OXUMAĞI VƏ YAZMAĞI ÖYRƏNMƏK ÇƏTİNDİRMİ?
Məktəbə ilk addımlarını atan bəzi uşaqlar üçün oxumağı və yazmağı öyrənmək çətin olur. Birinci sinif şagirdlərinə yazı və oxu qaydalarının öyrədilməsindəki çətinliklər artıq pedaqoji araşdırmaların da mövzusudur. Qeyd etmək lazımdır ki, ibtidai məktəb mərhələsi birinci sinif şagirdlərinin inkişafında və tərbiyəsində, xüsusən də oxumağı öyrənməsində ən vacib dövrdür. 6-7 yaşlarında uşaqlarda fonemik şüur, hərfləri öyrənmək, düzgün tələffüz, hecaları və sözləri tanımaq və oxumaq üçün ilkin bacarıqlar inkişaf edir. Odur ki, birinci sinif şagirdlərinin müəllimləri ilə valideynlərin əməkdaşlığı uşaqların inkişafında daha səmərəli nəticə verə bilər. Övladının oxumağı və yazmağı öyrənməkdə çətinlik çəkdiyini düşünən və bu məsələnin həlli yollarını axtaranlar üçün pedaqoq və psixoloqlar uşaqların oxuma və yazma bacarıqlarını inkişaf etdirən bəzi üsullar təklif edirlər:
- Uşaqlara səs və hərf harmoniyasının izahı onun fiziki və əqli inkişaf yaşına uyğun olmalıdır. Əlifbanın səslərini izah edərkən şəkillərdən və əyləncəli qrafikadan istifadə etmək olar. Dil biliklərinin inkişafını dəstəkləmək üçün gün ərzində uşaq mahnılarını dinləmək və oxumaq faydalı ola bilər.
- Şəkilli kitabları oxumaq uşaqların sözləri daha yaxşı başa düşməsinə və hərfləri birləşdirməsinə kömək edir. Belə kitablar hərfləri birləşdirməkdə çətinlik çəkən uşaqlar üçün faydalıdır.
- Orfoqrafiyaya uyğun mətn oxuma və yazma təcrübələrini tez-tez təkrarlamaq oxumaqda çətinlik çəkən uşaqlar üçün uyğun yollardan biridir. Dərs oxuyarkən uşağın darıxmaması üçün fasilələr verib həvəsləndirici sözlər deyə bilərsiniz.
- Sinif yoldaşlarından geri qaldığını hiss etməməsi üçün evdə və məktəbdə ona xüsusi qayğı göstərmək vacibdir. Valideynlər müəllimlə birlikdə işləməli və belə uşaqlar üçün uyğun metod hazırlamalıdırlar.
- Şəkilli hekayələr, qısa mətnlər vasitəsilə məşq etmək, səhv oxunmuş sözləri təkrarlamaq, əvvəlcə onları yazmaq, sonra söz və cümlələrlə davam etmək effektiv nəticələr verə bilər.
Uşaqların məktəb həyatında oxuma və yazma problemi ilə üzləşməməsi üçün valideynlər körpəlikdən onların əllərinin inkişafına diqqət yetirməlidir. Odur ki, kiçik yaşlarından yeməyini özü yeyə, dişlərini fırçalaya, geyinə və ayaqqabılarının iplərini bağlaya bilməsi əl əzələlərinin inkişafı üçün vacibdir. Kiçik motor bacarıqları inkişaf etmiş uşaqlar qələm tutmaqda və yazmaqda daha yaxşı nəticə göstərə bilərlər.
Oxuma-yazma prosesində uşaqlara hərfləri öyrənmək üçün verilən imla tapşırıqları çox uzun olmamalıdır. Səhifələrlə eyni mətni yazmaq uşaqlara cansıxıcı gələ bilər. Bu səbəbdən uşaqların yaşına uyğun hazırlanan ev tapşırıqlarına üstünlük verilməlidir. Birinci sinifdəki məktəblinin diqqəti çox asanlıqla dağılır. Buna görə də prosesi qısa və daha məhsuldar etmək lazımdır.
Valideynlər evdə uşaqların oxuma və yazma bacarıqlarını, dil inkişafını dəstəkləmək üçün onları mütaliə və şeir oxuma axşamları kimi fəaliyyətlərlə də həvəsləndirə bilərlər. Şəhər adı, evdə qısa məktublar, kiçik söz kartları və başqa oyunlarla öyrənməyi daha əyləncəli etmək mümkündür.
Oxumağı və yazmağı öyrənərkən uşağın inkişaf etdirməli olduğu beş bacarığa diqqət yetirmək gərəkdir:
- Fonemik şüurun (sözlərin müxtəlif səs komponentlərini tanımaq qabiliyyəti) formalaşması;
- Müxtəlif hərflərdən gələn səslərin tanınması;
- Söz ehtiyatını, sözlərin mənasını və cümlələrdə necə istifadə olunduğunu anlamaq qabiliyyətini gücləndirmək;
- Mətni oxuyarkən onu anlamaq bacarığı;
- Sürətli, dəqiq və səlis oxumaq bacarığı.
Altı yaşlı uşaqlar oxumaq və yazmaq fəaliyyətinə təzəcə başlayırlar. Onlar ətraflarındakı hər şeyə daha çox maraq göstərə bilərlər. Bir valideyn olaraq, oxumağı və yazmağı öyrənməyin bu mərhələsində övladınızın təbii marağından istifadə edə bilərsiniz. Mütəxəssislərin fikrincə, bu bacarıqlarını inkişaf etdirmək üçün onları əyləncəli yollara yönəltmək olar. Bunun bir vasitəsi də oxumaq və yazmaqdan ibarət dərsləri oyuna çevirməkdir. Bununla siz övladınızla maraqlı vaxt keçirə, onun oxuma və yazma bacarıqlarının inkişafına təkan verə bilərsiniz:
Söz içərisində söz oyunu
Sözlər içərisində başqa sözləri tapmaq oyunu oxu bacarıqlarının inkişafı üçün əyləncəli yollardan biridir. Bu oyun həm də uşağınızın söz ehtiyatını artırır.
Səviyyəyə uyğun kitab seçmək
“Uşağa oxumağı necə öyrədə bilərəm?” sualının cavabı əslində olduqca sadədir. Oxumağı öyrətməkdə ən böyük köməkçi kitablardır. Uşağın səviyyəsinə və maraqlarına uyğun kitablar seçmək onun daha çox cəhd etməsinə səbəb olacaq.
Bir sözdən alternativ söz yaratmaq
Oxu bacarıqlarını əyləncəli inkişaf etdirmə variantlarından biri də mövcud sözdən istifadə edərək alternativ və oxşar sözləri yaratmaq oyunudur.
Audio kitablar
Birinci sinifdə oxuyub yaza bilməyən şagirdlər kitabları dinləməklə də oxuyub-anlama bacarıqlarını inkişaf etdirə bilərlər. Əlbəttə ki, audiokitablar övladınızla birgə mütaliəni əvəz edə bilməz. Bununla belə, audiokitabların təklif etdiyi səlis oxu söz ehtiyatını gücləndirir.
Ekran istifadəsinin azaldılması
Ekranla həddindən artıq vaxt keçirmə uşağın təhsil uğurlarına mənfi təsir göstərə bilər. Buna görə onların ekran qarşısında keçirdikləri vaxtı nəzarətdə saxlamalı və zaman həddini aşdıqda fərqli alternativlər seçməyə yönləndirməlisiniz. Bu məsələdə uşaqlar valideynləri ilə razılaşmaya bilər. Bunun zərərlərini ona sakit tərzdə və düzgün izah etməyə çalışın. Mümkünsə, birlikdə edə biləcəyiniz fərqli fəaliyyətlər planlaşdırmalısınız.
Gündəlik tapşırıqların oyunlaşdırılması
Gündəlik gördüyünüz işləri tədris və öyrənmə imkanlarına çevirə bilərsiniz. Məsələn, yol gedərkən gördüyünüz yol nişanlarını, reklam lövhələrini birlikdə oxuya bilərsiniz.
Peşə oyunları
Bu oyunlar uşağınızın təsəvvürlərini aydınlaşdıra bilər. Peşə oyununa övladınızdan nəçi olmaq istədiyini soruşmaqla başlamaq olar. Məsələn, o “həkim” cavabı veribsə, ondan sizi müayinə etməsini, resept yazmağı xahiş edə bilərsiniz. Əgər övladınız başqa bir peşəni seçirsə, ondan həmin peşəyə aid hərəkətlər etməsini istəyə bilərsiniz.
Bu oyunlar zamanı övladınızla bərabər əylənə və öyrənə bilərsiniz. Bütün bu fəaliyyətlər uşaqları əylənərək oxumağa və yazmağa sövq edir. Ancaq qeyd olunan fəaliyyət və oyunlara baxmayaraq övladınız oxumaqda və yazmaqda çətinlik çəkirsə, mütəxəssislərdən yardım almağı unutmamalısınız.