HƏYAT TELEFONUN İÇİNDƏ DEYİL

Səhər gözünü açan kimi telefona baxmaq, gün ərzində dəfələrlə sosial şəbəkələri yoxlamaq, mesajlara cavab vermək, videolara baxmaq, gecə isə telefonu yatağın yanında saxlamaq... Hamımıza tanış mənzərədir. Hazırda yeniyetmələr üçün smartfon artıq sadəcə rabitə vasitəsi deyil. O, dostlarla ünsiyyətdən əyləncəyə, musiqidən xəbərlərə, dərsdən hazırlıqlara qədər gündəlik həyatın demək olar ki, bütün sahələrinə daxil olub.
Bəs bir yeniyetmə üç həftə ərzində bütün bunlardan uzaq qala bilərmi?
2026-cı ilin martında Avropada keçirilən böyük telefon eksperimenti məhz bu suallara cavab axtarıb. “Das große Dok-1-Handyexperiment” adlandırılan layihə 72 mindən çox yeniyetməni əhatə edib. Onların təxminən 45656-sı elmi müşahidə üçün nəzərdə tutulan anonim sorğulara qatılıb. Layihənin elmi müşayiətini Vyanadakı Anton Proksch İnstitutu və IR&C - Investigation, Research & Consulting Center həyata keçirib.
Təcrübənin əsas şərti sadə olub: iştirakçılar 21 gün ərzində smartfondan imtina etməli olublar. Bəzi iştirakçılar isə sadəcə telefon istifadəsini (“light” variantında) məhdudlaşdırıblar. Tədqiqatçılar eksperimentdən əvvəl, 21 günün sonunda və daha beş həftə sonra sorğular keçirərək dəyişikliklərin davam edib-etmədiyini də araşdırıblar.
İlk baxışda üç həftə uzun müddət kimi görünür. Lakin təcrübənin maraqlı nəticələrindən biri göstərib ki, iştirakçıların təxminən üçdə ikisi 21 günün hamısını telefonsuz qala bilib. Yaşı nisbətən az olan iştirakçıların təcrübəni uğurla başa çatdırmaq ehtimalı böyüklərlə müqayisədə daha yüksək olub.
Ən çox “geridönüş” isə ilk gündə baş verib. Təcrübəni yarımçıq qoyanların 16 faizi məhz ilk gün yenidən smartfona əl atıb. Bu fakt telefon istifadəsinin yalnız texnoloji deyil, həm də güclü vərdiş xarakteri daşıdığını göstərir.
Təcrübənin ən diqqətçəkən nəticələrindən biri yuxu ilə bağlı olub. Üç həftəlik smartfon fasiləsindən sonra iştirakçılarda yuxuya getmə və yuxunu davam etdirmə ilə bağlı problemlər 20 faizdən çox azalıb.
Bu nəticə xüsusilə yeniyetmələr üçün əhəmiyyətlidir. Çünki smartfon çox vaxt yataq otağına da “daxil olur”. Gecə sosial şəbəkələrə baxmaq, mesajlara cavab vermək və videolar izləmək yatmaq vaxtını gecikdirə bilər. Sınaq bununla bağlı maraqlı məqamı ortaya qoyur: bəzən yuxu problemini həll etmək üçün ilk addım daha mürəkkəb metod deyil, sadəcə telefonu gecə həyatından çıxarmaq ola bilər.

Tədqiqatın ən mühüm nəticələrindən biri iştirakçıların emosional vəziyyəti ilə bağlıdır.
İlkin sorğuda iştirakçıların 58 faizində yüngül və orta səviyyəli depressiv əlamətlər özünü göstərib. Bundan əlavə, 8 faizdə orta-ağır, 3 faizdə isə ağır depressiv əlamətlər müşahidə olunub. Üç həftə sonra depressiv əlamətləri olmayanların payı təxminən 15 faiz artıb. Yüngül və orta səviyyəli əlamətlər təxminən 10 faiz azalıb, ağır depressiv əlamətlər isə 2,9 faizdən 1,7 faizə düşüb.
Mütəxəssislər qeyd edir ki, bu nəticələr o demək deyil ki, “smartfon depressiyaya səbəb olur”. Smartfondan uzaq qalmaq iştirakçıların psixoloji göstəricilərinin yaxşılaşması ilə əlaqəli olub, lakin bu, bütün psixi sağlamlıq problemlərinin səbəbinin telefon olduğunu təsdiqləmir.
Təcrübənin başqa mühüm nəticəsi internetdən problemli istifadə ilə bağlıdır. İlk ölçmədə iştirakçıların təxminən 71 faizində internet istifadəsinin problemlərlə müşayiət olunması müəyyən edilib. Yəni söhbət çox internet istifadə etməkdən yox, internet istifadəsinin nəzarətdən çıxması və problem yaratmasından gedir.
Məsələn, aşağıdakı hallar bu anlayışa daxil ola bilər:
- internetdən istifadə müddətini idarə etməkdə çətinlik;
- istifadəni azaltmaq istəsə də bunu bacarmamaq;
- internetə ehtiyacdan daha çox vaxt ayırmaq;
- internet istifadəsinin dərsə və ya işə mane olması;
- yuxu rejiminin və gündəlik fəaliyyətlərin pozulması;
- internetdən istifadə edilmədikdə narahatlıq və ya güclü istək hiss etmək;
- real həyatda sosial münasibətlərə və digər fəaliyyətlərə marağın azalması.
Üç həftə sonra bu rəqəm 58 faizə qədər azalıb.
Bu dəyişiklik onu göstərir ki, smartfondan müvəqqəti uzaqlaşmaq insana öz rəqəmsal vərdişlərini görmək imkanı verə bilər.
Əslində telefonun ən güclü tərəfi onun cihaz kimi texniki imkanları deyil. Smartfon müxtəlif ehtiyacları bir ekranda birləşdirir. Buna görə də istifadəçi bir tətbiqdən çıxıb o birinə keçərkən çox vaxt telefondan ümumiyyətlə ayrılmır.
Eksperimentin üzə çıxardığı ən təsirli rəqəmlərdən biri də itirilmiş vaxtla bağlıdır.
Smartfondan tamamilə imtina edən iştirakçılar üç həftə ərzində ümumilikdə 7373016 saat telefon istifadəsinə qənaət ediblər. Bu, sadəcə böyük statistik rəqəm deyil. Bu saatların hər biri real həyatda başqa bir fəaliyyətinə - söhbətə, idmana, mütaliəyə, ailə ilə vaxt keçirməyə, musiqiyə, yaradıcılığa və ya sadəcə heç nə etmədən düşünməyə ayrıla bilər.
Bəlkə də eksperimentin əsas mesajlarından biri məhz budur: məsələ yalnız “telefonla nə qədər vaxt keçiririk?” sualı deyil. Əsas sual “telefon həmin vaxtın yerini nə ilə doldurur?” sualıdır.
Eksperimentin elmi rəhbərlərindən biri Oliver Şeybenogen (Scheibenbogen) də diqqəti məhz bu məqama yönəldir. Maraqlıdır ki, yalnız smartfondan imtina edən qrupda deyil, telefonu saxlayan nəzarət qrupunda da müəyyən müsbət dəyişikliklər müşahidə olunub. Tədqiqatçının fikrincə, bunun səbəblərindən biri iştirakçıların internet və telefonda keçirdikləri vaxt üzərində düşünməyə başlamaları ola bilər. Deməli, problemin həlli həmişə telefonu uşaqların əlindən almaq olmaya bilər. Bəzən ilk addım insanın öz davranışını görməsi və onun üzərində düşünməsidir.

Eksperiment smartfonsuz həyatın mümkün olduğunu göstərsə də, bundan “uşaqların hamısından telefon alınmalıdır” nəticəsini çıxarmaq düzgün olmaz.
Uşaqlar smartfondan informasiya əldə etmək, valideynlərlə əlaqə saxlamaq, təhsil resurslarından istifadə etmək və sosial münasibətlər qurmaq üçün də yararlanırlar. Buna görə də əsas məsələ texnologiyanı tamamilə həyatımızdan çıxarmaq yox, onun üzərində nəzarəti itirməməkdir.
Tədqiqatın nəticələri məktəblər və valideynlər üçün başqa bir vacib mesaj verir: uşağa “telefonu az işlət” demək çox vaxt kifayət etmir. Telefonsuzluğun yaratdığı boş vaxtın yerini heç nə tutmursa, köhnə vərdişə qayıtmaq asanlaşır.
Buna görə uşaqlar üçün real alternativlər yaratmaq lazımdır: idman, dostlarla canlı ünsiyyət, kitab, musiqi, yaradıcılıq, açıq havada fəaliyyət və ailə ilə birlikdə keçirilən vaxt.
“Böyük telefon eksperimenti”nin ən maraqlı nəticəsi smartfonun pis, smartfonsuz həyatın isə yaxşı olduğunu sübut etmək deyil.
Təcrübə göstərdi ki, smartfonsuz üç həftə ərzində bir çox yeniyetmənin yuxusu, psixoloji rifahı və rəqəmsal davranış göstəriciləri yaxşılaşıb. Psixoloji rifah təxminən 18 faiz artıb, yuxu problemləri 20 faizdən çox azalıb, problemli internet istifadəsi isə 71 faizdən 58 faizə düşüb.
Bəlkə də eksperimentin uşaqlara verdiyi ən böyük dərs budur: telefon həyatı asanlaşdıra bilər, amma həyatın özü telefonun içində deyil.

