Ana dilində təhsil çox vacibdir
Müsahibə
- Cəmiyyətdə hüquqşünas, QHT rəhbəri kimi tanınan Günel Səfərova 9 aya yaxındır ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri kimi də faəliyyət göstərir. Təhsil sistemindəki real vəziyyəti dəyərləndirmək üçün kifayət qədər vaxtınız olub, deyə bilərik. Durumu necə qiymətləndirirsiniz?
- “İctimai iştirakçılıq” haqqında qanunun qəbulundan sonra mərkəzi və yerli idarəetmə qurumları yanında ictimai şuralar yaradılmağa başladı. İctimai Şuranın (İŞ) əsas vəzifələrinə ictimai əhəmiyyətli məsələləri gündəmə gətirmək, ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi üçün mərkəzi, yerli icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanına təkliflər vermək, dinləmələr, seminarlar təşkil etmək, hüquqi aktların layihələrin müzakirəsini keçirmək daxildir. Göründüyü kimi, İŞ-nın inzibati hüquqları yoxdur. Təhsil sistemi çox böyük və həm də mürəkkəb sistemdir. Söhbət 1 milyon 600 min şagird, 4500-ə yaxın məktəb, ali təhsilin bakalavr pilləsi üzrə 171 820, magistr pilləsi üzrə 16920 tələbə, sayını qeyd etmədiyim məktəbəqədər təhsil alanlar, təhsil verənlər və Elm və Təhsil Nazirliyinin təhsil siyasətini həyata keçirən onlarla qurumdan gedirsə, o zaman işlərin elə də asan olmayacağı qənaətinə gəlmək olar. Təbii ki, İŞ cəmiyyəti narahat edən, ictimailəşən problemlərin həllinə çalışır. Ümumilikdə sistemdə hər hansı bir dəyişiklik məsələsi uzun zaman, resurs və çox iş tələb edir. Hazırda təhsil sahəsində kifayət qədər ciddi layihələr icra edilməyə başlanılıb və ya davam etdirilir. Qiymətləndirmə və dəyərləndirmə üçün təhsil indikatorları var və tam dəyərləndirmə üçün zaman lazımdır.
- İctimai Şuranın sədri kimi işə nədən başladınız?
- İctimai Şuranın çevik fəaliyyət planı hazırlandı və aidiyyatı məsələlər üzrə həm qurumlarla, həm də məsul şəxslərlə görüşdük. 2022-ci ilin yanvarında tərtib elədiyimiz fəaliyyət planı indi demək olar 50 faiz dəyişib. Çünki yeni prioritetlər və yeni məsələlər meydana çıxır. Çalışırıq ki, hər ay görüşək və əsas məsələləri müzakirə edək.
- Günel Səfərova cəmiyyətdə baş verən hadisələrə özünəməxsus münasibəti və fərqli vətəndaş mövqeyi ilə seçilənlərdəndir. Bəs bu mövqe İŞ-nın işində necə, fərqlənirmi?
- Cəmiyyətin məndən həm fərd, həm də İŞ-nın sədri olaraq gözləntisi var. Məsələlərə və proseslərə ədalətli, qanunun aliliyi çərçivəsində yanaşırıq. İŞ-nın çox dəyərli üzvləri var və onlar təhsil sahəsində həqiqi, əməli fəaliyyət göstərənlərdir. Şuradan böyük gözlənti var və hətta bəzən qanunda nəzərdə tutulmayan vəzifələr tələb edilir, biz bunu da anlayışla qarşılamağa çalışırıq. Fərdi şikayətlər, ictimai məsələlər, xüsusi ilə baş verən neqativ hallarla bağlı müraciətlər çoxdur. Demək olar ki, hər gün həm İŞ-nın Facebook səhifəsinə, həm ayrı-ayrı üzvlərə səlahiyyətimizə aid olan və olmayan məsələlərlə bağlı yazırlar. Çalışırıq ki, İŞ-nın fəaliyyətində bütün fərqli mövqeləri müzakirə edək və doğru qərarı verək. Çətindirmi? Bəli, amma bu metod özünü doğruldur.
- Nazirliyin fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək üçün hansı addımlar atılır?
- Nazirliyin ayrı-ayrı qurumlarının təmsilçiləri ilə görüşürük. Rəhbər heyətlə də davamlı müzakirələrimiz olur. Həm qaynar xəttə, həm də bizə daxil olan şikayətlərin həlli ilə bağlı məsələləri izləyirik. Səmimi olaraq qeyd edim ki, həm nazirliyin, həm də İŞ-nın ictimai nəzarət mexanizminin güclənmə niyyətləri eynidir.
- Görülən işləri cəmiyyətə çatdırmaq mexanizminiz necədir? Qarşılıqlı dialoq qurmaq mümkün olurmu?
- Ardıcıl ictimai dinləmələr keçiririk. Artıq sayca 4 böyük dinləmə, ictimai müzakirə və müxtəlif tərəflərlə onlarla kiçik müzakirə qrupları təşkil etmişik. Cəmiyyətlə dialoq həm də sosial şəbəkələr üzərindən qurulur. Ayrı-ayrı problemlərlə bağlı isə məsələnin yerində araşdırılması üçün səfərlər təşkil edib fərdi görüşlər keçiririk.
- İctimai Şuraya ən çox hansı məsələlərlə bağlı müraciətlər daxil olur?
- Zamanla problemlərin forması dəyişir və müraciətlər də ona uyğun olur. Məsələn, qəbul zamanı rus bölməsində yerin olmaması, müəllimlərin sertifikasiyası zamanı isə sualların çətinliyi ilə bağlı şikayətlər daxil olur. Tədris zamanı bulling və ya təhsilin keyfiyyəti ilə bağlı müraciətlər çoxluq təşkil edir. Müraciətlər fərdi və ictimai kateqoriyaya görə bölünsə də məzmunca çox fərqlidir. Bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Bəzən çox sərt ittiham xarakterli müraciətlə üzləşirik, fakt verilmir, müraciətlərinin rəsmiləşdirilməsindən çəkinib problemin həllini bizdən tələb edirlər. Mücərrəd məsələlərlə bağlı müraciətlər də çoxdur.
- Vətəndaşların təhsil hüquqlarının qorunması ilə bağlı müraciətlər və onların xarakteri haqqında nə demək olar?
- Təhsil hüquqları ilə bağlı toplu müraciətlər var. Məsələn, sığınacaqda yaşayan uşaqların doğum haqqında sənədlərinin olmadığı üçün təhsil hüquqlarında problemlər yaranır. Bu il valideynlərdən övladının rus bölməsində oxuması üçün xüsusilə çox müraciət almışıq. Regionlardan və ya Bakı kəndlərindən olan gənc qızların təhsillərinin davamlılığının təmini ilə bağlı xeyli məsələləri araşdırıb onların təhsil hüquqlarının bərpasına nail olmuşuq. Təhsil məsələsi yalnız təhsil verənin məsuliyyəti deyil, həm də valideynin məsuliyyəti olmalıdır.
- Şagird hüquqlarının qorunması, məktəblərdə şagird-müəllim münasibətlərinin daha səmərəli məcraya yönləndirilməsi üçün cəmiyyətin üzərinə hansı məsuliyyət düşür?
- İctimai Şuranın üzvü Pərvanə Məmmədova anti-bullinq siyasətinin hazırlanmasına cəlb olunub və hətta bu proses İŞ-nın formalaşmasından əvvəl başlayıb. Bu yaxınlarda məsələnin məktəblər tərəfindən köklü həlli üçün yeni yanaşma tətbiq ediləcək.
- Kənardan baxanda müəllim, şagird və valideynlərin hər birinin nədənsə gileyli olduğu görüntüsü var - kimi məktəbdən, kimi dərslikdən, kimi metodologiyadan, kimi məktəbli formasından, kimi də maaşdan narazıdır. Bu qədər narazını razı salacaq məqamı və nöqtəni tapmaq çox çətindir yəqin ki…
- Biz Məktəb, Ailə və İcma birliklərinin yaradılması ilə bağlı yeni təşəbbüsü həyata keçirməyə başlayacağıq. Bəli, narazılıqlar çoxdur, amma bu modellər həm də müzakirə üçün bir platforma olacaq. Müəllimlərin maaşlarında dəyişikliklə bağlı nazirlik iş aparır. Müəllimlik nə qədər idealist yanaşma tələb etsə də, hamımız hesab edirik ki, müəllimin sosial rifahı çox önəmlidir. Müəllim peşəsi cəmiyyətin formalaşmasında əvəzsiz rola malikdir. Narazılıqlar həmişə olub və bundan sonra da olacaq. Önəmli olan onların aradan qaldırılması üçün doğru addımlar atmaqdır.
- Rus bölməsində təhsil tərəfdarları getdikcə azalmaq əvəzinə çoxalır və bu bölmə üçün kvotaların dəyişdirilməsini istəyirlər. Siz necə fikirləşirsiniz, 6 yaşlı bir uşağın ibtidai təhsilini yad dildə alması nə qədər düzgündür? Burda işin milli-mənəvi hissəsindən çox pedaqoji və psixoloji tərəfi maraqlıdır.
- Rus dilində təhsil ilk növbədə bu dilin daşıyıcılarına verilir. Burada həm valideynlərin, həm də cəmiyyət olaraq bizim rolumuz var. Məsələn, valideyn hazırkı vəziyyətin qiymətləndirməsini aparır və iş yerlərində, toplumda tələb olunan rus dili biliyinin əhəmiyyətini görür. Ona görə də rus dilində təhsilə axın başlayır. Bu dilin 20 il sonrakı əmək bazarında hakimliyini qoruyub-qorumayacağı sual altındadır. Biz ingilis dilinin üstünlüyünü qoruyacağını əminliklə deyə bilərik, amma rus dili ilə bağlı bu məqam mübahisəlidir. Düşünürəm ki, ana dilində təhsil çox vacibdir və cəmiyyətdə dilə münasibəti də formalaşdıran elə bizik.
-Təhsil problemlərindən danışanda dərsliklər və olların anlaşılması məsələsindən yan keçmək olmur. Bu məsələni həll etmək üçün zamandan başqa nə tələb olunur?
- Təhsil İnstitutu dəyişəcək dərsliklərlə bağlı hər il ictimai müzakirə təşkil edir və eyni zamanda onlayn platforma imkanları yaradır. Bəs dərsliklərin keyfiyyəti və məzmunu ilə bağlı təkliflər verilirmi, əslində sual budur. Dərslikləri istədiyimiz qədər müzakirə edə bilərik, amma məzmunla bağlı təkliflər mütləq nəzərə alınır.
- Əgər 10 il öncə cəmiyyətdə abituriyentlərin repetitorlarla hazırlaşması narazılıqla qarşılanırdısa, bu gün ibtidai sinif şagirdlərinin də əksəriyyəti dərsdən sonrakı vaxtını “hazırlıq”larda keçirir. Burada bir çox səbəblərlə yanaşı, valideynlərin proqramı anlamaması da göstərilir. Necə fikirləşirsiniz, bəlkə məktəblərdə həm də valideyn savadlılığını artırmaq üçün xüsusi kurslar təşkil olunsun?
- Mən təhsili məktəbə qaytarmağın tərəfdarıyam. Uşağa dəstəklə yanaşı, məktəb, müəllim və valideynlər ən əsas vərdiş olan öyrənmə prosesini aşılamalıdırlar. Uşaq öyrənmə ənənəsini özü qavrasa, onun üçün oxumaq daha asan olacaq. Repititorluq isə uzun zaman davam edəcək. Həm də ona görə ki, təhsilin istiqaməti qəbul prosesinə yönəlib. Bu gün internetin verdiyi imkanlardan da istifadə etməklə daha çox öyrənmə prosesini təşkil etmək olar.
- Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyinə çevriləndən sonra sizin fəaliyyət istiqamətlərinizdə hansı yeniliklər olacaq?
- Məktəb və icma arasında olan münasibətlərin daha da yaxşılaşdırılmasına yönəlmiş layihələr var. Hesab edirəm ki, bu layihələrin cəmiyyətə böyük faydası olacaq. Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin İctimai Şurası kimi ilk iclasımızı keçirib gələcək planları müzakirə edəcəyik.