PLANETİN XİLASI ÜÇÜN
Yəqin ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya” ili elan olunduğundan xəbəriniz var. Planet iqlim dəyişikliyi, qlobal istiləşmə, buzlaqların əriməsi, su hövzələrinin çirklənməsi və quruması, kütləvi meşə yanğınları, torpaqların erroziyaya uğraması və s. problemlərlə üz-üzə qalıb. “Yaşıl Dünya” ili böyük planetin kiçik bir parçası olan vətənimizdə ekoloji problemlərin həllinə diqqət çəkmək üçün imkan yaradır.
“Azərbaycan Məktəbi” jurnalı bu il də məktəblilərin ekoloji savadlılığını, “Planet Vətəndaşı” olmağın məsuliyyətini artırmağa, problemlərin həllinə öz töhfəsini vermək bacarıqlarını formalaşdırmağa yönəlmiş məqalələrə yer ayıracaq. Bu seriyanın ilk məqaləsi bütövlükdə iqlim dəyişikliyi və bizim üzərimizə düşən öhdəliklərə həsr olunub.
12 ADDIMLIQ PROQRAM
Telefonda saatlarla vaxt keçirməyi xoşladığınızı bilirik. Bəs siz cihazları elektrik şəbəkəsinə qoşmaq, avtomobil sürmək, yayda evləri soyutmaq kimi fəaliyyətlərin çox vaxt təbii qaz, neft və kömür kimi enerji mənbələri əsasında işlədiyinizdən xəbərdarsınızmı? Bu enerji mənbələri atmosferə karbon qazı (CO2) adlı qaz buraxır. CO2 və digər istixana qazları planetin temperaturunu yüksəldən, iqlim dəyişikliyinə səbəb olan qlobal istiləşmənin əsas amilləri sayılır.
Beynəlxalq araşdırmalarla məşğul olan əksər alimlər iqlim dəyişikliyinin dənizlərin qalxmasına, güclü tufanlara, sunamilərə, canlıların, bioloji müxtəlifliyin kütləvi məhvinə, insanların yaşayış yerlərinin dəyişməsinə səbəb olduğunu bildirir. Ancaq biz sizə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün mobil telefondan imtina etməyi və ya kondisioneri tamamilə söndürməyi deyil, planetimizə kömək etməyin yollarını öyrənmək üçün oxumağı, araşdırmağı və hərəkətə keçməyi təklif edirik.
- İstehlakı azaltmaq
Fabriklər yeni məhsullar istehsal edərkən karbon qazı buraxırlar. Odur ki, yeni əşyalar almaq əvəzinə, cihazlarınızı və paltarlarınızı təmir edib ömrünü uzatmağa çalışın.
2. Problemin ciddiliyini nəzərə çatdırmaq
Yaşadığınız ərazinin bələdiyyə başçısına, hökumət nümayəndəsinə, digər səlahiyyətli şəxslərə iqlim dəyişikliyi ilə bağlı fikirlərinizi ifadə edən məktub, açıqca və ya rəsm göndərməyə çalışın.
3. Evdəki “vampirləri” söndürün
"Vampir" dedikdə, hətta sönmüş vəziyyətdə belə elektrik enerjisini udan cihazlar nəzərdə tutulur. İstifadə edilmədiyi zaman telefon və noutbuku şəbəkədən ayıraraq bu canavarları “öldürün”.
Bu həm də ailənizin izafi enerji xərclərini azaldacaq.
4. Qapını bağlayın
Yayda kondisioneri çalışan bir məkanın qapısını açıq gördükdə böyüklərdən onu bağlamağı xahiş edin. Qapısı açıq qalan bir məkanın kondisionerindən yay ərzində havaya 2,2 ton karbon qazı buraxıla bilər. Bu, bir avtomobilin 10 min km-ə qədər yol getməsinə bərabərdir.
5. Öz təsirinizi hesablayın
Əgər sizin hərəkətlərinizin planetə necə təsir etdiyini bilmək istəyirsinizsə, onlayn “karbon izi” kalkulyatorundan istifadə edin. Bu sizə planetin gələcəyinin yaxşıya doğru dəyişməsində kiçik addımlar atmağa imkan yaradacaq. Unutmayın ki, böyük işlər kiçik addımlardan başlayır.
6. Ətdən çox tərəvəzlə qidalanın
Yerin havasının karbon qazları ilə çirklənməsində mal-qaranın və heyvandarlığın da böyük təsiri var.Unutmayın ki, daha çox tərəvəz və bitkilərlə qidalanmaq ətə ehtiyacı azaldır.
7. Mövsüm meyvələri yeyin
Bilirsinizmi, qış aylarında yay meyvələri yemək də qlobal istiləşmənin səbəblərindən biridir? Mövsümə uyğun və öz yaşadığınız regionda yetişdirilən meyvə və tərəvəzləri yeməklə, əslində çox böyük bir problemin həllinə yardım etmiş olarsınız. Bu, fəslə uyğun olmayan meyvə-tərəvəzi istixanalarda yetişdirmək və daşımaq üçün istifadə olunan enerjini azaldır. Bununla da havaya zərərli qazların buraxılmasında daha az iştirak etmək olar.
8. Plastikdən qaçın
Sevdiyin dondurma, kofe və ya şirniyyat dükanı plastik qab-qaşıq istifadə edir? Böyüklərdən plastik olmayan qablara keçməyi xahiş edin. Qeyd edək ki, artıq yeyilə bilən qaşıq növləri də istehsal olunur.
9. Otel dəsmallarını hər gün dəyişməyin
Bəzən otellərdə istirahət edərkən insanlar dəsmalların hər gün dəyişdirilməsini istəyirlər. Bunun üçün onu hara gəldi atır, yenisini tələb edirlər. Unutmayın ki, məhsulların hər gün yuyulmasının qarşısını almaq suya, elektrik enerjisinə qənaətlə yanaşı, su hövzələrinin və torpağın yuyucu kimyəvi maddələrlə daha az çirklənməsinə imkan yaradır.
10. Velosiped sürün, ya da piyada gəzin
Bacardığınız qədər piyada gəzməyə və ya velosiped sürməyə çalışın. Bir il ərzində gündə cəmi 20 km-ə yaxın velosiped sürmək və ya piyada gəzmək havaya 330 kilo karbon qazının atılmasının qarşısını alır. Bu, sizin dörd ağac əkməyinizə və bu ağacların 10 il ərzində havaya oksigen buraxmasına bərabərdir!
11. Qışda qış, yayda yay geyimi
Evdə istiliyi ən yüksək həddə çatdırıb yay paltarlarında gəzmək yerinə temperaturu aşağı salıb sviter geyinmək daha yaxşı olar. Ya da kondisioneri “partlatmaq” əvəzinə pəncərələri açıb, ventilyatoru işə salmaqla təbiətə fayda vermiş olarsınız.
12. Elmli olduğunuzu göstərin
Hər kəs iqlim dəyişikliyi və onun gətirdiyi problemləri anlamır. Oxuduğunuz, öyrəndiyiniz məlumatları dostlarınız və ailənizlə bölüşün. Yerli və ya məktəb qəzetində, sosial media hesablarında iqlim dəyişikliyi ilə bağlı məqalələr, məlumatlar yazın. Nə qədər çox insan bu mövzuda məlumatlı olsa, problemin həllinə bir o qədər faydası toxunar.
Unutmayın ki, bizim böyük evimiz Planetdir. Onu qorumaq isə gələcək nəsillər qarşısında borcumuzdur.
“NatGeoKids”in materialları əsasında