TƏHSİLDƏ FÜRSƏT BƏRABƏRLİYİ




Türkiyənin təhsil tarixində özünəməxsus missiyası, tarixi keçmişi və cəmiyyətə qazandırdığı dəyərlərilə seçilən ən önəmli təhsil ocaqlarından biri də Darüşşafakdır. Bütün mənalarda “Şəfqət yuvası” olan bu müəssisə sadəcə bir məktəb deyil. Bu, Osmanlı dövründən Türkiyə Cümhuriyyətinə miras qalan, təhsildə bərabərliyin dünyadakı ilk və ən uğurlu örnəklərindən sayılan mülki cəmiyyət hərəkatıdır.

1863-cü ildən fəaliyyət göstərən bu unikal təhsil ocağı valideynlərindən birini və ya hər ikisini itirən, maddi imkanları məhdud olan istedadlı uşaqlara internat tipli məktəblərdə beynəlxalq standartlara uyğun təhsil verir.

XIX əsrin ortalarında Osmanlı imperiyasında cəmiyyətin ən yaralı yerlərdən biri yoxsulluq və müharibələr nəticəsində yaranan çoxsaylı kimsəsiz uşaqlar problemi olub. 1863-cü ildə Yusuf Ziya, Qazi Əhməd Muxtar, Vidinli Hüseyn Tofiq, Sakızlı Əhməd Əsad Paşa və Əli Naki Əfəndi kimi ziyalılar birləşərək “Cəmiyət-i Tədrisiyə-yi İslamiyə” (İslam Təhsil Cəmiyyəti) adlı dərnəyi qurublar. Bu, Türkiyə tarixinin təhsil sahəsindəki ilk sivil cəmiyyət təşkilatı, indiki terminlərlə ifadə etsək, qeyri-hökumət təşkilatı sayılır.

Cəmiyyətin ilkin məqsədi İstanbulun Qapalı çarşı ətrafındakı müəssisələrində usta yanında işləyən kimsəsiz şagirdlərin (şəyird) savadlanması idi. Bəyazitdəki köhnə məktəb binasında başlayan dərslər qısa zamanda ölkədə böyük marağa səbəb oldu. Burada dərs keçən müəllimlər könüllü fəaliyyət göstərirdilər. Bu uğurlu sınaqdan sonra cəmiyyət daha böyük və sistemli məktəb qurmaq qərarına gəldi. 1873-cü ildə İstanbulun Fatih bölgəsində dövrün ən müasir memarlıq prinsiplərinə uyğun olaraq tikilən böyük korpusda Darüşşafak Məktəbi rəsmən qapılarını tələbələrin üzünə açdı. İnternat məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağı artıq kimsəsiz və kasıb uşaqların geyim, qida və təhsil ehtiyaclarını xalqın və xeyriyyəçilərin yardımları hesabına ödəyirdi.

Darüşşafakın Türkiyə təhsilindəki ən böyük xidməti “Təhsildə imkan bərabərliyi” prinsipini tətbiq etməsidir. Bu model sosial dövlət anlayışının hələ formalaşmadığı dövrdə uşağın taleyinin onun doğulduğu ailənin maddi vəziyyətindən asılı olmamasının vacibliyi prinsiplərinə söykənirdi.

Darüşşafak təhsili tarix boyu dövrünün təhsil proqramlarından bir addım öndə olub. Osmanlı dövründə məktəb proqramı həm dini, həm də dünyəvi elmləri balanslı şəkildə birləşdirirdi. Lakin başqa məktəblərdən fərqli olaraq, burada texniki və tətbiqi elmlərə xüsusi önəm verilirdi.

I Dünya Müharibəsi illərində və ondan əvvəl məktəb həm də “Teleqraf məktəbi” funksiyasını yerinə yetirirdi. Dövrün ən qabaqcıl fizika və riyaziyyat təhsili burada verildiyi üçün məzunlar dövlətin rabitə və poçt strukturunda mühüm rol oynayırdılar.

İlkin dövrlərdə fransız dili yüksək səviyyədə tədris olunsa da, 1955-1956-cı tədris ilindən Darüşşafak ingilis dilində təhsilə keçdi. Burada təbiət elmlərinin və riyaziyyat dərslərinin ingiliscə keçirilməsi kimsəsiz uşaqların qlobal müstəvidə rəqabətədavamlı məzunlar olaraq yetişməsini təmin etdi.

1970-ci illərin əvvəllərinə qədər yalnız oğlan uşaqlarını qəbul edən məktəb, 1971-1972-ci tədris ilindən etibarən qapılarını qızlara da açmaqla təhsildə gender bərabərliyini təmin etdi.

Bir təhsil müəssisəsinin gücü onun yetişdirdiyi məzunların cəmiyyətə təsiri ilə ölçülür. Darüşşafak Türkiyənin elm, ədəbiyyat, incəsənət və bürokratiya tarixində iz qoyan yüzlərlə şəxsiyyət yetişdirib.

Türkiyədə müasir riyaziyyat təhsilinin banilərindən biri İstanbul Universitetinin (Darülfünun) rektoru Salih Zeki, türk ədəbiyyatının ən məhsuldar yazıçı və publisistlərindən biri Ahmet Rasim Osmanlı, yazıçı Sait Faik Abasıyanık, tanınmış rəssam Mahmud Cüda kimi ziyalıların adları sübut edir ki, Darüşşafak sadəcə sosial yardımı əsas götürən fond deyil, ölkənin intellektual kapitalını formalaşdıran müəssisədir.

Darüşşafak dövlət büdcəsindən birbaşa maliyyələşməyən, tamamilə xalqın, böyük şirkətlərin və xeyriyyəçilərin yardımları ilə inkişaf edən qurumdur.

Məktəbin tarixində çox maraqlı və emosional sayılan yardım ənənələri var. Məsələn, Mustafa Kamal Atatürkün anası Zübeydə xanım 1921-ci ildə göstərdiyi yardımla məktəb dəhlizlərində uşaqlara hər mövsümdə təzə meyvələr paylanmasını vəsiyyət edib. Bu gün də məktəbin Maslak kampusunun dəhlizlərində meyvə səbətləri qoyulur və uşaqlar istədikləri vaxtda oradan meyvə götürüb yeyə bilərlər. Başqa bir maraqlı yardımı isə məşhur yazıçı Sait Faikin vaxtsız ölümündən sonra anası Makbulə Abasıyanık göstərib. O, oğlunun ölümündən sonra onun bütün mülkünü və əsərlərinin gəlirini Darüşşafaka bağışlayıb. Məktəb hər il “Sait Faik Hikaye Ödülü” müsabiqəsi ilə həm ədəbiyyata, həm də gənclərə dəstək verir.

Bu gün İstanbuldakı müasir kampusda fəaliyyət göstərən Darüşşafak şagirdlərə kodlaşdırma, robototexnika, süni intellekt, incəsənət və idman sahələrində geniş imkanlar yaradır. Məktəb daxilindəki “Texno-Sahibkarlıq Gənclik Mərkəzi” uşaqları gələcəyin startapçıları və innovatorları kimi formalaşdırır.

Darüşşafak keçmiş ilə gələcəyi birləşdirən canlı orqanizmdir. Onun Türkiyə təhsilindəki yeri sadəcə tarixi uğurları ilə məhdudlaşmır; o, bu gün də təhsil sistemlərinə yön verən laboratoriyadır. Onun meydana atdığı “Təhsildə fürsət bərabərliyi” şüarı XXI əsrdə daha da əhəmiyyət qazanıb. Kasıb və kimsəsiz bir uşağın dünyanın ən yaxşı universitetlərinə (MIT, Harvard, Oxford və s.) qəbul ola biləcək səviyyədə yetişdirilməsi hər bir cəmiyyətin arzusudur. Darüşşafak bu arzunun xəyal olmadığını, düzgün qurulan təhsil modeli, xalqın dəstəyi və elmi pedaqogika ilə reallığa çevrilə biləcəyini 160 ildən çoxdur ki, bütün dünyaya göstərir.