MƏKTƏBLİ ÇANTASI




Məktəb, dərslik, şagird mövzusunun müzakirə olunduğu az qala bütün diskussiyalarda məktəbli çantası və onun ağırlığına  diqqət yönəldilir. Bir çox hallarda valideynlər bunun uşağın fiziki sağlamlığına,  onurğa və dayaq-hərəkət  sisteminə mənfi təsir edəcəyindən narahat olurlar. Bəs ideal məktəbli çantası necə olmalıdır?

Təhsil və məktəbli həyatı ilə bağlı araşdırmaların nəticələrini yayan müxtəlif mənbələrdə bununla bağlı mütəxəssis tövsiyələri verilir.

Bu tövsiyələrə görə, məktəb həyatına yeni başlayanlar üçün çanta seçərkən əsas prioritet uşağın rahatlığını təmin etmək olmalıdır. Seçim edərkən məhsulun keyfiyyəti və ya uşağın bədən quruluşuna uyğunluğu kimi detallara  xüsusi diqqət yetirilməlidir.

Əvvəlcə uşağın nə cür çantaya ehtiyacı olduğunu müəyyənləşdirmək lazımdır. Çantanın uşağın yaşına, boyuna və çəkisinə uyğunluğuna diqqət yetirilməlidir. Seçim zamanı uşaq yanınızda olmalı və onun zövqü də nəzərə alınmalıdır.

Uşağın bəyəndiyi çantada onu narahat edəcək bir detal görürsünüzsə, bunu ona uyğun dillə başa sala, alternativlər təklif edə bilərsiniz.

Nəzərə almalısınız ki, övladınız üçün böyük və ağır olan çantalar bədənin inkişafında problemlər yarada bilər. Çantanın dəftər, kitab və başqa əşyalarla bir yerdə çəkisini də nəzərdən qaçırmamalısınız.  Ona görə də bel çantası seçərkən onun öz çəkisinə də diqqət yetirilməlidir.

Bunlarla yanaşı, övladınız üçün məktəb çantası seçərkən aşağıdakı tövsiyələri nəzərə ala bilərsiniz:

  • Çantanın bir yox, uzunluğunu tənzimləmək mümkün olan iki qulpu olsa yaxşıdır.
  • Qulplar uşağın qolunu sıxmamalı, onun hərəkət rahatlığını təmin etməlidir.
  • Pambıq materialdan və xüsusi ortopedik qaydalarla hazırlanmış, istifadəçinin belini əzməyən modellər prioritet olmalıdır.
  • Kitabların künclərinin və ya başqa sərt alətlərin uşağın kürəyini əzməməsi üçün arxa “yastığı” olan çantalar daha məqbul sayılır.
  • Mütəxəssislər vurğulayır ki, çantanın çəkisi uşağın bədən çəkisinin 10 faizindən az olmalıdır. Məsələn: Əgər uşaq 25 kiloqramdırsa, çantanın çəkisi içərisinə qoyulan əşyalarla birlikdə maksimum 2,5 kiloqram olmalıdır.
  • Dərslik və başqa ləvazimatlarla yüklənən çanta aşağı çəkiləcəyi üçün qulplar yumşaq, dolğun və bərabər uzunluqda olmalıdır. Bununla da çantanı daşıyarkən çiyin hissəsinin rahatlığını təmin etmək olar.
  • Uşağın yeriməsinə mane olmaması üçün çanta bel səviyyəsindən 5-6 santimetr yuxarıda olmalıdır.
  • Əlavə cib və bölmələrin olması üstünlük sayılır.
  • Keyfiyyətli parça və materiallarla dizayn edilən çantaların rahatlığı təmin etməklə yanaşı ekoloji baxımdan sağlıqlı olduğunu da unutmamalıyıq. Bu səbəbdən çantanın etiketini yoxlamaq da çox vacibdir.
  • Tərkibində kanserogen və allergen maddələr olan çantaları seçməməyə diqqət edin.
  • Parçanın ləkə götürməyən materialdan olmasına da fikir verilməlidir. İl boyu ləkəli çanta daşımaq da uşağa pis təsir edə bilər.
  • Uşaqlar çox aktiv olduqları üçün istifadə etdikləri çantanın çox davamlı parçadan olması məqsədəuyğundur.
  • Məktəb çantasının rahatlığı qədər dizaynı da önəmlidir.
  • Şagirdə məktəb çantasını toplayarkən dərs cədvəlinə əməl etmək və artıq çəkidən qaçmaq gərəkdiyini izah etmək lazımdır.
  • Gigiyena dəsti, salfetl, dezinfeksiyaedici vasitələr də unudulmamalıdır.
  • Uşağın məktəb çantası ilə yanaşı kiçik yemək çantasına da xüsusi diqqət yetirilməlidir. Yemək qabının metal və şüşədən olması məqsədəuyğundur. Qutuda plastik çəngəl və qaşıq yerləşdirilə bilər.

Övladınız məktəbə avtobus və ya ictimai nəqliyyatla gedirsə, pul kisəsinə bir qədər pul, ünvan və valideynlərinin əlaqə vasitəsi yazılan kartlar da qoya bilərsiniz.

Bütün bunlardan əlavə, uşağın çantasına daşımaqda çətinlik çəkməyəcəyi bir kitab qoymaqla onun mütaliə vərdişinin formalaşmasına da təkan vermək olar.