BİRİNCİ SİNİF ŞAGİRDİ




2010-cu ildə çəkilən“Birinci sinif şagirdi” filmi Keniya və İngiltərənin ortaq istehsalıdır. Bu, ümumi kontekst, ifadə etdiyi yanaşma, ehtiva etdiyi fikirlər, aktyor işinin mükəmməlliyi ilə seçilən, gerçək hekayəyə əsaslanan bioqrafik dramdır. Keniya müstəqillik qazandıqdan sonrakı dövrdə təhsil sahəsində yaşananlar bədii şəkildə əks etdirilir. Film bir şagird və müəllimin nə dərəcədə böyük və əhəmiyyətli işlər görə biləcəyinin ən bariz nümunələrindəndir. Həyatın təbii axarını olduğu kimi göstərən rejissor Justin Chadvickin bu işi Nuri Bilgə Ceylanın əvvəlki yazılarımızda təhlil etdiyimiz “Qurumuş otlar haqqında” filmi kimi maraqlı metaforlara yer verməkdədir. Epizodlara və rolların psixologiyasına keçməzdən əvvəl vurğulanan fəlsəfi fikir və yanaşmaları belə sıralamaq istərdim:

  • Pedaqogikada söz sahibi olan braziliyalı pedaqoq-filosof Paulo Freirenin “təhsil azadlığa aparan yoldur” ideyasına yaxınlıq,
  • Müəllimlərdən gözlənilən empatiya, sosial ədalət hissinin güclü və zəif vəziyyətləri, bunların cəmiyyət üçün mümkün nəticələri,
  • “Təcrübə əsaslı öyrənmə” və “ömürboyu təhsil” prinsiplərinin metaforlarla ifadə edilməsi,
  • Təhsilin insanın özünü tamamlamasında və psixoloji sağlamlığında rolu və yeri,
  • Cəmiyyətin mental dəyərləri və təhsil idarəçilərinin təhsilin keyfiyyətinə təsir mexanizmləri.

İndi isə əsas obrazlar, onların vurğulanan xarakteristik xüsusiyyətləri və hekayədəki rolları barədə danışaq:

Kimani Maruqe – 84 yaşındadır, gənc yaşlarında Keniyanın Britaniya ilə müstəqillik mübarizəsində döyüşüb, işgəncələrə məruz qalıb və ailəsini itirib. O, filmdə mübarizliyin və inadkarlığın simvoludur.

Ceyn Obinçu – Müstəqil Keniyada təhsil islahatının gerçəkləşdiyi ilk dövrlərdə müəllim olaraq çalışır və Maruqenin təhsil haqqını müdafiə edir, şagirdlərinə empatiya ilə yanaşır. Təhsildə idealist müəllim psixologiyasını təmsil edir.

Digər şagirdlər cəmiyyət, valideynlər, müəllimlər və tədris idarəçiləri arasında həm körpü rolunu oynayır, həm də onlar arasındakı eqo və şəxsi mənafe savaşının obyektidirlər.

Təhsil müdiri və ölkə başçısı – onlar ölkədə bürokratiya və qanun-qaydaların təmsilçisidirlər. Xüsusilə təhsil müdirinin statistika və qanunları təhsilin ruhundan üstün tutmasına diqqət çəkilir.

Maruqenin keçmiş həyat yoldaşı – o, mübarizənin insandan aldıqlarını təmsil edir. Eyni zamanda, onun haqqında xatirələr Maruqeyə nə üçün mübarizə yada salır və aldığı mənəvi borcu qaytarmaq ehtiyacını gücləndirir.

Qalan iki müəllim – biri bürokratiyaya meyilli, məsuliyyət götürməkdən yayınan, təhsilin ruhunu tam anlamayan, digəri isə Ceynin başqa bir bölgəyə göndərilməsindən sonra məktəbə təyin olunan və ilk çətinliyi görən kimi məktəbdən və şagirdlərdən imtina edən zəif müəllim obrazını təmsil edir.

Maruqe filmdə tez-tez həyat yoldaşını xatırlayır və ona qarşı hiss etdiyi mənəvi borc zəminində gözlərindən həsrət oxunur. İşgəncə səhnələrində Maruqeyə “andından imtina et və azad ol” deyilir, hətta həyat yoldaşı da onun gözünün önündə öldürülür. Həmin epizod təkcə oradakı şiddət və işgəncəyə görə deyil, ölüm anındakı duruşu ilə belə həyat yoldaşının baş qəhrəman Maruqeni qoruması, onun mənliyinə göstərdiyi hörmət sevgisi ilə dəhşətlidir.

Burada onun övladları da öldürülür. Maruqenin sonrakı səhnələrdə uşaqlara olan yanaşması isə onları öz övladı kimi görməsi və hər birinin duyğularına empatiyası ilə müşaiyət olunur. Həmin qətl səhnəsindən etibarən Maruqenin mənəvi və psixoloji olaraq öldüyünü desək, yəqin ki, yanılmarıq. Azad olmaq üçün o, təhsili seçir və öyrənmək onun üçün azadlığın təcəssümü olur. Rejissor bununla təhsilsiz cəmiyyətdə azadlığın əksikliyindən bəhs edir.

İslahatdan dərhal sonra məktəbə gələn Maruqe sadəcə bürokratiyanın deyil, həm də valideynlərin təzyiqi ilə üzləşir. Valideynlərin övladlarının təhsil almaq hüququnu müdafiə etməsi təqdirəlayiqdir. Lakin rejissor onların mübarizə formasını tənqid edir. Anlamağa çalışmadan, birbaşa təzyiq etmək cəhdi əslində özlərinin edə bilmədiyini yaşlı bir kişinin etməsinə qarşı duyulan daxili qəzəbin ifadəsidir. Valideynlərdən birinin dediyi “mənə mağazamda satıcı lazımdır, oğluma riyaziyyatı öyrədin” ifadəsi də məhz övladlarını vasitə olaraq görən valideynlərə işarə edir.

Təhsil müdiri və müəllim Ceyn qarşıdurması isə müəllimliyin mənəvi-mental tərəfi ilə bürokratiyanın sərt tərəfinin konflikti olaraq qarşımıza çıxır. Təhsil müdiri də keçmiş müəllimdir və o daxilən Ceyni anlayır, lakin yerinə yetirdiyi funksiya ondan bürokratiyanın müdafiəsini tələb edir. Ceynin işdən çıxarılmasından sonra yeni gələn müəllimin qarşılanması səhnəsi də çox maraqlıdır. Təhsil müdiri etdikləri səhvi anlayır və buna rəğmən ondan tələb ediləni yerinə yetirmək üçün çıxış yolu axtarır. Yeni gələn müəllimin şagirdlərin etirazı qarşısında düşünmədən geri çəkilməsi isə sevgi və ideallardan uzaq bir müəllimin şagirdlərə necə yad olduğunun metaforudur.

Son səhnələrdən birində Maruqenin müəllim Ceynin qaytarılmasını xahiş etmək üçün təhsil naziri ilə prezidentin görüşünə müdaxilə etməsi də öz növbəsində mübarizənin bütün sərhəd və əngəlləri aşması, müəllimin geri qaytarılması isə prezidentin Maruqenin şəxsiyyətinə və təmsil etdiyi mübarizəyə olan hörməti kimi qəbul edilə bilər. Bu, eyni zamanda, rejissor tərəfindən azadlıq mübarizəsinin bütün fərdlərdən və vəzifələrdən üstün olması, bu mübarizənin və azadlığın təməlinin isə təhsilə söykənməsinə işarə edilir.

Filmin pedaqoji tərəfinə gəldikdə isə daha bir möhtəşəm fakt nəzərə çarpır. Təhsilin həyat boyu davam etməsinin gərəkliliyi, cəmiyyətin inkişafının açarı olması fonunda uğurlu və keyfiyyətli təhsilin əsas yükünün müəllimlər və təhsil idarəçilərinin üzərinə düşməsi məsələsi müasir və uğurlu təhsil sistemləri ilə bənzərlik daşıyır. Məsələn, müəllim Ceynin şəxsi məsuliyyət götürərək Maruqeni məktəbə qəbul etməsi, onun təhsil hüququnu tələb edərək dəstək olması təhsildəki müasir yanaşmalardan biri – “muxtariyyət”ə diqqət çəkir. Bu ifadə müəllimlərə və lokal idarəçilərə tədris prosesində daha çox hüquq və sərbəstlik verməyi nəzərdə tutur. Xüsusilə təhsil inqilabı ilə seçilən Sinqapur və Finlandiyada bu yanaşma uğurla tətbiq edilməkdədir. Müəllimə daha çox inanmaq, dəstək olmaq, şəxsi və pedaqoji baxımdan inkişafına şərait yaratmaq ehtiyacı filmdə də vurğulanır. Maruqenin şəxsində verilən mesaj isə odur ki, öyrənmək yaşa baxmır, bitməyən bir prosesdir.

Sonda onu qeyd etmək istərdim ki, film emosional təsir baxımından o qədər əhatəlidir ki, bu kiçik təhlil yazısında onların hamısını tam çatdırmaq mümkün deyil. Eyni anda bir neçə film izləməyin zövqünü yaşamaq istəsəniz, 2004-cü ildə 84 yaşında təhsil almağa başlayıb dünyanın ən yaşlı 1-ci sinif şagirdi olan və 2005-ci ildə BMT-nin dəvəti ilə Nyu-Yorkda “təhsil hər kəsin hüququdur” mesajı ilə çıxış edən keniyalı “Kimani Ng`ang`a Maruge”nin hekayəsini əks etdirən bu filmi seçin.

Qasım Qurbanov