HORN EFFEKTİNİ TANIMAQ LAZIMDIR

İnsan qərar verərkən adətən obyektiv olmağa çalışsa da, beynimiz bəzən bizi yanlış istiqamətə yönləndirə bilər. Psixologiyada belə hallardan biri, yəni bir mənfi xüsusiyyətin və ya hadisənin insan, vəziyyət və ya məhsul haqqında ümumi təsəvvürü kölgədə qoyması halı Horn effekti adlanır.
Horn effekti bir şəxs və ya obyekt haqqında yaranan mənfi təəssüratın onun digər xüsusiyyətlərini də mənfi yöndə qiymətləndirməyimizə səbəb olur. Başqa sözlə, bir insanın kiçik səhvi, davranışı və ya görünüşü, ümumiyyətlə, onun bütün şəxsiyyətinə dair mənfi fikir formalaşdırır.
Horn effekti termini “şeytan buynuzları” obrazından yaranıb, yəni bir mənfi detal “buynuzlar” kimi insanın bütün obrazını mənfiləşdirir. Məsələn, təhsilalan dərsə bir dəfə hazırlıqsız gəldiyi üçün müəllim onu məsuliyyətsiz hesab edə bilər. Halbuki bu, təsadüfi hal ola bilər. Amma ilkin mənfi təəssürat sonrakı qiymətləndirmələrə də təsir göstərir.
Horn effekti yalnız təhsil və ya iş mühitində deyil, gündəlik həyatda da özünü göstərir:
- Bir şəxs bizə kobud davrandığı üçün onu “pis insan” hesab edə bilərik, halbuki o gün əhvalı pis olduğu üçün belə davanmış ola bilər;
- Bir məhsul haqqında mənfi rəyi oxuyanda, bizdə həmin brendin bütün məhsullarına qarşı inamsızlıq yaranır;
- Sosial mediada yanlış paylaşım etmək insanın illərlə formalaşdırdığı müsbət imici məhv edə bilər.
Bu hallarda beynimiz sadələşdirici qərarlar verir - bir mənfi detalı ümumi keyfiyyət göstəricisinə çevirir.
Təhsil mühitində Horn effekti xüsusilə təhlükəlidir, çünki burada subyektiv qiymətləndirmə həm təhsilalanın, həm də müəllimin davranışına təsir edə bilər.
Araşdırmalar göstərir ki, müəllimlər bəzən təhsilalanlar haqqında əvvəlki təəssüratlara əsaslanaraq, onların növbəti fəaliyyətlərini həmin prizmadan qiymətləndirirlər. Bu, çox vaxt müəllimin özündən asılı olmayaraq baş verir və obyektivliyi azaldır. Məsələn, təhsilalan dərsdə bir dəfə kobud danışdıqda və ya müəllimin verdiyi tapşırığı vaxtında yerinə yetirmədikdə, müəllim onun haqqında “hörmətsiz” və ya “məsuliyyətsiz” obraz formalaşdıra bilər. Sonrakı dərslərdə təhsilalan nə qədər səy göstərsə də, müəllim bu ilkin mənfi təəssüratın təsirindən tam çıxa bilmir. Həmin şagirdin və ya tələbənin davranışlarını və cavablarını çox vaxt daha sərt tənqid edir, bəzən isə onun nailiyyətlərini görmür.
Eyni hal imtahan və ya qiymətləndirmə zamanı da müşahidə olunur. Əgər təhsilalan bir dəfə aşağı nəticə göstəribsə, müəllim növbəti tapşırıqlarda ondan yüksək nəticə gözləmir. Nəticədə, o özünü sübut etmək üçün daha çox çalışsa belə, əvvəlki “zəif” damğası onun üzərindən asanlıqla götürülmür. Bu isə həm qiymətləndirmənin ədalətliliyinə, həm də təhsilalanın motivasiyasına mənfi təsir göstərir.
Təhsilalan hiss edir ki, müəllim artıq onunla bağlı müəyyən fikir formalaşdırıb və bu fikri dəyişmək çətindir. Belə olanda, o, dərs prosesinə daha az həvəs göstərməyə, bəzən isə öz potensialına inamını itirməyə başlayır. Müəllim bəlkə də bunu heç fərqinə varmadan edir, sadəcə bir dəfə yaranmış təəssürat onun bütün qərarlarını istiqamətləndirir.
Çikaqo Universitetinin professoru Marianne Bertrand 2023-cü ildə apardığı tədqiqatda göstərib ki, müəllimlərin əvvəlcədən formalaşmış təsəvvürləri təhsilalanın sonrakı nəticələrinə birbaşa təsir edir. Bu təsir xüsusilə “subyektiv qiymətləndirmə tələb edən fənlərdə” (esse, təqdimat, yaradıcılıq tapşırıqları) özünü göstərir.
Kembric Universitetinin təhsil üzrə tədqiqatçısı Ben Alcott da bu məsələyə diqqət çəkərək vurğulayır ki, müəllimlərin münasibət və gözləntiləri təhsilalanların akademik irəliləyişinə və özünəinamına birbaşa təsir göstərir. O, qeyd edir ki, Horn effekti təhsilalan-müəllim münasibətində motivasiyanı da azaldır. Tələbə və ya şagird özünə qarşı qərəz hiss etdikdə, dərsə marağını itirir və nəticələr real potensialı əks etdirmir. Tədqiqatçıya görə, Horn effektini dərk etmək çətin ola bilər, çünki o, çox vaxt şüuraltı səviyyədə fəaliyyət göstərir. Amma aşağıdakı əlamətlərə diqqət etmək vacibdir:
- Bir insanın yalnız səhvlərinə diqqət yetirib, yaxşı xüsusiyyətlərini görməmək;
- Bir səhvin və ya çatışmazlığın bütün xarakteri müəyyən etdiyini düşünmək;
- Yeni məlumatlar olsa belə, həmin şəxsə qarşı fikrin dəyişməməsi;
- Mənfi hadisə nəticəsində antipatiya və ya qəzəb hissi ilə davranmaq.
Ben Alcott qeyd edir ki, Horn effektindən qaçmaq üçün müəllimlər öz qərəzlərinin fərqinə varmalı və qiymətləndirmə prosesində obyektivliyi qorumağa yönəlmiş sistemli addımlar atmalıdırlar.
Onun fikrincə, bu məqsədlə aşağıdakı yanaşmalar xüsusilə vacibdir:
- Qərəzin fərqində olun. Özünüzə sual verin: “Mən bu qərarı faktlara əsasən verirəm, yoxsa əvvəlki təəssüratımın təsiri altındayam?”;
- Obyektiv meyarlar yaradın. Qiymətləndirmə zamanı aydın və şəffaf meyarlar tərtib edin, məsələn, cavabın strukturu, arqumentin məntiqi, faktların düzgünlüyü və s.;
- Bölmələr üzrə qiymətləndirmə aparın. Cavabı bütöv qiymətləndirmək əvəzinə hissələrə bölüb ayrıca bal verin. Bu, ümumi təəssüratın təsirini azaldır;
- Konteksti nəzərə alın. Mənfi davranışın səbəbini və şəraitini anlamağa çalışın. Bəzən səbəbi başa düşmək qərəzi azaldır;
- Empatiya göstərin. Qarşı tərəfin baxış bucağını anlamağa cəhd edin. Hər kəs səhv edə bilər, amma bu onun bütün şəxsiyyətini müəyyən etmir.
Horn effekti - bir mənfi detalın bütöv qavrayışı təhrif etdiyi psixoloji tələdir. Təhsildə, iş mühitində və gündəlik həyatda bu effekti tanımaq və ondan qorunmaq üçün ən vacib addım öz qərəzlərimizin fərqinə varmaqdır. Obyektivlik, empatiya və balanslı düşüncə sayəsində biz insanları və hadisələri daha ədalətli qiymətləndirə bilərik. Müəllim, rəhbər və ya komanda üzvü kimi hər birimiz qərar vermə anında hisslərimizin və ilkin təəssüratlarımızın təsirini azaldaraq daha sağlam münasibətlər, ədalətli qiymətləndirmə və real potensialın üzə çıxması üçün şərait yarada bilərik.
Nəticə etibarilə, Horn effektindən uzaq qalmaq yalnız başqalarını düzgün qiymətləndirmək deyil, həm də öz düşüncə çevikliyimizi və emosional intellektimizi inkişaf etdirmək deməkdir.
Ağca Talıbova

