QƏLƏM YADDAŞDAN ETİBARLIDIR
Ən yaxşı qeyd proqramlarından söhbət açacağıq.
Həyatımızı asanlaşdıran yollardan biri də qeydlər aparmaq vərdişidir.
Öyrənmə prosesini gücləndirən, səmərəliliyini artıran dinləmək, oxumaq və baxmaq kimi fəaliyyətlərlə yanaşı, qeydlər aparmaq da lazım gəlir.
Müasir rəqəmsal dünyada qeyd etmək vərdişimizi qələm və kağız yerinə mobil telefon və planşetlərin uyğun proqramlarından istifadə etməklə reallaşdıra bilərik. Bu proqramlar bizə əlimizdəki ağıllı cihazlar vasitəsilə öyrəndiyimiz yeni məlumatları və ya xatırlatmaları qeyd etməyə imkan verir.
Qeyd aparma proqramları öz funksionallığı ilə seçilir. Burada qeyd olunan məlumatları asanlıqla saxlaya, arxivləşdirə, təsnifləndirə və ehtiyac duyduğumuz zaman onlardan istifadə edə bilərik. Qeyd aparma tətbiqləri funksionallığı ilə yanaşı, kağız və qələm kimi materialların saxlanması, daşınması və ya hər zaman əlçatan olmaması kimi problemləri də aradan qaldırır.
Bəs ən yaxşı qeyd proqramları hansılardır?
Mütəxəssislər deyir ki, bu və ya digər proqram seçərkən ilk növbədə onların hansı platformada istifadə edildiyini və mobil cihazınızın əməliyyat sistemi ilə uyğun olub-olmadığını öyrənməlisiniz.
Android əməliyyat sistemi olan cihazlar üçün Google Play, iOS əməliyyat sistemi üçün Apple Store-dan qeyd aparma proqramları yükləmək olar. Ən çox seçilən qeyd yazma proqramlarına Google Keep, Evernote, Microsoft OneNote, Dropbox Paper və Simplenote daxildir. İndi hər proqram haqqında bir az daha ətraflı danışaq.
Google Keep
Android üçün ən yaxşı qeyd tutma proqramı hesab edilən Google Keep mətndən tutmuş səslərə qədər hər şeyi qeyd etməyə imkanı verir. Tamamilə pulsuz olan bu proqram Gmail hesabı ilə istənilən platformadan qeydlərinizə daxil olmağa kömək edir. Sadəliyi və faydalılığı ilə diqqət çəkən Google Keep Android və iOS cihazları ilə bərabər internet üzərindən onlayn da istifadə edilə bilər. Proqramdan Chrome-da da yararlanmaq mümkündür.
Evernote
Ən köhnə qeyd proqramlarından olan Evernote Android, iOS, Mac, Windows əməliyyat sistemlərində və internetdə istifadə edilə bilər. Tətbiqin son yeniliklərindən yararlanmaq üçün Premium abunəlik almaq lazımdır. Evernote proqramı mətn, şəkillər, audio, skan olunmuş fayllar, PDF və sənədləri qeyd kimi saxlaya bilir. Tətbiq qeydləri qruplaşdırmaq, xatırlatmaları və qeydləri e-poçt vasitəsilə paylaşmaq üstünlüklərinə malikdir. Evernote veb Clipper əlavəsi ilə Mozilla Firefox, Safari və Chrome brauzerlərinə əlavə edilə bilər.
Microsoft OneNote
Sadə, aydın və istifadəçi dostu olması ilə tanınan Microsoft OneNote Windows, Mac, Android, iOS-da üstünlük verilən proqramlardandır. Tamamilə pulsuz olan OneNote tətbiqi sənədlərin yüksək keyfiyyətli skan olunmasını təklif edir. OneNote Microsoft Office paketinin tərkib hissəsi olduğu üçün Word, Excel və PowerPoint kimi proqramlarla sinxron işləyir. OneNote qeydlərə fotoşəkillər əlavə etmək, qeyd dəftəri yaratmaq və sensor ekranlarda əl ilə və ya stilusla (planşet üçün qələm) yazmaq kimi bir çox xüsusiyyətləri ilə seçilir.
Dropbox Paper
Qeyd aparma proqramı axtaranların ən çox seçdiyi tətbiqlərdən biri də Dropbox Paper-dir. Dropbox Paper proqramı komanda və ya qrupla istifadə oluna bilər. Proqramda işlər siyahısı yaratmaq, son tarix əlavə etmək və qrupdakı insanlara tapşırıqlar vermək kimi bir çox alət var. Bulud saxlama xidməti ilə inteqrasiya olunmuş bu proqram iOS, Android və İnternetdə istifadə oluna bilər.
Simplenote
Qeydlərinizi asanlıqla izləyə biləcəyiniz sadə və aydın istifadəçi interfeysinə sahib olan Simplenote ən çox seçilən qeyd etmə proqramları arasındadır. Windows, Mac, Android, iOS, Linux-a uyğundur. Simplenote cihazlar arasında sinxronizasiya edir. Hər dəyişiklikdən sonra qeydlərin ehtiyat nüsxəsini çıxaran proqram tamamilə pulsuzdur. Simplenote öz istifadəçilərinə ən sürətli və səmərəli şəkildə istədiyi qədər qeydlər aparmaq imkanı ilə yanaşı, lazım olduqda onların redaktəsinə də şərait yaradır.
Son illər yenilənən tətbiqlərdə məlumat mübadiləsi, səsli mesajların mətnə çevrilməsi, fotoşəkillərin skan edilməsi kimi bir çox xüsusiyyətləri var. Bu proqramlar cəmiyyətin bütün təbəqələrindən olan insanlar üçün əlçatandır. Qeyd aparma proqramları alış-veriş siyahısından tutmuş şirkətlərin böyük məlumat mərkəzinin hazırlanmasına qədər bir çox yerlərdə istifadə edilə bilər. Qeyd proqramlarında yazılı mətnlər smartfonun kamerası ilə skan edilən zaman o, mətni rəqəmsallaşdırır. Bu, xüsusilə tələbələr üçün olduqca əhəmiyyətlidir və onları əllə yazmaqdan xilas edir. Əsasən tələbələr və şirkətlər tərəfindən tez-tez üstünlük verilən qeyd aparma tətbiqləri xidmətlərinə hər gün yeniləri əlavə olunur.