SÜNİ İNTELLEKT TƏHSİLİN MƏQSƏDİNİ DƏYİŞMİR

Son illərdə süni intellektin təhsil sahəsində yaratdığı üstünlüklər, dil öyrənməsindəki rolu ilə bağlı çoxsaylı araşdırmalar aparılır. ABŞ Təhsil Departamentinin bununla bağlı araşdırmalarında müəllimlərə tədris prosesini asanlaşdıran və zənginləşdirən süni intellekt əsaslı tətbiqlər haqqında geniş məlumat təqdim edilir. Süni intellekt texnologiyaları həm vaxta qənaət olunmasına imkan verir, həm də tədris prosesini daha effektiv edir. Təhsildə istifadə olunan süni intellekt əsaslı alətlər müəllimlərin iş yükünü azaldır, şagirdlərə isə fərdiləşdirilmiş öyrənmə imkanları təqdim edir.
Süni intellektin üstünlükləri:
- Vaxta qənaət
Müəllimlərin ən çox vaxt sərf etdiyi işlərdən biri dərs materiallarını hazırlamaq və şagird işlərini qiymətləndirməkdir. Süni intellekt əsaslı tətbiqlər sayəsində bu proseslər avtomatlaşdırıla bilər. Məsələn, avtomatik test hazırlama və ya tapşırıqları qiymətləndirən proqramlar müəllimlərin yükünü azaldır. Beləcə, onlar daha çox vaxtlarını şagirdlərinin fərdi inkişafına ayıra bilirlər.
- Fərdiləşdirilmiş tədris
Hər bir şagirdin öyrənmə tərzi və tempi fərqlidir. Süni intellekt bu fərqləri analiz edərək hər şagirdə uyğun tədris məzmunu təqdim edə bilir. Xüsusilə dil öyrənmək və ya riyaziyyat kimi fənlərdə şagirdin çətinlik çəkdiyi mövzuları müəyyən edib ona uyğun tapşırıqlar təklif edən sistemlər tədris prosesini daha səmərəli edir.
- Yaradıcılıq və fəallıq
Süni intellekt yalnız müəllimlər üçün deyil, şagirdlər üçün də ilham mənbəyidir. Oyun əsaslı və interaktiv öyrənmə platformaları dərsə marağı artırır. Kodlaşdırma və robot texnologiyası kimi sahələrdə istifadə olunan süni intellekt layihələri isə şagirdlərin yaradıcılıq və problem həlletmə bacarıqlarını inkişaf etdirir. Bu tətbiqlər oyun elementlərindən (mükafatlar, səviyyələr, gündəlik məqsədlər və s.) istifadə edərək öyrənməni daha maraqlı prosesə çevirir və motivasiyanı artırır.
- Təhsildə əlçatanlıq
Süni intellekt texnologiyaları sayəsində təhsil coğrafi sərhədləri aşır. Xüsusilə distant tədris sistemlərində bu texnologiyalar şagirdlərə dünya miqyasında təhsil resurslarına çıxış imkanı verir. Xüsusi təhsil tələbləri olan şagirdlər üçün hazırlanmış süni intellekt tətbiqləri də onların öyrənmə prosesini asanlaşdırır. Məsələn, görmə məhdudiyyətli şagirdlər üçün səsli oxu proqramları və ya disleksiya yaşayan şagirdlər üçün xüsusi vasitələr təhsili hər kəs üçün daha əlçatan edir.
- Ani əks-əlaqə və düzəliş
Dil öyrənilməsi prosesində səhvləri dərhal görmək çox vacibdir. Süni intellekt tətbiqləri tələffüz və yazı səhvlərini həmin anda müəyyən edib düzəldir. Bu da öyrənmə prosesini sürətləndirir və daha effektiv edir. Süni intellekt gündəlik həyatda istifadə olunan dialoqları simulyasiya edərək real vəziyyətlərdə danışıq təcrübəsi yaradır.
Bəs süni intellekt gələcəyimizi necə dəyişə bilər?
Süni intellekt artıq bir çox sektorda inqilabi dəyişikliklər yaradır və gələcəkdə də insan həyatını köklü şəkildə dəyişdirməyə davam edəcək.
Avtomatlaşdırma nəticəsində gələcəkdə bəzi peşələr yox olsa da, süni intellekt mühəndisliyi, məlumat analitikası və maşın öyrənməsi kimi yeni sahələr ön plana çıxacaq.
Süni intellektdən istifadə zamanı şəxsi məlumatların qorunması və qərarvermə proseslərində şəffaflıq vacibdir. Gələcəkdə bu məsələlərə dair etik çərçivələrin gücləndirilməsi zəruri olacaq.
Süni intellekt təhsil sahəsində həm müəllimlər, həm də şagirdlər üçün güclü alətlər təqdim edir.
Ağıllı tədris idarətmə sistemlərinə (LMS) Canvas, Blackboard; virtual dərs asisstentlərinə ScribeSense, Carnegie Learning, Content Technologies Inc.; avtomatik qiymətləndirmə sistemlərinə Gradescope, Turnitin; fərdiləşdirilmiş öyrənmə proqramlarına Duolingo, Smart Sparrow aiddir.
Bundan başqa dialoq botları və dil asisstentləri üçün Replika, Andy English Bot, Mondly Chatbot; məlumat analitikası ilə şagirdlərin müşahidəsi üçün Knewton, IBM Watson Education, BrightBytes; oyun əsaslı öyrənmə platformaları üçün Kahoot!, Quizizz, Classcraft-u qeyd etmək olar.
ABŞ departamentinin tövsiyələrinə görə, təhsil siyasətçiləri və məktəb rəhbərləri qarşısında duran əsas məsələ süni intellekt sistemlərinin tətbiqindən əvvəl müəllimlərin davamlı peşəkar inkişafını təmin etməkdir. Həmçinin süni intellekt tətbiqlərinin etibarlılığı, inklüzivliyi və şəffaflığı üzrə beynəlxalq standartlara cavab verəcək etik-tənzimləmə mexanizmlərinin işlənməsi və milli təhsil sistemlərinə inteqrasiyası gələcəkdə bu texnologiyanın faydasını maksimuma çatdırmaq üçün vacibdir.
Süni intellekt texnologiyalarının təhsildə tətbiqi öyrənmə və tədris prosesinin strukturuna yeni pedaqoji yanaşmalar gətirir. Süni intellekt əsaslı sistemlər tədris fəaliyyətini məlumatyönlü, çevik və adaptiv bir müstəviyə daşıyır. Bununla belə, bu inkişaf pedaqoji məsuliyyət və etik dəyərlərin qorunmasını da tələb edir. Gələcək tədqiqatların əsas istiqaməti süni intellekt ilə təlimin harmonik inteqrasiyası, müəllimin peşəkar rolunun yenidən müəyyənləşdirilməsi və öyrənmənin humanist prinsiplər əsasında davam etdirilməsi olmalıdır. Beləliklə, süni intellekt təhsilin məqsədini dəyişmədən, onun keyfiyyətini və əlçatanlığını yüksəldən strateji vasitəyə çevrilə bilər.

