TƏTİL ÜÇÜN GÜCLÜ PEDAQOJİ ALƏT
Yay tətilində uşaqların vaxtının səmərəli və faydalı keçməsinə kömək edən vasitələrdən biri də animasiya filmləridir. Animasiyalar yalnız əyləncə vasitəsi deyil, həm də təhsil, sosiallaşma və emosional inkişaf baxımından əvəzsiz qaynaqdır.
Bu janr vasitəsilə mürəkkəb elmi, tarixi və sosial mövzular uşaqlara daha asan və anlaşılan şəkildə izah olunur. Məsələn, ekoloji mövzular, sağlam həyat tərzi, insan hüquqları və ya mədəni müxtəliflik kimi məsələlər rəngarəng obrazlar və hadisələr vasitəsilə təqdim edilir. Bu da uşaqların təhsilə marağını artırır və öyrənmə prosesini daha səmərəli edir.
Animasiyalarda dostluq, dürüstlük, əməkdaşlıq, məsuliyyət, cəsurluq kimi dəyərlər vurğulanır. Bu mesajlar uşaqların və yeniyetmələrin sosial bacarıqlarının inkişafında, düzgün davranış modellərinin formalaşmasında mühüm rol oynayır. Məsələn, ədalətsizliklə mübarizə, fərqliliklərə hörmət və digər insanların hisslərinə empatiya kimi vacib mövzular animasiyalar vasitəsilə daha asan təbliğ olunur.
Animasiyalar uşaqlara öz duyğularını tanımaq və ifadə etmək üçün də geniş imkanlar yaradır. Xarakterlərin yaşadıqları problemlər, qorxu, sevinc və kədər kimi hisslərin təsviri tamaşaçıların emosional zəka və empatiya bacarıqlarının formalaşmasına, stresslə mübarizəsinə və emosiyalarını tənzimləməsinə kömək edir.
2025-ci ili kino tənqidçiləri “animasiya ili” kimi qiymətləndiriblər. Bunun səbəbi ilin ilk altı ayı ərzində müxtəlif platformalarda onlarla uğurlu cizgi filminin təqdim olunmasıdır. “Azərbaycan məktəbi” uşaqlar və yeniyetmələrə maraqlı olacaq həmin animasiyalardan bir neçəsi haqqında məlumatı təqdim edir.
- K-pop – “İblis ovçuları”
Orijinal layihələri ilə fərqlənən Netflix-in Sony Pictures Animation ilə birgə çəkdiyi filmin rejissorları Meggi Kang və Kris Appelhansdır. Cənubi Koreyaya məxsus mədəni müxtəliflik, dərin emosional hekayələr, klassik əyləncə elementləri ilə zəngin animasiya Netflix‑də 23 gündə 106 milyon dəfə baxılıb. Animasiyanın musiqisi (soundtrack) dünya musiqi çartlarında böyük uğur qazanıb.
- “Ulduz işığında itənlər”
Cənubi Koreyanın ilk animasiyası olaraq, bu film 2025‑ci ilin mayında Netflix‑də yayımlanıb. Burada Mars və Yer arasındakı münasibətlər elmi-fantastik hekayə kimi təsvir olunub.
- “Elio”
Pixar‑ın çəkdiyi film 11 yaşlı Elio Solis adlı oğlanın hekayəsidir. O, valideynlərini itirdikdən sonra hərbi hava qüvvələrində xidmət edən qohumunun himayəsində böyüyür. Kiçik yaşlarından kosmosa böyük maraq duyan Elio başına gələn kədərli əhvalatlardan sonra bir gecə yadplanetlilər tərəfindən planetlərarası təşkilata “Yer planetinin səfiri” seçilir. Onun bu işi necə bacardığını öyrənmək üçün filmə baxmaq lazımdır.
- “Zootopia-2”
Filmin birinci hissəsinin uğurundan sonra güclü sosial mesajlarla dolu ikinci film böyük maraqla qarşılanıb.
“Zootopia-2" həm böyüklərə, həm də uşaqlara düşündürücü mesajlar təqdim edir. Film cəmiyyətdə müxtəliflik, ədalət və birgəyaşayış kimi mövzulara toxunmaqla böyük marağa səbəb olub.
- “Pis oğlanlar-2”
Komediya və macəra elementlərini birləşdirən “Bad Guys” seriyasının ikinci hissəsi də çox müsbət reaksiya alıb. İlk filmdə olduğu kimi, burada da fərqli heyvan obrazları ilə cinayət və əyləncə mövzuları yumoristik şəkildə təqdim edilir. Bu dəfə qəhrəmanlar “yaxşı oğlan” olmağa çalışsalar da, hadisələr onları yenidən çətin və gülməli situasiyalara salır.
- “İt adam”
Dav Pilkeyin məşhur uşaq qrafiki roman seriyasının əsasında DreamWorks Animation və Universal Pictures-in çəkdiyi film macəra janrındadır.
Süjetə görə bir inspektor və onun sadiq iti Qreq qəza keçirir. Əməliyyat zamanı həkim onların bədənlərini birləşdirir. İnspektorun bədəninə itin başını yapışdıraraq “İt adam” adlı yarıinsan, yarıit qəhrəmanı yaradır.
- “Diş pərisinin nağılı”
Animasiya həm vizual baxımdan, həm də hekayə olaraq emosional dərinliyə malik fantaziya macərasıdır. Uşaqlar üçün uyğun olan film həm fərqli mədəniyyətlər arasında körpü qurur, həm də komanda ruhunu, özünü tanıma və ənənələrə yeni yanaşmanın vacibliyini vurğulayır. Ailə üzvlərinin birlikdə baxması üçün əyləncəli və düşündürücü bir filmdir.
- “Yerin partladığı gün”
“Looney Tunes”in modern 3D animasiya ilə təqdim etdiyi film kosmos və yerin xilası ilə bağlıdır.
- “Təhlükəli dənizin quldurları”
Bu film uşaqlar və ailələr üçün əyləncəli, macəra janrında çəkilən və maraqlı mövzusu ilə diqqət çəkən animasiyadır. Rəngarəng personajları, fantastik tərtibatı və dostluq motivləri ilə yadda qalan film tamaşaçı auditoriyasına ötürdüyü dəyərlər vasitəsi ilə seçilir. Film uşaqlar üçün cəsarət və komanda ruhu mövzusunda ilhamverici nümunə sayılır.
- “Təbiət robotu”
Piter Braunun əsəri əsasında çəkilən film texnologiya ilə təbiət arasındakı ziddiyyəti insanlaşmış bir robotun gözü ilə təqdim edir. Baş qəhrəman olan Roz adlı robot vəhşi təbiətdə təkbaşına sağ qalmağa və balaca bir qaz balasına analıq etməyə çalışır. O, qaz balasına təkcə şəfqət göstərmir, həm də ona həyatı öyrətməyə çalışır.
- “Plankton”
2025-ci ilin gözlənilən animasiyalarından biri olan “Plankton” məşhur “Sünger Bob kvadrat şalvar” (SpongeBob SquarePants) animasiyasının sevilməyən, lakin kulta çevrilmiş personajlarından biri Planktona həsr olunan ilk tammetrajlı filmdir. Nickelodeon və Paramount Pictures-in istehsalı olan bu film klassik cizgi serialının pərəstişkarları üçün həm nostalji, həm də yeni təcrübə təqdim edir.
- “Axın”
Bu sözsüz macəra animasiyası tarixdə 2025‑ci ilin “Oskar” qalibi kimi qalacaq. O həm də Latviya kinematoqrafiyası tarixində “Oskar”a layiq görülən ilk filmdir.
- “Kral Canavar”
Netflix Kurtis Joblingin kitab seriyasına əsaslanan 8 seriyalı animasiyanı 2025-ci ilin martında yayımlayıb. Gənc qəhrəman Dryu Ferran özünün “Canavar adam” olduğunu öyrənəndə sülaləsinin son varisi kimi üzərinə düşən missiyanı yerinə yetirməyə söz verir. Onun əsas vəzifəsi Lionlord rejimini devirməkdir. Savaşa başlayan Ferran yeni dostlar və keyfiyyətlər qazanır.
Kino tənqidçiləri bu filmlərin övladınızın təxəyyülünü gücləndirəcəyini, yeni ideyalar yaratmağa, yaradıcı düşünməyə həvəsləndirəcəyini bildirirlər. Animasiyalar təkcə əyləncə vasitəsi deyil, uşaqların və yeniyetmələrin zehni, emosional və sosial inkişafına töhfə verən güclü pedaqoji alətdir.
Zemfira Məmmədqızı