ZƏLZƏLƏDƏN SONRA
Mütəxəssislərin fikrincə, təbii fəlakətlərin bizi harada və necə yaxalayacağı məlum olmadığından ən kiçik yaşlardan uşaqlara fövqəladə hallarda davranış qaydaları öyrədilməlidir.
Elmi-texnoloji inkişaf insanları hər gün yeniliklərlə təəccübləndirsə də, təəssüf ki, təbii fəlakətlərin proqnozlaşdırılması və qarşısının alınması üçün yetərli deyil. Hər dəhşətli təbii fəlakətdən sonra cəmiyyət fövqəladə hallarda davranış qaydalarına fokuslanmağa çalışır, amma sonra hər şey unudulur.
XXI əsrin ən böyük təbii fəlakətlərindən sayılan, 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələdə dəqiq rəqəm açıqlanmasa da ölənlərin sayının 500 mindən çox olduğu bildirilir. İnsan itkilərinin miqyasına görə bu zəlzələ 2004-cü ildə episentri Hind okeanında olan 9,1 ballıq zəlzələdən daha dəhşətli olub. Müxtəlif hesablamalara görə, həmin zəlzələdə 300 mindən artıq insan itkisi olduğu açıqlanmışdı. Statistikaya görə, orada zərərçəkənlər arasında həmin bölgələrdə istirahətdə olan avropalı turistlərin sayı minlərlə idi.
Bu yazımızın mövzusu daha çox zəlzələ və başqa fəlakətlərin uşaq psixikasına və davranışına təsiri ilə bağlıdır. Ötən günlərdə Bakı və ətraf rayonlarda hiss olunan zəlzələdən sonra insanların davranışları onların böyük qorxu və panika içərisində olduğunu göstərdi. Bu qorxunun daha çox uşaqlara təsir etməsi göz önündə idi. Psixoloqlar bildirirlər ki, zəlzələdən sonra yaranan psixoloji problemlər təkcə zəlzələ bölgəsində fəlakəti yaşayanlarda deyil, eyni zamanda, hadisələrin uzaqdan şahidi olmuş insanlarda da müşahidə oluna bilər.
Bəs təbii fəlakətlərin uşaq psixologiyasına təsirini necə müəyyənləşdirməli və onunla mübarizə aparılmalıdır? Türkiyədəki son fəlakətdən sonra mütəxəssislər uşaqlarda bu təsiri aydınlaşdırmaq üçün bir sıra ümumi əlamətlər açıqlayıblar:
- Narahatlığa səbəb olan aqressiv davranışlar;
- Susmaq, özünə qapanmaq, ünsiyyətdən qaçmaq;
- Yaşına uyğun olmayan davranışlar;
- Diqqətlə bağlı problemlər;
- Tək qalmaq qorxusu;
- Yuxu problemi, sidikqaçırma;
- Hiperaktivlik və ya heç nə etməmək istəyi;
- Səbəbi bilinməyən baş və mədə ağrıları.
Uşaqların fəlakətə reaksiyası ətraf mühit amillərinə, yaşa və hadisənin miqyasına görə dəyişə bilər.
Zəlzələ zamanı uşağın özü, ailə üzvləri və ya yaxınları yaralanmaq, şikəst qalmaq və həyatını itirmək kimi ciddi təhlükələrlə üzləşə bilər. Bu isə uşağı psixoloji olaraq qəzəb, narahatlıq, qorxu, stress kimi duyğuların təsiri altına sala bilər.
Psixoloqlar bildirir ki, hər yaş qrupunda olan uşaqlar üçün zəlzələnin psixoloji təsiri fərqlidir. İnkişafını tamamlamamış uşaqlar zəlzələnin nə olduğunu tam dərk edə bilmədiklərindən onların duyğuları da dəyişir. Buna görə də zəlzələ zamanı valideynlərini təqlid edirlər. Yuxarı yaşlı uşaqlar isə zəlzələ nəticəsində yaranan itkilərdən xəbərdar olduqları üçün güclü stress keçirə bilərlər. Bu onların davranışlarında dəyişikliklərlə müşahidə oluna bilər. Bu vəziyyətdən çıxmaq üçün uşaqlara mütləq psixoloji dəstək lazımdır.
Təbii fəlakətdən sonra uşaqların psixoloji sağlamlığını qorumaq üçün şüurlu və düzgün addımlar atmaq lazımdır. Uşaq birbaşa təsirlənməsə belə, ailəsinin və ya ətrafındakıların reaksiyaları ona sirayət etməsi mümkündür. Bu əlamətlər hər uşaqda təsirin ölçüsünə və müddətinə görə fərqlənə bilər. Bəzi uşaqlar zəlzələdən təsirlənməsə də, bəzilərinin uzun müddətli psixoloji travmadan əziyyət çəkməsi mümkündür. Odur ki, zəlzələdən sonra uşaqların psixoloji sağlamlığına müvafiq dəstək vermək lazımdır. Bunun üçün psixoloqların bir neçə tövsiyəsi var:
- Təhlükəsiz mühitin yaradılması:
Uşaqların əvvəlki həyat tərzinə qayıtması üçün özlərini təhlükəsiz hiss edəcəkləri bir mühit yaradılmalıdır.
- Uşaqların hisslərini ifadə etmələrinə imkan vermək:
Zəlzələdən sonra yaşadıqları hissləri danışmaq onların rahatlamasına kömək edəcək. Lakin fəlakətdən sonra necə hiss etdikləri barədə suallar verməkdən çəkinmək lazımdır.
- Gündəlik işlərinə qayıtmaq:
Çətin proseslərdən sonra uşaqların oyun oynamaq, dərs oxumaq, məktəbə getmək kimi gündəlik fəaliyyətlərini bərpa edə bilmələri üçün onları dəstəkləmək vacibdir.
- Uşaqları zəlzələdən sonra müəyyən fiziki işlərə cəlb etmək onlarda psixoloji sarsıntıların aradan qaldırılmasına yardım edə bilər.
- Peşəkar psixoloji dəstəyin göstərilməsi:
Bu onların emosional sağlamlığını bərpa etməyə kömək edəcək.
Yeri gəlmişkən qeyd edək ki, “Azərbaycan məktəbi” jurnalı olaraq həm valideynlər, həm də uşaqlar üçün mütəmadi olaraq baxılmalı filmlər siyahısı hazırlayırıq. Bu gün mövzu ilə bağlı olaraq həmin siyahıya 2012-ci ildə təqdim olunmuş “İmkansız” (The İmpossible) ispan filmini də əlavə etmək istərdik. Qeyd edək ki, real hadisələr və qəhrəmanların həyatı əsasında çəkilmiş filmdə bir azyaşlının zəlzələdən sonra göstərdiyi fədakarlığın şahidi olacaqsınız.