ŞƏXSİYYƏTİN SOSİALLAŞMASI VƏTƏNDAŞLIQ TƏRBİYƏSİ KONTEKSİNDƏ




Gənclərin cəmiyyətə adaptasiyası onların öz hüquqlarını dərk etməsini, vəzifələrini yerinə yetirməsini, məqsədyönlülük, fəallıq, məsuliyyətlilik, mütəşəkkillik və şüurlu intizamlılığın aşılanmasını tələb edir. Belə bir tələb nəzəri, əməli və emosional komponentləri özündə birləşdirir. Adı çəkilən hər üç komponent məqalədə tərbiyə işinin tərkib hissəsi kimi xarakterizə edilir. Vətəndaşlıq tərbiyəsi şəxsiyyətin sosiallaşması amili kimi nəzərdən keçirilir, fəal vətəndaşlıq anlayışının mahiyyəti açıqlanır, həmçinin vətəndaşlıq şüuru, davranışı, mədəniyyəti və mövqeyi kimi keyfiyyətlər təhlil olunur. Məqalədə şəxsiyyətin sosiallaşması vətəndaşlıq tərbiyəsi kontekstində təqdim edilərək nəzəri-metodoloji səviyyədə araşdırılır və əldə edilən nəticələrin gənclərlə tərbiyə işinin təşkilində tətbiqi məqsədəuyğun və faydalı olduğu vurğulanır.

GİRİŞ

İnsanın həm cəmiyyət həyatına uyğunlaşması, həm də inkişaf perspektivi onun aldığı təhsilin keyfiyyətindən və tərbiyəsindən asılıdır. İstedadlı, bacarıqlı, yüksək təhsilə, tərbiyəyə malik insanlar xalqın intellektual və mədəni varlığını təmin edirlər. Belə ziyalı insanlar öz yaradıcılığı və fəaliyyəti sayəsində cəmiyyətin mədəni səviyyəsini yüksəldirlər. Cəmiyyətin elitar təbəqəsinin formalaşmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində, insanın daha sivil və kamil səviyyəyə yüksəlməsində, ixtisaslı mütəxəssis hazırlığında təhsil müəssisələrində təlim-tərbiyə işlərinin səmərəli təşkil edilməsi olduqca əhəmiyyətlidir. Müasir dövrdə təhsil müəssisələrinin üzərinə ailənin, cəmiyyətin və dövlətin maraqlarına uyğun zəruri biliklərə, həyati bacarıqlara, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə vərdişlərinə yiyələnən, əxlaqi-mənəvi dəyərlər zəminində tərbiyə olunan vətəndaş yetişdirmək vəzifəsi düşür.

ŞƏXSİYYƏTİN CƏMİYYƏT HƏYATINA ADAPTASİYASINDA VƏTƏNDAŞlIQ TƏRBİYƏSİNİN ROlU

Vətəndaşlıq tərbiyəsinə nəzər yetirmədən kamil insan və yetkin şəxsiyyət yetişdirmək məsələləri metodoloji cəhətdən düzgün deyil. Çünki şəxsiyyət ilk növbədə vətəndaşlıq məziyyətlərinə, yəni vətəndaşlıq ləyaqətinə, vətəndaşlıq vüqarına, dəyanətinə, müstəqillik, dövlətçilik ruhuna və s. malik olmalıdır (Ağayev, 2011).

Pedaqoji proses qarşısında qoyulan hərtərəfli inkişaf etmiş şəxsiyyət tələbi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndində öz əksini tapır:

Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək (“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, 2009).

Ailədən başlayan və müxtəlif növ təhsil müəssisələrində davam edən tərbiyə prosesi şəxsiyyətin formalaşmasında əhəmiyyətli olan mənəvi münasibətlər zəminində qurulur. Bu münasibətlər insanın həyat və fəaliyyətinin müxtəlif sahələrinə nüfuz edir, onun şəxsi simasına, başqaları ilə ünsiyyət qurmasına, özünü qiymətləndirməsinə təsir göstərir, yüksək əxlaqi prinsiplər ilə yaşamağa və fəaliyyət göstərməyə, birgə yaşayış qaydalarına əməl etməyə daxili tələbat yaradır.

Mənəvi cəhətdən yetkin şəxsiyyətin əməl etməli olduğu bir sıra şərtləri belə müəyyən etmək olar:

  • haqsızlıq və riyakarlığın qəbul edilməməsi, təmiz vicdan, ədalətlilik, şərəf və səmimiyyət;
  • xoş rəftar və gözəl davranış;
  • mənəvi şücaət, mərdlik, mətanət və alicənablıq;
  • digər insanlara və onların ləyaqətlərinə hörmət;
  • insanlara xidmət, mərhəmət, şəfqət, insana qayğıkeş münasibət;
  • uğura canatma, nikbinlik.

Vətəndaşlıq tərbiyəsi özündə vətənpərvərlik, milli, etnik, siyasi, hüquqi və ümumbəşəri aspektləri inteqrasiya etməklə, müstəqil şəraitdə formalaşır. Vətəndaşlıq tərbiyəsi dedikdə, cəmiyyətin və dövlətin bir üzvü kimi insana zəruri olan keyfiyyətlərin formalaşdırılması üzrə aparılan məqsədyönlü tərbiyə işinin sistemi başa düşülür. Məqsəd yeniyetmə və gəncləri layiqli vətəndaş kimi tərbiyə etmək, cəmiyyətdə fəal mövqe tutmağa və özünü reallaşdırmağa hazırlamaqdır. Bu da gənc nəslin daha da sosiallaşmasına təkan verər.

Hər bir dövlətin Konstitusiyası hüquqi, sosial, siyasi funksiyaları ilə yanaşı, tərbiyəvi funksiyanı da əhatə edir. Bu da, hər şeydən əvvəl, şəxsiyyətdə Konstitusiyaya, dövlətin qanunlarına, vətəndaşın hüquq və azadlıqlarına hörmət ruhu aşılayır, müəyyən dünyagörüşü ifadə edir. Tərbiyəvi funksiya insan-cəmiyyət-dövlət münasibətlərinin qarşılıqlı əlaqəsini və onların məsuliyyətini müəyyənləşdirməkdə mühüm rol oynayır.

Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipləri göstərilir. Vətəndaş hüquqlarına yaşamaq, azadlıq, əmək, nikah, təhsil, seçki, mədəniyyət, istirahət, sosial təminat, mülkiyyət, bərabərlik, şərəf və ləyaqətin müdafiəsi, sağlamlığın qorunması, milli mənsubiyyət hüququ və s. aiddir. Gənclərin də öz hüquqlarını bilməsi, dövlət və cəmiyyət qarşısında vəzifələrini dərk etməsi sosiallaşmanın şərtlərindəndir.

Vətəndaşlar fərqli ola bilər, lakin onları vahid sosiumda birləşdirəcək ümumi xüsusiyyətlər olmalıdır. Gənclər bilməlidirlər ki, əsl vətəndaş mənsub olduğu cəmiyyəti fəal şəkildə müdafiə edən, onu inkişaf etdirən və ona xidmət edən şəxsdir. Layiqli vətəndaş yalnız öz hüquqlarını bilən deyil, onları müdafiə edən haqsızlıqlara qarşı çıxan, Vətəni, onun keçmişi və gələcəyi ilə bağlı məsuliyyət daşıyan, siyasi və hüquqi mədəniyyətə malik şəxsdir. Vətəndaşların əsas vəzifələri isə Konstitusiyamızda bu cür ifadə olunur: vətənə və dövlətə sədaqət, onun qüdrəti və nüfuzunu yüksəltmək, müdafiə əzmini tərbiyə etmək; dövlət rəmzlərinə hörmət; gəncləri siyasət və hüquqa dair biliklərə və əqidəyə yiyələndirmək; ölkənin ictimai-siyasi həyatına şüurlu münasibət bəsləmək; qanunlara əməl etmək; fəal vətəndaş mövqeyinə malik olmaq; vətəndaş şüuruna, siyasi və hüquqi mədəniyyətə yiyələnmək və s. (Azərbaycan Respublikasının Konstitusiyası, 2013).

VƏTƏNDAŞlIQ TƏRBİYƏSİNİN TƏRKİB HİSSƏLƏRİ

Gənclərin vətəndaşlıq tərbiyəsinə hazırlanması onların öz hüquqlarını qorumasına və vətəndaşlıq vəzifələrini reallaşdırmasına zəmin yaradır. Tədris müəssisələrində təhsil aldıqları müddətdə belə bir hazırlıq tərbiyəvi işin tərkib hissəsi kimi gənclərin formalaşmasına yönəlmiş bir sıra komponentləri (nəzəri, əməli və emosional) özündə birləşdirir (Sxem 1).

Sxem 1 Vətəndaşlıq tərbiyəsinin komponentləri

Nəzəri komponent gənclər tərəfindən vətəndaş həyatı üçün lazım olan iqtisadi, hüquqi, psixoloji, siyasi və başqa biliklərin, həmçinin ağlın və intellektin inkişafının əldə edilməsini nəzərdə tutur. Bu komponent sosial-humanitar fənlərin kompleksinə, yəni tarix, fəlsəfə, sosiologiya, politologiya, kulturologiya, hüquqşünaslıq, psixologiya və s. aiddir. Şəxsiyyətin sosiallaşması prosesində belə fənlərin imkanlarından, gənclərin şüur və fəaliyyətinə təsir göstərən metodlardan, eləcə də tədrisdənkənar tədbirlərdən səmərəli şəkildə istifadə olunmalıdır. Müxtəlif növ müsabiqələr, olimpiadalar, viktorinalar, dəyirmi masalar, disputlar, müzakirələr və başqa vasitələrin ayrılıqda əhəmiyyətini fərqləndirərək qiymətləndirmək mümkündür. Keyfiyyətli təhsil almadan, cəmiyyətin müasir həyatının tənqidi təhlili bacarıqlarını təkmilləşdirmədən gələcək mütəxəssisin vətəndaş simasında bu komponentin yüksək keyfiyyəti haqqında danışmaq olmur. Gənclərin siyasi və hüquqi biliklərə yiyələnməsi müasir dövrdə vacib şərtdir. Bu biliklər onlarda əqidə, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə şüurlu münasibət formalaşdırır.

Əməli komponent mülki həyatda aktual olan müxtəlif texnoloji bacarıq və vərdişləri əhatə etməlidir. Söhbət gənclərin seçkilərdə, referendumlarda, ictimai təşkilatların toplantılarında iştirakı bacarıqlarından gedir. Vacibdir ki, gənclər ictimai həyat sahəsində lazımi bacarıqlar və vərdişlərə yiyələnsin, vətəndaş cəmiyyətinin prosedurlarını öyrənsinlər.

Emosional komponent gənclərdə Vətənin, dövlətin taleyinə, onun rəmzlərinə vətəndaşlıq duyğularının ifadə olunması ilə bağlıdır. Məsələn, dünya ölkələrinin bir çoxunda vətəndaşlar daim öz yaşadıqları yerlərin üzərinə dövlət bayrağı taxır, öz ölkəsinin himnini dinləyir və oxuyur, mühüm tarixi günlərlə, hadisələrlə, ölkəsinin uğurları ilə bağlı mərasimlərdə iştirak edirlər.

Vətəndaş yalnız cəmiyyətin üzvü olan deyil, həm də öz məsuliyyətini, cəmiyyət həyatında iştirakını dərk edən, ölkəsinin inkişafına xidmət göstərən şəxsdir. Beləliklə, şəxsiyyətin sosiallaşma amili kimi vətəndaşlıq tərbiyəsinin məqsəd və nəticəsi də insanın vətəndaşlıq borcunu və mövqeyini əks etdirən keyfiyyətləri formalaşdırmaqdır.

VƏTƏNDAŞLIQ MƏDƏNİYYƏTİ FƏAL VƏTƏNDAŞLIĞIN GÖSTƏRİCİSİ KİMİ

Şəxsiyyətin tərbiyəsində məqsəd cəmiyyət üçün fəal vətəndaş yetişdirməkdir. Pedaqoji ədəbiyyatda fəal vətəndaş anlayışı belə açıqlanır: fəal vətəndaş cəmiyyətin bir üzvü olaraq, hüquqlarını dərk edən, habelə cəmiyyət qarşısında daşıdığı məsuliyyət və vəzifələrə əməl edən şəxsdir. Fəal vətəndaşın keyfiyyətlərini belə konkretləşdirmək olar: öz hüquqlarını bilməli; başqalarının hüquqlarına hörmət etməli; təşəbbüskar olmalı; cəmiyyət qarşısında məsuliyyət daşımalı; mülkiyyətə qayğıkeş münasibət bəsləməli; cəmiyyətə və insanların rifahına zərər vura biləcək fikir və fəaliyyətə qarşı çıxmalıdır və s. (İsmixanov, 2013).

Vətəndaşlıq mədəniyyəti fəal vətəndaşlığın əsas göstəricisidir. Ötən əsrin 60-cı illərində Qərb siyasi elmlərində vətəndaş mədəniyyəti ideyası yalnız siyasi mədəniyyət kontekstində nəzərdən keçirilirdi. Lakin Gabriel Almond və Sidney Verbanın “Vətəndaşlıq mədəniyyəti” əsərində bu fenomen öz əsasları üzərində tədqiq edilir. Vətəndaşlıq mədəniyyəti anlayışı vətəndaşın sosial vəzifələrinin, onların həyata keçirilməsində əməli fəaliyyətinin dərk olunması baxımından araşdırılır (Gabriel, 1989). Bu mənada, cəmiyyətin yetkinlik səviyyəsi vətəndaşın maraqlarının təmin olunmasında, birgə qərarların verilməsi, fəaliyyət mexanizmləri və formalarının işlənib hazırlanması, eləcə də həyata keçirilməsində ifadə olunur. Vətəndaşlıq mədəniyyəti o vaxt yaranır ki, insan öz ölkəsinin problemlərini dərk edir və onun maraqlarının müdafiəçisinə çevrilir, sədaqətlilik göstərir.

NƏTİCƏ

Vətəndaşlıq tərbiyəsi nəticəsində ölkənin ictimai həyatında gənclərin fəal iştirakını, şəxsiyyətin hüquq və vəzifələrinin dərk edilməsini təmin edən, ümumbəşəri dəyərlər və şəxsiyyətin maraqları ilə bağlı olan, vətəndaşlıq keyfiyyətlərini özündə birləşdirən vətəndaşlıq şüuru, vətəndaşlıq hissi, vətəndaşlıq davranışı, vətəndaşlıq fəallığı və vətəndaşlıq mövqeyi formalaşır.

Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, tədris müəssisələrində həyata keçirilən vətəndaşlıq tərbiyəsi şəxsiyyətin sosiallaşmasına xidmət edir, eləcə də təhsilalanlarda yüksək vətənpərvərlik şüurunun, öz Vətəninə sədaqət hislərinin formalaşmasına, onun mənafelərinin müdafiəsi üzrə vətəndaşlıq borcunun və Konstitusiya vəzifələrinin icrasına hazırlıqla bağlı məqsədyönlü və sistemli təşkil edilmiş fəaliyyət kimi dəyərləndirilir. Belə ki, hər bir azərbaycanlı vətəndaşının mübariz ruhlu, qərarlı, sağlam əqidəli insan kimi yetişərək cəmiyyət həyatına düzgün adaptasiyası tələbi gənc nəslin tərbiyəsi ilə məşğul olan hər kəsin üzərinə məsul vəzifələr qoyur.

İstifadə edilmiş ədəbiyyat

1 Ağayev, Ə.Ə. (2011). Seçilmiş pedaqoji əsərlər: [2 cilddə]. c.1. Bakı: Mütərcim. 472 s.
2 Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2013. 64 s.
3 Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu. Bakı: Qanun, 2009. 108 s.
4 Əhmədov, H.H. (2010). Azərbaycan təhsilinin inkişaf strategiyası. H.H. Əhmədov. Bakı: Elm. 800 s.
5 Gabriel, A.A. (1989). The civic culture: political attitudes and democracy in five nations. Gabriel A.Almond, Sidney Verba. SAGE Publications. 379 p.
6 İsmixanov, M.A. (2013). Sosial pedaqogika. M.A.İsmixanov, S.V.Vəliyeva. Bakı, 304 s.