YALNIZ DƏRSLİKDƏN OXUMAQLA DEYİL




Bəzi şagirdlər əldə etdiyi məlumatları təhlil etməyi və dərindən düşünməyi bacarmır. Məhz buna görə də məlumatları araşdırmaq, arqumentləri dəyərləndirmək və düzgün nəticələr çıxarmaq kimi tənqidi düşüncə bacarıqları müasir dövrdə olduqca vacibdir.

Tənqidi düşüncə yalnız xatırlamaq və ya məlumatı təkrarlamaq deyil; o, düşünməyin daha yüksək səviyyəsidir və şagirdlərin kompleks problemləri həll etməyə, obyektiv qərarlar verməyə və nəzəri bilikləri real situasiyalarda tətbiq etməyə kömək edir.

Elm və təhsil sahəsində aparılan tədqiqatlar göstərir ki, tənqidi düşüncə bacarıqlarının inkişafı təhsilin əsas hədəflərindən biri olmalıdır. Onu yalnız dərslikdən oxumaqla deyil, aktiv öyrənmə metodları ilə sistemli şəkildə inkişaf etdirmək mümkündür.

Tənqidi düşüncə adətən sual verməklə əlaqələndirilir. Lakin tədqiqatçılar bunun yalnız mübahisə və ya müzakirə olmadığını vurğulayır. Bu, məlumatı təhlil etmək, qiymətləndirmək, arqumentləri müqayisə etmək və əsaslandırmaqdır. Elmi ədəbiyyatda qeyd olunur ki, tənqidi düşüncə şagirdlərin məlumatı şərh və təhlil etmək, qiymətləndirmək, qərar qəbul etmək qabiliyyətlərindən ibarət bir prosesdir.

Əsas ideya tənqidi düşüncənin şagirdləri yalnız passiv informasiya alıcısı deyil, aktiv və düşünən subyektlər halına gətirməkdən ibarətdir. Bu bacarıq yalnız məktəb mühitində deyil, həm də müasir cəmiyyətin mürəkkəb məzmunlu problemlərini həll etmək üçün lazımdır.

Bir sıra müasir elmi tədqiqatlar tənqidi düşüncənin inkişaf etdirilməsi üçün aktiv, şagirdin özünü mərkəzə alan metodların üstünlüyünü vurğulayır. Məsələn, 2025-ci ilin martında “Contemporary Journal of Social Science Review” jurnalında dərc olunan “Layihə əsaslı tədrisin şagirdlərin yaradıcılıq, tənqidi düşüncə və problem həlletmə bacarıqlarına təsiri” (The Impact of Project-Based Learning on Student Creativity, Critical Thinking, and Problem-Solving Skills) adlı tədqiqatda göstərilir ki, layihə əsaslı tədris şagirdlərin problem həlletmə, araşdırma və real dünyaya tətbiq etmə bacarıqlarını, tənqidi düşüncə qabiliyyətini əhəmiyyətli şəkildə gücləndirir.

Ənənəvi dərs metodlarında müəllim məlumatı şagirdə ötürür və şagird passiv olaraq dinləyir. Bu isə tənqidi düşüncənin inkişafını məhdudlaşdırır. Şagirdlərin sual verməsi və müzakirələrə cəlb edilməsi düşüncə prosesini sürətləndirir. Əsas məqam budur ki, suallar passiv təkrarlanmadan daha dərinə yönəlməli, şagirdləri niyə və necə suallarını verməyə təşviq etməlidir.

Sokratik metod da dərin suallar vermək və mövzunu şagirdin öz düşüncəsi ilə açmağa xidmət edir. Bu yanaşma şagirdləri yalnız cavab axtarmağa deyil, həm də öz düşüncələrini təhlil etməyə və əsaslandırmağa sövq edir.

Şagirdlərə real dünyadan götürülmüş problemlər üzərində işləmək imkanı verildikdə onların tənqidi düşüncə səviyyəsi yüksəlir. Bu da tədqiqat layihələri, problem əsaslı öyrənmə və sınaqlar vasitəsilə mümkündür. Belə metodlar şagirdləri məntiqi izahlar qurmağa, fərqli hipotezləri yoxlamağa və nəticələr çıxarmağa vadar edir.

Tədqiqatlar həm də göstərir ki, real kontekstdə tətbiq - məsələn, fizika və ya sosial elmlərdə təcrübələr, analiz tapşırıqları və müzakirələr tənqidi düşüncənin intensiv inkişafına səbəb olur.

Şagirdlərin birlikdə işləməsi də tənqidi düşüncəni artırır. Kooperativ öyrənmə, qrup müzakirələri və debatlar şagirdləri fərqli baxışlarla qarşılaşdırır, fikir mübadiləsinə təşviq edir və onlara öz arqumentlərini müdafiə etməyi öyrədir. Belə münasibətlər klassik “müəllim-şagird” modelindən uzaqlaşaraq şagirdin özünü mərkəzə qoyur.

Bu metodlar həm də şagirdlərin özləri üçün məsuliyyət hissi yaratmasına kömək edir ki, bu da tənqidi düşüncənin davamlı formalaşmasını təmin edir.

Araşdırmaçıların fikrincə, müəllimin rolu yalnız məlumatı ötürmək deyil, həm də şagirdin düşünmə prosesini müşahidə edib istiqamətləndirməkdir. Bu məqsədlə müəllimlər formativ qiymətləndirmə - yəni davamlı rəy və əks-əlaqə tətbiq etməlidirlər. Bu cür qiymətləndirmə şagirdə öz düşüncəsini yoxlamağı və inkişaf etdirməyi öyrədir.

Formativ qiymətləndirmə yalnız qiymət vermək üçün deyil, şagirdin səhvlərini aşkar etmək və onları düzəltmək yollarını göstərmək üçün bir vasitədir. Bu, tənqidi düşüncənin güclü tərəflərindən biri olan özünüqiymətləndirmə bacarığını da inkişaf etdirir.

Texnologiyanın təhsildə istifadəsi tənqidi düşüncənin inkişafını dəstəkləyə bilər, lakin bu həm də düzgün yanaşma tələb edir. Elmi tədqiqatlar göstərir ki, süni intellekt (AI) və digər rəqəmsal vasitələr şagird üçün reflektiv öyrənmə və əks-əlaqə imkanı yarada bilər. Məsələn, generativ AI əsasında işləyən alətlər şagirdin fərdi cavablarını analiz edib ona dərhal rəy verə bilər, bu da reflektiv bacarıqları artırır. Lakin bu yanaşma düzgün tətbiq olunmalıdır - çünki təkcə AI-dən asılı olmaq müəyyən hallarda şagirdin öz düşünmə prosesini zəiflədə və səthi öyrənməyə yol aça bilər.

Tədqiqatlarda vurğulanır ki, tənqidi düşüncə bir dərs və ya tədbirlə formalaşmır - bunun üçün ardıcıl və çoxşaxəli fəaliyyətlərə ehtiyac var. Bu, müəllimlərin dərs planlarında sualvermə texnikaları, layihə tapşırıqları, debat və təqdimatlar kimi müxtəlif fəaliyyətlərin sistemli şəkildə salınmasını tələb edir.

Şagirdlərdə tənqidi düşüncənin formalaşması məktəb təhsilinin əsas hədəflərindən biri olmalıdır. Elmi tədqiqatlara istinadla demək olar ki, bu bacarığı inkişaf etdirmək üçün aşağıdakı prinsiplər təsirlidir:

  • uzunmüddətli, sistemli yanaşma;
  • texnologiyadan məqsədli istifadə;
  • kooperativ öyrənmək və əməkdaşlıq;
  • aktiv öyrənmək və sual vermək mühiti;
  • real problemlərlə fəaliyyət və layihə işi;
  • formativ qiymətləndirmə və müəllim rəyinin düzgün təşkili.

Bu yanaşmalar yalnız akademik nəticələri yaxşılaşdırmır, həm də şagirdləri müstəqil düşünən, obyektiv qərarlar verən fərdlər halına gətirir - bu isə təhsilin ən əsas məqsədlərindən biridir.