TƏRCÜMƏSİZ ÇƏTİNLİKLƏR




Bu dəfə haqqında söhbət açdığımız 2002-ci ildə İsveç və Finlandiyanın ortaq istehsal etdiyi “Elina - sanki heç yox idim” filmi əvvəlkilərdən bir qədər fərqlidir. Filmin baş qəhrəmanı Elina məktəbdə dil ilə bağlı çətinliklər yaşayır. Rejissor İsveç və Finlandiya arasındakı tarixi və sosial anlaşılmazlıqların mənfi nəticələrindən birinə öz perspektivindən yanaşmağa çalışaraq fərqliliklərin cəmiyyətə və fərdlərə təsirlərini bu filmdə əks etdirmək istəyir. Onun ifadə etdiyi fikirlər və verdiyi mesajlar diqqətəlayiqdir. Rejissoru və baş qəhrəman Elinanı daha yaxşı anlamaq üçün filmi tərcüməsiz, dublajsız öz orjinal formatında izləyərək təhlil etməyə çalışdım.

Elina İsveçdə yaşayan findilli azlığın təmsilçisidir. Atası vərəm xəstəliyinə tutularaq dünyasını dəyişib. Özü də vərəm xəstəliyinə tutulub, müalicə alıb və sağaldıqdan sonra yaşadıqları yerə geri dönüb. Onun qarşılaşdığı əsas çətinliklər – atasının yoxluğu, milli azlıq təmsilçisi olması və ən nəhayət, başqaları tərəfindən hiss edilməməsidir.

Bu təhlildə əsas məqsəd Elina və özünü onun kimi hiss edən uşaqları, Elinanın müəllimini və hər ikisinin psixologiyasını və daxili dünyasını anlamaqdır.

Filmin əvvəlində eşitdiyim “papa, mama” kəlmələri yəqin ki, bütün bəşəriyyətin başa düşdüyü kəlmələrdir. Elinanın baxışlarının üfiqə zillənməsindən və səs tonunun hərarətindən hiss etmək olur ki, ya öz-özünə atasına deyinir, ya da ona nə isə çatdırır, bəlkə də, almaq istəyir. Ataların qız övladları üçün model olmaq funksiyasını nəzərə alsaq, onun əksikliyində Elinanın problemlərə həll yolu tapmaqda çətinlik çəkdiyini demək olar. Anası ilə ilk ünsiyyətində isə Elinanın özünün də istəmədən təlaşlandığını görmək olur. Həyat yoldaşını itirəndən sonra övladlarının qayğısına tək qalmalı olan ana daşıdığı ikiqat yükün təsiri ilə daha narahat və emosionaldır. Bu da qızının xarakter və davranışlarına təsir edir. Növbəti səhnələrdə Elinanın bataqlıqda ilişib qalmasını görəndə ananın yaşadığı narahatlığı daha yaxşı dərk etmək olur. Ana bütün analara məxsus qoruma intuisiyası ilə birlikdə ataya məxsus yol göstərən funksiyasını da yerinə yetirir və səsindəki təşvişin dərəcəsi bununla bağlıdır. Elinanın ailə daxilindəki əsas hiss və hərəkətləri bu çərçivədə formalaşır.

Əsas məsələlər məktəb səhnələrində üzə çıxır. Atasının yoxluğu ucbatından anasından da kifayət qədər qadın şəfqəti ala bilməyən qəhrəmanımızın xilas yolu ola biləcək təhsil və məktəb həyatı da uğursuz bir yöndə davam edir. Onun müəllimi ilə daim problemlər yaşadığını görürük. Bir qadın olaraq daha anlayışla yanaşa biləcəyi gözlənilən səhnələrdə əksinə müəllimənin onunla sanki soyuq mübarizə apardığını anlamaq çətin deyil. Tərcüməsiz izlədiyimə görə, dialoqları anlamadığım üçün fərziyə və ya önmühakimələrlə hərəkət etmək məcburiyyətində qalıram. Bəlkə də, Elina da belə hərəkət etməyə məcbur olub. Müəllimin dil məsələsində qatı tələbləri qarşısında çarəsiz idi, mənim əlimdə olmayan tərcümə və ya dublaj onun üçün də mümkün deyildi. Elinanın filmin əksər hissəsində susduğunu, qısa cavablar verdiyini, danışanda isə səsində hiddət əks olunduğunu qeyd etsək, belə nəticə çıxır ki, uşaq sadəcə anlaşıla biləcəyini hiss etdiyi anlarda danışmağa meyil edir, lakin içində olduğu vəziyyətdən çıxış yolu tapmaq imkanı olmadığı üçün bu onda qəzəb hissi ilə təzahür edir. Bu baxımdan müəllimi də Elinadan çox fərqlənmir. Yaşları arasındakı böyük fərqə rəğmən müəllim də eqosu ilə hərəkət edir. Xüsusilə üz cizgiləri və mimikaları belə bir təəssürat yaradır ki, müəllim Elinanı şagirddən daha çox rəqib və hətta psixoloji olaraq düşmən kimi görür. Nəzərə alsaq ki, Finlandiya və İsveçdə təhsil islahatları II Dünya müharibəsindən sonra aparılıb və müasir təhsil sistemi zamanla formalaşıb, müəllimlərin pedaqoji və psixoloji hazırlığının yüksək səviyyədə olmamasını başa düşmək olar.

Rejissor da bataqlığı zehni gerilik və düşüncəsizlik təzahürü olaraq görür. Düşüncənin formalaşması üçün öncə düşüncəsizliyin fərqinə varmaq, onunla üzləşmək və nəhayət beyinin funksiyalarını işə salmaq lazımdır. Bu baxımdan Elinanın bataqlığa düşməsi səhnəsi də bir çox şeyi açıqlayır. Uşaqlar xarici dünyadan daha çox bixəbər olduqları üçün cəsarətlə hərəkət edə və bataqlıq qorxusu ilə üzləşə bilir və ondan qurtulduqda dünyaya yeni baxış formalaşır. Yetkin insanlarda isə bu bir az daha çətindir. Uşaq bataqlıqdan çıxarıldıqdan sonra müəllimi ilə üz-üzə gəlir. Bu səhnəni anlamaq daha asandır, çünki danışan baxışlar, bədən dili və mimikalardır. Sanki Elina yetkinliyi, müəllimi isə uşaqlığı ilə üzləşir. Ortada bir üzrxahlıq yoxdur, lakin tərəflər artıq bir-birlərini daha yaxşı anlayır, hiss edir.

Filmdən çıxan ən vacib nəticə odur ki, düzgün yetişməmiş bir müəllimin təhsil və tədris prosesində çətinliklərlə üzləşməsi və başqalarına da problemlər yaşatması qaçılmazdır. Digər nəticə isə emosional olaraq anlayış görməyən uşaqların özləri və digərləri üçün törədə biləcəyi təhlükələrdir. Müxtəlif mədəniyyətlərdən və ailələrdən gəlib sinif otaqlarında toplanan uşaqlar, onların valideynləri, müəllimlər və direktorlar arasında yaşanan kiçik və böyük konfliktlərin təməlinin bir ünsiyyət mühitindən qaynaqlandığını bu filmə əsaslanaraq açıqlamaq olar.

Qasım Qurbanov