VALİDEYN ROLUNU UŞAĞA VERMƏYİN




Uşağın ailə daxilində böyüklərin rollarını yerinə yetirməsi bəşər tarixi boyunca aktual olub. Xalq şairi Ramiz Rövşən demişkən:

Yük altından öz çiynini

qaçıranda böyüklər,

Balaların çiyninə

yük düşürmüş, sən demə.

Bu vəziyyəti təsvir edən “parentifikasiya” (valideynləşmə) termini XX əsrin 70-ci illərində, ABŞ-də ailə psixoterapiyasının inkişafı zamanı yaranıb. “Parentifikasiya" sözünü ilk dəfə Amerika psixoloqu Salvador Minuch işlədib.

Psixoloqların yazdığına görə, parentifikasiya müxtəlif vəziyyətlərdə - xəstəlik, fiziki və ya psixi zorakılıq, alkoqol asılılığı olan valideyn və ya böyüklərdən emosional dəstəyin olmaması hallarında yarana bilər.

Parentifikasiyanın iki növü var:

  • Emosional parentifikasiya – uşaq dəstək və təsəlli funksiyalarını öz üzərinə götürərək valideyn üçün emosional dayağa çevrilir. Onun emosional ehtiyaclarını ödəməyə, yetkin ailə üzvləri arasında münaqişəni həll etməyə çalışır və öz duyğularını boğur.
  • İnstrumental parentifikasiya - uşaq valideynlərin görməli olduğu işləri yerinə yetirir: alış-veriş, yemək bişirmək, paltar yumaq, təmizlik işləri, kiçik bacı-qardaşların problemlərinin həlli, ev heyvanlarına qulluq və s.

Təbii ki, uşaqlara özünə qulluq etməyi öyrətmək, onları ev işlərinə cəlb etmək lazımdır, lakin uşaqların ailədəki vəzifələri onların yaşına və inkişafına uyğun olmalıdır. Psixoloqlar deyir ki, əgər uşağa onun yaşına uyğun olmayan, 5-7 il irəlinin tapşırıqları həvalə olunursa, bu uşağın məsuliyyət altında əzilməsinə və parentifikasiyaya səbəb olur.

Məsuliyyətlərlə yüklənmiş uşaq yaşıdları ilə ünsiyyətdən təcrid olunur və normal uşaqlıq keçirmək haqqını itirir, stress və narahatlıqla üzləşir.

Parentifikasiyanın səbəbləri

Psixoloqlara görə, parentifikasiyanın səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Valideynlərin əlçatmazlığı və ya olmaması – valideynlərdən biri və ya hər ikisi emosional və ya fiziki cəhətdən əlçatmaz olduqda, uşaq məsuliyyəti öz üzərinə götürməyə, özünə və digər ailə üzvlərinə qayğı göstərməyə məcbur ola bilər.
  • Valideynlərin psixoloji uğursuzluğu - valideynlər öz vəzifələrini yerinə yetirməyə, ailəni təmin etməyə, yaranan problemlərin həllinə qadir və ya hazır olmadıqda, uşaq bu vəzifələri daşımağa başlayır. Bu, kiçik bacı-qardaşlara, yaşlı qohumlara qayğı göstərmək, pul qazanıb onu ailənin ehtiyaclarına xərcləmək və s. ola bilər.
  • Maddi resursların çatışmazlığı – maddi qaynaqların çatışmazlığı ilə üzləşən ailələrdə uşaqlar əlavə məsuliyyət və vəzifələr götürməyə məcbur ola bilərlər. Məsələn, aztəminatlı ailələrdə uşaqlar erkən yaşlarda gəlir axtarmağa başlayırlar və bu gəlir çox vaxt kriminal xarakter daşıyır. Uşaq isə vəziyyətin dramatikliliyini dərk etmir və “ailənin çörək gətirəni” rolu ilə fəxr edir.
  • Zorakılıq və ya münaqişəli münasibətlərin olduğu ailələrdə uşaq özünü və digər ailə üzvlərini qorumaq üçün “valideyn” rolunu üzərinə götürə bilər. O, kiçik yaşlarından ailə münaqişələrini həll etmək və daha həssas ailə üzvlərini qorumaq üçün məsuliyyət hiss edir.
  • Valideynlərin övladını “dost” və ya “rəfiqə” gözündə görməsi də buraya aid edilə bilər.

Parentifikasiyanın əlamətləri

Mütəxəssislər aşağıdakı əlamətləri qeyd edirlər:

  • Həddən artıq qayğıkeşlik və məsuliyyət – uşaq digər ailə üzvlərinə, valideynlərə və ya kiçik bacı-qardaşlara qarşı olduqca diqqətli və məsuliyyətlidir. Başqaları kiçik problemlərini özləri həll edə bilsələr belə, o özünü onları qorumağa, onların yerinə nəsə etməyə və ya onların rifahını təmin etməyə borclu sayır.
  • Valideynlərin emosional rifahı üçün məsuliyyət hissi - uşaq valideynlərin əhval-ruhiyyəsi və xoşbəxtliyi üçün məsuliyyət hiss edə bilər.
  • Öz duyğularını və ehtiyaclarını büruzə verməmək – uşaq valideynlərin və ya digər ailə üzvlərinin ehtiyac və gözləntilərini ödəmək üçün öz emosiya və ehtiyaclarını digər ailə üzvlərinin marağına qurban verə bilər.
  • Emosional stress – uşaq “valideyn öhdəlikləri” səbəbindən artan emosional stress səviyyəsi ilə üzləşə bilər. Həddindən artıq məsuliyyət və təzyiq üzündən narahat, qorxulu, qəzəbli, yorğun və ya depressiv ola bilər.
  • Özünə hörmətin aşağı olması – “valideyn öhdəliklərinin” öhdəsindən gəlmirsə və ya gözləntilərə cavab vermirsə, özünü kifayət qədər “yaxşı övlad” saymaya bilər.
  • Yaşıdları ilə münasibətlərdə çətinlik – uşaq yaşıdları ilə sağlam münasibətlər qurmaqda və davam etməkdə çətinlik çəkə bilər. Bunun səbəbi onun təcrübə, düşüncə və davranışlarının yaşıdlarından çox "yetkin"liyi ola bilər.
  • Valideynlərdən asılılıq – uşaq valideynlərdən güclü asılılıq nümayiş etdirə və müstəqil qərarlar qəbul etməkdə çətinlik çəkə bilər.

Parentifikasiyada ana və qız rollarının dəyişməsi onu proqnozlaşdırır ki, bir neçə ildən sonra qızın anası yanında olmayanda nə edəcəyi barədə heç bir fikri olmayacaq. Qızın parentifikasiyası, ana ilə bağlı daimi narahatlıq xüsusi ağır hallarda hormonal pozuntulara, parentifikasiya hətta sonsuzluğa səbəb ola bilər.

Parentifikasiyanın nəticələri

Bu fenomenin əlamətləri müzakirə olunarkən onun nəticələri haqqında danışmaq da yerinə düşər. Bunlar, ilk növbədə, uşaqlarda emosional və davranış problemlərinin yaranması: qayğısız uşaqlığın olmaması və bununla əlaqədar narahatlıq, stress, yaşıdları ilə münasibətlər qura bilməmək, şəxsi sərhədləri və öz maraqlarını müdafiə etməmək kimi əlamətlərlə müşahidə olunur.

Parentifikasiyanın əsas problemləri və nəticələri:

  • Münasibətlərdə sağlam sərhədlər qoya bilməmək;
  • Şəxsi maraqları müdafiə edə bilməmək;
  • Asılılıq və müstəqilliyin olmaması - həyatı digər ailə üzvlərinin maraqları ətrafında "fırlanan" uşaq çox vaxt özü ilə tək qalmağı, işlərini planlaşdırmağı, ailədəki rolundan kənar hər hansı bir şeylə maraqlanmağı bacarmır;
  • Öz həyatını və peşəkar məqsədlərini dərk etməmək – uzun müddət məqsədi başqalarının ehtiyaclarını ödəmək olan biri öz istedad və bacarığını müəyyən etməyə çalışmır;

Parentifikasiyanın mənfi nəticələrinin siyahısını uzatmaq da olar. Lakin mütəxəssislər artıq valideynləşmiş insanların bundan necə xilas olmasına diqqət yetirməyi vacib sayırlar:

  • Parentifikasiyanın qeyri-sağlam bir tendensiya olduğunu dərk etmək, üzərinizə xüsusi rol və öhdəlikləri götürdüyünüzü və bunun sizə necə təsir etdiyini anlamağa çalışmaq lazımdır;
  • Emosiyaları araşdırıb ifadə etmək üçün özünüzə zaman ayırın, həddən artıq yükləndiyiniz və ya imkanlarınız daxilində olmayan tapşırıqları yerinə yetirə bilmədiyiniz zaman böyük yüklərdən imtina etməyi öyrənin;
  • Ehtiyac yarandıqda parentifikasiyanın əsas səbəblərini araşdırmaq, mənlik hissini inkişaf etdirmək və daha sağlam münasibətlər qurmağı öyrənməkdə yardım edə bilən psixoloqa müraciət edin;
  • Müstəqil qərarvermə və öz taleyini müəyyənləşdirmə bacarıqlarını inkişaf etdirin, qərar qəbul etməyi, sərhədlərinizi müəyyənləşdirməyi, maraq və ehtiyaclarınızı nəzərə almağı öyrənin;
  • Dəyərlərinizi bölüşən, özünüz olmağa imkan yaradan həmfikir insanlarla ünsiyyəti gücləndirməyə, enerji və sevincinizi tükəndirənlərlə əlaqəni məhdudlaşdırmağa çalışın;
  • Ani qərarlardan çəkinməyin - qəfil kinoya getmək, parkda gəzmək, çəmənlikdə uzanmaq istəsəniz, məntiq və təhlükəsizlik çərçivəsində istəklərinizi reallaşdırın;

Psixoloqlar onu da vurğulayır ki, normal fiziki və emosional sağlamlığı qorumaq üçün ümumi tövsiyələrə - idman, sağlam qidalanma, düzgün istirahət və yuxu rejiminə əməl etmək lazımdır. Unutmayaq ki, parentifikasiyanın nəticələrinin aradan qaldırılması vaxt, səbir və özünü dərk etməyi tələb edən fərdi prosesdir.

Əgər övladınızın parentifikasiyanın qurbanı ola biləcəyini hiss edirsinizsə, ailə daxilində öhdəliklər sisteminə yenidən baxmalı və uşağa hədsiz məsuliyyət yükləməməlisiniz. Ailədə vəziyyət obyektiv olaraq çətindirsə və güvənmək üçün ətrafınızda başqa heç kim yoxdursa, onda uşağı daha tez-tez tərifləməli, öz hobbi və yaşıdları ilə ünsiyyətinə, istirahətinə, məktəb tapşırıqlarını yerinə yetirməsinə, şəxsi işlərinə vaxt ayırdığına əmin olmalısınız. Tanınmış ingilis ailə terapevti J. Binq-Hallın dediyi kimi, bu “destruktiv valideynləşmə”nin qarşısını almaq üçün ən yaxşı yoldur.

Zemfira Məmmədqızı