RİYAZİYYAT TƏKCƏ ELM YOX, HƏM DƏ ƏYLƏNCƏDİR
Yeni tədris ilinin başlanması ilə məktəblilərin əylənmək imkanları və zamanları azalıb. Amma öyrənmə prosesini də əyləncəli etmək mümkündür və bunun yollarından biri də oyun tətbiqləridir. İstər iOS, istərsə də Android platformasında müxtəlif fənlərin öyrənilməsini dəstəkləyən çoxsaylı oyunlar var. “Azərbaycan məktəbi” jurnalı oxucularına indiyədək bu məzmunda bir neçə dəfə araşdırmalar təqdim edib. Bu dəfə isə məktəbəqədər yaşlı uşaqlardan tutmuş, ibtidai və yuxarı sinif şagirdlərinə riyaziyyatı sevdirən bir neçə tətbiq haqqında məlumat vermək istəyirik.
Prodigy Math Game
4-14 yaşlı uşaqlar üçün hazırlanan bu tətbiq komanda oyunu sayılır. Prodigy Riyaziyyat tətbiqi Prodigy Education tərəfindən hazırlanan maarifləndirici, əyləncəli, çox oyunçulu rol oyunudur. Qiymətli cəvahiratı toplamaq üçün tapşırıqları yerinə yetirərkən oyunçular kukla ustası ilə döyüşməli olan sehrbaz və ya cadugər rolunu üzərlərinə götürməli olurlar. Tətbiq uşaqların fundamental riyazi anlayışları öyrənməsinə və riyazi əməliyyatları yerinə yetirməsinə təkan verir.
Komodo Math
Bu proqram şagirdlərdə güclü riyazi təməlin formalaşmasına yardım məqsədilə hazırlanıb. 4-16 yaşlı uşaqlar üçün nəzərdə tutulan oyun fərdiləşdirilmiş seçimlərlə mükafat və bonuslar əsasında işləyir.
Bu oyunu fərqləndirən cəhət odur ki, valideynlər də proqramdan istifadə edib riyazi biliklərini artıra bilərlər.
“Komodo Math” Android və iOS sistemlərində işləyir.
Monster Math
Hər yaşdan olan şagirdlər üçün interaktiv riyaziyyat oyunudur. 8 yaşadək uşaqlara daha sadə riyazi əməllər, yuxarı sinif şagirdləri üçün isə qəliz riyazi məsələlər təqdim olunur.
Math Games
Bütün yaş qrupundan olan uşaqlar üçün ən yaxşı riyaziyyat oyunlarından sayılır. 7 dildə təqdim olunan tətbiqdə toplama, çıxma, vurma, bölmə əməliyyatlarını yerinə yetirmək üçün oyunlar verilib.
Məsələlər o qədər sadə və başa düşüləndir ki, hətta məktəbəqədər yaşlı uşaqlar da oynaya bilər.
Math Brain Booster
Təbiq müxtəlif hesablama tapşırıqlarının ardıcıllığından ibarətdir. Oyunçudan tələb olunan problemin həllinə diqqət yetirmək və məhdud vaxtda mümkün qədər çox tapşırığın həllinə çalışmaqdır. Oyunların ardıcıl oynanılması uşaqların zehninin güclənməsinə və riyazi tapşırıqların həllində cəldlik qazanmalarına təsir edir.
King of Math
“Riyaziyyat Kralı” riyaziyyatın müxtəlif bölmələrinə aid çoxlu əyləncəli və maraqlı məsələlərin sürətli həllinə yönəlmiş oyundur. Oyuna fermer kimi başlayaraq, riyazi suallara cavab verməklə və ümumi balınızı artırmaqla yeni xarakterlər qazanmaq mümkündür. On səviyyənin hər biri üçün yeni xarakter və musiqi təqdim olunur. Bu oyun uşaqların riyazi bacarıqlarını təkmilləşdirmək və ya yeniləmək üçün əla vasitələrdən biridir.
2011-ci ilin dekabrında təqdim olunan oyun indiyədək 10 milyondan çox yüklənib və 19 dilə tərcümə edilib.
Math Learner
Bu tətbiq artıq özünü təsdiqləmiş yapon metodologiyası əsasında hazırlanıb. Məktəblilərin riyazi bacarıqlarını yüksəltmək üçün ən uğurlı oyunlardan sayılır. Wildlife Studionun bu tətbiqi yalnız iOS platforması üçün nəzərdə tutulub.
Kahoot - Numbers by DragonBox
“DragonBox”un hazırladığı bu oyun əslində daha çox vurma cədvəlinin mənimsənilməsinə yönəlib. Oyunun hər bir detalı ustalıqla hazırlanıb.
Math balance education
Bu tətbiqin yanaşmasına görə, düzgün təqdim edildikdə riyaziyyat təkcə elm deyil, həm də əyləncədir. Uşaqlar tapşırıqları həll edərkən və hesablamağı öyrənərkən əslində çox əyləncəli və sürətli riyazi oyunlar oynayırlar.
Math Bridges
“Math Bridges” hər bir uşağın sinif səviyyəsinə uyğun oyunlar təqdim edir. Burada uşaqlar əyləncəli riyaziyyat oyunları ilə böyüyərək sinifdən-sinfə keçirlər.
MathLand
MathLand şagirdlərə diqqət və konsentrasiyanı cəmləməkdə kömək edən 25 səviyyəli bir oyundur. Tətbiq həm Android, həm də iOS cihazlarına uyğun gəlir.
AhaSlides
Bu oyunlar 7 yaşdan yuxarı uşaqlar üçün hazırlanıb. Müəllimlər buradakı viktorinalar vasitəsilə oyunu bütün sinfin öyrənmə vasitəsinə çevirə bilər.
Bu cür riyaziyyat oyunları uşaqlarda diqqəti, zehni çevikliyi artırır, həmçinin yaddaşı və məntiqi təfəkkürü gücləndirir.