UŞAQLARIN YOLA GETMƏMƏSİ FAYDALI İMİŞ




İki və daha artıq övladı olan valideynlər tez-tez onların yola getməməsindən və bir-biri ilə dil tapa bilməməsindən şikayət edirlər. Amma tədqiqatçılar deyir ki, bu dava-dalaşlar şikayətlənməli yox, əksinə təqdir olunmalı haldır.

Bu günlərdə Kembric Universitetinin Ailə Tədqiqatları Mərkəzi 5 il ərzində apardıqları araşdırmanın nəticələrini açıqlayıb. Alimlər bu müddət ərzində iki yaşdan altı yaşa qədər olan 120 uşağın koqnitiv və sosial inkişafını müşahidə ediblər. Tədqiqatın nəticələrində göstərilir ki, bacı-qardaşların bir-biri ilə mübahisəsi, münaqişəsi onların zehni inkişafına və yetkinliyinə təkan verə bilər. Kembricli alimlərin fikrincə, uşaqlar arasındakı mübahisələr emosional zəka və sosial bacarıqları gücləndirir.

Burada valideynlər üçün yaxşı məqam odur ki, uşaqlar böyüdükcə mübahisələri daha da artarsa, onlar hər problemli situasiyada bir nəticəyə gələ biləcəklər.

Beş illik araşdırmanın müəllifləri iddia edir ki, bu qarşıdurmalarda uşaqlar şifahi nitqin incəliklərini öyrənir, kiminsə fikrinə tabe olmadan öz mövqeyini izah etməyə çalışır, fikir ayrılıqlarından faydalanırlar.

“Guardian” tədqiqat müəlliflərinə istinadən paylaşdığı yazıda bildirir ki, “Uşaqlar bir-birini nə qədər incidirsə,  öz emosiyalarını tənzimləməyi və başqalarının emosiyalarına təsir etməyi bir o qədər çox mənimsəyirlər. Bacı-qardaşların bir-biri ilə davası onların gələcək münasibətlərinə və şəxsi inkişaflarına müsbət təsir edir”. Əcnəbi alimlər sanki Azərbaycan folklorunda deyiləni təsdiqləyir: - “Çəkişməsən bərkiməzsən”.

Tədqiqatçı alim Kler Hyuq deyib ki, “uşaqların bir-birinə nifrət etməsinin yaxşı bir şey olduğunu söyləmək istəmirəm, lakin bununla üzləşən valideynlər övladlarının dəyərli sosial bacarıqlar qazanması və mübarizə əzminin formalaşması ilə təsəlli tapa bilərlər”.

Psixoloq Co Hemminq “Sun Online”-a bildirib ki, “övladları arasında davamlı mübahisələrlə üzləşən bir çox valideynlərin mənimlə razılaşacağına əmin deyiləm. Amma bu dava-dalaşlar uşaqlarda empatiya bacarıqlarını inkişaf etdirmək və öz qəzəbini idarə etmək baxımından vacibdir.

Ancaq onu da qeyd etməliyəm ki, mübahisə və dava-dalaşlar münaqişənin həlli üçün ən yaxşı yol deyil və xüsusilə aqressiv, nəzarətdən çıxmağa başlayan uşaqlara daha ağıllı və əlverişli yolların olduğunu izah etmək lazımdır. Bununla belə, yaşlarından asılı olmayaraq uşaqlar arasında hər zaman müəyyən qədər rəqabət olacaq. Bu rəqabətin məqsədi - valideynlərin sevgisini qazanmaq, ailə iyerarxiyasındakı yerini sınamaq, özünü təsdiqləməklə bağlı ola bilər. Valideynlər uşaqlara müstəqil olmaq və gələcək həyatlarında özlərini idarə edə bilmək üçün kiçik fikir ayrılıqlarını həll etməyi və dözümlü yanaşmağı öyrətməlidirlər”.

Bəs bu dava-dalaşın mərkəzində qalan valideynlərin davranışı necə olmalıdır?

Psixoloqlar bildirir ki, hər uşaqla ayrıca zaman keçirmək valideynin ona xüsusi diqqət yetirdiyini göstərir və uşağa rahatlıq verir. Onun maraqlarını nəzərə alan fərqli bir oyun, əyləncə, söhbətlərə və ortaq fəaliyyətlərə vaxt ayırmaq belə situasiyalarda olduqca faydalıdır.

Uşaqlar arasındakı mübahisənin səbəblərindən biri də  özlərinə aid əşyanı, məkanı bacı-qardaşı ilə bölüşmək məcburiyyətidir. Belə münaqişələrin nizamlanmasında hər kəsin özünə məxsus əşyalarının, kitab rəfi, siyirmə və ya oyuncağının olması vacibdir.

Valideynlər mübahisələri həll edərkən uşaqlara zorakı davranışların, fiziki və ya mənəvi təzyiqin, məcburiyyətin yolverilməzliyini başa salmalıdırlar.  Mübahisə və konflikt zamanı valideynlər neytral qalmalı və nəticələrin bütün uşaqlar üçün ədalətli olmasına çalışmalıdırlar. Mübahisələrin səbəbini araşdırmaq və anlamaq onun münaqişə mərhələsinə keçməsinin qarşısını almağa imkan verir. Məsələn, idman zamanı uşaqlar daha tez-tez mübahisə edirlərsə, bu müddət ərzində onlara nəzarət olunmalı və hər hansı fikir ayrılıqları dərhal həll edilməlidir.

Peşəkar psixoloqların münaqişənin həlli ilə bağlı beş addımlıq strategiyası var:

  • Onlar təklif edir ki, “münaqişə zamanı ilk addım olaraq söhbətin istiqamət və tonunu dəyişməyə çalışın. Məsələn, deyin: "Biz bir ailəyik və əlaqə qurmağı, bir-birimizi dəstəkləməyi və hisslərimizdə dürüst olmağı bacarmalıyıq".
  • İkinci addım uşaqlara sakitləşmək üçün vaxt verməkdir: “Biz bu münaqişəni araşdıranadək fərqli otaqlara getməyinizi və üç dəfə dərindən nəfəs almağınızı istəyirəm. Beş dəqiqədən sonra yenidən bu məsələni müzakirə edəcəyik”.
  • Üçüncü addımda uşaqların özünü necə hiss etdiyini öyrənin. Onların hər birinə yaxınlaşıb emosiyalarını, vəziyyətin xoşagəlməz olduğunu anladığınızı izah edin.
  • Növbəti mərhələdə uşaqları bir yerə toplayıb hər birini sevdiyinizi və dəstəklədiyinizi xatırladın.
  • Ən sonda münaqişənin həllinə birlikdə davam edin. Bu mərhələdə əsas məsələ çıxış yollarının birgə müzakirəsidir. Uşaqların növbə ilə problemə öz baxışını açıqlamasına imkan yaradın.

Uşaqları göstərdikləri səylərə görə tərifləmək lazımdır. Məsələn: “Bəzən problemlərin həll yollarını tapmaq böyüklər üçün də çətindir, amma siz bunu bacardınız. Buna görə sizi təbrik edirəm”.

Belə təcrübə uşaqlara tək bacı-qardaşları ilə deyil, həm də digər insanlarla münaqişələri müstəqil və effektli həll etməyi öyrədəcək.