“Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar”
Ey dərbədər gəzib ürəyi qan olan cocuq,
Bir parça nan üçün gözü giryan olan cocuq…
M.Ə.Sabirin bu şerinin yazılmasından 120 ilə yaxın vaxt keçməsinə baxmayaraq, dünyada milyonlarla uşaq hələ də aclıq, səfalət və müharibə ilə üz-üzədir…
1 İyun Uşaq Hüquqlarının Müdafiəsi Günü ərəfəsində dünyada uşaqların qorunmayan haqlarından söz açmaq istədik.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün sözlərinə görə, “dünyada uşaq hüquqlarının müdafiəsi ilə bağlı vəziyyət son illərdə kəskin şəkildə pisləşib. COVID-19 pandemiyası onların təhsil hüquqlarına ciddi təsir göstərib. İqlim dəyişikliyi isə onların həyatını və gələcəyini təhdid edir. Dünyada bir çox uşaq fəlakət bölgəsində yaşamağa məcburdur. Bütün böhranların ən həssas qurbanları onlardır”.
BMT-nin ərzaq təhlükəsizliyi ilə bağlı son hesabatında isə göstərilir ki, ekoloji böhranın təsiri altında olan 15 ölkədə 40 milyona yaxın uşaq ciddi qida çatışmazlığı ilə üzləşib.
Bu gün 400 milyon azyaşlı - təxminən hər beş uşaqdan biri münaqişə bölgəsində yaşayır və ya qaçqındır. Bu uşaqların çoxu müharibə qurbanı olur - onlar yaralanır, öldürülür və ya təcavüzə məruz qalır. Ailə üzvlərini və yaxınlarını itirən uşaqlar silahlı qüvvələr tərəfindən müxtəlif məqsədlərlə istifadə olunur.
BMT 2005-2022-ci illər arasında münaqişə bölgələrində uşaq hüquqlarının pozulması ilə bağlı 315 000-dən çox faktı yoxlaya bilib. Araşdırmada göstərilir ki, “bu pozuntuların real sayı daha çoxdur. Münaqişə zonalarından kənarda da uşaqların hüquqları risk altındadır. Buraya artan yoxsulluq və bərabərsizlik, ictimai səhiyyə ilə bağlı çətin vəziyyət və qlobal iqlim böhranının yaratdığı problemlər daxildir. İqlim dəyişikliyi uşaqların - indiki və gələcək nəsillərin sağlamlığı və rifahı üçün böyük təhlükə yaradır. Hazırda 1 milyarddan çox uşaq iqlim dəyişikliyinin təsiri üzündən “son dərəcə yüksək risk” altında olan ölkələrdə yaşayır. Bu o deməkdir ki, planetimizin temperaturu artmaqda davam etdikcə dünya uşaqlarının yarısı zərər çəkə bilər. Uşaqlar getdikcə çoxalan təbii fəlakətlər səbəbindən evlərini və ya məktəblərini itirə, quraqlığın doğurduğu ciddi qida çatışmazlığından əziyyət çəkə, istilik və havanın çirklənməsi ilə bağlı xəstəliklərin qurbanı ola bilərlər”.
Uşaqların üzləşdiyi başqa bir ciddi problem onların əməyinin istismarıdır. Artıq heç kimə sirr deyil ki, dünyanın məşhur texnika, zərgərlik, ətir, kosmetika və geyim brendləri üçün xammal əldə olunmasında Latın Amerikası, Afrika və Asiyada azyaşlıların əməyindən kütləvi istifadə olunur.
Harvard Universitetinin araşdırmasına görə, Syerra-Leonedə vətəndaş müharibəsi zamanı valideynlərini itirən minlərlə uşaq almaz mədənlərində işlədilir. Sağ qalan ailə üzvlərini dolandırmaq üçün çalışan uşaqlara gündə 1-2 dollar ödənilir. Həmin almazdan isə həm zərgərlik, həm də ağıllı texnologiya istehsalçıları yararlanır.
Beynəlxalq Əmək Təşkilatı (BƏT) bildirir ki, uşaq əməyinin istismarı bəşəriyyət üçün getdikcə həlli çətinləşən böyük problemə çevrilib. Dünyada işləməyə məcbur olan 170 milyon azyaşlının əksəriyyəti Afrika ölkələrində yaşayır. BMT-nin Uşaq Fondunun məlumatına görə, “uşaq əməyinin istismarına qarşı mübarizə dalana dirənib. Xüsusilə son 4 ildə müharibələr, təkrarlanan iqtisadi böhranlar, ifrat yoxsulluq və qeyri-adekvat sosial müdafiə tədbirləri 17 milyondan çox uşağı ucuz işçi qüvvəsinə çevirib. Onlar pis sanitariya, uzun iş saatları, ekstremal hava və cinsi zorakılıq şəraiti ilə üzləşirlər”.
İyun 12-si dünyada Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd olunur. Ötən il həmin gün ərəfəsində dərc olunan hesabatlarda əməyə cəlb olunan 5-11 yaşlı uşaqların sayında əhəmiyyətli artım qeyd olunurdu. Sağlamlıq, təhlükəsizlik və mənəviyyata zərər verə biləcək təhlükəli işlərlə məşğul olan 5-17 yaş arası uşaqların sayı 2016-cı ildən bəri 6,5 milyon artaraq 79 milyona çatıb.
UNICEF-in hesabatında yer alan digər əsas nəticələrə aşağıdakılar daxildir:
- Uşaq əməyinin 70 faizi kənd təsərrüfatı, (112 milyon), 20 faizi xidmət (31,4 milyon), 10 faizi isə sənayenin (16,5 milyon) payına düşür.
Əməyə cəlb olunan 5-11 yaşlı uşaqların 28, 12-14 yaşlıların isə 35 faizi məktəbə getmir.
Statistika əməyi istismar olunan azyaşlılar arasında oğlanların çəkisinin qızlara nisbətən daha çox olduğunu göstərir. Kənd yerlərində uşaq əməyindən istifadə (14 faiz) şəhərdəkilərə nisbətən (5 faiz) təxminən üç dəfə çoxdur.
Əməyi istismar olunan uşaqlar fiziki və əqli cəhətdən risk altındadır. Uşaq əməyi onların təhsilini təhlükə altına qoyur, hüquqlarını və gələcək imkanlarını məhdudlaşdırır, nəsillər boyu yoxsulluğa və uşaq əməyinin dövriyyəsinə məcbur edir.
Dünyada uşaq əməyindən istifadənin qarşısını almaq üçün BƏT və UNICEF ölkələr qarşısında bir neçə tələb qoyub:
- Ümumi uşaq müavinətləri də daxil olmaqla, hamı üçün adekvat sosial müdafiə təmin olunsun;
- Keyfiyyətli təhsilə və məktəbdən kənarda qalan uşaqların təhsilinə ayrılan xərclər artırılsın;
- Uşaq əməyinə təsir edən zərərli gender normaları və ayrı-seçkilik aradan qaldırılsın.
- Uşaqların sosial müdafiəsinə, kənd təsərrüfatı və ictimai xidmətlərin inkişafına, infrastruktura investisiya qoyulsun.
Ekspertlər bildirir ki, bu tələblərə əməl edilib-edilməyəcəyi böyük sual altındadır.