BİLDİYİMİZ KİMİ DEYİL




Elm adamları haqqında miflər mövzusunu davam etdiririk.

Kopernikin kitabları qadağan olunmuşdu?

Orta məktəb dərsliklərindən bizə tanış olan “Kilsə Koperniki təqib edirdi” fikri  bütün elm tarixində özünə yer etmiş yanlışlardan biridir.

XVI əsrdə polyak astronomu Nikola Kopernik (1473-1543) Günəşin mərkəzi mövqeyinə, Yerin və başqa planetlərin onun ətrafında fırlandığına əsaslanan, heliosentrik sistem kimi tanınan yeni bir model hazırladı. Həmin modeldə Yer Kainatın əsas mərkəzi olmaqdan çıxdı.

Yayılan yanlış fikirlərə görə, bu sistem kilsənin Koperniki təqib etməsinə səbəb olub. Təqiblərə sübut kimi, papanın Kopernikin “Göy cisimlərinin fırlanması haqqında” əsərini “Qadağan olunmuş kitablar indeksi”nə daxil etməsi faktı göstərilir.

Ancaq tarixi faktlar göstərik ki, Kopernik həyatı boyu kilsə dairələrində nüfuzlu şəxs kimi qəbul edilib, bir neçə yepiskopun məsləhətçisi kimi fəaliyyət göstərib və onun əsərləri bütün Avropada sərbəst şəkildə yayılıb. Kopernik özünün bir çox intellektual müasirlərinə, o cümlədən ruhanilərə göndərdiyi “Kiçik mülahizələr” əsərində heliosentrik nəzəriyyənin ilk konturlarını təsvir edib.

Hətta "Göy cisimlərinin fırlanması haqqında" əsərinin nəşrindən 10 il əvvəl alman ilahiyyatçısı İohan Albrext Uidmanstetterin Romada Kopernik fərziyyəsi haqqında oxuduğu mühazirənin dinləyiciləri arasında Papa VII Klement və bir sıra kardinallar var idi.

Mövzunu davam etdirərək deyək ki, Yerin Günəş ətrafında fırlandığını sübut edən ilk şəxs N.Kopernik deyil. Bu ideyanı eramızdan əvvəl III əsrdə qədim yunan astronomu Samoslu Aristarx (310-230) irəli sürüb.  Təxminən eramızdan əvvəl V əsrdə Pifaqor və onun ardınca gələn filosoflar Yerin müəyyən bir “səmavi atəş” ətrafında fırlandığını fərz edirdilər.

Penisillin dərmanını Fleminq icad edib?

Aleksandr Fleminq, həqiqətən, 1928-ci ildə “penicillium notatum” kif ştammının stafilokokları öldürdüyünü aşkarlayıb.

Bununla belə, Fleminq, “penicillium notatum”un bakteriyaları məhv etmək imkanlarının məhdud olduğunu düşünərək belə bir dərman hazırlamağı öhdəsinə götürməyib. Oksford Universitetinin onunla razılaşmayan alimləri Ernst Çeyn və Hovard Florey 1940-cı ildə penisillin dərmanını hazırlayıblar.

İlk penisillin iynəsi 1941-ci ildə qan zəhərlənməsindən əziyyət çəkən bir kişiyə vurulub, lakin onun sağalması üçün ehtimal olunandan daha çox dərman lazım olduğundan onu xilas etmək mümkün olmayıb. Həmin dövrdə dərman ehtiyatı yox idi. Bu hadisə alimləri sənaye miqyasında dərman istehsalının zəruriliyi haqqında düşünməyə vadar edib.

Beləliklə, 1943-cü ildə ABŞ-də penisillinin kütləvi istehsalına başlanılıb və 1945-ci ildə dərmanın ixtirasında iştirak edən hər kəs, yəni Alexander Fleminq, Hovard Florey və Ernst Çeyn fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb.

Buna görə də Aleksandr Fleminqin penisillini icad etdiyini söyləmək tamamilə doğru deyil. Belə ki, insanların müalicəsi üçün kifdən istifadə haqqında məlumata ilk dəfə X əsrdə İbn Sinanın əsərində rast gəlinib.

Penisillinə bənzər xassələrə malik olan ilk antibiotik formulunu 1896-cı ildə italyan Bartolomeo Qosio sübut edib. Bir il sonra isə fransız Ernest Duşesne qvineya donuzları üzərində sınamaqla kifin tif qızdırması ilə mübarizədə effektivliyini təsdiqləyib. O öz kəşfini Pasteur İnstitutunda təqdim etsə də, elmi ictimaiyyət ona diqqət yetirməyib.

1913-cü ildə ABŞ alimləri Karl Alsberq və Otis Fişer Blek antimikrob təsiri olan kifdən müalicəvi maddə hazırlasalar da, I Dünya Müharibəsinin başlaması tədqiqatın yarımçıq qalmasına səbəb olub.

Albert Eynşteyn zəif oxuyub?

Bu fikri çoxumuz eşitmişik.

Albert Eynşteynin (1879-1955) həyat və yaradıcılığını araşdıran məqalələrin az qala hamısında onun məktəbdə zəif oxuduğu vurğulanır.

1980-ci illərin ortalarında bunu təkzib edən arxiv sənədlərin tapılmasına baxmayaraq, fizika üzrə gələcək Nobel mükafatı laureatının məktəb qiymətlərinin aşağı olması ilə bağlı mif hələ də təkrarlanmaqdadır.

A.Eynşteynin uşaqlığı Münhendə keçib. Valideynləri yəhudi olsa da, o, beş yaşında evə yaxın olan katolik ibtidai məktəbinə göndərilib.  Eynşteyn uşaqlıqdan klassik təhsil modelinə nifrət edirdi – “məktəblilər sıraya düzülür və hər yanlış cavaba görə əllərinə xətkeşlə vurulurdu” yazırdı. Həmin dövrdə Almaniyada antisemitizm meyilləri güclənməyə başladığından yaşıdları onu milliyyətinə görə tez-tez təhqir edirdilər.

1888-ci ildə 9 yaşlı Albert riyaziyyat, təbiət elmləri və qədim dillərin tədrisi səviyyəsi ilə məşhur olan Luitpold Gimnaziyasına daxil olur. Məktəbinin dəyişdirilməsi Eynşteynin tədris prosesinin təşkili ilə bağlı hisslərini dəyişmir: o, məktəblilərin başına lazımsız faktları yeritməyə, onları cəzalandırmağa, suallardan yayınan müəllimlərə, onların yaratdıqları kazarma nizam-intizamına nifrət edirdi. Onunla bağlı xatirələrdə göstərilir ki, kiçik Albert yaşıdları ilə top oynamaz, ağaclara dırmaşmazdı. Ancaq telefonun necə işlədiyini onlara məmnuniyyətlə izah edərdi.

Məktəbi sevməsə də, Albert həmişə yüksək qiymətlər alıb və ən yaxşı oxuyan şagirdlər arasında olub.

1984-cü ildə arxivdən götürülmüş akademik qeydlərdə göstərilir ki, Eynşteyn 11 yaşında kollec səviyyəsində fizikanı mənimsəmiş, əla skripka çalan, fransız dili istisna olmaqla, bütün fənlərdən yüksək qiymət alan vunderkind idi.

Gələcək fizikə atası və əmisindən başqa, onların evində qonaq olan tibb tələbəsi, sonralar ABŞ-də oftolmoloq kimi uğur qazanan Maks Talmud da mentorluq edib. Talmud Albertə bir çox kitablar, o cümlədən A.Bernşteynin "Təbiət elmləri üzrə  kitabları", “Həndəsə”  dərsliyini, bir sıra məşhur elmi esselər gətirirdi. Eynşteyn həmin kitabları birnəfəsə oxuyurdu.

Eynşteyn yaşından və sosial iyerarxiyada tutduğu mövqedən asılı olmayaraq axmaq insanlara dözə bilmir, hisslərini gizlətmirdi. Ona görə də müəllimləri ilə tez-tez münaqişələri olurdu. Həmin müəllimlərdən biri “Eynşteyn heç vaxt heç nəyə nail olmayacaq” demişdi.

1894-cü ildə Eynşteyn ailəsi Milana köçsə də Albert Münhen yataqxanasında qalmalı oldu. Sonra tənhalığa dözməyib valideynlərinin yanına gedib. Orduda xidmət etmək istəməyən Albert Almaniya vətəndaşlığından imtina edib   İsveçrənin “Aarau Kanton” məktəbinə daxil olub. Onun akademik göstəricilərində fizika və riyaziyyatdan ən yüksək qiymətlər, coğrafiya və rəsmdən dörd, fransız dilindən isə (altı ballıq sistemlə) 3 aldığı göstərilir.

Eynşteynin bioqrafiyasını yazanlar onun İsveçrə məktəbində fransız dili və rəsm dərsindən aldığı qiymətləri önə çəkməklə yanlış fikrin yayılmasına səbəb olublar.