YUMŞAQ BACARIQLARIN UŞAQLAR ÜÇÜN ƏHƏMİYYƏTİ
Siz yaxşı mütəxəssis olmaq istəyirsiniz? Bunun üçün nə edirsiniz? Dərslərinizi yaxşı oxuyursunuz? Seçdiyiniz peşə üçün lazım olan bilik və bacarıqları yüksək səviyyədə mənimsəyirsiniz?
Əgər belədirsə, sizi alqışlamaq lazımdır. Amma sayılıb-seçilən, tələb olunan mütəxəssis olmaq üçün bunlar kifayətdirmi?
Məsələn, təhsil müəssisəsini yüksək qiymətlərlə bitirən bir gənc iş mühitində 100 faiz uğur qazanacağına əmin ola bilərmi?
Axı insanlarla işləmək üçün onlarla səmərəli ünsiyyət qurmağı, eyni zamanda inandırmağı, danışıqlar aparmağı və güzəştə getməyi bacarmalısan.
Həqiqətən də müasir əmək bazarında “hard skills” deyilən peşəkar bacarıqlarla yanaşı, “soft skills” (yumşaq bacarıqlar) – həyat problemlərini həll etməyə və digər insanlarla işləməyə kömək edən bacarıqlar da vacibdir.
Bu bacarıqlar digər insanlarla səmərəli qarşılıqlı əlaqə qurmağa imkan verən şəxsi keyfiyyətlər və bacarıqlar toplusudur. Yumşaq bacarıqlara insanları inandırmaq qabiliyyəti ilə yanaşı, ünsiyyət bacarıqları, komandada işləmək, problemləri həll etmək, qərar qəbul etmək, dəyişikliklərə uyğunlaşmaq, vaxt və stressi idarə etmək, empatiya göstərmək və s. daxildir.
İşəgötürənlər arasında belə bir deyim də var: “Hard skills is a must, soft skills make you different”. Yəni, bir işdə uğurlu olmaq üçün peşə bacarıqlarının olması vacibdir, sizi başqalarından fərqləndirən isə yumşaq bacarıqlardır.
Şəxsi inkişaf, karyera və peşəkar uğurlarla bağlı mövzularda danışanlar tez-tez yumşaq bacarıqların vacibliyini vurğulayırlar.
Məktəb və təhsil sistemi, əsasən, sərt bacarıqları inkişaf etdirdiyindən yumşaq bacarıqların formalaşması daha çox yaradıcılıq studiyalarının üzərinə düşür. Bəs uşaqlarda yumşaq bacarıqları necə formalaşdırmaq olar və uşaqlar üçün vacib sayılan yumşaq bacarıqlar hansılardır? Bura, əsasən, 5 kateqoriya, hər kateqoriyanın da özünün bəndləri daxil edilib:
- Ünsiyyət bacarıqları.
- Emosional intellekt;
- Səlis nitq;
- Vaxtın idarə edilməsi;
- Yaradıcılıq və yaradıcı düşüncə.
Ünsiyyət sosiallaşmanın vacib elementidir. Bu bacarıq olmadan uşaq cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkə bilər. O, təkcə ailə üzvləri ilə deyil, yaşıdları, onların valideynləri, müəllim, məşqçi, mağaza işçisi və s. kateqoriyadan olan insanlarla ünsiyyət qurmağı bacarmalıdır.
Valideynlər uşaqlara kiçik yaşdan ünsiyyət bacarıqlarını öyrətmək üçün xüsusi səy göstərməlidirlər. Məsələn, uşağa evin yaxınlığındakı mağazada kiçik alış-veriş etmək imkanı verilməlidir. Bu, çörək və ya bir qutu süd ola bilər. Mağazaya getməzdən əvvəl ona hansı növ çörəyi, südü almalı, lazım gələrsə satıcıdan yardım istəməli olduğu öyrədilməlidir.
Uşaq bağçaya, məktəbəqədər hazırlığa və ya hansısa dərnəyə gedirsə, bu onun üçün çətin olmur. Əks halda, ünsiyyət qurmağı valideyn öyrətməlidir.
Emosional intellekt
Emosional intellekt başqa insanların hisslərini anlamaq və öz duyğularını idarə etmək qabiliyyətidir. Uşaqlar digər insanların emosiyalarını anlamağı öyrənsələr, başqalarının manipulyasiyasından yayına bilərlər. Uşaqların öz hisslərini idarə etmək üçün fizioloji qabiliyyətləri hələ tam formalaşmayıb. Onlar emosiyalarını nəzarətdə saxlamağın zəruriliyini hələ dərk etmirlər. Uşağa emosiyalarını ifadə etməyi öyrətmək sistemli bir işdir və daha çox valideynin üzərinə düşür. Təbii ki, əvvəlcə böyüklər öz davranış, nəzakət və ünsiyyət mədəniyyəti ilə nümunə olmağı bacarmalıdırlar. Bura uşağın müşahidə bacarıqlarını inkişaf etdirmək, duyğuları və onları ifadə etmək yolları arasındakı əlaqəni izah etmək vacibdir. Məsələn, ona sadə bir dildə başa salmaq olar ki, uşaq özü bir yeri ağrıyanda ağlayırsa, ətrafındakılar ona nəvaziş göstərirlərsə, başqası ağlayanda da uşaq ona qarşı diqqətli və mərhəmətli olmalıdır. Deməli, başqaları da özünü ya pis hiss edir, ya da diqqətə ehtiyacı var.
Bu, uşağa empatiya qurmaq, başqalarına emosional dəstək vermək kimi keyfiyyətləri aşılamağa kömək edə bilər. Beləliklə, emosional intellektin inkişafı uşağa təkcə ətrafındakı dünya ilə qarşılıqlı əlaqə qurmaqda deyil, həm də onun özünü istehza, zorakılıq və ünsiyyətdəki uğursuzluqlardan qorumağa kömək edə bilər.
Səlis nitq
Aydın nitq uşağın gələcəkdə öz fikirlərini başqalarına düzgün çatdıra bilməsinin, eşidilməsinin və düzgün anlaşılmasının açarıdır. Bura bir neçə komponent daxildir:
- Fikirləri məntiqli və ardıcıl formalaşdırmaq bacarığı;
- Diksiya qüsurlarına yol verməmək;
- Düzgün səs tonu;
- Diafraqma ilə tənəffüs;
- Nitqin həcminə və tempinə nəzarət etmək bacarığı;
- Eşitmə və səsin koordinasiyası.
Fikirləri məntiqli və ardıcıl formalaşdırmaq üçün həm də məntiqi düşünmək bacarığı lazımdır. Düşünmək və danışmaq qabiliyyəti barmaqların incə motor bacarıqlarının inkişafı ilə birbaşa bağlıdır. Bunu kiçik yaşlardan inkişaf etdirmək üçün lego konstruktor dəstləri, plastilinlə işləmək, rəsm, yuxarı yaşda isə tikmə və toxuculuq çox faydalı ola bilər.
Məktəbliləri bütün yollarla, o cümlədən şəxsi nümunə ilə mütaliəyə yönləndirmək lazımdır. Uşaq valideynlərinin mütaliə etdiyini görməyibsə, onun mütaliəyə meyilli şəxsiyyət kimi böyüyəcəyini gözləmək çətindir.
Yaxşı diksiyanı inkişaf etdirməyin iki əsas aspekti var. Bunlar uşağın fiziki cəhətdən sağlam və düzgün nitq vərdişlərinin (hərfləri aydın tələffüz etmək, sözlərin sonlarını “çeynəməmək”, sözləri və nitq tembrini təhrif etməmək) olmasıdır.
Sonuncu birbaşa nəfəs alıb-vermə ilə bağlıdır. Bəzən uşaqlarda burun-boğaz xəstəlikləri nəticəsində nitq qüsurları yaranır. Xəstəlikləri istisna etmək üçün hər hansı bir nitq qüsuru olan uşaq mütləq həkimlərə - burun-boğaz, nevroloq və loqopedlərə göstərilməlidir. Nitqin həcminə və tempinə nəzarət etmək, eşitmə və səsi koordinasiya etmək bacarığı yalnız məktəb yaşına yaxın, hətta aşağı siniflərdə formalaşdığı üçün uşaqlardan çox şey tələb etməyə ehtiyac yoxdur. Uşaq oxumağı sevirsə, onu fərdi vokal dərslərinə yazdırmaq olar. Bu ona eşitmə və səs arasında koordinasiyanı mənimsəməyi, səsin tələffüz həcminə və tempinə nəzarət etməyi öyrədəcək.
Vaxtın idarə edilməsi
Kiçik yaşlardan vaxtın idarə edilməsinin öyrədilməsi ona gün əzrində ev tapşırığının həllini, idmanı, dostlarla ünsiyyəti, mütaliəni, oyun zamanını planlaşdırmaq bacarıqlarını aşılayacaq. Bunu etməyin ən yaxşı yolu uşağın gün ərzində öz iradəsinə uyğun idarə edə biləcəyi vaxtının olmasıdır. Bu, gündəlik rejimə riayət etmək tələbinə zidd deyil. Sadəcə, gündəlik işlərə “şəxsi vaxt” əlavə etmək və uşağın onu necə idarə etdiyini müşahidə etmək lazımdır.
Yaradıcılıq və yaradıcı düşüncə
Uşağın gələcəkdə hansı peşəni tutmasından asılı olmayaraq, yaradıcı yanaşma onun üçün həmişə faydalı olacaq. Burada uşağın istək və qabiliyyətləri nəzərə alınmaqla yaradıcılıq studiyaları, teatr klubları, musiqi məktəbləri ən uyğun platformalar sayılır.
Bunlar uşaqlarda inkişaf etdirilməli olan əsas yumşaq bacarıqlardan bəziləridir. Unutmayaq ki, uşaq olduqlarına görə onlara qarşı çox tələbkar olmamalıyıq. Əslində, buna görə mütəxəssislər azyaşlılar üçün yalnız 5 əsas yumşaq bacarığı vacib sayırlar.
Uşaq inkişafı ilə məşğul olan mütəxəssislər şəxsi nümunənin gücünü də unutmamağı tövsiyə edirlər. Odur ki, valideynlər özünü daim inkişaf etdirməli, istənilən yeni məlumatı tez və asanlıqla qavramağı, yeni bacarıqları mənimsəməyi öyrənməlidirlər.