ÖZÜNÜ İDARƏ ETMƏYİ BACARANLAR




"Övladım yaxşı məktəbdə oxusa, uğurlu olacaqmı?", "Yüksək IQ həyatda üstünlük qazandırırmı?", "Varlı ailədə böyümək gələcək zənginliyin təminatıdırmı?"

Bu suallara valideynlərlə bərabər alimlər də 50 ildən çoxdur ki cavab axtarırlar. Bu məzmunda ən məşhur uzunmüddətli tədqiqatlardan biri Yeni Zelandiyada həyata keçirilib və onun nəticələri bir çox stereotipləri dəyişdirib.

Söhbət “Dunedin uzunmüddətli tədqiqatı” (Dunedin Longitudinal Study) adlanan araşdırmadan gedir. Layihə müəllifləri 1972-1973-cü illərdə Dunedin şəhərində dünyaya gələn 1037 uşağın həyatını doğulduqları gündən izləməyə başlayıb. Maraqlısı budur ki, həmin insanlar bu gün də araşdırmanın iştirakçılarıdır və alimlər onların həyatını artıq 50 ildən çoxdur ki müşahidə edirlər. Araşdırma indiyədək 1200-dən çox elmi məqalənin mövzusu olub.

Araşdırmanın məqsədi sadədir: uşaqlıq dövründə hansı xüsusiyyətlər insanın gələcək həyatına daha çox təsir edir?

Alimlər təkcə məktəb qiymətlərini yoxlamayıblar. Onlar illərlə uşaqların sağlamlığını, ailə mühitini, müəllimlərin rəylərini, davranışlarını, emosiyalarını, dostluq münasibətlərini və gündəlik vərdişlərini izləyiblər. Sonra həmin uşaqlar böyüyəndə onların gəlirlərini, maliyyə vəziyyətini, sağlamlığını, cinayət statistikalarını və həyat keyfiyyətini müqayisə ediblər.

Çoxları düşünə bilər ki, ən uğurlu insanlar məktəbdə ən yüksək qiymət alanlar və ya ən yüksək IQ-yə sahib olanlar olub. Ancaq nəticələr fərqlidir. Alimlər müəyyən ediblər ki, gələcək maliyyə uğurunu ən yaxşı proqnozlaşdıran göstəricilərdən biri özünüidarəetmə bacarığıdır.

Başqa sözlə, kiçik yaşlarından səbirli olmağı, hisslərini idarə etməyi, başladığı işi sona çatdırmağı və emosiyalarını nəzarətdə saxlamağı bacaran uşaqlar böyüyəndə daha uğurlu həyat qururlar.

Araşdırmaçılar özünüidarəetmə ifadəsi altında gündəlik həyatda çox rast gəldiyimiz davranışları nəzərdə tuturlar. Məsələn:

  • növbəsini gözləyə bilmək;
  • əsəbiləşəndə özünü ələ almaq;
  • ev tapşırığını təxirə salmamaq;
  • hər istədiyini dərhal tələb etməmək;
  • başladığı işi yarımçıq qoymamaq;
  • uzunmüddətli məqsəd üçün qısamüddətli həvəsdən imtina edə bilmək.

Araşdırmadakı 3 yaşından 11 yaşına qədər uşaqlarda bu xüsusiyyətlər valideyn, müəllim və tədqiqatçıların müşahidələri əsasında qiymətləndirilib.

İllər keçdikdən sonra maraqlı mənzərə ortaya çıxıb. Uşaqlıqda özünü daha yaxşı idarə edən insanlar böyüyəndə:

  • daha yüksək gəlir əldə ediblər;
  • daha çox pul yığırlar;
  • ev sahibi olmağa daha yaxındırlar;
  • kredit kartı borclarını daha yaxşı idarə edirlər;
  • pensiya haqqında əvvəlcədən düşünürlər;
  • iflas və gecikmiş ödənişlərlə daha az qarşılaşırlar.

Əksinə, uşaqlıqda impulsiv davrananlar maliyyə planlaşdırmasında daha çox çətinlik yaşayır, qənaət etməkdə zəif olur və tez-tez "maaşdan maaşa" yaşamaq məcburiyyətində qalırlar.

İlk baxışda belə görünə bilər ki, zəngin ailələrdən olan uşaqların uğur qazanması təbiidir.

Lakin alimlər bunu da yoxlayıblar. Onlar ailənin gəlirini, valideynlərin sosial vəziyyətini və uşaqların IQ göstəricilərini statistik hesablamalara daxil etsələr də, nəticə dəyişməyib.

Bütün bu amillər nəzərə alındıqdan sonra da özünüidarəetmə bacarığı gələcək maliyyə rifahının proqnozlaşdırılmasında əsas rol oynayıb. Yəni kasıb ailədə böyüyən, lakin özünü yaxşı idarə edən uşaq gələcəkdə zəngin ailədən gələn, lakin impulsiv davranan yaşıdından daha uğurlu ola bilər.

Araşdırma dərc olunanda dünyanın bir çox media qurumları onu geniş işıqlandırdı. Avstraliyanın ABC Science portalı yazırdı ki, erkən yaşlarda impulslarını idarə etməyi bacaran uşaqlar orta yaşa çatanda həm sağlamlıq, həm də maliyyə baxımından daha uğurlu olurlar. Məqalədə vurğulanırdı ki, söhbət təkcə puldan yox, ümumi həyat keyfiyyətindən gedir.

Sinqapurun CNA Lifestyle portalında Dunedin araşdırmasının rəhbərlərindən professor Riçi Poulton yazır ki, 45 ildən artıq müddətdə aparılan müşahidələr göstərib ki, uşağın gələcək uğurunu müəyyən edən ən vacib bacarıqlardan biri özünü idarə etməkdir. Onun sözlərinə görə, bu bacarıq həm sağlamlıq, həm münasibətlər, həm valideynlik, həm də maliyyə sahəsində üstünlük yaradır.

Ən sevindirici nəticələrdən biri də budur. Alimlər hesab edirlər ki, özünüidarəetmə yalnız anadangəlmə xüsusiyyət deyil. Uşağın böyüdüyü ailə mühiti, məktəb, müəllimlər və gündəlik vərdişlər bu bacarığın inkişafına ciddi təsir göstərir.

Mütəxəssislər hesab edirlər ki, uşağın gələcək uğuru üçün bahalı oyuncaqlardan və ya əlavə kurslardan daha vacib olan bəzi sadə vərdişlər var. Məsələn:

  • ailədə sabit qaydalar yaratmaq;
  • uşağın hər istəyini dərhal yerinə yetirməmək;
  • üzərinə kiçik məsuliyyətlər qoymaq;
  • başladığı işi bitirməyə həvəsləndirmək;
  • səhv etdikdə cəzalandırmaq əvəzinə səbəbini birlikdə müzakirə etmək;
  • ekran qarşısında keçirdiyi vaxta nəzarət etmək.

Bu davranışlar uşağın plan qurmaq, gözləməyi öyrənmək və qərarlarını idarə etmək bacarığını inkişaf etdirə bilər.

Araşdırmanın ən maraqlı nəticələrindən biri də budur ki, pul qazanmaq yalnız hesab aparmaq bacarığından asılı deyil.

İnsanın qazandığı pulu necə xərcləməsi, qənaət edib-etməməsi, emosional alış-verişə nə dərəcədə meyilli olması, gələcəyi planlaşdıra bilməsi və s. bu kimi bacarıqlar uşaqlıqdan formalaşan davranışlarla sıx bağlıdır.

Məhz buna görə də iqtisadçılar və psixoloqlar son illərdə maliyyə savadlılığı ilə yanaşı, özünüidarəetmə bacarıqlarının inkişafına da xüsusi diqqət yetirirlər.

Yeni Zelandiyada yarım əsrdən artıq davam edən bu araşdırma valideynlər üçün vacib bir mesaj verir: uşağın gələcəyini yalnız məktəb qiymətləri və ya yüksək intellekt müəyyən etmir.

Səbirli olmaq, emosiyaları idarə etmək, başladığı işi başa çatdırmaq, qərarlarını düşünərək vermək kimi ilk baxışdan kiçik görünən davranışlar illər sonra insanın sağlamlığına, karyerasına və maliyyə rifahına ciddi təsir göstərə bilər.

Başqa sözlə, uşağa verilən ən dəyərli miras yalnız yaxşı təhsil deyil. Özünü idarə etməyi öyrənmək də onun gələcək uğurunun əsas açarlarından biridir. Bəlkə də məhz buna görə Dunedin araşdırması bu gün də dünyanın ən nüfuzlu uzunmüddətli tədqiqatlarından biri sayılır və nəticələri həm alimlər, həm müəllimlər, həm də valideynlər üçün aktuallığını qoruyur.