TƏBİƏT QƏFƏSƏ SIĞMIR
Məktəbyaşlı uşaqların əyləncə məkanları sırasında sirk, delfinarium və zooparklar xüsusi yer tutur. Tətil günlərində bu obyektlər ailəvi istirahətin əsas hissəsinə çevrilir.
Amma son illərdə güclənən ekoloji trendlər adı çəkilən obyektlərin boykot edilməsinə və bağlanmasına çağırırlar.
Bir çox Avropa Birliyi ölkələri heyvanların əyləncə məqsədilə istifadəsinə və iştirakına qarşı qanunlar qəbul edib. Artıq neçə illərdir ki, ekoloqlar sirk, delfinarium və zoopark əyləncələrini “qeyri-etik” sayırlar.
Sirklərin mövcudluğu heyvanlar aləmi haqqında qanunları pozmur. Sadəcə, bu müəssisələrə getməyin qeyri-etik olduğuna inananların sayı getdikcə artır. Onların fikrincə, heyvanların müxtəlif fəndləri yerinə yetirməsi kənardan sadə və xoş bir fəaliyyət kimi görünə bilər – “biz səhnədə təlimçi ilə heyvanlar arasında harmoniyanı görürük, əslində isə hər şey o qədər də sadə deyil”. Ekoloq və heyvan hüquqları müdafiəçiləri hesab edir ki, arenada oynamaq heyvanların təbii davranışı deyil. Onlar müxtəlif fəndləri yerinə yetirərkən arenadakı parlaq işıqlar, musiqi, tamaşaçılar və onların qışqırtıları heyvanların travma almasına və stress keçirməsinə səbəb olur. Çox vaxt buna görə onlar əsəbi və aqressiv davranırlar. Bu davranışlarına görə heyvanlar qüsurlu sayıla və öldürülə bilərlər. Sirkin qastrol müddətində bəzi ölkələrin iqlimi bir çox növlər üçün uyğun olmaya bilər. Dar qəfəslərdə uzun müddətli səyahət də heyvanların vaxtsız ölümünə səbəb olur.
Mütəxəssislər deyir ki, çoxları heyvanın qida ilə mükafatlandırılaraq əhliləşdirildiyinə inanırlar. Amma heyvanların sirkə gətirilməzdən əvvəl xüsusi “fermalarda” iradələrinin qırılması və döyülməsi ilə bağlı çoxlu faktlar var. İnternetdə məşq zamanı heyvanların başına gətirilənləri göstərən gizli kameralardan çəkilən milyonlarla görüntü tapmaq olar.
Bir müddət əvvəl Niderland və Polşada sirkdə heyvanların istifadəsini qadağan edib. AB-nin 10 ölkəsi artıq öyrədilmiş heyvanların olduğu sirklərin fəaliyyətinə icazə vermir. Sirklər fəaliyyətinə davam edir, sadəcə fərqli heyvanların iştirak etmədiyi proqramlara üstünlük verilir.
Delfinariumlar da süni şəkildə yaradılan, heyvanların hərəkəti məhdudlaşdırılan, qapalı məkanlar sayılır. Delfinlər, açıq dənizdə yaşamağa, ovlamağa, 150 metr dərinliyə dalmağa, saatda 40 km-ə qədər sürəti olan və exolokasiyadan istifadə edən, xüsusi səs siqnalları ilə ünsiyyət qurmağa öyrəşmiş vəhşi heyvanlardır. Üzgüçülük hovuzlarında divarların örtülməsi səs dalğalarının əksini yaradır - və bu, delfinlərə mənfi təsir göstərir. Bu faktı demək olar ki, hər kəs bilir. Bundan əlavə, delfinariuma daxil olan delfin, təbii instinktlərinin əksəriyyətini itirir. Ovlama, çoxalma, istədiyi kimi hərəkət etmə imkanlarının əlindən alınması delfinlərin vəhşi təbiətdəkilərə nisbətən daha tez xəstələnməsinə və ölməsinə səbəb olur.
Ekoloqlar deyir ki, delfinariumlarda gigiyena qaydalarının pozulması da ölüm halları ilə nəticələnir: əylənmək üçün topun tamaşaçılara atılması ilə müxtəlif oyunlar oynanılır. İnsanlar yuyulmamış əlləri ilə topa toxunur, sonra isə delfinə ötürürlər. Delfinlərlə çəkiliş apararkən hər kəs onları oxşamağa çalışır. İnsanların delfinlərlə birgə üzməsinə icazə verən üzgüçülük xidməti də var. Onlar delfinləri qucaqlayıb öpür, bu yolla heyvanlara infeksiya və xəstəliklər ötürürlər. Bəzən delfinariumlar özləri də heyvanların erkən ölüm faktını təsdiqləyirlər. Bir çox heyvan hüquqları fəalları delfinariumların bağlanması üçün çalışsalar da hələ ki, buna nail ola bilmirlər. Çünki delfinariumlar çox populyar və sevilən məkanlardır. Delfinarium tərəfdarları tez-tez delfinlərlə ünsiyyətin bəzi xəstəliklər zamanı uşaqlara faydalı olduğunu vurğulayırlar. “Pet terapiya”da müəyyən bir canlı ilə müntəzəm ünsiyyətin vacib olduğunu təsdiqləyən həkim və psixoloqlar bildirir ki, bu məqsədlər üçün it və pişiklər daha uyğundur. Özü də it və pişiklər uşaqları təkcə müalicə etmir, həm də onlara məsuliyyət öyrədir.
Zooparkların bağlanmasını tələb edənlərin arqumentləri də maraqlıdır :
- Heyvanları qəfəsdə saxlamaq amansızlıqdır, çünki onların azadlıq hüququ var.
- Sərbəst hərəkətə ehtiyacı olan və bəziləri gündə onlarla kilometr yol qət edən heyvanlar üçün geniş ərazilər təmin etmək mümkün deyil.
- Zooparkda heyvanlar öz dəstə və sinfindən olan heyvanlarla nəsillərarası ünsiyyətdən məhrumdurlar.
Bir çox zooparklarda heyvanların yaşayış şəraiti acınacaqlıdır. Ekoloqlar tələb edir ki, bütün zooparklar Beynəlxalq və ya Avropa Zooparklar Assosiasiyası tərəfindən sertifikatlaşdırılmalı və heyvanlar müəyyən edilmiş tələblərə uyğun (mövcud olanlardan yüksək) saxlanılmalıdır. Onların tələbləri sırasına aşağıdakılar daxildir:
- Zooparklar şəhərlərdən kənarda daha geniş sahəyə köçürülməlidir. Bəzi ölkələrdə bu məqsədlə daha geniş yerləri olan safari parkları yaradılıb.
- Zooparklara təkcə hakimiyyət orqanları deyil, həm də müstəqil elmi ekspertlər qrupu nəzarət etməlidir. Bundan əlavə, bütün zooparklar populyasiyanın bərpası və müəyyən bir növün reintroduksiyası proqramlarında iştirak etməlidir.
- Zooparklar ətraf mühit, elm və təhsil təşkilatları kimi fəaliyyət göstərməlidir.
Zooparkların saxlanılmasının tərəfdarlarının da öz arqumentləri var:
- Bir çox zooparklar nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasında böyük rol oynayır, reintroduksiya layihələrində iştirak edir və çox az növdən ibarət “genetik bank” yaradır.
- Zooparklar konkret növləri təbiətdə onları gözləyən müxtəlif təhlükələrdən - brokonyerlik, aclıq, ekstremal hava şəraiti, xəstəlik və ölümdən xilas edir. Zooparklarda heyvanlar mütəmadi olaraq tibbi müayinədən keçirilir, qida və lazımi qulluqla təmin olunur.
- Zooparklar heyvanların həyat tərzinə dair elmi araşdırmalar aparır və xüsusi növlər haqqında biliklər toplayırlar.
- Zooparklar uşaqları ətraf mühitə qarşı şüurlu olmağa və onların ətraf aləmlə tanışlığına kömək edir. Meqapolislərdəki zooparklar, bir qayda olaraq, uşaqlar, böyüklər və mütəxəssislər üçün təhsil proqramlarına malikdir.
- Zooparklarda çox vaxt yaralı və ya “arzuolunmaz” heyvanları müalicə edən və təbiətə qaytaran reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Onlar hesab edir ki, zooparkların qadağasından sonra adi, stasionar müəssisələr də yox ola bilər. Bu ona gətirib çıxaracaq ki, zoopark sahibləri öz bizneslərindən əl çəkəcəklər və vəhşi və ekzotik heyvanları saxlamaq çətin və bahalı olacaq.
Zooparkların saxlanılmasının tərəfdarlarını qadağalar baş tutarsa, zooparklardan buraxılacaq heyvanların taleyi narahat edir.
Zoopark tərəfdarları qeyd edir ki, onları təbiətə buraxmaq qeyri-mümkündür, çünki bütün ömrünü insanların nəzarəti altında, qəfəslərdə keçiriblər. Bu heyvanlar üçün uyğunlaşa biləcəkləri qorunan ərazilərin yaradılması lazımdır. Bunun üçün əlavə xərc, zaman, əmək və torpaq sahəsi tələb olunacaq. Onlar qeyd edir ki, burada heyvan azadlıqlarının müdafiəsi və “yaşıllar” hərəkatlarının üzərinə böyük məsuliyyət düşür.