rəqəmsal məkanda tədris metodları) terminini işlədirlər.

Qarışıq öyrənmə üzrə təlim və ya dərs hazırlayarkən amerikalı pedaqoqların təklif etdiyi PICRAT matrisinə də müraciət etmək olar. Bu model rəqəmsal alətlərin və fəaliyyətlərin sinifə nə gətirdiyini yoxlamağa və öyrənənlərin bu texnologiyalarla qarşılıqlı əlaqəsini qiymətləndirməyə kömək edir.

Qarışıq təhsil modeli təhsil dünyasında getdikcə daha çox qəbul edilir. Bu yanaşma şagird/tələbə mərkəzli öyrənmə mühiti təklif etməklə təhsildə yeni dövr açır.