PLANETİN GƏLƏCƏYİ ÜÇÜN MƏSULİYYƏT DAŞIYIRIQ




İqlim dəyişikliyinin böyük tufanlara, daşqınlara, quraqlığa, meşə yanğınlarına və ərzaq qıtlığına səbəb olması faktını beynəlxalq institutların apardığı araşdırmalar çoxdan təsdiqləyib. Ekoloqlar planetin mövcudluğu və gələcəyi naminə Yer kürəsinin şüurlu sakinlərini məsuliyyətli olmağa çağırırlar. Onların fikrincə, “hər kəs iqlim böhranının qarşısını almağa öz töhfəsini verməlidir”. Ekoloji problemin qarşısının alınmasında maarifçiliyin böyük rolunu vurğulayan mütəxəssislər uşaqların təbiətin mühafizəsi ilə bağlı biliklərinin və dünyagörüşünün genişləndirilməsini vacib sayırlar.

Bəs bunun üçün nə etmək lazımdır?

Uşaqlara problemi asan dillə anladan maarifləndirici, ibrətamiz hekayələr və təsirli kadrlar təqdim edən sənədli filmləri izləmək bu yollardan biridir. Sənədli filmlər öz mesajını çatdırmaq üçün təbiət mənzərələrindən, isti iqlimə uyğunlaşmaqda çətinlik çəkən heyvanların 3D təsvirlərindən istifadə edir. Filmlərin əsas auditoriyası ibtidai və orta sinif şagirdləridir.

“Buzları təqib edərkən”

2012-ci ildə təbiət fotoqrafı Ceyms Baloqun ssenarisi əsasında çəkilən sənədli filmdir. Filmin rejissoru Ceff Orlovski Qrenlandiyada qütb heyvanlarının üzləşdiyi problemləri göstərir. Əriyən buzlaqlarla bərabər yaşayış yerini itirən heyvanların aclıqdan tələf olduğu ortaya çıxır.

“National Geographic” kanalı əməkdaşlarının çəkdiyi “Arktika nağılı”nda da eyni problemlərə diqqət yönəldilib. Filmdə morj, qütb ayısı və onun balalarının üzləşdiyi problemlər göstərilir. Yemək tapa bilməyən qütb ayıları morjların qatilinə çevrilirlər.

“Planetimizdə həyat”

adlı ABŞ serialı 2014-cü ildə doqquz, 2016-cı ildə isə səkkiz seriyası ilə insanları iqlim dəyişikliyinin yaratdığı problemlərə ciddi yanaşmağa çağırıb. “National Geographic Channel”-da yayımlanan və çox böyük rezonansa səbəb olan serialın icraçı prodüserləri Ceyms Kameron, Arnold Şvartsenegger, müəllifləri Koel Bax və Devid Gelber idi. Serial “sənədli və ya qeyri-bədii janrda çəkilən film” kimi Emmi mükafatına layiq görülüb.

Filmin hər epizodu planetin üzləşdiyi ayrı-ayrı problemə həsr olunub. Serialda dəniz suyu səviyyəsinin yüksəlməsi, quraqlıqlar və daşqınlar, su qıtlığı, okeanların çirklənməsi, meşələrin qırılması, ayrı-ayrı heyvan növlərinin nəslinin kəsilməsi kimi problemlər geniş kütləyə sadə və təsirli görüntülərlə çatdırılırdı. Film müəllifləri alim və mütəxəssislərlə birgə dünya miqyasında fərd, icma, şirkət və hökumətlərin problemi həll etmək üçün istifadə edə biləcəyi yollara diqqət yetirir. İqlim dəyişikliyinin sürətini azaltmaq üçün daha ucuz günəş və külək enerjisi, inkişaf edən akkumulyator texnologiyası və elektrikli avtomobillər çıxış yolu kimi göstərilirdi. Filmin aparıcıları arasında C.Kameron, A.Şvartzenegger, F.Harrison, İ.Somerhalder, D.Letterman, C.Blak, C.Alba kimi məşhur aktyor və jurnalistlər vardı.

Ekoloji problemləri işıqlandıran “ReGeneration” filmində də H.Zinn, N.Chomski, E.Qudman, T. Karlson kimi tanınmış mədəniyyət, media və təhsil üzrə ekspertlər planetin problemlərinin həlli üçün səyləri birləşdirməyə çağırırdılar.

Filmdə nəsillərarası davranışlara da diqqət çəkilir. Onlar X nəslinin laqeydliyi və Y nəslinin texnologiya aludəçiliyini də qınayıblar.

“Şübhə tacirləri” nin müəllifləri tütün tüstüsündən qlobal istiləşməyə gedən yoldakı həqiqətləri kütlənin diqqətinə çatdırmaq istəyib. Amerikalı alimlər N. Oreskes və E. M. Convey tütün istehlakının qlobal istiləşmə, xüsusilə ozon təbəqəsi arasındakı paralellərə diqqət çəkib. Bu barədə elmi konsensusa baxmayaraq, özəl korporasiyalarla əməkdaşlıq edən alimlər əhalidə şübhə və çaşqınlıq yaratmaq üçün “tütünün ekologiyaya ziyanı ilə bağlı təsdiqlənmiş fikirləri” mübahisə obyekti kimi gündəmdə saxlamağa” çalışırlar.

“Gözəl Planet”

Toni Mayersin ssenaristi, rejissor və prodüseri olduğu sənədli film NASA ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Filmdə Beynəlxalq Kosmik Stansiyaya məxsus kadrlardan istifadə olunub. ABŞ, Rusiya, Avropa və Yaponiya astronavtları quruda görünməyən bir çox coğrafi obyektləri və prosesləri qeydə alıblar. Madaqaskarda geniş miqyaslı meşələrin qırılmasının görüntülərindən aydın olur ki, adanın torpaq eroziyası, vəhşi təbiətin məhv edilməsi lemurların həyatına təhlükə yaradıb. “Gözəl Planet”də, həmçinin Amazon tropik meşələrinin yanan görüntüləri də əks olunub.

Ətraf mühitin deqradasiyası ilə bağlı təsirli görüntülər çəkən rejissor T.Mayers müsahibələrindən birində deyib ki, “mən sadəcə insanların diqqətini yaşadıqları planetin nə qədər gözəl, əsrarəngiz, mürəkkəb və fərqli olduğuna yönəltmək istədim... Ən əsası onu qorumaq üçün həll yolları tapmaq istəyimizi göstərdim. Axı o, bizim yeganə planetimizdir".