ŞƏXSİYYƏTYÖNLÜLÜK İDEYALARININ TARİXİ ƏHƏMİYYƏTİ VƏ GƏNC NƏSLƏ AŞILANMASI YOLLARI




Məqalədə sosial-iqtisadi həyatın tərkib hissəsi olan təhsil prosesində cərəyan edən şəxsiyyətyönlülüyün təmin olunmasına verilən  ənənəvi və müasir tələblər sisteminin qoyuluşundan, onun tarixi-müqayisəli təhlil məsələlərindən bəhs edilir. Xüsusən, ənənəvi  paradiqmalarla yanaşı, müasir tendensiyalara əsaslanan, vətəndaş-cəmiyyət vəhdətindən irəli gələn milli və ümumbəşəri dəyərlər nümunəsindən faydalanmağın didaktik səciyyə daşıyan prioritet istiqamətləri haqqında mühakimələr yürüdülür. Araşdırılan problemin ən ümdə məqsədi keçmiş tarixi irsimizdə və bu gün təhsildə şəxsiyyətyönlülüyün təmin olunmasının böyüyən nəslin milli ruhuna, inkişaf dinamikasına, humanist və xəlqi keyfiyyətlərinə olan təsir imkanlarının müəyyənləşdirilməsidir. Məqalədə həm də Azərbaycan maarifpərvərlərinin şəxsiyyət tərbiyəsi ilə bağlı mütərəqqi ideyalarından bəhrələnməyin səmərəli yolları da açıqlanmışdır.

Bu gün yeniləşən cəmiyyətin bütün sferalarında Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, onun milli-mənəvi dəyərlər sistemindən yüksək vətənpərvərlik nümunəsi kimi istifadə etmək zamanın tələbidir. İndiki dövrdə cəmiyyətin artan tələbatına uyğun nəsil formalaşdırmağın təsir imkanlarını gənclərə aşılamaq, işi aktual problem olaraq yeni əqidə və şüurlu münasibət əsasında, milli təhsil quruculuğu proqramları zəminində tənzimləməyi zəruri edir. Bu cəhətdən sosial-iqtisadi həyatın tərkib hissəsi olan təhsil prosesində şəxsiyyətyönlülüyün təmin olunmasına verilən innovativ tələblər sistemindən maksimum səviyyədə istifadə olunmalıdır. Bu məqsədlə böyüyən nəslin faydalanmasına aid bilikləri təlqin edən didaktik materiallar, yaradıcı iş nümunələri hazırlamaq, bu işə vətəndaşcəmiyyət vəhdətindən irəli gələn prioritet istiqamət kimi baxmaq təqdirli sayıla bilər.

Təhsildə şəxsiyyətyönlülüyün təminatı problematikası ənənəvi və müasir pedaqoji fəaliyyət üçün həmişə önəmli olmuşdur. Milli maarifçiliyin və bəşəri keyfiyyətlərin gənc nəslin formalaşmasındakı rolu məhz bu baxımdan bütün zamanlarda aktual olmuşdur. Təlqin olunan fikirlərdən də tam yəqinliklə aydın olur ki, gənc nəslin milli-mənəvi, əxlaqi, ideya-siyasi, hüquqi vərdiş və bacarıqlara sahib olmasında şəxsiyyətyönlü təhsilin böyük təsir imkanları vardır. Bütünlüklə həm milli, həm də bəşəri məzmun daşıyan bu məsələ ümumxalq və ümumdövlət səviyyəli bir iş olub, zamanın sınaqlarından uğurla çıxan tarixi bir missiya olmuşdur. Təhsildə şəxsiyyətyönlülüyün təmin olunmasının gənclərin milli ruhunun formalaşmasına olan təsir imkanları həmişə aktual mahiyyət kəsb etmişdir. Bu gün də həmin problemlər ətrafında düşünüb, elmi-pedaqoji səpkidə tədqiqatların aparılmasına ciddi ehtiyac vardır.

“Şəxsiyyət”, “şəxsiyyətyönlülük”, “şəxsiyyət tərbiyəsi” məfhumları həm sosial-fəlsəfi, həm də ictimai-pedaqoji fikir tarixində başlıca milli və bəşəri dəyərlənmə məzmunu kəsb etmişdir. Xüsusən “şəxsiyyət” kateqoriyası öz dərin mündəricəsi ilə təhsilin inkişafında yüksək həyati status qazanmış, əxlaqi normaya, mənəvi yetkinliyə xidmət sferası yaratmışdır.

Ümumi halda şəxsiyyət probleminin pedaqoji və fəlsəfi məzmunda dərk olunması məsələsi ənənəvi və müasir təhsil proqramlarında, elmi-metodik, nəzəri-pedaqoji mənbələrdə birmənalı olaraq şəxsiyyətin mənəvi kamillik imkanlarının təkmilləşdirilməsinə xidmət edən konseptual dəyərlərlə səciyyələndirilmişdir. Şəxsiyyət problematikasının pedaqoji mahiyyətinə gəldikdə isə, bu barədə ilkin nəzəri-konseptual yanaşmalar haqqında bəhs olunan bitkin fikirlər qədim zamanlardan bu günümüzə qədər gəlib çatmışdır. Bu problem daim Azərbaycan maarifpərvərlərinin də diqqətini cəlb etmişdir.

Şəxsiyyətyönlülük paradiqmalarına münasibət bildirməyin didaktik əsasları pedaqogikanın da aktual problemi olmuş, hər tarixi dövrün pedaqoji cərəyanlarında, ideya-siyasi məfkurəsində, milli-mənəvi dəyərlər sistemində bu işin tarixi-müqayisəli təhlilini əks etdirən baxışlar sisteminə çevrilmişdir. Xüsusən mütərəqqi pedaqoji fikir tarixində “şəxsiyyət”, “şəxsiyyətyönlülük” tendensiyalarına sosial-fəlsəfi mündəricədən yanaşma prosesində pedaqogika təlim və tərbiyənin əldə olunmuş dəyərlərinin nəzəri-praktik mənbəyini mənimsətmək vəzifəsini öhdəsinə götürmüşdür. Lakin tarix yenilənir, yeni məzmun və keyfiyyət kəsb edir. Bu isə təbii şəkildə elmlərə, təlim və tərbiyə işinə, o cümlədən pedaqogikaya öz təsirini göstərir.

“... Müasir yenilənmə və sivilizasiya dövründə təhsil sistemi dəyişməkdədir, milli təhsil konsepsiyası meydana gəlmişdir. Bu, imkan verir ki, istər müəllimlər, istərsə də tələbələr pedaqogika fənninə yaradıcı, bir qədər də polemik nəzərlə yanaşsınlar. Belə halda ənənəvi, mühafizəkar baxışlardan azad olmaq mümkündür” (Talıbov, Ağayev, İsayev, Eminov, 1993). Bu mənada şəxsiyyətyönlü təhsil ideyasının təməl platformasına, onun tarixi və müasir inkişaf dinamikasına diqqət yetirdikdə məlum olur ki, “şəxsiyyət” məfhumu pedaqoji ədəbiyyatda iki cür yanaşma məzmunu ehtiva edir: şəxsiyyət və şəxsiyyət pedaqogikası. Şəxsiyyət anlamının özü də həm pedaqoji mənada, yəni həyatda hər kəsin qazanmış olduğu mənəvi keyfiyyətlərin daşıyıcısı olaraq, həm də “filankəs şəxsiyyətdir” qənaəti ilə, fəlsəfi aspektdən səciyyələndirilən şəxsiyyət anlamında başa düşülür.

Ümumiyyətlə, pedaqoji ədəbiyyatda müasir anlamda vətəndaşlıq statusu qazanmış şəxsiyyətyönlü təhsil nəzəriyyəsi metodoloji prinsip kimi “şəxsiyyət pedaqogikası” haqqında olan pedaqoji düşüncələrdən, hər tarixi dövrə məxsus pedaqoji cərəyanlardan nəşət almışdır. Bu yöndən tam yəqinliklə söyləmək olar ki, “şəxsiyyət pedaqogikası” nəzəriyyəsinin yaradıcısı alman pedaqoqu Hüqo Qandiq olmuşdur. Qandiqə görə, şəxsiyyət anadangəlmə fərdi xüsusiyyətlərlə mədəni mühit arasındakı qarşılıqlı təsirlərin nəticəsidir (Rüstəmov, Rocers, 2019). Bu fikir pedaqogika tarixində irəli sürülmüş mütərəqqi fikirlərdən biri kimi qiymətləndirilməlidir. Şəxsiyyətin mahiyyəti barədə Qandiqin həmin fikri Leypsiq qadın müəllimlər seminariyasında təlim-tərbiyə işinin, habelə onun yaratdığı “Pedaqoji hərəkat”ın nəzəri əsasını təşkil etmişdir.

“İnsan xarakterini anadangəlmə fərdi xüsusiyyətlərlə ətraf mühit arasında qarşılıqlı əlaqələrin məhsulu hesab edən və təlim-tərbiyə işini bu əsasda qurmağı məsləhət görən pedaqogika şəxsiyyət pedaqogikasıdır” (Kazımov, 2011). Göründüyü kimi, pedaqogikada şəxsiyyət zəminində insan yetişdirməyin pedaqoji prinsipləri haqqında müəyyən qədər idealizə olunmuş fakt və hadisələrə yanaşma tərzi diqqəti həmişə cəlb etmişdir.

Məlumdur ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində milli təəssübkeşlərimiz Azərbaycanın təhsil, elm və mədəniyyəti ilə bağlı öz əhəmiyyətini bu gün də itirməyən qiymətli elmi-nəzəri mülahizələr irəli sürmüşlər. Onlar elmi-pedaqoji ideyalarında insan xarakterinin formalaşmasında milli vətənpərvərlik təliminin başlıca cəhətlərini tutarlı faktlarla əsaslandırmış, bu işin konkret icra fəaliyyətini göstərmişlər. Bu mənada dövrünün görkəmli simalarının xalqın milli intibahında, mədəni tərəqqisində oynadığı rol misilsizdir. “Onların kamil şəxsiyyət kimi yetişməsində vətənpərvər ruh aşılayan ideyaları ilə bağlı ədəbi-tarixi və elmi-nəzəri fikirləri qabaqcıl meyillərlə bağlı olmuş, gənc nəslin bu ruhda təhsillənməsinə rəvac vermişdir” (Bəşirov, 2016).

Şəxsiyyət problemi, onun inkişafı, tərbiyəsi və qarşılıqlı əlaqələri Şərq fəlsəfəsinin pedaqoji, psixoloji fikrinin də həmişə hədəfi olmuşdur. Bu istiqamətdə Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Nəsirəddin Tusinin, Marağalı Əvhədinin, habelə Sədi Şirazinin, İmam Qəzzalinin, Cəlaləddin Ruminin və başqalarının dəyərli fikirləri, şəxsiyyətin tərbiyəsinə dair qiymətli öyüd-nəsihətləri məlumdur.

Şəxsiyyətin inkişafı, təlimi, təhsili, yaş xüsusiyyətləri Azərbaycan xalq pedaqoji fikrində də özünə möhkəm yer tutmuş, bu barədə xalqın düşüncələri, mülahizələri bütün dövrlərdə yüksək dəyərə malik olmuşdur. Belə ki, şəxsiyyət və şəxsiyyətyönlü təhsillə bağlı ötən əsrdən başlayaraq istər Azərbaycanda, istərsə də xarici ölkələrdə alimlər, xüsusilə pedaqoq və psixoloqlar daha ciddi və sistemli tədqiqat işləri aparmış, çoxsaylı məqalələr, elmi əsərlər yazmışlar. Bu sahədə aparılan tədqiqat işləri çox geniş sahəni əhatə etdiyindən müəlliflər şəxsiyyətin çoxyönlü sahələrini, müxtəlif cəhətlərini diqqətlə araşdırmışlar. Məsələyə başqa prizmadan yanaşsaq, şəxsiyyət problemi ilə təkcə pedaqoq və psixoloqlar məşğul olmamış, onun tədqiqi ilə həmçinin filosoflar, sosioloqlar, bioloqlar, fizioloqlar da maraqlanmış və bu problem bir çox humanitar elm sahələrinin – etika, estetika, hüquq elminin tədqiqat sahəsi olmuşdur. Bu səbəblərə görə də şəxsiyyət və şəxsiyyətyönlülük probleminə müxtəlif mövqelərdən yanaşılmış, xeyli ciddi əsərlər yazılmışdır. Şəxsiyyətin həyatda fəal mövqe tutması, ictimai borca şüurlu münasibət bəsləməsi, sözü ilə əməlinin vəhdət təşkil etməsi onu yüksək mənəviyyat zirvəsinə qaldırır, həyatda ona əxlaqi davranış və zəka, mədəniyyət, ağıl fəzilətləri bəxş edir. “Şəxsiyyət” dedikdə, şüurlu fəaliyyət göstərən, sosial münasibətlərdə iştirak edən, yaxşı əməllər sahibi olan, ətraf aləmi yaxşılaşdıran və bu barədə düşünən xeyirxah, humanist insan nəzərdə tutulur (İbrahimova, Hüseynzadə, 2013). 1970-1980-ci illərdə şəxsiyyətin inkişafına sırf tərbiyə funksiyalarını yerinə yetirən bir sistem kimi baxılırdısa, 1990-cı illərdə həmin tendensiya dəyişdi və tərbiyəvi işlərdə də təlim komponentlərinin olduğu müəyyən edildi. Burada da insanın davranışı üçün zəruri olan şəxsiyyətyönlü bilik, bacarıq,
vərdiş və mənəvi keyfiyyətlər sistemi öyrədilir.  Son illərdə yazılan dərslik nümunəsində də (Pedaqogika, 2019) aydın hiss olunur ki, biliklər sisteminə əsaslanmayan tərbiyə sistemi və prosesi yoxdur. Bu o deməkdir ki, gənc nəslin şəxsiyyətyönlü təhsil proqramında sinif-dərs sistemindəki bütün fəaliyyət növləri təhsilləndirici, tərbiyəedici və inkişafetdirici funksiyaları yerinə yetirdiyi kimi, sinifdənxaric və məktəbdənkənar şəraitdə həyata keçirilən bütün proseslərdə də şəxsiyyətyönlülüyün inkişafı üçün mühüm işlər həyata keçirilməlidir. Bu hansı zərurətdən irəli gəlir? İlk olaraq onu deməliyik ki, müasir dövrdə yeni pedaqoji, psixoloji konsepsiyalara görə, şagirdin, tələbənin bir şəxsiyyət kimi formalaşdırılması, kamil şəxsiyyət səviyyəsinə çatdırılması və inkişaf etdirilməsi üçün bütün öyrədici sferalarda təhsil humanistləşdirilməli, demokratikləşdirilməli, humanitarlaşdırılmalıdır. Şəxsiyyət təlimi təhsilləndirici, inkişafetdirici və tərbiyəedici olmalı, fərdiləşdirilməli və diferensiallaşdırılmalıdır. Çünki yeni pedaqoji təfəkkürdə şagirdin, tələbənin bir şəxsiyyət kimi formalaşdırılması təhsil sisteminin başlıca vəzifəsi hesab olunur. Bu vəzifənin reallaşdırılması üçün təhsil şəxsiyyətyönlü olmalı, humanist və demokratik prinsiplər əsasında qurulmalıdır.

Əməkdar elm xadimi Fərrux Rüstəmov problemin didaktik qanunauyğunluqlarını müəyyənləşdirən nəzəri ideyalarını “Karl Rocers və şəxsiyyətyönlü təhsil” adlı tədqiqatında şərh etməklə, problemin mahiyyəti ilə bağlı fikirlərini tanınmış Amerika psixoterapevti, pedaqoqu və psixoloqu Karl Rocersin (1902-1987) təhsil nəzəriyyələri əsasında davam etdirərək maraqlı müddəalar irəli sürür. O yazır: “Müasir pedaqoji yanaşmaya görə, təhsil-tərbiyə problemlərinin həlli prosesində şagirdin şəxsiyyəti ön planda durmalı, müəllim-fasilitator üçün şagirdin mövcud durumu onun keçmişindən və gələcəyindən daha önəmli olmalıdır... Müəllimlərin fərdiliyinin və ülviliyinin təzahürü, mənəvi kamilliyi və mənəvi-əxlaqi keyfiyyətləri şagird şəxsiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir” (Rüstəmov, Rocers, 2019). Bunun zəruriliyini şərtləndirən amil isə təhsilin demokratikləşdirilməsidir.

Şəxsiyyətyönlü təhsil ideyası müasir pedaqogikanın ən aktual mahiyyət və məzmun kəsb edən, müvafiq konsepsiyalar əsasında araşdırılan köklü problemlərindən biridir. Problemin müasir pedaqoji fikir tarixində yeni bir tendensiya olaraq ictimai dəyərliliyi böyükdür. Şəxsiyyətyönlü təhsilin inkişafı üçün xarakterik olan xəlqilik, demokratizm, humanizm, millilik, bəşərilik kimi ideyaların ənənəvi və müasir konsepsiyalarını araşdırmaq böyük maraq doğurur, bu sahədə dəyərli nümunələrdən istifadə təcrübəsinin faydalı bir mənbə olduğunu sübut edir.

Gəldiyimiz nəticə belədir ki, şəxsiyyət-yönlülük, əsasən, humanist keyfiyyətlər sistemini özündə ehtiva edən, milli və ümumbəşəri xüsusiyyətlərin məcmusu kimi gənc nəslin milli qüruru və zəngin dünyagörüşü əsasında formalaşan sistemli bir məsələdir. Ona görə də məqalədə irəli sürülən təkliflərdən faydalanmaq, pedaqoji prosesdə bir mənbə kimi istifadə etmək müəllim əməyini stimullaşdırar, təhsilalanların bir şəxsiyyət olaraq formalaşmasını təmin edər.

İstifadə edilmiş ədəbiyyat

1 Bəşirov, V.P. (2016). Humanist pedaqogikanın hədəfləri. “Azərbaycan müəllimi” qəzeti. №38, Bakı.
2 “Əkinçi” qəzeti. (1877). №8. Bakı.
3 İbrahimova, F.N., Hüseynzadə, R.L. (2011). Pedaqogika. Bakı, “Mütərcim”.
4 Kazımov, N.M. (2011). Ali məktəb pedaqogikası. Bakı, “Çıraq”.
5 Rüstəmov, F.A., Rocers, K. (2019). Şəxsiyyətyönlü təhsil. Bakı, “Elm və təhsil”.
6 Talıbov, Y.R., Ağayev, Ə.A., İsayev, İ.N., Eminov, A.İ. (1993). Pedaqogika. Bakı, “Maarif”.
7 “Tərcüman” qəzeti. (1906). №2. Krım (Bağçasaray).