RİYAZİYYATI ASANLAŞDIRMAĞIN YOLLARI
Riyaziyyat, hesablama bacarığı gündəlik həyatımızın bir hissəsi olsa da bəzən biz buna əhəmiyyət vermirik. Gündəlik alış-verişdən tutmuş daha böyük əməliyyatlara qədər hər yerdə riyazi biliklərə, çevik hesablama bacarığına ehtiyacımız var. Amma təəssüf ki, bəzən şagirdlər riyaziyyatın çətinliyini bəhanə edib onu öyrənmək istəmirlər. Riyaziyyat orta məktəbdə ən çox vaxt sərf edilən fənlərdən olsa da uşaqların əksəriyyəti onu çətinliklə mənimsəyirlər.
Pedaqoqlar bildirirlər ki, düzgün yanaşma ilə riyaziyyat tapşırıqlarının həllinə sərf edilən vaxtı azaltmaq və onu daha asan anlamaq mümkündür. Bunun üçün şagirdlərə aşağıdakı üsullar tövsiyə olunur:
- Sualı diqqətlə oxumaq;
Əslində, bu bənd bütün dərslər üçün vacib olsa da, riyaziyyat fənninin sualları daha böyük diqqət tələb edir. Sualın məqsədi aydınlaşdırılanda düzgün nəticə əldə etmək asanlaşır.
- Riyazi əməliyyatları yazılı şəkildə həll etmək;
Xüsusilə böyük və mürəkkəb ədədlərlə olan əməliyyatları beyində yerinə yetirmək əvəzinə kağıza yazmaqla həll etmək işi asanlaşdırır. Məsələləri yazaraq araşdırmaq, onun növünü və həll etmək üçün hansı düsturlardan istifadə etməyin lazım olduğunu müəyyənləşdirməyə imkan verir. Riyaziyyatda prosesi əzbərləməkdənsə, hər bir prosesin anlayışlarını və məntiqini anlamağa diqqət yetirmək lazımdır.
Həll zamanı məsələnin uzunluğuna deyil, məzmununa diqqət yetirmək lazımdır.
Bəzən riyazi məsələnin uzunluğu şagirdin diqqətini tapşırıqdan yayındırır. Sualı yenidən oxumaq lazım gəldikdə, verilən məlumatları analiz etmək və birləşdirməklə həll yolunu tapmaq olar.
Riyazi sualların həllində çeviklik qazanmaq da uğura aparan vasitələrdən biridir. Məsələnin sürətli həllinə nail olmaq üçün əvvəlcə şagirdin riyaziyyatda zəif tərəfləri müəyyənləşdirilməlidir.
Şagirdlərin istifadə edə biləcəyi başqa bir üsul, vaxtın idarə olunmasıdır. Burada əsas yanaşma hər suala sərf olunan vaxtı müəyyənləşdirmək və ona nəzarət etməkdir. Bu qaydaya təkcə imtahan zamanı deyil, fərdi şəkildə testlərlə işləyərkən də əməl etmək faydalıdır.
Riyaziyyat tapşırıqlarının öhdəsindən gəlmək və məsələləri tez həll etmək bacarığı şagirdin daha böyük nailiyyətlər qazanmasına yardım edə bilər. Diqqəti sual və tapşırıqlara cəmləməyi və həll yollarını tapmağı asanlaşdıran başqa bir məqam sual növlərini öyrənmək və onları qruplaşdırmağı bacarmaqdır. Odur ki, sual nümunələrini diqqətli oxumaq qısa müddətdə nəticə əldə etməyə təkan verir.
Riyazi məsələ və misalları tez həll etmək bacarığı başqa fənlərə daha çox vaxt sərf etmək imkanı yaradır. Uzun və təfərrüatlı məsələlərin həllində fərqli yollar axtarmaq daha doğru olar. Məsələni həll edərkən beyin fırtınası ilə kiçik detalları hərtərəfli araşdırmaq faydalı ola bilər.
Məsələlərdə istifadə olunan düsturları sonradan xatırlamaqda çətinlik çəkirsinizsə, onları sadə ixtisarlar və ya yaddaş texnikası vasitəsi ilə hafizənizə yaza bilərsiniz.
Məsələləri həll etmək üçün şagirddən maksimum konsentrasiya tələb olunur. Bu baxımdan şagirdin diqqətini yayındırmayacaq bir mühit yaradılmalıdır. Məsələnin düzgün həllini tapmaq verilən hər bir detalın üzərində işləməyi tələb edir. Bu isə şagirdlərə öyrədilən əsas həyat bacarıqlarındandır. Bu bacarıqların inkişafı həyatın başqa sahələrində də problem həlletmə və əsaslandırma bacarıqlarını təkmilləşdirir.
Şagirdlərə riyazi məsələlərin həllinin heç vaxt yeganə yolu olmadığını öyrətmək çox vacibdir. Unutmaq lazım deyil ki, məsələni daha çevik, daha asan həll etməyi öyrənmək üçün çoxlu məşq etmək lazımdır.