TƏDRİS MACƏRA KİMİ OLA BİLƏR
Qarşıdan bayram tətili gəlir. İndiyədək “Azərbaycan məktəbi” olaraq tətillərdə uşaqların vaxtlarını səmərəli keçirməsi üçün müxtəlif tövsiyələr paylaşmışıq. Bu dəfə isə müəllimlərin peşəkar inkişafı üçün faydalı hesab olunan ədəbiyyat siyahısını təqdim edirik. Seçilən kitablar müəllimlərə fərqli tədris üsullarını mənimsəməyə, uşaqlar və yeniyetmələrlə ünsiyyət bacarıqlarını təkmilləşdirməyə və sinifdə işləmək üçün motivasiya qazanmağa kömək edəcək. Siyahıya məktəb haqqında romanlar, xatirələr, psixologiyaya dair elmi-populyar ədəbiyyat, məşhur müəllimlərin pedaqogika üzrə kitabları daxildir. Kitablarda təhsilalanların diqqətini cəlb etmək, mürəkkəb mövzuların izahı, uşaqların duyğularını anlamaq, uşaqlarla tərbiyəvi iş aparmaq üçün bir çox yollar göstərilir.
- “Yenidən uşaq olanda... Pedaqoji qeydlər” dünya pedaqogikasının ən mühüm simalarından sayılan böyük polyak pedaqoqu, yazıçı, Yanuş Korçakın məşhur əsərlərindən biridir. Korçak uşaqlarla ünsiyyətdə məhəbbət, hörmət prinsiplərinə əsaslanır və tərbiyə zamanı bütün uşaqların fərqli olmasını vacib sayırdı.
Korçakın 20-dən çox pedaqoji kitabı nəşr edilsə də, onun ideyaları və şəxsiyyətinin böyüklüyü tam şəkildə ölümündən əvvəl gettoda yazdığı gündəliklə ortaya çıxıb. İkinci Dünya Müharibəsi zamanı almanlar Polşanı işğal edəndə Korçak Varşavadakı uşaq evinin rəhbəri olub. 1942-ci ildə Korçak ona təklif olunan azadlıqdan imtina edərək, uşaq evində iki yüz yəhudi uşaqla birlikdə qaz kamerasına göndərilməyi seçib. Onun adı çəkilən əsəri güclü emosiyalar doğuran və uzun müddət yadda qalan kitablardan biridir.
- Timoti Uolker - "Fin təhsil sistemi: Dünyanın ən yaxşı məktəbləri necə işləyir?"
20 ildən artıqdır ki, Finlandiya təhsil sistemi səmərəlilik baxımından dünya lideri sayılır. Finlandiyada məktəblilər öyrənəcəkləri dərsləri özləri seçir və əla nəticələr göstərirlər. Müəllimlər isə bir-biri ilə əməkdaşlıq edir və işlərindən razıdırlar. Buna nail olmağın yolları “Fin təhsil sistemi” kitabında təsvir edilib.
Kitabın müəllifi iki il Helsinkidəki məktəblərdən birində işləyən amerikalı müəllim Timoti Uolkerdir. O, kitabda öz təcrübəsindən ətraflı danışıb, Finlandiya və Amerika məktəblərini müqayisə edib. Kitabda Finlandiyada təhsilin uğurunun əsaslandığı 33 strategiya təqdim olunur.
- Karol Dvek - "Çevik düşüncə tərzi"
Amerikalı psixoloq və motivasiya kouçu, Karol Dvekin “Çevik düşüncə tərzi” Beynəlxalq Təhsil Federasiyası tərəfindən “İlin kitabı” adını alıb.
Dvek öyrənmək qabiliyyətləri ilə düşünmək bacarıqları arasındakı əlaqəni tədqiq etmək üçün 20 il vaxt sərf edib. O bildirir ki, insanın özündə fitri istedadın olduğuna inanması onun inkişafına mane olur, zəhmət nəticəsində uğura inam isə əksinə, böyük nailiyyətlərə qapı açır. Kitabın əsas ideyası ondan ibarətdir ki, təfəkkür daha çevik ola bilər.
- Coan Dekler və Con Qottman - "Uşağın emosional intellekti"
ABŞ-nin məşhur ailə psixoloqlarından olan Coan Deklerin həmkarı Con Qottmanla birlikdə yazdığı kitab uşaqların emosiyalarının psixologiyası haqqındadır.
Müəlliflər uşağın emosional zəkasının inkişafı, onu gücləndirən təhsil üsulları, uşaqların hisslərini anlamaq və bu haqda danışmaq üçün uyğun yollarla bağlı faydalı məsləhətlər verirlər. Alimlər bu kitabı tədqiqatlara və elmi faktlara əsaslanaraq yazıblar.
- Lee LeFever - "İzah etmək sənəti"
L.LeFever Google, Microsoft, Intel və Ford Motors kimi texnologiya nəhəngləri haqqında təhsil videolarını hazırlayan ABŞ şirkətinin mütəxəssisidir. Onun “İzah etmək sənəti” kitabı dünyada bestsellerə çevrilib.
Kitabdakı bütün izahlar nümunələr və illüstrasiyalarla müşayiət olunur. Müəllif hekayəni planlaşdırmağı, materialı uğurla və düzgün təqdim etməyi öyrədir. Kitab müəllimlərə öyrənənlərin çətin suallarına cavab verməkdə də kömək edir.
- Peter Qrey “Öyrənmək azadlığı. Məktəbə qarşı oyun”
Amerikalı psixoloq Peter Qreyin oyuna əsaslanan öyrənmə haqqında kitabı məktəb təhsil sistemindəki çatışmazlıqlara, sərbəst oyunun məziyyətlərinə həsr edilib.
Qrey araşdırmalarında öyrənməyin bioloji əsasları mövzusuna toxunur, müasir məktəbi təhlil edir və mövcud alternativləri göstərir. Kitabda əsas ideya ondan ibarətdir ki, uşaq oyun vasitəsilə öyrənməlidir, yalnız bu halda proses onun üçün maraqlı və faydalı olacaq. Qrey kitabında konkret tövsiyələr vermir, oxucularını düşünməyə sövq edir.
- Nina Cekson - "Böyük müəllim: çətin şagirdlərlə və çətin valideynlərlə necə davranmalı? Peşənizdən həzz alın"
Britaniyalı müəllim Nina Cekson çətin tərbiyə olunan uşaqların tədrisi üzrə mütəxəssis və beynəlxalq təhsil məsləhətçisidir. Onun “Gözəl müəllim” kitabı müəllimlərin ən maraqlı və çətin suallarına cavablar toplusudur.
Cekson qeyri-rəsmi və yumoristik dildə müəllimin işində qarşılaşdığı bütün problemlərdən yazır. O, ciddi göstərişlər vermir, yalnız təcrübəsini bölüşür. Onun kitabı introvert uşaqlarla ünsiyyət qurmağı, dərsləri əyləncəli keçirməyi və valideynlərlə maraqlı söhbət etməyi öyrədir. Kitab ibtidai sinif müəllimləri üçün ideal vəsait sayılır.
- Elaine Mazliş, Adele Faber - “Necə danışmalıyıq ki, uşaqlar öyrənsin?”
Tanınmış pedaqoji psixoloqlar Eleyn Mazliş və Adel Faber milyonlarla tirajla satılan “Necə danışmalıyıq ki, uşaqlar dinləsinlər və necə dinləməliyik ki, uşaqlar danışsınlar” kimi məşhur bestsellerin müəllifləridir. Onların yeni kitabı öyrənmək haqqındadır.
Müəlliflər fikirlərini çatdırmaq üçün üçün qeyri-ənənəvi forma seçiblər. Kitabdakı hekayələr müxtəlif problemlərlə üzləşən, həmkarlarının məsləhətləri və öz intuisiyasının köməyi ilə onları həll edən gənc müəllimin dilindən danışılır. Mazliş və Faberin kitabı uşağa kömək etmək, qarşılıqlı əlaqəni təşviq etmək və özünə intizam aşılamaq haqqında danışır.
- Marina Aromştam - "Gündəlik kimi. Müəllimin hekayələri"
Pedaqoq və yazıçı Marina Aromştam 19 il ibtidai sinif müəllimi işləyib və 1997-ci ildə “İlin müəllimi” adını qazanıb. O, dərs vəsaitləri və pedaqoji dərsliklərlə yanaşı, uşaqların öyrədilməsi və tərbiyəsi mövzusunda gözəl bədii əsərlər yazır. Onun ən qeyri-adi kitablarından biri “Gündəlik kimi. Müəllimin hekayələri” kitabıdır.
Aromştam pedaqoji universitetdə oxuduğu və məktəbdə işlədiyi illəri təsvir edir. Təcrübəsindəki məzəli hadisələri xatırladan müəllif ibtidai sinif müəllimləri üçün orijinal ideyalar təklif edir. Kitab gündəlik formasında yazılıb və oxucunu yaradıcı mühitə qərq edir.
- Deyv Burges - “Tədris macəra kimi”
Deyv Burges ABŞ-dəki orta məktəblərdən birində dərsləri əyləncəli və maarifləndirici şoular kimi təqdim etməyi bacaran tarix müəllimidir. Onun “Tədris macəra kimi” kitabı müəllimlərə daha cəsarətli, yenilikçi və həvəsli olmağa kömək edə bilər.
Burgesin öyrənmə prosesini əyləncəli oyuna çevirən texnikaları sayəsində təhsilalanlar hər növbəti dərsi səbirsizliklə gözləyirlər. Kitabda həm gənc, həm də daha təcrübəli müəllimlər üçün çoxlu faydalı ideyalar var.
Zemfira Məmmədqızı