PEDAQOJİ PROSESDƏ MÜƏLLİM FƏALİYYƏTİNİN TEXNOLOJİ İSTİQAMƏTLƏRİ
Müasir dövr pedaqoji prosesin və onun daşıyıcısı olan müəllimlərin qarşısına olduqca mühüm və məsuliyyətli vəzifələr qoyur. Pedaqoji prosesin məzmununun təkmilləşdirilməsi, təlimin başlıca məqsədinin, mahiyyət və məzmununun düzgün dərk olunması, müəllimin təlim və təhsil fəaliyyətinin bir sıra texnoloji tərəflərinin nəzərə alınması bu vəzifələrin reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Müəllimin təşkilatçılıq və təhsil vermək bacarıqları və onları reallaşdıra bilmək fəaliyyəti pedaqoji prosesin məhsuldarlığının təmin olunmasının əsas bazasını təşkil edir. İnamla demək olar ki, pedaqoji proses o zaman tam və bütöv bir proses kimi öz missiyasını yerinə yetirə bilir ki, təşkilati və təlim-təhsil səriştəliliyi müəllimlərdə yüksək səviyyədə inkişaf etsin və pedaqoji prosesdə onların qarşılıqlı əlaqəsinə nail olunsun. Pedaqoji prosesin səmərəliliyi müəllimlərin təşkilati və təlim-təhsil fəaliyyətinin düzgün qurulmasından və həyata keçirilməsi texnologiyalarından çox asılı olur. Pedaqoji prosesin bütöv bir sistem kimi həyata keçirilməsi üçün bunlar müəllimlərdən təhlil, layihələşdirmə, proqnozlaşdırma və fəaliyyət kimi bir sıra mühüm pedaqoji bacarıqlar, səriştə və professionallıq tələb edir.
“Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır”.
Heydər Əliyev
GİRİŞ
Pedaqoji proses mürəkkəb prosesdir. O təkcə təlim, tərbiyə və təhsil proseslərinin həyata keçirilməsi deyil, irili-xırdalı bir çox alt sistemləri özündə birləşdirən və onların reallaşdırılması ilə müşayiət olunan geniş, əhatəli və müəyyən alqoritmlərə əsaslanan, sistemli texnoloji proseslərin məcmusudur. Müəllimin pedaqoji peşəkarlığı, səriştəliliyi, məharəti, pedaqoji ustalığının səviyyəsi də elə bu prosesdə meydana çıxır. Müəllimlərin, xüsusən gənc müəllimlərin bu texnologiyalar haqqında dərin və geniş biliyə malik olması, onlara yiyələnməsi və onları yaradıcılıqla tətbiq edə bilməsi bu baxımdan olduqca vacibdir.
Məktəbdə qırx beş dəqiqə davam edən dərs bir çox elementlərdən formalaşaraq bütövləşir və tam bir sistem kimi meydana çıxır. Burada diaqnostika, proqnoz, fəaliyyətin planlaşdırılması və onun tətbiqi xüsusi bir xətt üzrə davam edərək bu prosesin bütün elementlərini özündə birləşdirir. Müəllimin pedaqoji prosesi düzgün qurması və səriştəli idarə edə bilməsi nəticəsində bu texnoloji proseslər bir-biri ilə əlaqələndirilir, bir-birini tamamlayaraq cəm və bütöv halda müəllim və şagirdlərin fəaliyyətinin məzmununu üzə çıxarır. Müəllimin yaradıcı təfəkkür fəaliyyəti sayəsində bu proses daha məzmunlu və məhsuldar şəkildə həyata keçirilir. Mövcud vəziyyətin təhlili, proqnozlaşdırma, layihələşdirmə və praktik fəaliyyət bir-birini tamamlayaraq tam pedaqoji proses kimi reallaşır. Təbii ki, bunlar müəllimin müasir pedaqoji texnologiyalar haqqında nəzəri biliklərini praktik fəaliyyətdə hansı formada tətbiq edə bilməsindən çox asılı olur, pedaqoji prosesin gedişinə və nəticələrinə bu və ya digər dərəcədə öz təsirini göstərir.
Apardığımız tədqiqat işinin əsas məqsədi müəllimin peşəkar fəaliyyətində başlıca texnologiyaların konseptual məsələlərinə aydınlıq gətirmək, onun təşkilatçılıq fəaliyyəti ilə təlim-təhsil fəaliyyəti arasında vəhdətin və tamlığın reallaşdırılması imkanlarını araşdırmaq, praktik müəllim fəaliyyətində bir sıra texnoloji proseslərin səmərələliliyini nəzərə çatdırmaqdan ibarətdir.
Təhsilalanların yiyələnməli olduqları bilik və bacarıqların dövlət standartlarına cavab verə biləcək səviyyədə reallaşdırılması üçün müəllimin hansı texnologiyalara daha çox zərurət olduğunu müəyyənləşdirə bilməsi olduqca vacibdir. Pedaqoji fəaliyyətdə təlimin məqsədinə, təhsilalanların yiyələnəcəyi kompetensiyalara və təlim nəticələrinə müvafiq olaraq müəllimin texnologiyaları düzgün seçməsi və tətbiq edə bilməsi onun məhsuldarlığını təmin edən əsas şərtlərdəndir.
Tədqiqat metodları. Tədqiqatda müşahidə, müqayisə, təhlil, ümumiləşdirmə, induktiv və deduktiv metodlardan istifadə edilib. Tədqiqat həm ümumi təhsil müəssisələri, həm də ali məktəblərdə tədris prosesinin təşkili və aparılması nəticələri əsasında hazırlanıb.
PEDAQOJİ PROSES TEXNOLOJİ SİSTEM KİMİ
Pedaqoji proses müxtəlif, lakin bir-biri ilə sıx bağlı, qarşılıqlı əlaqədə olan texnoloji proseslərin birliyindən yaranır. Bu texnologiyalar təhsilalanların mənəvi, psixi, intellektual və fiziki sağlamlığını təmin etməklə yanaşı, yarana biləcək hər hansı neqativ amillərin də qarşısının alınmasına xidmət etməlidir. Bu baxımdan, pedaqoji prosesin həyata keçirilmə texnologiyası həm də sistemli bir prosesdir. Lakin o, sadəcə olaraq müxtəlif texnologiyaların ardıcıl olaraq tətbiq olunmasından ibarət deyil. Bu prosesdə təhsilin başlıca məqsədlərinin, onun təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyalarının reallaşdırılması, inteqrativliyin gözlənilməsi, təhsil standartlarının həyata keçirilməsi, verilən biliklərin (deklorativ, konseptual, prosedual və koqnitiv) hərtərəfliliyinin və əlaqəliliyinin təmin edilməsi və s. kimi mühüm əməliyyatlar yerinə yetirilməli və real nəticələr öz əksini tapmalıdır. Müəllim səriştəlilik səviyyəsindən asılı olmayaraq pedaqoji prosesin təşkili prinsiplərinə, onun tamlığına, hər bir şagird üçün bərabər imkanların yaradılmasına, bilik, bacarıq və vərdişlərin şagirdyönlü və inkişafyönlü olmasına, təhsilalanların fəaliyyətə motivləşdirilməsi və onlar üçün dəstəkləyici mühitin yaradılmasına nail olmalıdır. Təhsil fərdi, kollektiv, cütlərlə və qruplarla iş formalarının elə bir sintezinə nail olmalıdır ki, burada hər bir şagirdin fəaliyyəti təmin olunsun və son məqsədin reallaşdırılması onun nəticəyönlülüyünü təmin edə bilsin. Müəllimin idarəetmə təsiri ilə şagirdin özünüidarə fəaliyyəti bir-birini tamamlasın. “Bir qayda olaraq, şagirdlərin araşdırma, sorğu-sual etmə, problem həlletmə və qərar qəbuletmə prosesində iştirak etməsini təmin edəcək fəaliyyətin yaradılması nəzərdən qaçırılmamalıdır. Bundan əlavə, “edərək-düşünərək” öyrənmə fəaliyyətinin əhəmiyyəti və kollektiv öyrənmə strategiyalarının lazımi qaydada istifadəsi də vacib məsələlərdəndir. Fəaliyyət isə intellektin çoxluğu nəzəriyyəsinə istinad etməlidir. Onların bir-birindən ayrılmasına yol verilməməlidir” (Tanrıqulu, 2012). Bunlar, əlbəttə, mühüm texnoloji proseslərin həyata keçirilməsi ilə bağlıdır ki, burada da müəllimin bir sıra fəaliyyət növləri, səriştəsi və peşəkarlığı mühüm əhəmiyyət kəsb edir. Biliklərin transformatoru olan müəllimlikdən istiqamətverici, bələdçi, yönəldici müəllimliyə keçid onun funksiyalarını daha da genişləndirir və üzərinə düşən vəzifələri artırır. Əməkdaşlıq etmək, şagirdlərin fərdi fərqlərini nəzərə almaq, istiqamət vermək, hər bir şagirdin inkişafına nail olmaq, təlim prosesini asanlaşdırmaq, prosesləri idarə edə bilmək və s. vəzifələr önə keçir. Müəllim sanki bir yol bələdçisi kimi biliklərə yiyələnməyin istiqamətini tənzimləyir, axtarışa, əməliyyatların gedişinə nəzarət və rəhbərlik edir. Onun təşkilatçılıq və təhsil-təlim prosesinin nəticəyönlülüyünü təmin edə bilmək, qarşıya qoyulan məqsədi reallaşdırmaq istiqamətində fəaliyyəti bu prosesdə mühüm yer tutur.
MÜƏLLİMİN TƏŞKİLATÇILIQ FƏALİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ
Pedaqoji proses mürəkkəb struktura malik əməliyyatlar sistemidir. Məktəbdə bu proses müəllimlərlə şagirdlərin bilavasitə qarşılıqlı əlaqəsində baş verir. Bu əlaqə isə bir sıra obyektiv və subyektiv amillərlə səciyyələnir. Bunlar müəllimdən asılı olan (fənnini hansı səviyyədə bilməsi və onu öyrədə bilmək səriştəsi, şagirdlərə və öz peşəsinə, ixtisasına münasibəti, bu münasibət tərzinin necəliyi, pedaqoji prosesi necə idarə edə bilməsi, peşə məsuliyyəti və s.), şəraitdən və resurslardan asılı olan (məktəbin yerləşdiyi ərazi, tədris təchizatının səviyyəsi və s.), şagirddən asılı olan (dərsə, fənnə və müəllimə olan münasibət, şagirdin arzusu və marağı, psixoloji və fizioloji imkanları və s.) amillər kimi pedaqoji prosesin həm gedişinə, həm də nəticəsinə kompleks təsir göstərir.
Pedaqoji prosesə təsir edən amillər təkcə bunlarla məhdudlaşmır. Burada müəllimin təşkilatçılıq fəaliyyəti də mühüm rol oynayır. Tədqiqatlar və təcrübə göstərir ki, pedaqoji prosesin səmərəli olması müəllimin təşkilatçılıq fəaliyyətinin hansı səviyyədə olmasından çox asılıdır. Müəllimin bu fəaliyyətinin yüksək səviyyədə olması pedaqoji prosesin gedişinə pozitiv təsir göstərməklə onu daha da səmərəli edir. Müəllimin təşkilatçılıq qabiliyyətinə malik olması pedaqoji prosesin məhsuldarlığının təmin edilməsində əsas şərtlərdən biridir. Müəllimdə bu qabiliyyət, təşkiletmə bacarığı yüksəkdirsə, əminliklə demək olar ki, pedaqoji fəaliyyətdə prosesin tamlığı təmin olunacaq və müəllimin digər qabiliyyətləri də yüksək səviyyədə reallaşa biləcəkdir.
Təşkilatçılıq fəaliyyəti müəllimin pedaqoji prosesi düzgün qurmaq və operativ idarə edə bilmək bacarıqlarını özündə birləşdirir. Müəllimin bu bacarıq və qabiliyyəti pedaqoji prosesin gedişinə, operativliyinə, məhsuldarlığına müsbət təsir göstərməklə məqsəddən nəticəyə qədər olan bütün proseslərin düzgün qurulmasını şərtləndirir. Elə bu funksiyasına görə yüksək təşkilatçılıq məharətinə malik olması müəllimin pedaqoji bacarıq və qabiliyyətləri içərisində ilk yerlərdən birini tutur. Müəllimin təşkilatçılıq qabiliyyəti pedaqoji ustalığının və səriştəliliyinin əsas aləti kimi çıxış edərək digər qabiliyyətlərinin də inkişafına səbəb olur.
Təhsilverənlərin təşkilatçılıq qabiliyyəti onların fəaliyyət strukturunda xüsusi yer tutur. Görkəmli pedaqoq A.S.Makarenko tərbiyə işini, ilk növbədə, təşkilatçılıq fəaliyyəti adlandırırdı. Bu bir həqiqətdir ki, məktəbdə və ya ayrı-ayrı müəllimlərdə təşkilatçılıq işinin zəif olması təkcə bir dərsdə, bir prosesdə deyil, bütövlükdə məktəbin işində, bütün müəllimlərin fəaliyyətində öz mənfi təzahürlərini göstərir.
Müəllimin təşkilatçılıq fəaliyyəti geniş diapazonlu və çoxşaxəlidir. Bunu bir dərsin və ya tərbiyəvi tədbirin təşkili və aparılması texnologiyası ilə məhdudlaşdırmaq olmaz. Təşkilatçılıq pedaqoji prosesin bütün növlərini və mərhələlərini əhatə edən, istiqamətləndirən, onun səmərəliliyini şərtləndirən əsas amil olmaqla, özündə bir sıra məsələləri də birləşdirir. Bunlar məqsəd, məzmun, forma və metodlardan ibarət olub, kompleks halda pedaqoji prosesin tamlığını təmin etməyə istiqamətlənir.
Məqsədin düzgün qoyulması pedaqoji prosesin sonrakı mərhələlərinə və gedişinə, yəni məzmun, forma, metod və vasitə seçiminin həm düzgün, həm də optimal olmasına əsaslı təsir göstərir. Bunların vahid pedaqoji prosesin hissələri kimi birliyini və kompleksliliyini təmin edir.
Müəllimin təşkilatçılıq fəaliyyətinin əsas xüsusiyyətlərindən biri onun, həm özünütəşkil, özününizamlama, həm də başqalarının (şagirdlərin, tələbələrin) fəaliyyətini təşkil etmə funksiyalarını yerinə yetirməsidir. Burada həll ediləcək problemin, məsələnin məqsədinin düzgün qoyulması zəruri olan fəaliyyət növünün keyfiyyət və səmərəsini yüksəltməyə istiqamətlənməklə onu daha da məhsuldar və nəticəyönlü edir. Lakin nəzərdən qaçırmaq olmaz ki, müəllimin təşkilatçılıq fəaliyyətinin özü də təhsilalanların təşkil olunmuş fəaliyyətindən (fəallıq, həvəs, qarşılıqlı əlaqə, interaktivlik, kreativlik, təşkilatlanma, kollektivçiliklə fərdi işin əlaqələndirilməsi və s.) və bu fəaliyyətin nəticəsindən çox asılı olur. Pedaqoji prosesdə bunun nəzərə alınması onun məhsuldarlığının təmin olunmasının başlıca tərəflərindən biridr. Buna görə də əminliklə demək olar ki, pedaqoji prosesin məhsuldarlığının yüksək olması, başqa amillərlə yanaşı, müəllimin təşkilatçılıq fəaliyyətinin səmərəliliyinin, aşağı olması isə bu prosesin qeyri-məhsuldarlığının əlaməti kimi özünü göstərir.
Başlıca məsələlərdən biri müəllimin təşkilatçılıq fəaliyyətinin məzmununun nələrdən ibarət olmasıdır. Geniş diapazonlu və müxtəlif istiqamətli olan bu məsələni konkretləşdirməyə çalışsaq, onları aşağıdakı kimi ümumiləşdirmək olar:
- şagirdlərin qarşısında məqsəd, vəzifə və problemin qoyulması;
- pedaqoji prosesin başlıca funksiyalarının – öyrədici, tərbiyələndirici və inkişafetdirici – reallaşdırılması istiqamətinin nəzarətdə
saxlanılması; - fərd, qrup və kollektivin qarşısında duran işlərin müəyyənləşdirilməsi;
- pedaqoji prosesin “subyekt – subyekt” əməkdaşlığı şəraitində təşkili;
- qrupdaxili və qruplararası qarşılıqlı əlaqənin təmin olunması;
- qrup, kollektiv və ayrı-ayrı fərdlərin özünüinkişafına şərait yaradılması;
- şagirdlərin ümumi müzakirəyə cəlb edilməsi;
- qruplararası fikir mübadiləsinin təşkili;
- nəticələrin ümumiləşdirilməsi, qiymətləndirilməsi və s.
Müəllimin bu təşkilatçılıq fəaliyyətini bir sistem kimi qəbul etsək, onda bunların daxilində bir sıra alt sistemlərin mövcudluğunu da nəzərdən qaçırmaq olmaz. Çünki müəllim bu işlərin (mərhələlərin) hər birinin reallaşması prosesində bir-biri ilə əlaqəsi olan bir sıra əməliyyatları yerinə yetirir ki, bunlar da bütövlükdə bir dinamik sistem təşkil edir. Məsələn, fərd, qrup və kollektivin qarşısında duran işlərin müəyyənləşdirilməsində onların həm ayrıayrılıqda, həm də birgə görəcəkləri işləri müəyyənləşdirmək, sonda isə onları ümumiləşdirərək vahid kontekstdə birləşdirmək lazım gələcəkdir.
Müəllimin təşkilatçılıq fəaliyyəti pedaqoji prosesin ayrı-ayrı tərkib hissələrinə və növlərinə aid olan müəyyən forma və metodların seçilməsində də mühüm əhəmiyyətə malikdir. Təhsilverənlərin məqsəd və məzmuna uyğun üsul və vasitələr seçə bilməsi, onları pedaqoji prosesin digər komponentləri ilə bir xəttə uzlaşdırması onların təşkilatçılıq fəaliyyətinin strukturunda əsas yerlərdən birini tutur. Lakin bəzən dərs və ya digər məşğələlərdə metodların məzmun və ya formaya uyğun seçilməməsi, yaxud forma ilə metodların uzlaşmaması səviyyənin yüksəldilməsini təmin edə bilmir. Buna görə də pedaqoji prosesdə bunların da nəzərə alınmasına xüsusi diqqət tələb olunur. Müəllimin təşkilatçılığı istər təlim, dərs, istərsə də tərbiyə prosesini əhatə edir. Yəni təşkilatçılıq girişdən nəticəyədək olan bütün mərhələlərdə olmalı və idarəetmə funksiyasını yerinə yetirməlidir. Onu təkcə sinfin təşkili ilə məhdudlaşdırmaq doğru deyil. Təşkilatçılıq motivləşdirmə, stimullaşdırma, təhriketmə kimi funksiyaların da daşıyıcısı kimi pedaqoji prosesin canlı, emosional, yüksək əhval-ruhiyyə, şagirdlərdə öz gücünə inam, müəllim-şagird əməkdaşlığı və s. kimi fonda keçirilməsini də təmin etməlidir. Dərsdə bunların gözlənilməsi şagirdlərin təfəkkür müstəqilliyinə, onların öyrənmə həvəsinin artmasına, fəallığın bütün dərs boyu davam etməsinə, vaxt itkisinin olmamasına, prosesin hər bir şagird üçün rahatlığına səbəb olur ki, bunlar da pedaqoji prosesin həm şəxsiyyətyönlülüyünü, həm də nəticəsinin yüksək olmasını təmin etmiş olur.
Müəllimin təşkilatçılıq fəaliyyəti özlüyündə mürəkkəb struktura malik olan bir fəaliyyətdir. Bu onun pedaqoji prosesə yanaşma tərzi ilə təhsilalanlara psixoloji təsirinin birliyindən yaranaraq formalaşır və keyfiyyətin yüksəldilməsinə istiqamətlənir. Praktik şəkildə reallaşan fəaliyyət psixoloji təsir funksiyasına malik olmaqla səriştə əsaslı pedaqoji prosesin tamlığını təmin edir. Başqa sözlə desək, dərsdə, yaxud tərbiyəvi tədbirlərdə müəllimin təhsilalanların psixi inkişafını nəzərə alması, müsbət nəticələr əldə edə bilməsi üçün əsas alətlərdən birinə çevrilir. Lakin burada qarşı tərəfin, yəni sinif kollektivinin inkişaf səviyyəsini, fənnə olan marağı, motivləri, müəllimə olan münasibətləri, ayrı-ayrı şagirdlərin , sinifdaxili münasibətlərin səviyyəsi və s. kimi amilləri də yaddan çıxarmaq olmaz. Bunların müsbət məcrada olması müəllimin təşkilatçılıq fəaliyyətinin səmərə və keyfiyyətinin yüksəlməsinə təsir etdiyi kimi, aşağı səviyyəsi də bu fəaliyyətin tam şəkildə reallaşmasına öz mənfi təsirini göstərir. Buna görə də təşkilatçılıq fəaliyyəti müəllimin təkcə “özünütəşkil” bacarıqları ilə məhdudlaşmamalı, pedaqoji prosesin bütövlükdə bütün sahələrini və mərhələlərini əhatə etməlidir. Təlim-tərbiyə prosesində heç bir “xırda” məsələ nəzərdən qaçırılmamalı, pedaqoji prosesin səmərəliliyinə müsbət təsir edə biləcək hər bir imkandan səriştəli şəkildə istifadə edilməlidir. Məsələn, sinfin təşkili işi dərs prosesinin əvvəlindən sonunadək olan bütün mərhələləri əhatə etməklə müəllimdən yüksək bacarıq, səriştə və ustalıq tələb edir. Onun səmərəli təşkili şagirdlərin dərs boyu bütün fəaliyyətinə düzgün istiqamət verməklə yanaşı, onlarla əməkdaşlıq, pedaqoji prosesə nəzarət kimi funksiyaların reallaşdırılmasını da təmin etmiş olur.
Pedaqoji prosesdə müəllimin təşkilatçılıq fəaliyyəti onun üçün zəruri olan digər keyfiyyətlərlə sıx surətdə bağlı olan fəaliyyətdir. Onu birtərəfli götürmək və ya başqa keyfiyyətləri nəzərə almadan ona nail olmağa çalışmaq nəticəsi görünməyən və səmərəsiz fəaliyyətdən uzağa gedə bilməz. Buna görə də müəllimin səriştəli, peşəkar və usta pedaqoq kimi formalaşması zəruri olan bütün keyfiyyətlərin tamlığına nail olmaqla mümkündür. Bütün bunlar isə şagirdlərin fəaliyyət növləri ilə sıx bağlı və onları tənzimləyən proseslər kimi özünü göstərir.
Müasir şagirdlər (eyni zamanda tələbələr) ənənəvi təhsil sistemindən fərqli olaraq informasiyaları təkcə müəllimlərdən almır, bir çox informasiya mənbələrindən də istifadə edir, alınan informasiyaları təhlil etməyi, müstəqil nəticələr çıxarmağı bacarırlar. Buna görə də müəllimin istifadə etdiyi və edəcəyi texnologiyalar, eyni zamanda şagirdlərin bilik, yaradıcılıq imkanları, şəxsi oriyentasiya bacarıqları ilə də uyğunluq təşkil etməli və onları nəzərə almalıdır.
MÜƏLLİMİN TƏLİM-TƏHSİL FƏALİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ
Müəllimin təlim-təhsil fəaliyyəti onun başlıca vəzifələrinin, yəni öyrədici, tərbiyələndirici və inkişafetdirici vəzifələrinin reallaşdırılmasından ibarətdir. Bu fəaliyyət gənc nəslin bəşəriyyətin min illər boyu toplamış olduğu maddi və mənəvi dəyərlərə yiyələnməsi məqsədilə təşkil edilən xüsusi fəaliyyət və idrak prosesidir. Bu prosesin nəticəsində böyüyən nəsil elmi biliklər sisteminə, həyati bacarıq və vərdişlərə, davranış mədəniyyətinə, müxtəlif fəaliyyət növlərinə yiyələnir. Məqsədyönlü və məzmunlu təşkil edilən təlimtəhsil prosesi təhsilalanlara əqli, əxlaqi, emosional, iradi, əmək, iqtisadi və s. keyfiyyətlər aşılamaqla yanaşı, onlarda dünyanı dərk etmək, həyatı dəyərləndirə bilmək bacarıqları formalaşdırır. Bu prosesdə həlledici rol isə dərsə məxsusdur. Dərs məqsədyönlü təşkil edilmiş təhsilin əsas təşkili forması olaraq şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında mühüm yer tutur. Dərs öyrədir, tərbiyə edir, inkişaf etdirir. Dərsin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, şagirdlərdə müəyyən bilik, bacarıq, səriştə, intellektual inkişaf, elmi düşüncə tərzi, dərketmə bacarıqları formalaşdıra bilir. Təhsilalanlar öyrədilən (mənimsənilən) bilikləri anlayır (dərk edir), onları tətbiq və təhlil edə bilir, sonda dəyərləndirməyi bacarırlar. Bu baxımdan, təhsiltəlim fəaliyyəti elə təşkil edilməlidir ki, o, hər bir şagirddə bilik, bacarıq vərdişlər formalaşdırmaqla yanaşı, onlara düşünməyi öyrətsin və şəxsiyyətin inkişafına təsir göstərmək funksiyasını reallaşdıra bilsin. Onun gedişindən və nəticələrindən bütün şagirdlər faydalana bilsinlər. Bu prosesdə bütün şagirdlərə maraqları, imkanları, qabiliyyətləri, bacarıqları və təcrübələrinə uyğun təlim imkanlarını təmin etmək başlıca məqsədlərdəndir. Bunların təmin olunması isə təlim prosesində şagirdlərə aşağıdakı bir neçə imkan və şəraitin yaradılması ilə əldə edilir:
a) məlumatın əldə edilməsi (nə öyrənmək?),
b) öyrəniləcək tapşırıqlara münasibətin olması və özünüifadə (necə öyrənmək?),
c) bütün dərs boyu motivasiyalı olmaq və dərsdə fəal iştirak etmək (nə üçün öyrənmək?).
Qeyd edək ki, burada öyrənmə motivlərinin həddən artıq çox olmasına baxmayaraq, şagirdlərdə sonuncu – nə üçün öyrənmək sualına müsbət münasibətlərin formalaşdırılma sı və onun mahiyyətinin dərk etdirilməsi olduqca mühüm amillərdən biridir. Təbii ki, bunlar, eyni zamanda, birinci və ikincilərlə, yəni nə və necə öyrənməklə bilavasitə bağlı olduğu təqdirdə bu prosesin tamlığı öz ifadəsini tapır.
Müəllimin təhsil-təlim fəaliyyətinə bir sıra amillər təsir edir. Bu amillər sırasında şagirdlərin dərs zamanı hansı mövqedə olmaları mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, çox vaxt dərsin səmərəliliyi və nəticəyönlülüyü də şagirdlərin bu prosesdə hansı mövqedə olmalarından asılı olur. Bu yanaşma xüsusən iki halla müşayiət olunur:
a) verilən informasiyalar şagirdlərin yalnız dinləyici kimi iştirakı ilə mənimsənilir (bilikyönlü – ənənəvi təlim forması);
b) şagirdlərin fəallığı şəklində informasiyalar axtarılır, tapılır və onlardan istifadə edilir (şagirdyönlü – fəal və interaktiv təlim).
Birinci halda təhsilalanların daha çox informasiyalarla tanış edilməsi, onlara maksimum səviyyədə biliklər verilməsi, izahat, anlatma, məlumatlandırma üstünlük təşkil edir. Bu zaman müəllim informasiya ötürücüsü, transformator rolunda çıxış edərək şagirdlərə daha çox bilik aşılamağa çalışır. İkinci halda isə təhsilalanlarda təlimə maraq yaradılması, motivləşdirmə, stimullaşdırma, şagirdlərin axtarışa cəlb edilməsi, onların pedaqoji prosesin tərəf-müqabili kimi iştirakı, nitqin, təfəkkürün inkişafı, müzakirə və fikir mübadiləsi önə çəkilir. Müəllim bu prosesdə bələdçi, fasilitator rolunda çıxış edərək, daha çox şagirdlərin işləmələrinə şərait yaradır.
Əlbəttə, hər iki halda müəllimin səriştəsi, peşəkarlığı, mövqeyi, tədris etdiyi fənnin mahiyyət və məzmununu dərindən bilməsi, öyrədəcəyi mövzunun şagirdlərdə elmi dünyagörüşü, yaradıcı axtarışları, məntiqi təfəkkürü, şəxsiyyətə xas olan bir sıra keyfiyyətləri aşılaya bilməsi əsas yer tutur. Buna görə də müəllimin öz fənninin təkcə məzmununu yaxşı bilməsi və onu şagirdlərə çatdırması kifayət deyil. O, təhsilalanlara biliyə yiyələnməyin optimal yollarını, onları ümumiləşdirməyi və sistemləşdirməyi, bu biliklərdən istifadə edə bilməyi öyrətməli, şagirdlərin təfəkkür müstəqilliyinə yiyələnməsini nəzərdən qaçırmamaqla təlim-təhsil fəaliyyətinin tamlığına nail olmağı bacarmalıdır. Bu zaman şagirdlər öyrəndikləri fənnin məqsədini də dərindən dərk edərlər. Bunun üçün sinifdə əlverişli təlim şəraitinin yaradılması olduqca vacibdir. “Şagirdin yaxşı oxuya bilməsi və yaxşı oxumaq istəməsi üçün əlverişli şəraitin yaradılması – təhsilin humanistləşdirilməsinin başlıca yollarından biridir. Şagirdin yaxşı oxumaq istəməsi pedaqoji kontekstdə müxtəlif amillərlə səciyyələnir, lakin onun affektiv mərkəzi – tələbat-motivasiya sahəsi ilə bağlıdır. Bu sahənin şah damarı isə, ilk növbədə təlim maraqları ilə rövnəqlənir” (Əlizadə, Əlizadə, 2010).
Bəs təlim maraqları nələrdən rövnəqlənir? – sualını isə aydın məsələdir ki, birmənalı cavablandırmaq çətindir. Bunu bir qrup səkkizinci sinif şagirdi ilə apardığımız sorğu da təsdiq edir. “Hansı fənlərə daha çox maraq göstərirsiniz və nə üçün?” – sualı ilə müraciət etdiyimiz 64 respondentdən 36-sının maraqlarını ali məktəbə daxil olmaq istəyi ilə, 7-sinin fənni daha çox evməsi ilə, 4-nün o fənləri tədris edənlərə xüsusi rəğbətlərinin olması ilə, 12-sinin müəllimlərin həmin fənləri çox yaxşı öyrətmələri ilə, 5-nin isə həmin fənlər üzrə xüsusi qabiliyyətlərinin olması ilə izah etmələri göstərdi ki, burada şagirdlərin fənn maraqları müxtəlif tələbatlarla əlaqədar olaraq formalaşa bilir. İstisna deyil ki, müxtəlif təhsil səviyyələrində, xüsusilə buraxılış siniflərində bu cavablar daha fərqli məzmuna malik ola bilər.
“Müəllimlərimiz həmin fənləri daha yaxşı öyrədirlər” cavabını vermiş 12 və “ Bu fənni daha çox sevirəm” cavabını verən 7 şagirdlə söhbətdən aydın oldu ki, müəllimlər öz dərslərində müxtəlif təlim texnologiyalarına, şagirdlərin müstəqil öyrənmələrinə, onlarla qarşılıqlı əməkdaşlığa, sinifdə optimal öyrənmə şəraitinin yaradılmasına daha çox önəm verməklə, dərsi maraqlı keçməklə və onlara pedaqoji dəstək göstərməklə şagirdləri müntəzəm olaraq bu fənnin “cazibəsinə salır” və onların təlim maraqlarının daim yüksək səviyyədə olmasına nail olur.
Şagirdlərin təlim-təhsil fəaliyyətinin təşkilində və aparılması prosesində müəllim fəaliyyətinə daxil olan pedaqoji texnologiyaların nəzərə alınması olduqca vacibdir. Əvvəla, müəllim bu texnologiyaları, qarşıda duran məsələlərin necə, hansı formada və şəraitdə həll edilməsini yaxşı bilməli, ikincisi isə məqsəddən nəticəyə qədər olan 45 dəqiqəlik “məsafənin” necə, hansı şəkildə keçilməsini aydın şəkildə dərk etməlidir. Bu zaman problemin konkret həllinə istiqamətlənmiş başlıca arqumentin nəzərə alınması və təlim-təhsil prosesini həmin arqument əsasında formalaşdırılması əsas yer tutur. Təhsilin humanist istiqamətliliyi prinsipinə əsaslanmaqla aparılan pedaqoji proses burada şagirdlərin öz fikirlərini sərbəst şəkildə ifadə etmək, yaradıcılıq prosesinə qoşulmaq, axtarmaq, tapmaq, nəticə çıxarmaq, məlumat mübadiləsi aparmaq və s. kimi məsələlərə geniş imkan yaratdığından müəllimin şagirdlərlə sıx əməkdaşlıq şəraitində işləməsi xüsusi xarakter alır. Böyük Çin mütəfəkkiri Konfutsi bu xüsusda demişdir: “Müəllim şagirdi öyrədəndə onu irəliyə aparır, arxasınca dartmır. Onda maraq oyadır, məcbur etmir. Ona yol göstərir, lakin yolu sərbəst getməyə imkan yaradır. Nə qədər ki, o, şagirdi irəliyə aparır, arxasınca dartmır, deməli, onunla müttəfiqdir. Nə qədər ki, o, şagirddə maraq oyadır, onu məcbur etmir, deməli, şagirdin bilik qazanması asanlaşır. Nə qədər ki, o, şagirdə yalnız yol açır, deməli, ona düşünmək imkanı verir” (Konfutsi, 2016).
Müasir təhsilin qarşısında duran başlıca məqsədlər də elə bunlardan ibarətdir.
Müəllimin ən mühüm texnoloji bacarıqlarından biri yiyələndiyi bilik, bacarıq və vərdişləri, eyni zamanda təcrübəni zəruri nəticəyə çevirə bilməsidir. Pedaqoji prosesdə gözlənilən nəticənin alınması onu göstərir ki, müəllimin tətbiq etdiyi texnologiyalar düzgün müəyyənləşdirilib, əlverişli metod və vasitələr seçilib və onlar səriştəli şəkildə tətbiq edilib.
Məktəb təcrübəsi göstərir ki, səriştəli və peşəkar müəllimlərin dərsləri daha çox onunla fərqlənir ki, bu dərslərdə şagirdlər müəllimlərlə birlikdə müəyyən fəaliyyətə qoşulurlar; şagirdlərə “sən düz demədin”, “düz deyil”, “filan şagird səndən daha məzmunlu cavab verdi”, “bunu sən bacarmazsan” kimi iadələr işlədilmir; tənqid yox, təlqin, həvəsləndirmə, stimullaşdırma daha çoxdur; pedaqoji prosesdə nəzarətdən çox, özününəzarət geniş yer tutur və s. Belə hallar təlimin məhsuldar olmasına, həll edilən problemin şagirdlər tərəfindən daha aydın, məzmunlu ə dərindən mənimsənilməsinə səbəb olur. Şagirdlər müəyyən bilik, bacarıq və vərdişlərə yiyələnməklə yanaşı, onlarda təfəkkür inkişaf etdirilir. A.Cahangirovun qeyd etdiyi kimi: “Tədris fənləri öz-özlüyündə bir sonluq deyil. Onlara bir vasitə kimi yanaşılmalıdır, onlar vahid məcmu şəklində şagirdlərin əqli fəaliyyətinin, tənqidi və məntiqi təfəkkürünün, yaradıcı potensialının inkişafına xidmət etməlidir” (Cahangirov, 2021).
Yüksək səriştəyə və peşəkarlığa malik olan müəllimlər şagirdlərə proqram mövzusunu mənimsətməklə kifayətlənməyərək, onlara öyrənməyin yollarını öyrədir, müəyyən situasiyaları həll etmək üçün onları axtarışa, yollar tapmağa, problemi həll etmək səriştəsinə yiyələnməyə və şəxsi təhsillərini inkişaf etdirməyə istiqamətləndirirlər. Çalışırlar ki, qarşıya qoyulmuş problem şagirdlərin fəal iştirakı, müdaxiləsi ilə həll edilsin. Bunlar plansız, sistemsiz şəkildə deyil, müəllimin əvvəlcədən müəyyənləşdirdiyi texnoloji proseslərin hesabına baş verdiyindən həm keçmiş biliklərlə əlaqələndirilir, həm də yeni biliklərə yol aça bilir.
Səriştəli müəllimlər şagirdlərə bələdçilik etməklə onları qarşıda duran problemin həlli üçün daha əlverişli, optimal yolların axtarışına sövq edir. Şagirdlər alternativ yollardan daha əlverişlisini seçmək imkanı əldə edə bilirlər. Müəllimin səriştəli mövqeyi elə bir şərait yaradılmasına səbəb olur ki, burada şagirdlər həm seçim, həm də inkişaf imkanı əldə edirlər. Belə dərslərdə şagirdlərə “hazır balıq verilmir, onlara balıq tutmağın yolları öyrədilir”. Burada sadədən mürəkkəbə, asandan çətinə prinsipinə riayət etməklə şagirdlərin biliyi müstəqil mənimsəmələrinə şərait yaradılır ki, bu da onların arasında qarşılıqlı əlaqə, əməkdaşlıq, müəyyən məsələni birgə həll etmək təşəbbüskarlığını gücləndirir. Nəticədə isə bunlar şagirdlərin zehni fəaliyyətinin fəallaşdırılmasına mühüm təsir göstərir. Beləliklə, müəllimin təlim-təhsil fəaliyyətinin texnoloji əsasında dayanan başlıca prinsip şagirdlərin daha çox biliklərlə “yüklənməsi” deyil, onlara qarşıda duran problemin həlli üçün optimal yollar axtarıb tapmağı öyrətməkdən ibarətdir. Pedaqoji prosesin əsası olan dərs bu istiqamətdə təşkil edilməklə şagirdlərin inkişafında həlledici əhəmiyyət kəsb edir.
Təlim və tərbiyənin əsas təşkili forması olan dərs məktəbin bütün fəaliyyətinin mərkəzində dayanır. O, bütün pedaqoji prosesi zəncir kimi bir-birinə bağlayaraq, müəllimin yaradıcılığının başlıca aləti kimi özünü göstərir. Müəllimin bütün biliyi, bacarığı, qabiliyyəti, yaradıcı fəaliyyəti məhz dərs prosesində reallaşır. Hər bir dərs özünün məzmunu, məqsədi və xarakteri ilə şagird şəxsiyyətinin formalaşmasında müəyyən yer tutur. Dərs öyrədir, tərbiyə edir, inkişaf etdirir. Müasir, yeni dövrün tələblərinə cavab verən dərs müstəqil və məsuliyyətli bir iş kimi müəllimin pedaqoji ustalığına əsaslanır. Pedaqoji ustalığa gedən yol isə olduqca gərgin iş, yeni pedaqoji təfəkkür, yeniliyə meyiletmə, təlim prosesinə novator yanaşma tərzi tələb edir. “Pedaqoji innovasiya” adı ilə pedaqogikaya daxil olan yeniliklər məktəbin və müəllimlərin qarşısında pedaqoji prosesin gedişini və nəticəsini yaxşılaşdırmaq, keyfiyyətini yüksəltmək məqsədilə həyata keçirilən yenilik kimi durur.
Şagirdləri daha çox informasiyalarla tanış etməyə, lazım olmayan, ikinci dərəcəli materiallarla yükləməyə məcbur edən, hafizə və yaddaşa əsaslanan təlimdən fərqli olaraq, onların mücərrəd təfəkkürünü, mühakimə qabiliyyətini, düşüncəsini inkişaf etdirən, məntiqi, yaradıcı və tənqidi təfəkkürünün bir-biri ilə qarşılıqlı əlaqələndirilməsinə yönəldilən müasir təlim metodlarından istifadə edilməsi müəllimlərin ustalıq səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradır. Öyrənməklə yanaşı, tədqiqatçılıq, düşünmək, axtarmaq, tapmaq imkanlarının genişləndirilməsinə yönəldilən belə fəaliyyətlə məşğul olmaq müəllimi əsl novatora çevirir. Dərs bir sıra elementlərdən formalaşır. Burada əsas yeri dövlət standartına uyğun hazırlanan proqramla müəyyənləşdirilən dərs materialı tutur. Adətən, təcrübəli müəllimlər tədris proqramının əsas istiqamətlərini, vəzifə və strukturunu yaxşı bilir və onu təhlil etməyi bacarırlar. Usta müəllimlər isə həmişə keçəcəkləri dərsin yaxşı, maraqlı olması üzərində daha çox düşünür və ona çalışırlar.
Hər şeydən əvvəl, müəllim dərsə hazırlaşarkən proqramı nəzərdən keçirməli, öyrəniləcək materialın mahiyyətini əsaslandırmalı, məzmununu təhlil etməli, dərsin didaktik məqsədini və vəzifəsini, mövzunun əsas arqumentinin nələrdən ibarət olmasını müəyyənləşdirməli, nələrə daha çox diqqət yetirəcəyini bilməlidir.
Adətən, müəllim hər bir dərsə hazırlaşarkən onu necə keçəcəyi üzərində düşünür, fikirləşir və onu planlaşdırır. Bunlar aşağıdakı problemlərin həllinə istiqamətləndirildikdə alınan nəticələr daha səmərəli olur:
- dövlət tərəfindən müəyyənləşdirilən proqram və dərs materialının dərk edilməsi;
- bu materialların müasirliklə və uşaqların inkişafı ilə qarşılıqlı əlaqəsi;
- keçmişdə öyrənilən materiallarla hazırda öyrənilməsi zəruri olan materialların qarşılıqlı əlaqəsi;
- materialın siniflə və şagirdlərin psixoloji xüsusiyyətləri ilə qarşılıqlı əlaqəsi;
- təhsilalanların müstəqil yaradıcı fəaliyyətlərinin təşkili və kreativ düşüncələrinin inkişafı;
- dərsin məqsədinin reallaşdırılması və ona nail olunması və s.
Müəllimin pedaqoji fəaliyyətində başlıca amillərdən biri onun pedaqoji prosesi layihələşdirmə bacarığına malik olmasıdır. Bunun üçün, ilk növbədə, pedaqoji məqsəd dərk olunmalıdır. Müəllim dərs prosesinə birdənbirə mövzunun, məsələnin həllindən deyil, pedaqoji məqsədin dərk olunmasından başlayır ki, bu da pedaqoji prosesin həllində əsas şərt hesab olunur. N.V.Kuzmina pedaqoji prosesin məqsədinin aydın dərk olunmaması ilə aparılan dərsləri pedaqoji fəaliyyətdəki paradoksal hallardan biri kimi qeyd edir və göstərir ki, bəzi müəllimlər pedaqoji situasiyanı təhlil edib, lazımi qərarlar qəbul etmək əvəzinə, sadəcə dərs danışır, şagirdləri fəallaşdırır, əyanilik tətbiq edir, dərs soruşur, lazım gəldikə şagirdlərin davranışına “reaksiya” verirlər. Lakin bütün bunların ümumi məqsədə nə dərəcədə müvafiq olduğunu dərk etmirlər. Bir çox müəllimlər isə əsl pedaqoji məqsədi funksional, keçici vəzifələrdə – dərs danışmaq, yaxud dərslər silsiləsi təşkil etmək, tədbir keçirmək, şagird haqqında hər hansı bir təsirli ölçü götürməkdə və s. görürlər. Bunlar paradoksal hallardır və onlar əsl pedaqoji məqsədin dərk olunmasına səbəb deyil. Bu prosesdə ilkin məlumatların təhlili, diaqnozun qoyulması, proqnozlaşdırma, vasitə və fəaliyyət proseslərinin nəzərə alınması xüsusi önəm kəsb edir (Kuzmina, 1993).
Müəllimin pedaqoji prosesi layihələşdirməsi onun təkcə öz fəaliyyətini, nəyi və necə edəcəyini düşünməsi deyil, həmçinin hər bir şagirdin, bütövlükdə isə sinfin hərəkət istiqamətlərini, tərzini və tempini müəyyənləşdirməsi deməkdir. Burada başlıca məsələlərdən biri müəllimin təhsilin, eyni zamanda tədris etdiyi fənnin və konkret mövzunun pedaqoji məqsədlərini aydın dərk etməsi və fəaliyyətinin bu məqsədlərin reallaşdırılması istiqamətində qurulmasına çalışmasıdır. Yəni məqsəd, vəzifə, resurslar, metodlar, texnologiyalar, fəaliyyət və nəticə bir-birini şərtləndirərək ümumi məqsədin reallaşdırılmasına xidmət etməlidir. Məqsəd pedaqoji prosesin bütün hissələrini, incəliklərini təyin etməklə onun mahiyyət və məzmununu özündə əks etdirməlidir. Məqsədin aydın dərk edilməsi pedaqoji prosesin həm müəyyən sistem və ardıcıllıqla həyata keçirilməsini, həm də ən əsası, pedaqoji prosesin həllinin nə üçün vacibliyini şərtləndirir. Unutmaq olmaz ki, məqsədin aydın dərk olunması onun reallaşdırılmasını şərtləndirən ən vacib elementlərdən biri və birincisidir. Əgər bu yoxdursa, görülən bütün işlər nə qədər yüksək səviyyədə qurulsa da, gözlənilən nəticəni əldə etmək mümkün olmayacaqdır. Öyrəndikləri fənnin məqsədini, ondakı bu və ya digər dərsin rolunu dərk etmək, şagirdlərin təhsil-təlim fəaliyyətinin müvəffəqiyyətinin mühüm şərtidir. Müəllim təkcə öz fənnini tədris etməklə kifayətlənməyib, müvafiq mövzular haqqında informasiya toplamaq metodlarını, onları sistemləşdirmək yollarını, əyani vəsaitlərə istiqamətləndirmək imkanlarını aşılayırsa, öyrənilən fənnin məqsədini dərk etmək o qədər də çətin olmur. İlkin məlumatların təhlili pedaqoji prosesin iştirakçıları (müəllim – şagird (tələbə)) arasında münasibətlərin, eyni zamanda, təhsilin məzmununun və onun reallaşdırılmasının vasitə və imkanlarını müəyyənləşdirməyə imkan verir.
Pedaqoji prosesin layihələşdirilməsinin məntiqi yekunu onun reallaşdırılması planının hazırlanmasından ibarətdir. Müəllim konkret vəziyyəti, şagirdlərin hazırlıq səviyyəsini, marağını, mövcud imkanları, resursları, şagirdlərin inkişaf məqsədlərini və s. nəzərə alaraq keçəcəyi dərsin (məşğələnin) planını hazırlayır. Bu, müəllimdən böyük səriştə və peşəkarlıq tələb edir. Çünki “təlim məlumatın əldə edilməsindən daha çox şeyi əhatə edir; o həm strateji, təşkilati və ünsiyyət bacarıqları tələb edən təşəbbüskar cəhddir. Lakin yenə də fərdlərin təlim tapşırıqlarına yanaşması və anlamalarını ifadəetmə üsulları fərddən fərdə kəskin şəkildə dəyişə bilər” (Hall, Meyer, Rose, 2012). Müəllim bu cəhəti ciddi şəkildə nəzarətdə saxlamalıdır. Unutmaq olmaz ki, tədris zamanı pedaqoji məqsədin dərk olunması bu prosesi nizamlayan, düzgün istiqamətləndirən amil kimi ilkin məlumatların təhlilini və diaqnozun qoyulmasını əvvəlcədən təyin edir. Buradakı diaqnoz pedaqoji prosesin ümumi vəziyyətinin qiymətləndirilməsi və ya ayrı-ayrı komponentlərinin hərtərəfli, tam tədqiqi deməkdir.
Təlim prosesinin təşkili texnologiyasının məntiqi yekunu pedaqoji fəaliyyətin layihəsinin plan, plan-konspekt (icmal), yaxud konspekt formasında yazılmasıdır. Bu baxımdan müəllim fənninə yaradıcı yanaşmalı, keçəcəyi hər bir mövzuya ciddi surətdə hazırlaşmalı, dərsin daha da maraqlı, canlı keçməsi üçün lazımi tədris vəsaitlərindən və metodik vasitələrdən istifadə etməyi bacarmalıdır.
Dərsin keyfiyyətinin artırılmasında onun planının yazılı surətdə tərtib edilməsi mühüm əhəmiyyət kəsb edir. Bəzən müəllimlər bu işə əlavə bir yük, yersiz bir iş kimi baxırlar. Əslində isə bunun faydalı cəhətləri olduqca çoxdur. Müəllim dərs planı (gündəlik) hazırlayarkən təkcə dərsin mətninə yenidən baxmır. O, dərsi hansı metodla keçəcəyini, dərsdə hansı təlim vasitələrindən istifadə edəcəyini, şagirdlərin fəallaşdırılması üçün nələri və necə tətbiq edəcəyini müəyyənləşdirir. Diferensiasiya və inteqrasiya məsələlərinə diqqət yetirir. Dərsin başlıca funksiyalarını yerinə yetirmək üçün düşünür, yollar, vasitələr axtarır və dərsi planlaşdırır. Bu baxımdan, dərsin yazılı planlaşdırılmasına əlavə yük kimi baxılması düzgün deyil.
Başlıca məsələlərdən biri yazılı dərs planının hansı formada tərtib edilməsidir ki, buna da standart və şablon yanaşılmamalıdır. Burada hər bir müəllimin fərdi üslubu, yaradıcılıq və yanaşma tərzi mühüm rol oynayır.
TƏLİM-TƏHSİL PROSESİNİN PSİXOLOJİ VƏ İDRAKİ ƏSASLARI
Təlim-təhsil bilavasitə idraki prosesdir. Bu prosesin təşkili texnologiyası bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin psixoloji və idraki əsasları ilə, yəni qavrama, anlama, dərketmə, ümumiləşdirmə, möhkəmləndirmə, tətbiqetmə mərhələləri ilə sıx bağlıdır. Lakin təcrübə göstərir ki, bir çox hallarda bunların hamısını bir dərs müddətində reallaşdırmaq imkan xaricində olur. Buna görə də dərsin texnoloji tərəflərini proqnozlaşdırarkən elə etmək lazım gəlir ki, mövzunun mənimsənilməsi mərhələsi həyata keçirilən digər mərhələlər arasında “itib-batmasın”, şagirdlər sinif otağını tərk edərkən bu dərsdə nələri öyrəndiklərini aydın dərk etmiş olsunlar. Görkəmli psixoloq C.Dyui yazırdı: ”Uşaqlar fəaliyyətdə aşkar etdikləri normaları daha yaxşı yadda saxlayır. Onlar üçün bu normalar daha böyük əhəmiyyət kəsb edir” (Dyui, 1997).
Ənənəvi dərs forması ilə aparılan dərslərlə fəal və interaktiv təlim metodları ilə tədris edilən dərslərin müqayisəli təhlili göstərir ki, belə bir imkan yeni təlim formaları və metodları ilə keçilən dərslərdə daha genişdir. Bu şərtlə ki, həmin dərsdə forma xatirinə bir neçə metodların qarışığından istifadə edilməklə dərsin əsas məqsədi, məzmun xətti və standartı unudulmasın. Dərsin mərkəzində şagird, onun şəxsiyyəti dayansın, təlimin inkişafı və nəticəyönlülüyü təmin edilsin.
Lakin ümumi və ali təhsil məktəblərində müşahidə etdiyimiz bəzi dərslər göstərir ki, müəllimlərin bir qismi fəal təlim metodlarından istifadə zamanı daha çox prosesin xarici tərəfinə (yəni, qruplara bölmək, hər qrupa tapşırıq verib onun üzərində işlətmək, təqdimatlar etmək, lakin bunların dərsin başlıca məqsədinin reallaşdırılmasına istiqamətləndirilməməsi, təlim standartlarının tələblərinə və təlim nəticələrinə nail olmağın nəzərə alınmaması və s.) aludə olurlar ki, bunlar da başlıca məqsədin reallaşdırılmasını kölgədə qoyur: bir neçə fəal təlim metodu tətbiq olunur, şagirdləri fəallaşdırmaq üçün müəyyən formalardan istifadə edilir, lakin başlıca məsələ – mövzu üzrə tələb olunan standart mənimsənilməmiş qalır və öyrənənlərin hansı kompetensiyalara yiyələndikləri məlum olmur. Buna görə də dərsi planlaşdırarkən müəllimlərin bir sıra məsələlərin reallaşdırılmasına xüsusi diqqət yetirməsini zəruri hesab edirik:
- tələb olunan təhsil standartının mahiyyətinə dərindən nüfuz edilməsi;
- məzmun xəttinin bütün dərs boyu nəzarətdə saxlanılması;
- şagirdlərin informasiyanı qəbuletmə və ondan istifadə bacarıqlarına nəzarət edilməsi;
- mövzu üçün daha çox vacib olan arqumentin müəyyənləşdirilməsi və prosesin onun əsasında alqoritmləşdirilməsi;
- dərsin mərhələləri arasında məntiqi əlaqənin gözlənilməsi və prosesin nəticəyönlülüyünün təmin edilməsi;
- metodların seçilməsində mövzunun tələblərinə və mahiyyətinə uyğunluğunun təmin edilməsi;
- ayrı-ayrı mərhələlərdə həll ediləcək məsələlərin mövzunun mənimsənilməsi ilə bilavasitə bağlılığının təmin edilməsi;
- mövzunun öyrənilməsi zamanı şagirdlərdə elmi dünyagörüşün, mənəvi keyfiyyətlərin formalaşmasına yönəlmiş situasiyaların həllinə nail olunması;
- dərs materialının şagirdlər tərəfindən yüksək səviyyədə mənimsənilməsinə əminliyin yaranması;
- mənimsəmə prosesinin nəticələri üzərində korreksiyaedici işlərin aparılması və s.
Fikrimizcə, təlim zamanı bu tələblərin həyata keçirilməsi Blum taksonomiyasının modifikasiya edilmiş (Anderson və Kratvol, 2001) 1) yadda saxlamaq (faktları və anlayışları xatırlamaq); 2) anlamaq (ideya və anlayışları izah etmək); 3) tətbiq etmək (məlumatdan yeni situasiyalarda istifadə etmək); 4) təhlil etmək (fikirləri əlaqələndirmək); 5) qiymətləndirmək (mövqeyini və qərarını əsaslandırmaq) və 6) yaratmaq (yeni və orijinal iş hasil etmək) kombinasiyasının reallaşdırılmasını, şagirdlərin yaradıcılıq imkanlarının artmasını və təlimin nəticəyönlü aparılmasını bilavasitə təmin etmiş olar.
Müəllimin təlim-təhsil fəaliyyəti çoxsahəli bir fəaliyyətdir. Ona standart ölçülərlə yanaşmaq çətindir. Peşəkarlıq, səriştə, ustalıq, pedaqoji düşüncə tərzi, psixoloji hazırlıq, yaradıcı axtarış, əməkdaşlığa meyillilik, peşəsinə və işinə sevgi kimi amillər burada mühüm yer tutur. Başlıca məsələ onlara yiyələnməyə marağın olması, müəllimin öz vətəndaşlıq, peşə vəzifəsi və borcunu, peşəsinin cəmiyyətin inkişafı üçün nə dərəcədə vacib olduğunu dərindən dərk etməsi və onu yüksək səviyyədə yerinə yetirməsidir.
NƏTİCƏ
Pedaqoji proses başdan-başa texnoloji proseslərdən, onun yekunu isə bu proseslərin məntiqi, bitkin əlaqəsindən, onların bir tam şəklində reallaşmasından ibarətdir. Pedaqoji prosesin məhsuldarlığı, nəticəyönlü olması bilavasitə onun ikinci tərəfindən, yəni təhsilalanların maraqları, motivləri, inkişaf səviyyələri, təlimə münasibətləri və digər amillərdən çox asılı olsa da, proseslərin layihələndiricisi, aparıcısı olan, fəaliyyəti təşkil edən, onu reallaşdıran müəllimdən çox şey asılıdır. Çünki pedaqojiprosesin təşkilatçısı da, aparıcısı da, şagirdlərin inkişafının təminatçısı da təhsilverəndir. Onların təlim prosesinin məqsədini düzgün müəyyənləşdirməsi, prosesi dəqiq planlaşdırması, dərsin bütün mərhələlərinin texnoloji tərəflərini aydın görə bilməsi, yüksək peşəkarlıqla, səriştəliliklə onu həyata keçirməsi təhsilalanların maraq və tələbatının da təmin olunmasına real zəmin yaradan amillərdəndir.
Müəllimin öyrədə bilmə, kommunikativ, konstruktiv və digər bacarıqları bu prosesin daşıyıcı amillərindəndir. Şagirdlərdə təlimə maraq oyatmaq, onların təfəkkürünün, hafizəsinin inkişafına təkan vermək, şagirdlərin dərslərə həvəslə, maraqla qoşula bilməsini təmin etmək, müvafiq təlim şəraiti və yüksək pedaqoji atmosfer yaratmaq müəllimin bunlara nə dərəcədə hazır olmasından çox asılıdır. Səriştəlilik, pedaqoji məharət, pedaqoji müşahidəçilik qabiliyyəti, öyrətmək, uşaqlarla işləməyə həvəs, yenilikçi olmaq kimi amillər bu prosesdə mühüm rol oynadığından müəllimin müasir pedaqoji texnologiyalara yiyələnməsi onun öz işində uğur qazanmasını təmin edən amillərdəndir.
Çünki təhsilverənlərin fəaliyyəti gələcəyə yönəlmiş fəaliyyətdir. Daim yaradıcı axtarış, təşəbbüskarlıq, pedaqoji ustalığı artırmaq meyli bu fəaliyyətin əsas şərtlərindəndir. Buna görə də müəllim cəmiyyət qarşısında şərəfli missiyasını layiqincə yerinə yetirmək üçün öz üzərində daim işləməli və özünüinkişafa nail olmalıdır.
İstifadə edilmiş ədəbiyyat
1 Anderson, L.W., & Krathwohl, D.R. (2001). A taxonomy for learning, teaching, and assessing. New York: Longman.
2 Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Bakı: 2013.
3 Cahangirov, A. (2020). Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları. Bakı: “Şərq-Qərb”.
4 Dyui, D. (1997). Psikhologiya i metodika myshleniya. Per. s angl. M.
5 Əlizadə, Ə.Ə., Əlizadə, H.Ə. (2010). Pedaqoji psixologiya. Bakı: ADPU.
6 Hall, T.E., Meyer, A., Rose, D.H. (2021). Sinifdə Öyrənmə Universal Dizaynı (İngilis dilindən tərcümə). Bakı.
7 İlyasov, M.İ. (2013). Müəllimin pedaqoji ustalığı. Bakı: Elm və təhsil.
8 İlyasov, M.İ. (2021). Müasir təhsil: ənənədən innovasiyaya. Bakı: “Elm və təhsil”.
9 Konfutsi. (2016). Uroki mudrosti. Moskva: Eksimo.
10 Kuz’mina, N.V. (1993). Professionalizm pedagogicheskoy deyatel’nosti. N.V. Kuz’mina, A.M. Rean. SPb.
11 Tanrıqulu, N.İ. (2012). Dünya ölkələrində təlimin səviyyələri barədə. “Azərbaycan məktəbi” jurnalı, № 6, səh.24-28.