ARTIQ ÇƏKİ PROBLEMİ EVDƏ YARANIR




Tədqiqatçılar proqnozlaşdırırlar ki, 2050-ci ilə qədər böyüklərin təxminən 60, uşaq və yeniyetmələrin isə 31 faizi artıq çəki və ya piylənmədən əziyyət çəkəcək. Buna görə, alimlər hökumətləri və ictimai səhiyyə qurumlarını artıq çəki və piylənmə problemli uşaqlar üçün müalicə tədbirləri, həmçinin profilaktik strategiyalar qəbul etməyə çağırırlar.

2025-ci ilin martında “The Lancet” jurnalında dərc olunan tədqiqatda dünyanın 204 ölkəsində bədən çəkisi statistikası araşdırılıb. Alimlər müəyyən ediblər ki, 1990-2021-ci illərdə həm böyüklər, həm də uşaqlar arasında artıq çəki və piylənmə halları iki dəfədən çox artıb.

Tədqiqatın əsas müəllifi professor E. Gakidou mətbuat açıqlamasında bildirib ki, “Artıq çəki və piylənmə ilə bağlı görünməmiş qlobal epidemiya faciə və cəmiyyətlərin böyük uğursuzluğudur”.

Professor Gakidou əlavə edib ki, hökumətlər və ictimai səhiyyə qurumları bu tədqiqatda təqdim olunan statistikaları - yəni piylənmə artımının mərhələləri, zamanı və sürəti ilə bağlı rəqəmlərdən istifadə edərək ən çox risk altında olan əhali qruplarını müəyyənləşdirə və dərhal müdaxilə edə bilərlər. Risk altında olmayan, lakin artıq çəki problemi yaşayan əhali qruplarında isə profilaktik tədbirlərə üstünlük verilməlidir.

Çəki problemlərinə laqeyd yanaşmaq olmaz, çünki bu, uşağın həm indiki, həm də gələcək sağlamlığına təsir edir. Amerika Pediatriya Akademiyasının (AAP) məlumatına görə, artıq çəkili və ya piyli uşaqlarda 2-ci tip şəkərli diabet, xolesterin yüksəlməsi, yuxu pozuntuları, yüksək qan təzyiqi və oynaq-sümük problemləri riski artır. Odur ki, piylənmənin vaxtında müalicəsi bu riskləri azalda bilər.

Amma diqqəti yalnız bədən ölçüsünə və “zərərli vərdişlərə” yönəltmək uşaqlarda bədənə görə utanma hissini artıraraq qidalanma pozuntularına səbəb ola bilər. Üstəlik, Bədən Kütlə İndeksi (BKİ) sağlamlıq göstəricisi kimi bəzən yanıldıcı və köhnəlmiş ola bilər. Bu səbəbdən bu məsələyə hərtərəfli və mərhəmətli yanaşmaq vacibdir.

ABŞ-nin səhiyyə xidmətlərindən birində uşaqlarda piylənmə problemləri proqramına rəhbərlik edən pediatr İan Şapiro bildirir ki, “Uşaqlıqda sağlamlıq təkcə kalori qəbulu və sərfiyyatı ilə ölçülmür. Bu, uşaqların böyüdüyü ümumi mühitlə bağlıdır - nə yeyirlər, harada oynayırlar, necə yatırlar, psixi vəziyyətləri necədir və evdə gördükləri nümunələr nələrdir”. O vurğulayır ki, uşaqlara sağlam həyat tərzi haqqında nəsihət vermək və ya mühazirə oxumaq əks təsir edə və xəcalət hissi yarada bilər. Onlarla bağ qurmaq, yəni pozitiv əlaqə yaratmaq daha faydalıdır.

İ.Şapironun təklif etdiyi yanaşmaya görə, uşaqlarla ünsiyyətdə aşağıdakı dil qəliblərindən istifadə etmək lazımdır:

- “Sağlam qidalan” əvəzinə “Bədənimiz möhtəşəmdir. Gəlin onu güclü və enerjili edən yeməklərlə bəsləyək”.

- Qidanın görünüşünə deyil, nə hiss etdirdiyinə fikir verin. “Bu qəlyanaltı sənə enerji verdi, yoxsa yuxu gətirdi?”

- Uşaqlarla “Biz” dili ilə danışmaq çox vacibdir - “Bu həftə ailə olaraq daha çox su içməyə çalışaq”.

- Ən əsası, valideyn öz davranışı ilə övladına nümunə olmalıdır. Uşaqlar yalnız deyilənləri deyil, gördüklərini də təkrarlayır. “Odur ki, bizi meyvə-tərəvəz yeyərkən, idman edərkən, bədənimizə qarşı xoş münasibət göstərərkən görmələri çox vacibdir”.

Şapironun başqa tövsiyələri də var:

  • Uşaqlarla hərəkəti əyləncəli edin və birlikdə vaxt keçirin: ailə yürüşləri, evdə rəqs saatları və ya parka gedərək oynamaq həm sağlamlıq, həm də əlaqə üçün gözəl fürsətdir.
  • Birlikdə yemək hazırlayın: uşaqlar özləri hazırlamağa kömək etdikləri yeməkləri dadmağa daha çox maraq göstərirlər.
  • Su içməyi və istirahəti gündəlik rituala çevirin: xüsusi su qabları, yatmazdan əvvəl nağıl saatları və ekranlardan uzaq vaxtlarla keyfiyyətli istirahətə şərait yaradın.
  • Qadağalar yerinə hamıya sevinc gətirən faydalı alternativlər təklif edin: məsələn, dondurma yerinə dondurulmuş meyvə parçaları, smuzi kasaları, meyvəli və darçınlı qatıq və s.

Mütəxəssislər deyir ki, “Uşaqlar bizi uğursuzluqlarımıza baxmayaraq yenidən cəhd edərkən görəndə anlayacaqlar ki, sağlamlıq mükəmməlliklə deyil, davamlılıq, maraq və qayğı ilə bağlıdır”.

“Family in Focus” qurumunun təsisçisi və pediatr Vendi Skofer bu tədqiqatda istifadə olunan terminologiya ilə razılaşmır. Onun yanaşmasına görə, “Tədqiqat dünyada böyüklər və uşaqlar arasında piylənmə hallarının artacağını proqnozlaşdırır və bunu açıq şəkildə cəmiyyətin uğursuzluğu kimi təqdim edir. Lakin burada işlənən “faciədən qaçmağa” yönəlmiş ifadələrdənsə, indiki dövrdə nə edə biləcəyimizə və ictimai səhiyyədə hansı dəyişikliklərə üstünlük vermək istədiyimizə fokuslanmaq daha vacibdir. Uşaqlar arasında artıq çəki və piylənmə problemi cəmiyyətdən əvvəl evdə başlayır”. Odur ki, “biz qidalanma haqqında məlumat verməli, uşaqlar üçün təhlükəsiz oyun və araşdırma mühiti yaratmalı, öyrənməyi və yaradıcılığı təşviq edən sosial fəaliyyətlərə şərait yaratmalıyıq”.

V.Skoferin fikrincə, bu cür sağlamlıq problemlərinin qarşısını almaq üçün qidalanma və bədənlə müsbət münasibətlərin qurulması, habelə emosiyaların vərdişlərimizə və davranışlarımıza təsiri barədə məlumatlılıq vacibdir. O, qeyd edir ki, “Belə tədqiqatlar, yalnız müəyyən yaş və ya bədən ölçüsünə malik insanlara deyil, cəmiyyətin bütün üzvlərinə ünvanlanan mədəniyyət dəyişikliyinə çağırış kimi təqdim olunmalıdır”.

Tədqiqatlar qlobal miqyasda artıq çəki və piylənmə problemlərinin nə qədər ciddi olduğunu göstərsə də, valideynlərin və yaxınların yanaşması fərqli olmalıdır. Həm tədqiqatçılar, həm də səhiyyə mütəxəssisləri göstərirlər ki, bu məsələ yalnız rəqəmlərlə deyil, empatiya, təhsil və müsbət nümunələrlə həll oluna bilər. Uşaqlarla ünsiyyətdə şəfqətli dil, gündəlik sağlam vərdişlər və ailə dəstəyi onların həm fiziki, həm də emosional rifahı üçün əsasdır. Sağlamlıq fərdlərin deyil, cəmiyyətin ümumi məsuliyyətidir.

Zemfira Məmmədqızı