“ELMİ BİLİKLƏRİN İNSANİ DƏYƏRLƏRƏ ÇEVRİLMƏSİ” - CEYN QUDOLLUN MİRASI




Dünyada “Təbiətin səfiri”, “Ümid elçisi”, “Ekologiyanın zadəgan xanımı”, “Şimpanzelərin anası” kimi müxtəlif epitetlərlə tanınan alim Ceyn Qudoll (Jane Goodall) ötən həftə vəfat etdi. Elmi fəaliyyətinə primatların davranışlarını araşdırmaqla başlayan bu alim zamanla ekoloji hərəkatın aparıcı simalarından birinə, elmi bilikləri geniş kütlələrə çatdıran nadir düşüncə daşıyıcısına çevrilmişdi.

Elmi yolun başlanğıcında Ceyn Qudollu kəşf edən və dəstəkləyən məşhur paleoantropoloq Luis Liki (Louis Leakey) olub. Liki onun müşahidə qabiliyyətini və təbiətə həssas yanaşmasını yüksək qiymətləndirərək Tanzaniyadakı Gombe Milli Parkında şimpanzelərin davranışını araşdırmaq üçün göndərib. Bu əməkdaşlıq primatologiya elminin inkişafında dönüş nöqtəsi yaradıb. Məhz Liki Qudollun tədqiqatlarını elmi kontekstə gətirərək, onun müşahidələrinin insanın təkamülü ilə bağlı yeni nəzəriyyələr üçün əsas ola biləcəyini göstərib.

Qudollun 1960-cı illərdə Gombedən başlayan tədqiqatları elm dünyasının primatlara baxışını dəyişdirib. Qudoll müşahidə edib ki, şimpanzelər yalnız bioloji instinktlərlə deyil, öyrənmə, adaptasiya və sosial təcrübə yolu ilə davranışlarını dəyişə bilirlər. Bu, insanla digər canlılar arasındakı sərhədlərə elmi və mənəvi cəhətdən yenidən baxmağa vadar edən kəşf idi.

1977-ci ildə o, Ceyn Qudoll İnstitutu (Jane Goodall Institute (JGI)) adlı təşkilat yaradıb. İlkin məqsəd Gombedəki tədqiqatlara dəstək vermək olsa da, zamanla institut çoxşaxəli təbiət mühafizəsi layihələrinin mərkəzinə çevrilib. JGI-nin fəaliyyəti “elmyönlü qərar qəbul etmək” prinsipinə əsaslanırdı. Bu yanaşmada sahə müşahidələri, peyk görüntüləri və biomonitorinq nəticələri birləşdirilərək, real ekoloji strategiyalar hazırlanırdı. Beləliklə, Qudoll “elm müşahidə üçündür” deyil, “elm hərəkətə çevrilməlidir” prinsipini müdafiə edirdi.

1991-ci ildə Dar es Salaam şəhərində 12 yeniyetmə ilə keçirdiyi sadə görüş “Roots & Shoots” (“Köklər və Fidanlar”) proqramının başlanğıcı oldu. Bu təşəbbüs gəncləri ətraf mühit, heyvanların rifahı və insan icmalarının problemləri üçün praktik layihələrə təşviq edirdi. Bu gün “Roots & Shoots” 100-dən çox ölkədə fəaliyyət göstərir və yüz minlərlə gənci bir məqsəd ətrafında birləşdirir - “təbiətə hörmət, insana mərhəmət, gələcəyə ümid”.

Qudoll çıxış, müsahibə və konfranslardakı mesajlarında hər zaman bir ideyanı vurğulayırdı: elmi bilik yalnız laboratoriyada qalmamalıdır. O, təbiəti qorumağı həm fərdi məsuliyyət, həm də mənəvi öhdəlik kimi qəbul edirdi. UNESCO tədbirlərində və BMT forumlarındakı çıxışlarında Qudoll tez-tez qeyd edirdi ki, “hər insanın etdiyi kiçik iş birlikdə ediləndə böyük təsir yaradır”.

Onun üslubunu fərqli edən əsas cəhətlərdən biri elmlə kommunikasiya arasındakı körpü idi. Qudoll müşahidələrini yalnız elmi məqalələrdə deyil, hekayələr, fotoşəkillər və açıq çıxışlarla paylaşırdı. 1960-cı illərdə “National Geographic” jurnalının göndərdiyi foto kameralarla Gömbedə çəkdiyi fotolar onun tədqiqatlarını milyonlarla insana tanıtdı və təbiətlə empatiyanı gücləndirdi. “Elm özü danışmır, sən onu danışdırmalısan”, – deyən Qudoll elmin ictimai şüurda yer almasının vacibliyinə inanırdı.

BMT-nin “Sülh elçisi” tituluna layiq görülən Qudoll iqlim dəyişikliyi, bioçeşidlilik və heyvan hüquqları kimi mövzularda beynəlxalq səviyyədə mübarizə aparırdı. O, elmi yalnız fakt kimi deyil, insanı dəyişdirən etik dəyər kimi görürdü. “Elmi bilik varsa, məsuliyyət də var”, - bu onun fəlsəfəsinin əsas cümləsi idi.

Qudollun tədqiqatçılığa başladığı illərdə primatologiyada qadınların iştirakına nadir hallarda rast gəlinirdi. O, bu stereotipi qırdı və yüzlərlə qadın tədqiqatçıya yol açdı. Onun rəhbərlik etdiyi institut müxtəlif ölkələrdə meşələrin bərpası, qorunan ərazilərin genişləndirilməsi və qanunsuz heyvan ticarətinə qarşı layihələr həyata keçirdi. O, “planetin gələcəyini qorumaq üçün hələ də ümid edə və fəaliyyət göstərə bilərik” deyirdi.

Qudoll həm də 30-dan çox universitetin fəxri doktoru idi. Amma bütün titullarına baxmayaraq sadəliklə deyirdi:

“Mən sadəcə təbiəti sevən, vəhşi heyvanların hekayəsini dünyaya danışmaq istəyən bir qadınam”.

Ceyn Qudoll yalnız laboratoriya və konfrans salonlarında deyil, kitabları ilə də milyonlara təsir göstərən gözəl təhkiyəçi idi. Onun ən tanınmış əsərləri arasında “In the Shadow of Man” (1971) - Gombe şimpanzeləri ilə ilk illərinin gündəliklərindən ibarət və primatların insanabənzər davranışlarını sənədləşdirən kitabdır. “The Chimpanzees of Gombe: Patterns of Behavior” (1986) kitabı isə onun əsas elmi əsəri sayılır. Burada 25 illik müşahidələrin nəticəsi olaraq şimpanzelərin sosial strukturları, alət istifadəsi və emosional əlaqələri sistemləşdirilib. Onun yarı avtobioqrafik, yarı fəlsəfi üslubda yazılmış “Reason for Hope” (1999) adlı kitabında Qudoll elmlə mənəviyyat, insanla təbiət arasında əlaqəni dərin və ilhamverici şəkildə izah edir. 2021-ci ildə çap olunan “The Book of Hope” (2021) kitabı onun son illərdəki düşüncələrini əks etdirir; o, burada iqlim böhranına baxmayaraq insanlığın hələ də dəyişə biləcəyinə inandığını vurğulayır.

Bu əsərlər yalnız elmi araşdırmalar deyil, həm də insanın öz təbiəti ilə dialoquna dəvətdir. Qudoll hər kitabında elmi anlayışları sadə və emosional dildə təqdim edir, oxucunu yalnız məlumatlandırmır, həm də düşündürür. Onun yazılarında “elm” və “ruh” bir-birini tamamlayır, insanın dünyanı anlamaq və qorumaq məsuliyyətinə işıq salır.

Ceyn Qudollun həyatı bir alim, bir fəal və bir hekayəçinin dünyanı necə dəyişə biləcəyinin sübutudur. O, elmin sərt qaydalarını mərhəmət və ümidlə birləşdirə bildi. Onun mirası yalnız yaratdığı təşkilatlar, yazdığı kitablar, Gombedəki şimpanzelər deyil. Bu miras “elmi biliklərin insani dəyərlərə çevrilməsi” ideyasıdır.

Ceyn Qudollun həyatı göstərdi ki, elmin dəyəri yalnız kəşflərdə deyil, həmin biliklərin dünyanı dəyişdirmək gücündədir. O, bizə öyrətdi ki, təbiəti qorumaq üçün böyük addımlar atmaqdan əvvəl sadəcə ətrafımıza diqqətlə baxmaq və hər canlının dəyərini anlamaq kifayətdir - “Dəyişiklik üçün gec deyil. Təbiəti qorumaq insanı qorumaq deməkdir”.

Zemfira Məmmədqızı