MÜƏLLİM TƏBİƏTƏ BAĞLIDIRSA…




Sürətli urbanizasiya, texnologiyanın həyatımıza hakim olması, gündəlik qayğılar insanı öz köklərindən - təbiətdən uzaqlaşdırır. Hətta deyirlər ki, insanla təbiətin münasibəti heç vaxt indiki qədər zəif olmayıb. Halbuki təbiət yalnız yaşadığımız mühit deyil, həm də mədəniyyətimizin, sağlamlığımızın, şəxsiyyətimizin bir hissəsidir.

Derbi Universitetinin (Böyük Britaniya) tədqiqatında göstərilir ki, son 220 ildə təbiət insanların həyatından geri çəkilir. "Earth" jurnalında dərc olunan, 1800-2020-ci illəri əhatə edən tədqiqatda qeyd olunur ki, təbiətlə bağlı sözlər “kitablardan yoxa çıxır”. Bu azalma ən çox 1990-cı ildə 60,6 faiz olmaqla qeydə alınıb. Tədqiqatın müəllifi M.Riçardson bildirib ki, burada şəhərləşmə, yaşayış yerlərində vəhşi təbiətin yoxa çıxması, valideynlərin təbiətlə təmas vərdişlərini uşaqlarına ötürməməsi kimi amillər əsas götürülüb.

Araşdırma müəllifləri gələcək nəsillərin təbiətdən daha da uzaqlaşacağını, şəhərlərin tikinti meydançasına çevriləcəyini, daşın ağaca qalib gələcəyini proqnozlaşdırırlar.

M.Riçardson bildirib ki, “təbiətlə bağın qırılması ətraf mühit böhranının əsas səbəblərindən biri kimi qəbul olunur. Cəmiyyətin təbiətə münasibətini dəyişmək üçün köklü dəyişikliyə ehtiyac var”.

Tədqiqatçılar təbiətlə bağlılığın bərpası üçün tələb olunan dəyişikliklərin miqyasının böyüklüyünü vurğulayıblar. Məsələn, bir şəhərdə biomüxtəlifiyi qoruyan yaşıl ərazilərin 30 faiz artırılması əhəmiyyətli irəliləyiş hesab oluna bilər. Əslində isə bu sahədə həqiqi irəliləyiş üçün şəhərlər indikindən 10 dəfə daha çox yaşıl olmalıdır.

Araşdırmaya görə, ən effektiv yanaşma uşaqlarda təbiətə marağın erkən yaşdan yaradılmasıdır. Məsələn, “meşə məktəbi” tipli bağçalar buna misaldır.

Şeffield şəhərində aparılan araşdırmada müəyyənləşib ki, insanlar orta hesabla gündə cəmi 4 dəqiqə 36 saniyə təbiətdə vaxt keçirirlər. Bu heç olmasa 10 dəfə artırılaraq 40 dəqiqəyə çatdırılmalıdır. Riçardson deyir ki, “Uşaqları təbiətə bağlamaq haqqında danışmaqdansa, onları təbiətdən ayırmamaq üzərində işləmək lazımdır”. Tədqiqatda gələcəklə bağlı ümidverici məqamlar da qeyd olunub. Kitab və mətbuatda təbiətlə bağlı anlayışların son illərdə yenidən artmağa başladığı müşahidə olunur. Bunun ekoloji şüur, yoxsa təbiətə aid yazıların dəb halına çevrildiyi tendensiyası olduğu hələ bilinmir.

www.ecoliteracy.org saytı təhsilin bütün səviyyələrində bu problemə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Ekoliterasiya (ing. ecoliteracy) - insanların təbiəti anlamaq, ekosistemlərdəki qarşılıqlı əlaqələri dərk etmək və bu anlayışlara əsaslanaraq dayanıqlı qərarlar qəbul etmək bacarığıdır. Bu savadlılıq təkcə bilik deyil, həm də davranış və dünyagörüşüdür. Burada təhsilin fərqli səviyyələrinə görə müxtəlif yanaşmalar təklif olunur. Məktəbəqədər təhsildə təbiətin müşahidə olunması ilə bağlı oyunlar, torpaqda işləmək, heyvanları izləmək nəzərdə tutulur. İbtidai siniflərdə şagirdlər bitki yetişdirmək, yerli flora və fauna ilə tanışlıq layihələrinə qoşula bilər. Orta məktəb şagirdləri fənlərarası layihələrə (biologiya, coğrafiya, əxlaq), təbiəti müşahidə günlərinə qoşulmalıdır. Ali təhsil səviyyəsində isə tələbələr ekologiya, iqlim dəyişikliyi, təbiət hüququ, dayanıqlı inkişaf üzrə fənləri öyrənməlidirlər. Peşə və ixtisaslara gəlincə isə kənd təsərrüfatı, memarlıq və şəhərsalma, mühəndislik və biznesdə ekoloji inteqrasiyayönlü sahələr üzrə kadr hazırlığı vacibdir.

Mütəxəssislər qeyd edir ki, bunun üçün:

  • kurikulumlarda fənlərarası ekoloji mövzulara daha çox yer verilməli;
  • təbiət və yerli ekosistemlərlə əlaqəli praktik dərslər artırılmalı;
  • məktəblər öz ətraf mühitlərinə uyğun "yaşıl məktəb" modelini inkişaf etdirməlidirlər.

Saytda diqqət yetirilən digər vacib məqam müəllim hazırlığında ekoloji və təbiət bağlılığı təlimlərinin gücləndirilməsidir. Müəllimlərin təbiətə bağlılığı və ekoloji şüuru yetərincə olmadıqda, onlar bu mövzuları şagirdlərə təsirli şəkildə öyrədə bilməzlər. Təhsilin əsas ötürücüsü olan müəllimlər yalnız bilik daşıyıcısı yox, həm də təbiətə dəyər verməyi aşılayan şəxslər olmalıdırlar. Müəllim hazırlığı və təlimlərdə aşağıdakı istiqamətlərə üstünlük verilə bilər:

  • Ekoloji pedaqogika - təbiət əsaslı öyrənmə metodları;
  • Sahə təlimləri - müəllimlərin real ekosistemlərdə təlim alması;
  • Təbiəti müşahidə texnikaları - quşları, bitkiləri, hava dəyişikliyini tanımaq və öyrətmək bacarığı;
  • Emosional bağın yaradılması - təbiətə qarşı şəxsi məsuliyyət hissini formalaşdırmaq;
  • Risklə işləmək bacarığı - uşaqların təbiətdə təhlükəsiz öyrənməsi üçün lazımi bacarıqlar.

Ekoliterasiya mərkəzinin əməkdaşları pedoqoji institut və universitetlər üçün də tövsiyələr hazırlayıblar. Onların fikrincə, pedaqoji proqramlara təbiətə dair komponentlər daxil edilməli, meşə məktəbləri, açıq dərslər və bağçılıq təhsili üzrə modul təklif olunmalıdır. Müəllimlərə ildə azı bir dəfə sahə praktikasında iştirak imkanı verilməlidir.

Ekoloji savadı yalnız akademik deyil, emosional və sosial yönləri ilə inkişaf etdirmək vacibdir. Bunun üçün üç müxtəlif istiqamətdə fəaliyyət planı olmalıdır.

  1. Emosional yön (təbiətə bağlanmaq)
  • Uşaqların davamlı təbiət təcrübələri (məsələn, həftəlik açıq hava dərsləri) olmalıdır.
  • Uşaqlarda “təəccüb” və “təbiətə heyranlıq” hissləri yaradılmalıdır.
  1. Sosial yön (əməkdaşlıq və paylaşım)
  • Şagirdlər birlikdə təbiət layihələri həyata keçirməlidirlər (bağ salmaq, tullantıların çeşidlənməsi və s.).
  • Cəmiyyətlə birlikdə “yaşıl aksiyalara” - ağacəkmə və təmizlik kampaniyalarına qoşulmalıdırlar.
  • Şagirdlər sosial məsuliyyət hissi ilə təbiəti qoruyan fərdlərə yox, onun bir hissəsinə çevrilməlidirlər.
  1. Akademik yöndə inteqrasiya
  • Ədəbiyyat dərslərində təbiət mövzulu mətnlər oxumaq;
  • Rəsm, musiqi, teatrla bağlı dərslərdə təbiət motivlərindən istifadə etmək;
  • Riyaziyyat və statistika dərslərində hava, su, torpaq məlumatları ilə işləmək (məs.: yağış miqdarı, ağac sayı və s.) lazımdır.

Təhsil sistemi yalnız məlumat öyrədən deyil, dəyər formalaşdıran mühit olmalıdır. Təbiətlə bağlılıq - gələcəkdə ekoloji dayanıqlığı təmin etmək üçün əsas bacarıqdır.

Bu məqsədlə müəllimlərin təlimindən tutmuş məktəb infrastrukturuna, kurikulumdan emosional tərbiyəyə qədər hər səviyyədə dəyişiklik vacibdir.

Əgər bu gün uşaqlarda təbiətlə bağlı dəyərlər formalaşdırılmasa, sabah ekologiyanı qorumaq yalnız şüar olaraq qalacaq. İnsan-təbiət əlaqəsini bərpa etmək gələcək nəsillərin rifahı üçün ən strateji investisiyadır. Hər bir valideynin, müəllimin və idarəedənin üzərinə düşən məsuliyyət təbiəti yalnız öyrənmək deyil, onu sevmək və yaşatmaqdır.

Zemfira Məmmədqızı